Фязлуллащ компани


HƏKƏMİYYƏ VƏ ONUN NƏTİCƏLƏRİ



Yüklə 1,55 Mb.
səhifə32/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   28   29   30   31   32   33   34   35   ...   58

HƏKƏMİYYƏ VƏ ONUN NƏTİCƏLƏRİ


Əbu-Musa və Əmr As həkəmiyyət üçün seçildikdən sonra Mədinə və Şam arasındakı bir qala görüş yeri seçildi. Nümayəndələri hər tərəfdən dörd yüz süvari müşayiət edirdi. Hakimlər bu adamların hüzurunda öz rəylərini bildirməli idilər.

Əmr As öz süvariləri ilə görüş yerinə üz tutub Əbu-Musadan bir neçə gün qabaq oraya çatdı. Həzrət Əli (ə) Əbu-Musa ilə gedən dörd yüz nəfərə Şərih ibn Harini sərkərdə təyin etdi. Abdullah ibn Abbas isə bu dəstənin cəmiyyət imamı kimi onlara qatıldı. Səfərə çıxmazdan qabaq Müaviyə Əmir Asa dedi: «Bilirsən ki, mən və Şam qoşunu səni həvəslə bu işə seçmişik. Əbu Musanın nümayəndəliyini isə zorla qəbul etdiriblər. İndi görək nə edəcəksən.»

Abdullah ibn Abbas Əbu-Musaya dedi: «Sən ərəblərin ən böyük hiyləgəri ilə üz-üzə gələcəksən. Məkrdə ərəblər arasında onun misli yoxdur. Özünü gözlə, çalış ona aldanmayasan. Bilirsən ki, həzrət Əli (ə) bütün əxlaqi və mənəvi dəyərlərə malikdir və xəlifəliyə ondan ləyaqətlisi yoxdur. Müaviyə isə zülm və azğınlıq yolunu tutmuşdur.»

Əmr Asa Əbu-Musanın gəlişi xəbər verildikdə onun qarşısına çıxdı, yaltaqcasına nəvaziş göstərərək ilk görüşdəcə rəqibinin ağlını oğurladı. Əmr Asın hörmət və ehtiramını görən Əbu-Musa özünü itirdi və bütünlüklə Əmrin ixtiyarına keçdi. Vəziyyəti yaxından izləyən İbn-Abbas Əbu-Musaya xəbər göndərdi ki, Əmr Asın təvazö və sadəliyinə aldanmasın. İraq nümayəndəsinin nəzərinə çatdırdı ki, Əmr As ondan daha möhkəm ictimai mövqelərə malikdir və göstərdiyi təvazö yalnız öz əqidəsin qəbul etdirmək məqsədi daşıyır.

İbn-Abbasın sifarişini Əbu-Musaya Ədi ibn Hatəm çatdırdı. Amma özünü ixtiyar sahibi hesab edən Əbu-Musa belə dedi: «Sizin bu mühüm işə qatılmağınızı istəmirəm. Bütün müsəlmanlar tərəfindən bu iş üçün seçilmişəmsə, mənə nəsihət verməyin. Sonra Əmr Asa dedi: «Bundan sonra söhbətlərimiz məhrəmanə və məxfi olsun ki, kimsə bu söhbətlərdən xəbər tutmasın». Özü belə bir təklif vermək istəyində olan Əmr As fürsəti fövtə verməyib dərhal bir guşədə çadır qurdurdu. Hətta çadırın ətrafında arx çəkildi ki, kimsə çadıra yaxınlaşa bilməsin. Beləcə Əbu-Musa Əmr Asla ikilikdə müzakirələrə başladı.

Əmr As Əbu-Musanı böyük hörmətlə qarşıladı və onu tovlamaq üçün bütün hazırlıqları gördü. Nəhayət, iki nümayəndə arasında müzakirələr başladı.

Əmr As Əbu-Musaya dedi: «Osmanın məzlumcasına öldürülməsinə heç bir şəkk yoxdur. Sən özün də Osmanın tərəfdarlarındansan». Əbu-Musa dedi: «Osman öldürülən zaman mən Mədinədə olmamışam. Yoxsa ona əlimdən gələn köməyi edərdim». Əmr dedi: «İndi Müaviyə Osmanın qanını almaq üçün ayağa qalxıb və xəlifəlikdə tamahı yoxdur. Sən də ona kömək etsən Osmanın qanı alınar. Əgər Müaviyəni xilafət kürsüsünə oturtsaq, özü də Qüreyş ailəsindən olan bu tədbirli kişi müsəlmanların xeyrinə iş görər».

Əbu-Musa bir qədər tərəddüdlə soruşdu: «Müaviyə şərafətli ailədəndir, yoxsa Əli? Müaviyənin hansı şərafəti var ki, Əli həmin şərafətdən məhrum olsun? Bizim mühakimələrimiz bütün müsəlmanlara bağlıdır və bu sadəliklə qərar çıxarmaq olmaz. Mən elə güman edirəm ki, Abdullah ibn Ömər xəlifəlik üçün daha layiqlidir. Çünki bu vaxtadək fitnə yaratmayıb, həm də nəfsi təmiz, xoşəxlaq adamdır».

Əmr dedi: «Xəlifəlik məqamı hər adamın yeri deyil. Müsəlmanların xəlifəsi cürətli, tədbirli və uzaqgörən olmalıdır. Abdullahda belə sifətlər yoxdur». Əbu-Musa dedi: «Sən israr edirsən ki, hökmən Müaviyə xəlifə olsun. Mən isə onun xəlifəliyinə razı deyiləm».

Əmr As Əbu-Musanın müxalif olduğunu görüb başqa bir hiylə işlətmək qərarına gəldi. Əbu-Musanın əlindən tutub çadırdan bayıra çıxardı və dedi: «Başqa bir təklif edirəm və düşünürəm ki, bu təkliflə müxalif olmayacaqsan». Əbu-Musa dedi: «Məqsədin nədir?» Əmr As dedi: «Bir halda ki, sən Müaviyənin, mən isə Əli ilə Abdullah ibn Ömərin xəlifəliyinə ziddik, onda həm Əlini (ə), həm də Müaviyəni uzaqlaşdırıb, xəlifə seçimini müsəlmanların şurasına tapşıraq. Qoy onlar xəlifəni seçsin, biz isə məsuliyyətdən azad olaq».

Əbu-Musa Əmrin təklifi ilə razılaşdı və bu məsələ ilə bağlı öz mövqeyini elan etdi. Əmr As öz məqsədinə tez çatmaq üçün dedi: «Ey Peyğəmbərin (s) ən girami səhabəsi, bizim üçün təyin olunmuş vaxt başa çatmaqdadır. Yaxşı olar ki, fürsəti fövtə verməyib, öz rəyimizi müsəlmanlara açıqlayaq».

Əbu-Musa növbəti dəfə Əmrin hiyləsinə uyub səhəri gün bu işin görülməsinə razılıq verdi. Artıq məqsədinə çatmış Əmr As Əbu-Musanı gözdən qaçırmayıb, onun səhabələrlə görüşünün qarşısını almaq istəyirdi.

Nəhayət, nəzərdə tutulmuş vaxt çatdı, Əbu-Musa və Əmr As xalqın qarşısına çıxdı. Əmr As növbəti dəfə hiyləyə əl ataraq Əbu-Musanın ağlını oğurladı və onu ilk sözü deməyə vadar etdi. İbn-Abbas Əbu-Musaya birinci danışmamağı tapşırsa da, Kufə nümayəndəsi verilən tövsiyələrə əhəmiyyət vermədən xalqa xitabən dedi: «Ey camaat, kimsəyə gizli deyil ki, Siffeyn döyüşü neçə minlərlə insanın həyatına son qoydu, körpələr atasız, qadınlar dul qaldılar. Bu savaşın səbəbkarı xəlifəlik iddiasında olan Əli və Müaviyə olmuşdur. Məsələ hakimlərin ixtiyarına verilməsəydi, hələ də qardaş qırğını davam edirdi. Müsəlmanların asayişdə yaşaması üçün Əmr Asla razılaşmışıq ki, bu iki nəfəri xilafətdən uzaqlaşdıraq və müsəlmanların şurasını təşkil edib ləyaqətli bir adamı xəlifə seçək. Mən İraq və Hicaz müsəlmanları tərəfindən səlahiyyətimdən istifadə edib, Əlini xəlifəlikdən kənarlaşdırıram».

Əbu-Musanın bu sözlərindən sonra ətrafda tərəfdarların hay-küyü qalxdı. Amma Əmr As fürsəti əldən vermədi, Əbu-Musadan sonra sözə başlayıb, qardaş qırğınını pislədi və belə əlavə etdi: «Bu fitnə Əli və Müaviyə arasındakı ixtilafdan yarandığı üçün mən də Əbu-Musanın fikri ilə razılaşıb Əlinin xəlifəlikdən uzaqlaşdırılmasına səs verirəm. Əvəzində isə daha layiqli olduğu üçün Müaviyəni xəlifə seçirəm. Müaviyə bu məqama layiqdir və Osmanın qatillərini cəzalandırmaq onun öhdəsinə düşür». Əmr As sözünü başa çatdırdıqdan sonra ətrafdakı həyəcan daha da şiddətləndi. Əmrin hərəkəti ən çox Əbu-Musanı qəzəbləndirmişdi. O, Əmr Asa dedi: «Ey günahkar hiyləgər, sən Quranda haqqında danışılan it kimisən. O iti qamçılasan da, azad buraxsan da hürür». Əmr As gülümsündü və dedi: «Sən isə bir qucaq kitab yüklənmiş uzunqulağın tayısan». Əslində Əmr Asın dediyi sözlər həqiqət idi. Bu hadisədən sonra Əbu-Musanı «Himar (uzunqulaq) Əşəri» çağırmağa başladılar. Bu şəxs sonradan anladı ki, həzrət Əlinin (ə) onun haqqındakı rəyi düzgün imiş.

Əbu-Musa həzrət Əli və onun tərəfdarlarının qorxusundan Məkkəyə qaçdı. Əmr As isə Müaviyə ilə görüşə tələsib, üz-üzə gəldikdə onu xəlifə kimi salamladı. Həkəmiyyət Müaviyənin bildirdiyi kimi, Əmr Asın oyunlarından biri idi. Döyüşün taleyinin mühakiməyə tapşırılması həzrət Əliyə (ə) zorla qəbul etdirilmişdi. Amma hakimlər onlara tapşırılmış öhdəçilikləri yerinə yetirmədiyindən onun səhabələri yenidən ayağa qalxdılar. Əvvəla, Quran ayələrində bu savaşın taleyini həll edəcək göstərişlər yox idi. İkincisi, Təlhə ilə Zübeyrdən başqa kimsə həzrət Əli (ə) ilə beyətini sındırmamışdı. Üçüncüsü, Əmr As və Əbu-Musa mövcud ixtilafı Quran əsasında həll etməli idilər. Həzrət Əli (ə) mühakimədən qabaq Müaviyəyə yazmışdı ki, mən sənin sözlərini qəbul etməsəm də, Quran hökmünü qəbul edirəm. Hansı ki, hakimlər Qurana müraciət etməmiş, yalnız Əmr Asın fikirləri Əbu-Musaya təlqin olunmuşdu. Dördüncüsü, bu iki şəxs öz səlahiyyətlərini aşmışdılar. Onlara xəlifələri işdən kənarlaşdırmaq səlahiyyəti verilməmişdi.

Bütün bunlardan əlavə, hakimlər hər iki xəlifəni işdən kənarlaşdırıb, xəlifə seçimini şuraya tapşırmağa razılaşmışdılar. Hansı ki, Əmr As bu şərti pozub başqa cür hərəkət etdi. O, Müaviyəni xəlifəlikdən kənarlaşdırmaq əvəzinə, onun xəlifəliyini təsdiqlədi. Onun bu rəftarından aydın görünür ki, Əbu-Musa ilə kəsilmiş şərti pozmuşdu. Bütün bu səbəblərdən həzrət Əli (ə) və onun tərafdarları mühakimənin nəticələrinə etiraz etdilər və iş yenidən əvvəlki vəziyyətinə qayıtdı, son sözü qılınclar deməli oldu.

Həkəmiyyət nəticəsində həzrət Əlinin (ə) qoşununda pərakəndəlik gücləndi və on iki min nəfərdən ibarət olan xarici məzhəblər ortaya çıxdı. Onlar nəinki həzrət Əliyə kömək etmədilər, hətta ona mane olmağa başladılar. Həzrət Əli (ə) nəticədə Nəhrəvanda bu dəstə ilə döyüşməyə məcbur oldu.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin