ƏLİNİN (Ə) FƏSAHƏT VƏ BƏLAĞƏTİ
İnsanın nitqi məntiq elmi baxımından onu digər canlılardan fərqləndirən mühüm xüsusiyyətdir. Allah-təala öz hikməti ilə insana belə bir imtiyaz vermişdir.1
İnsanlıq mahiyyətini təşkil edən ruh gövhəri onun danışığı ilə təcəlla edir. Sədi demişkən:
Nə qədər ağzını açmamış insan
Eybi və hünəri canında pünhan.
İmam özü belə buyurur: «Kişi dilinin altında gizlənmişdir». İnsanın nitqi nə qədər səlis olarsa, onun dediyi sözlər də bir o qədər təsir edər.
İslamın zühuruna yaxın cahiliyyət dövründə ərəbistanda İmrəul-Qeys kimi ecazkar şer ustaları vardı. Bununla belə, həzrət Əlinin (ə) fəsahəti bütün ərəb ədiblərini heyrətə gətirirdi. Onlar bu ilahi fəsahət qarşısında diz çöküb, həzrəti «kəlam əmiri» adlandırmağa məcbur olmuşdular.
İbn Əbül-Hədid deyir: «Əli natiqlər ustadı idi. Onun kəlamı şənində deyilmişdir ki, bu kəlam Allah sözündən aşağı, bəşər sözündən yuxarıdır. Bütün peşəkar xətiblər natiqliyi ondan öyrənmişlər. Qeyd olunur ki, həzrətin fəsahət və bəlağət dərəcəsinin isbatı üçün onun «Nəhcül-bəlağə» kitabı kifayətdir. Heç bir natiq səhabə bu kitabın onda birini, hətta iyirmidə birini yaza bilməz».2
Həmin müəllif həzrətin fəsahət və bəlağəti haqqında belə deyir: «Təəccüblüdür, Məkkədə doğulmuş həmin şəhərdə boya-başa çatmış, heç bir hikmət sahibi və alimlə görüşməmiş bir kəs natiqlikdə belə bir məharət sahibidir! Sanki öz aləmi onun ixtiyarındadır. İstədiyi bir mənanı ən fəsih şəkildə bəyan etmişdir».
«Nəhcül-bəlağə nədir?» kitabında belə yazılır: «Bir şəxs bir məsihi alimdən xahiş etdi ki, həzrət Əlinin (ə) kəlamlarından seçib bir kitab tərtib etsin. Həmin alim o şəxsə belə cavab verdi: «Məndən istəyirsən ki, ərəblərin ən bəlağətli şəxsindən yüz kəlam seçim və sən onu kitab kimi nəşr edəsən. Məndə sənin istəyini təmin edəcək bir kitab yoxdur. Bir neçə kitabım var və onlardan biri də «Nəhcül-bəlağə»dir. Bu əzəmətli kitabı vərəqlədim. And olsun Allaha, bilmirəm Əlinin (ə) kəlamları arasında yüz kəlamı necə seçim?! Daha doğrusu, hansı sözü hansı sözdən ayıracağımı bilmədim. Bu iş bir yaqutu başqa yaqutlardan ayırmaq kimidir. Nəhayət, bu işi gördüm. Amma bir yaqutu ayıranda o birilərinin nurundan gözüm qamaşdı».1
Həmin kitabın müəllifi Şəhristani başqa bir kitabında belə yazır. Ərəb ədəbiyyatı üzrə mütəxəssis olan bir ingilis alimi Quranın ecazı haqqında verilən suala belə cavab verir: «Quranın kiçik bir qardaşı var, onun adı «Nəhcül-bəlağə»dir. Məgər bu kiçik qardaşın oxşarını gətirə bilirikmi ki, böyük qardaş haqqında danışmağa macalımız olsun?!»
Həzrət Əli (ə) öz danışığında fəsahət və bəlağət qaydalarını izləməmişdir. Onun danışığı zatən şirin və səlis olmuşdur. Bu danışığı fəsahət qaydaları ilə ölçmək yox, fəsahət qaydalarını həmin buyuruqlardan öyrənmək lazımdır.
Həzrətin kəlamları həqiqəti hərarətli bir özünəməxsusluqla bəyan edir. Onun sözlərinin tərkib hissələri mütənasib və əlaqəlidir. Zahiri gözəllik və batini məna bir-birini tamamlayır. Onun dəlilləri möhkəm, məntiqi isə nüfuzludur.
Müaviyə demişdir: «Fəsahət və bəlağət yolunu Qüreyşdə Əlidən (ə) başqa açan olmayıb və danışıq qanunlarını ondan başqası təlim etməyib». Adlı-sanlı ərəb ədəbiyyatçıları etiraf etmişlər ki, yazı-pozu qaydalarını həzrətin xütbələrindən öyrənmişlər.
Düşüncə gücü bəlağətin şərtidir. Natiq insan iti düşüncə ilə mənaların dəqiqliyini zehnində hazırlayır. Belə bir düşüncə və zəka həzrət Əlidə (ə) zirvə həddində idi. Ən qaranlıq mətləbləri belə bir anda öz zəka işığında aydınlaşdırardı.
Həzrət Əlinin (ə) kəlamlarında cümlələr arasında məntiqi bir bağlılıq vardır. Həzrətin düşüncəsindən ötüşən hər bir hikmət dərhal ən üstün şəkildə şirin kəlamlara çevrilirdi.
Həzrətin söz düzümü, natiqlik sənəti hamını heyran edirdi. İbn Şəhr Aşub nəql edir ki, bir gün Peyğəmbər (s) səhabələri məsciddə oturub elmi və ədəb məsələlər barədə söhbət edirdilər. Söhbət ondan gedirdi ki, əlif hərfi əksər sözlərdə var və əlifsiz söz çox azdır. Söhbəti dinləyən həzrət ayağa qalxıb yeddi yüz əlifsiz sözdən ibarət bir xütbə oxuyur. Həzrətin elə xütbəsi də var ki, həmin xütbədə bir dənə də olsun nöqtəli hərf iştirak etməmişdir.
Bir şəxs həzrət Əlidən (ə) soruşur ki, vacib iş və vacibdən də vacib iş nədir? Həzrət buyurdu: «Xalqa vacibdir ki, tövbə etsin. Amma günahdan uzaqlıq ondan da vacibdir». Növbəti sual belə oldu: «Təəccüblü nədir və daha təəccüblü hansı işdir?» Həzrət buyurdu: «Zaman öz gedişində təəccüblüdür. Bu dövranda xalqın qəflət və bixəbərliyi daha təəccüblüdür». Üçüncü sual belə oldu: «Çətin nədir və daha çətin nədir?» Həzrət buyurdu: «Hadisələr qarşısında dözüm çətindir. Amma mükafatı əldən vermək daha çətindir». Həmin şəxsin dördüncü sualı belə oldu: «Nə yaxındır və nə daha yaxındır?» Həzrət buyurdu: «Ümid edilən şey yaxındır. Ölüm isə hər şeydən yaxındır».
Bədahətən belə bir cavab verilməsi, ardıcıl olaraq yeddi yüz əlifsiz sözdən ibarət xütbə oxunması həmin şəxsin fəsahət və bəlağətinin aşkar sübutudur. Bundan ötrü ərəb ədəbiyyatına tam sahib olmaq lazımdır.
Dostları ilə paylaş: |