ƏLİNİN (Ə) YEMƏYİ VƏ GEYİMİ
Bu baxımdan Həzrəti kimsə ilə müqayisə etmək mümkünsüzdür. O kəpəyi təmizlənmiş arpa çörəyi yeyərdi. Həzrət Əlinin (ə) süfrəsi kimi sadə bir süfrə tapmaq çətin idi.
Həzrət heç vaxt iki yavanlığı bir vaxtda yeməzdi. Şəhadət gecəsi onun üçün çörək, süd və duz hazırlamış qızı Ümmü-Gülsümə belə buyurdu: «Məgər bilmirsənmi ki, atan bu vaxtadək yalnız bir qəza yeyib? Südü götür, duz kifayət edər». Həzrət Baqir (ə) buyurmuşdur: «And olsun Allaha, cəddim Həzrət Əli (ə) qullar sayaq yeyər, yerdə oturardı. İki köynək alanda qulamına təklif edərdi ki, köynəklərdən birini seçsin. Beş illik xilafəti dövründə özü üçün kərpic üstə kərpic qoymadı, qızıl-gümüş toplamadı. Xalqa buğda çörəyi və ət yedirtdi, özü isə arpa çörəyi yedi. İki yaxşı işdən birini seçməli olduqda ən çətinini seçdi. Öz əlinin zəhmət haqqısı ilə minə yaxın qul azad etdi. Bu işdə əli torpağa bulaşdı, çöhrəsi tərə. Kimsədə onun işini görmək qüdrəti yoxdur».1
İbn Cövzi yazır: «Bir gün Abdullah ibn Rəzin həzrət Əlinin (ə) evinə getdi. Gördü ki, həzrət bir miqdar ətlə arpanı suda qarışdırıb qaynadır. Abdullah ərz edir: «Ya Əmirəl-möminin (ə), bu nə qəzadır yeyirsiniz? Siz müsəlmanların xəlifəsisiniz və bütün beytül-mal əlinizdədir. İxtiyarınız var ki, aclığınızı aradan qaldıracaq həddə güclü xörəklər yeyəsiniz». Həzrət buyurdu: «Müsəlmanların valisi üçün bundan artıq yemək caiz deyil».
Abdullah ibn Əbu-Rafe deyir: «Bir bayram günü həzrətin yanına getdim. Ona ağzı möhürlü bir torba gətirdilər. Torbanın içində quru arpa çörəyi gördüm. Həzrət bu çörəkdən yeməyə başladı. Ərz etdim: «Ya Əmirəl-möminin (ə), bu torbanı nə üçün möhürləyirsinz?» Həzrət buyurdu: «Qorxuram ki, Həsən və Hüseyn bu çörəkləri yağla yumşaldalar».
Bəli, həzrət olduqca az və sadə yeyərdi. O buyururdu: «Qarnınızı heyvanat qəbristanlığına çevirməyin».2
«Zəxirətul-Muluk» kitabında yazılır ki, bir gün həzrət Əli (ə) Kufə məscidində etikaf (oruc halda məsciddə qalmaqla yerinə yetirilən ibadət) etmişdi. İftar vaxtı həzrətin yanına bir ərəb gəldi. Həzrət Əli (ə) torbadan arpa çörəyi çıxardı. Çörəkdən bir qədər ərəbə verdi. Amma ərəb çörəyi yeməyib özü ilə götürdü. Sonra həmin şəxs Həsən və Hüseynin evinə gəlib onlarla birlikdə qəza yedi. O dedi: «Məsciddə bir qərib kişi gördüm. Bu quru çörəkdən başqa bir şeyi yoxdu. Onun halına acıdım. Bu yeməkdən bir qədər aparım ona verim». Həsən və Hüseyn ağladılar və dedilər: «O bizim atamız Əmirəl-möminindir (ə). O bu riyazətlə nəfsi ilə cihad edir».3
Bir gün Ədi ibn Hatəm həzrət Əlinin (ə) yanına gedir. Həmin vaxt həzrət qəza yeməyə məşğul imiş. Ədi görür ki, həzrətin süfrəsində bir kasa su, bir parça arpa çörəyi və duz var. Ədi ərz edir: «Ya Əmirəl-möminin, gündüzlər bir bu qədər əziyyət çəkir, gecələr ibadətə məşğul olursunuz. Yeməyiniz isə budur». Həzrət Əli (ə) buyurur: «Azğın nəfsi riyazətə adət etdirmək lazımdır ki, tüğyan etməsin».
Varlı bir kişi həzrət Əliyə (ə) bir qədər halva pay gətirir. Həzrət halva olan qabın ağzını açdıqda ondan xoş ətir duyur və buyurur: «Rəngindən və ətrindən məlumdur ki, yaxşı dadın var. Amma səni dada bilmərəm. Çünki mənim xəlifəliyim altında elə bir kəs tapıla bilər ki, gecəni ac yatmışdır».
Əhnaf ibn Qeys belə bir rəvayət nəql edir: «Bir gün Müaviyənin yanında idim. Yemək vaxtı çatdıqda onun üçün çeşidli bir süfrə açdılar. Süfrədə min bir nemət vardı. Müaviyə qarınqulu adam olduğundan yeməklərə özü xüsusi diqqət yetirər, onların qədərinə və keyfiyyətinə nəzarət edərdi. Mən Müaviyənin süfrəsinə baxıb ağladım. Müaviyə ağlamağımın səbəbini soruşdu. Dedim: «Əlinin (ə) halına ağlayıram. Bir gün onunla birlikdə iftar edirdim. Möhürlü torba gətirdilər. O, torbanı açıb, quru arpa çörəyi çıxardı. Sonra yenidən kisənin ağzını möhürləyib Fizzəyə verdi. Soruşdum ki, ya Həzrət Əli (ə) məgər səndən başqası bu çörəkdən yeyə bilirmi ki, onun ağzını möhürləyirsən? Həzrət Əli (ə) buyurdu: «Torbanı möhürləməkdə məqsədim budur ki, mən olmayanda övladlarım bu çörəkləri yağda yumşaltmasınlar». Müaviyə dedi: «Düz deyirsən, ey Əhnəf. Əli kimi olmaq kimsəyə müyəssər deyil. Kimsə onun fəzilətini inkar edə bilməz».
Həzrətin geyimi də yeməyinə uyğun idi. Paltarları cod parçadan olardı. Hansı ki, bu şəxs Şamdan savay bütün İslam məmləkətinin rəhbəri idi.
O, daim yalın torpaq üstə oturardı. Bu səbəbdən də ona Əbu-Turab (torpaq atası) deyərdilər. Evinin döşənəcəyi həsir idi. Ayaqqabısını özü yamayardı. Başqa işlərini də özü görərdi.
Həzrət Bəsrə valisi Osman ibn Hunəyfə yazdığı məktubda belə buyurur: «Mən sizin imamınız olduğum halda iki nimdaş libas, iki parça çörəklə kifayətlənmişəm. Hansı ki, ipəkdən libas geyməyə, ləziz xörəklər yeməyə imkanım var. Belə ki, nəfs istəkləri mənə qalib gələ bilmir». Həzrət buyurur: «Mən elə yeməklər yeyir, elə geyimlər geyirəm ki, bunu görən fəqirlər öz fəqirliyinə dözə bilsin». Başqa bir vaxtda həzrət belə buyurur: «Mən bilirəm ki, kimsə mənim kimi yaşaya bilməz. Amma imamla məmun arasında oxşarlıq da ola bilər. Belə ki, bacardığınız qədər mənim yolumu gedin».
Dostları ilə paylaş: |