Фязлуллащ компани



Yüklə 1,55 Mb.
səhifə41/58
tarix02.02.2022
ölçüsü1,55 Mb.
#114020
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

ƏLİNİN (Ə) SƏBR VƏ HELMİ


Ruhun müsbət səciyyələri sırasında səbr və helm əsas yerlərdən birini tutur. Bu iki səciyyə psixoloji baxımdan insanın öz meyllərinə qalib gəlməsində mühüm əhəmiyyətə malikdir. Ruhani böhranlar, müxtəlif həyat çətinlikləri səbr və dözüm vasitəsi ilə aradan qaldırılır.

Səbr çətinliklə, müxtəlif böhranlara dözməkdir. Eləcə də, insan səbr vasitəsi ilə vacib dini vəzifələrin yerinə yetirilməsində dözümlü olur və günahdan çəkinir. Bir sözlə, səbr insanın zinətidir. Hər bir insan özünü səbrlə zinətləndirməlidir.

Həzrət Əli (ə) bütün baxımlardan səbirli və həlim idi. Bu səciyyələr onun rəftarında aydın müşahidə olunurdu. O hətta döyüşün ən qızğın məqamlarında da səbrini və helmini əlindən vermirdi.

Həzrət (ə) kamal həddində elmə malik olmuşdur. O bütün çətinliklərə dözmüş, yalnız dinin taleyi təhlükə altında olduqda ayağa qalxmışdır. Həzrət (ə) səbirli olmaqla yanaşı, həqiqətin müdafiəsində heç nədən çəkinməmişdir.

Müaviyənin də helmi haqqında danışanlar var. Amma bu helm süni və saxta helm olmuşdur. O öz maddi mənafelərini qorumaq xatirinə helmdən hiyləgərliklə istifadə etmişdir. Hansı ki, həzrət Əlinin (ə) helmi əxlaqi bir fəzilət olmuşdur. Həzrət öz helmi ilə haqqın qələbəsi, dinin inkişafı, azğınların doğru yola gəlməsi üçün faydalanmışdır.

Həzrət Əli (ə) həzrət Peyğəmbərin (s) bütün qəzavatlarında döyüş çətinliklərinə dözmüş, Allahın rəsulunu (s) himayə etmişdir. O din uğrunda bütün çətinlikləri gülər üzlə qəbul etmişdir.

Həzrət Peyğəmbər (s) Əlini (ə) xəbərdar etmişdi ki, onun vəfatından sonra xilafət məsələsində ixtilaflar yaranasıdır. Həzrət bu məqamlarda Əlini (ə) səbr etməyə çağırmışdır. Həzrət Əli (ə) İslamın zahiri nizamını qorumaq xatirinə iyirmi beş il çətinliklərə səbr etmişdir. O özü bu barədə buyurur: «Mən gözünə tikan batmış, boğazında sümük qalmış bir adam kimi səbr etdim».

Həzrət Əli (ə) öz haqqını müdafiə etmək üçün hər zaman qüdrətə malik olmuşdur. Amma dinin qorunması üçün səbr etmişdir. Bu çox böyük bir məzlumiyyətdir. Əlidən (ə) başqa kimsə bu müsibətlərə dözə bilməzdi. Həzrət (s) bu barədə buyurur: «Dəfələrlə bu zalım qövmlə təkbaşına vuruşmaq və haqqımı geri qaytarmaq istədim. Amma Peyğəmbərin vəsiyyətinə və dinin qorunmasına xatir öz haqqımdan keçdim». Bundan da böyük bir zülm ola bilərdimi ki, Muğəyrə ibn Şöbə, Xalid ibn Vəlid kimi rəzil şəxslər həzrəti zorla məscidə aparıb, Əbu-Bəkrə beyətə vadar etsinlər. Belə bir müsibətə səbr etmək yalnız Əlinin (ə) işi idi. Hansı ki, o həmin məqamlarda qılınca əl aparsaydı, qarşısında bütün ərəb qövmü dayana bilməzdi. Nəql edirlər ki, həzrət Əlini (ə) Əbu-Bəkrə beyət üçün zorla aparanda Əlinin (ə) şücaətinə yaxından bələd olan bir yəhudi onun bu səbrini görüb İslamı qəbul etdi. Səbəbini soruşduqda dedi: «Mən bu şəxsi tanıyıram. Bu həmin şəxsdir ki, döyüş meydanına çıxanda adlı-sanlı cəngavərlərin qəlbinə titrətmə düşüb. Bu həmin şəxsdir ki, əzəmətli Xeybər qalalarını fəth etdi və onun dəmir qapılarını yerindən oynatdı. İndi isə o bir ovuc fitnəkarın qarşısında susur. Bu hikmətsiz iş deyil. O yalnız dini qorumaq üçün susur. Əgər bu dində həqiqət olmasaydı, o bu zülmə dözməz, qılınca əl aparardı. Onun bu rəftarı mənə sübut edir ki, İslam haqq dindir. Ona görə də müsəlman oldum».

Həzrət Əli (ə) kimi bir şəxsiyyətin öz qoşununun vəfasızlığı ilə barışmasından böyük məzlumiyyət ola bilərmi?! O bu qoşunu nə qədər nəsihət etdisə də faydası olmadı. Nəhayətdə, həzrət Əli (ə) Allahdan ölüm istədi. O təpərsiz kufəlilərlə bir yerdə qalmaqdansa, ölümü üstün tutdu.

Həzrət Əli (ə) Peyğəmbərin (s) vəfatından sonra daim ruhi iztirablar içində oldu. Onun səbr və dözümdən başqa çarəsi yoxdu. İbn Əbil-Hədidin dediyinə görə, bir dəfə həzrət (ə) nalə çəkib məzlumiyyətindən gileylənən birinin səsini eşidir və buyurur: «Gəl bir yerdə nalə çəkək. Mən həmişə məzlum olmuşam».

Biz həzrətin (ə) məzlumiyyətini, eyni zamanda misilsiz dözümünü əziz oxuculara yetərincə çatdırmaq üçün onun Şiqşiqiyyə xütbəsini tərcümə edirik:

Həzrət (ə) bu xütbədə buyurur: «Bilin ki, «filankəs» xilafət libasını əyninə geyindi. Amma yaxşı bilirdi ki, dəyirmanın oxu onun daşı üçün necədirsə, mən də xilafət üçün eləyəm. Elm və hikmət seli mənim ağuşumdan axmaqdadır. Ucadan uçan düşüncə quşu kamal fəzasında nə qədər yüksəyə qalxsa da, mənim qülləmə çatmaq gücündə deyil.

Bununla belə xilafət yükünü çiynimdən yerə qoyub, bu yükdən uzaqlaşdım. Qarşımda iki yol vardı. Düşünürdüm ki, tək-tənha hücuma keçim, yoxsa qocaları üzmüş, cavanları qocaltmış, möminləri Allahla görüşə sövq edən əziyyətə salmış korluq zülmətinə dözüm? Gördüm ki, bu zülm-sitəmə dözmək daha ağıllı işdir. Belə ki, gözünə tikan batmış, boğazında sümük qalmış, mirası qarət olunmuş kimi səbr etdim. Axır ki, «birinci» öz yolunu başa vurub, xilafət gəlinini Xəttab oğlunun ağuşuna atdı. Təəccüblüdür ki, həyatı boyu öz ləyaqətsizliyini və mənim ləyaqətli olduğumu etiraf edən bu adam ömründən bir neçə gün qalmış xilafət məqamını bir başqasına ötürdü. Bu iki şəxs xilafət dəvəsinin südünü sağdılar. Xilafət sərt təbiətli, acı dilli, dini işlərdə xətası çox, üzrü az olan birinə verildi.

O isə cilovu burnunun pərəsindən çıxmış harın dəvə kimi idi. O öz süvarisini heyrətə gətirmişdi. Onun cilovunu bərk çəkdikdə burnu paralanır, cilovunu boş buraxdıqda süvarisini uçuruma yuvarladırdı. And olsun Allaha, xalq onun dövründə səhvə düçar oldu, doğru yoldan çıxdı. Mən də bu müddət ərzində qəm-qüssə çətinliyinə dözdüm. O da öz yolu ilə getdi və bir cəmiyyət arasında xilafət qurdu ki, məni də o cəmiyyətdəkilərdən biri kimi güman etdi.

Pərvərdigara, yardım buyur. Bu şuraya nəzər sal, gör bu xalq məni «birinci» ilə necə bir tutdu və haqqımda şəkkə düşdü. Nəticədə, həmin adamlar sırasında qərar tutmuşam. Amma yenə də dinin məsləhətinə görə səbr etdim, eniş-yoxuşlarda onlarla həmahəng oldum. Bir kişi (Səd Vəqqas) keçmiş kininə görə haqq yoldan azdı və batil yola qədəm qoydu. O biri kişi (Əbdürrəhman ibn Ovf) Osmanın yeznəsi olduğu üçün məndən üz döndərib ona meyl etdi. Başqa iki nəfərin (Təlhə və Zübeyr) adını çəkməyim də pisdir. Bu yolla iki çiyni şişmiş «üçüncü» işin cilovunu əlinə aldı və atasının övladları da (bəni-Üməyyə) onunla əl-ələ verib hərisliklə yaşıl yaz otlarını yeyən dəvə kimi Allahın malını yeməyə başladılar. Nəhayət, bağlanmış ip açıldı və əməlləri onu qətlə düçar etdi.

Məni qorxuya salan yalnız xalqın mənə hücum edib dörd tərəfimi tutması oldu. Belə ki, izdihamdan Həsən və Hüseyn əl-ayaq altda qaldı, libasımın iki tərəfi paralandı.

Xalq yerində fırlanan qoyun sürüsü kimi ətrafımda toplandı. Elə ki, onların beyətini qəbul etdim, bir dəstəsi beyəti sındırdı, o biri dəstəsi beyətdən çıxdı, bəziləri də batilə doğru hərəkət etdi. Sanki bu adamlar Allahın belə bir kəlamını eşitməmişdilər: «Biz axirət evini o kəslər üçün qərar vermişik ki, yer üzündə fitnə-fəsad törətməsinlər».

Bəli, and olsun Allaha, bu ayəni şübhəsiz eşitmiş və əzbərləmişlər. Amma dünya onların nəzərində cilvələnmiş, onun zinətləri bu adamları aldatmışdır.

And olsun toxumu cücərdən, bəşəri xəlq edən Allaha, əgər izdihamın hüzuru və onların yardımı ilə höccətin qiyamı olmasaydı, Allah alimlərdən zalımların hakimiyyəti altına düşməmək haqqında vəd almasaydı, hər an xilafət dəvəsinin cilovunu onların üstünə atardım. Siz dərk edirsiniz ki, sizin bu dünya mənim nəzərimdə keçi burnunun suyundan da dəyərsizdir».1

Həzrət Əli (ə) bu xütbədə gizli və dərin həyəcanın təsirindən öz məzlumiyyətini izhar edib, hamıya aydınlaşdırır ki, belə bir məzlumiyyətə dözmək necə çətindir. Həzrətin öz misilsiz səciyyələri ilə Səd Vəqqas, Müaviyə və bu kimi başqa rəzillərlə üzbəüz dayanması əslində məntiqi baxımdan təzadlı idi. Həzrət buyurur ki, dövran məni elə bir yerə endirdi ki, Müaviyə də özünü mənim kimi bildi. Həzrət (ə) bütün bu çətinliklərə din xatirinə dözürdü. Ona görə də öz ölümünü gülər üzlə qarşıladı.




Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin