Ey gözlər, vay olsun bu halınıza,
Bu qəmli gecədə dönmüsüz buza.
Ən üstün insanı vermişik əldən,
Üzür könülləri ağrılı dərd qəm. . .
Həzrət Əlinin (ə) vəsiyyət etdiyi kimi, ondan sonra imamət və xilafət məqamı oğlu Həsənə çatdı. Abdullah ibn Abbas məscidə gəldi və xalqa müraciət edərək dedi: «Əlbəttə, bilirsiniz ki, Həzrət Əli (ə) öz oğlu Həsəni sizin üçün xəlifə təyin etmişdir. Amma o sizdən beyət almaq üçün israrlı deyil. Əgər beyət etmək fikriniz olsa, mən ona deyərəm, məscidə gələr. Yox əgər beyət etmək istəmirsinizsə, özünüz bilərsiniz».
Xalq ümumi şəkildə müsbət cavab verdi. İbn-Abbas həzrəti məscidə gətirdi. İmam Həsən (ə) minbərə çıxdı, Allaha həmd-səna etdikdən sonra Peyğəmbərə (s) salam göndərdi və belə buyurdu: «Bu gecə dünyadan elə bir insan köçüb ki, xeyir işdə kimsə onu qabaqlamayıb. Gələcəkdəkilər də əməl baxımından ona çatası deyillər. Bu şəxs həzrət Peyğəmbərlə (s) çiyin-çiyinə döyüşlərdə vuruşmuş, öz canını həzrətə (s) sipər etmişdir. Həzrət Peyğəmbər (s) bayrağı onun əlinə vermiş və din düşmənləri ilə savaş üçün Cəbrəil və Mikail sağında və solunda olmaqla onu göndərmişdir. O, döyüşlərdən yalnız qələbə ilə dönmüşdür. Allah ona daim fatehlik nəsib etmişdir. O, İsa ibn Məryəmin səmaya qalxdığı gecədə şəhadətə çatmışdır. Həzrət Musanın canişini Yuşə ibn Nun da həmin gecə dünyasını dəyişmişdir. Bu şəxs dünyasını dəyişərkən dünya malından cəmi yeddi yüz dirhəmi olmuşdur. O bu pulla öz ailəsinə xidmətçi tutmaq istyirdi. (İmam bu sözləri deyərkən boğazını qəhər tutdu, ağlamağa başladı)». İmam Həsən (ə) atasının xatirəsinə söylədiyi bu xütbədə həzrət Əlinin (ə) məqamını cəmiyyətə anlatdı. Onun dediyi sözlər bir oğulun atası haqqında öz söylədiyi tərif deyildi. İmam Həsən (ə) hamıdan yaxşı tanıdığı imamı vəsf edirdi.
İmam Həsən (ə) xalqdan beyət aldıqdan sonra Müaviyəyə məktub yazıb onu da beyətə dəvət etdi. Aydın məsələdir ki, Müaviyə imamın dəvətini qəbul etmədi. Müaviyə hələ də zəif mövqeyə malik olduğu bir zamanda həzrət Əliyə (ə) beyət etməkdən çəkindi. İndi isə onun hakimiyyəti möhkəmlənmişdi. Zəif vaxtında beyət etməyən bir şəxs güclü vaxtında beyət edərdimi?! Bir sözlə imam Həsənin məktubunu alan Müaviyə məktubun cavabında ona bildirdi ki, özünü xəlifəliyə daha layiqli sayır və imam ona beyət etməlidir.
Digər bir tərəfdən, həzrət Əlinin (ə) öz şəhadətindən qabaq Nuxəylə düşərgəsində təchiz etdiyi qoşunun böyük bir hissəsi dağılmışdı. İmam Həsən (ə) atasının dövründə Kufə əhlinin vəfasızlıq və laqeydliyini görsə də və belə bir şəraitdə Müaviyə ilə döyüşün səmərə verməyəcəyini bilsə də, azsaylı (İbn Əbil-Hədidin nəqlinə görə on altı min nəfərlik) qoşunu ilə Şam yoluna üz tutdu. İmam qoşunun on iki min nəfərini Übeydullah ibn Abbasın komandanlığı altında Müaviyənin üstünə göndərib, özü Mədaində mövqe tutdu ki, ətrafdan qoşun toplasın. Amma Müaviyə bir milyon dirhəm verib Übeydullah ibn Abbası özünə tərəf çəkdi.
Übeydullah qızıl sikkələrin çingiltisinə uyaraq imam Həsəndən (ə) üz döndərdi və gecə yarı kiçik bir qrupla məxfi şəkildə qaçıb Müaviyəyə qoşuldu. Mədaində isə başqa bir hadisə baş verdi. Bu hadisə nəticəsində qoşunda təfriqə və ixtilaf yarandı və döyüş üçün heç bir münasib şərait qalmadı. İmam Həsən (ə) mövcud vəziyyəti, İslamın və müsəlmanların məsləhətini nəzərə alaraq qoşunu buraxmağa məcbur oldu. Mövcud şəraitdə başqa bir yol görmədiyindən həzrət imam (ə) Müaviyə ilə sülh bağladı.
Dostları ilə paylaş: |