Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu



Yüklə 28,2 Kb.
tarix21.10.2017
ölçüsü28,2 Kb.
#8542

Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu

Qədim Gəncə ərazisində tarixən müəyyənləşmiş ərazi və landşaftının qorunması, onun fərdi simasının saxlanması, bərpası məqsədilə Qoruq yaradılmışdır. Qoruq Azərbaycan SSR Nazirlər Sovetinin “Qədim Gəncə ərazisinin Tarix – Mədəniyyət Qoruğu elan edilməsi haqqında” 18 aprel 1988-ci il tarixli 136 №li qərarına əsasən elmi – tədqiqat müəssisisəsi kimi təşkil olunmuşdur. Qoruq ərazisində yerləşən elmi, tarix və yaxud bədii əhəmiyyət kəsb edən bütün tarix – mədəniyyət abidələri dövlət tərəfindən qorunur.

Qoruğun Əsasnaməsi Azərbaycan SSR Nazirlər Sovetinin 25 noyabr 1988-ci il tarixli 420 №li qərarı ilə təsdiq olunmuşdur. Qoruq bütün fəaliyyəti boyu bu Əsasnaməni rəhbər tutmuşdur. Azərbaycan Respublikası Prezidentinin 13 iyun 1998-ci il tarixli 725 №li fərmanı ilə “Tarix və Mədəniyyət abidələri haqqında” qanunun qüvvəyə minməsi tarix mədəniyyət abidələrinin qorunması işində böyük addım oldu.

Qoruğun yaradılması haqqında əsasnamə 1988-ci ildə təsdiq edilsə də, Qoruq 1989-cu il 23 yanvar tarixindən fəaliyyətə başlamışdır.

Qədim Gəncə ərazisi – Qoruq 1482 ha sahəyə malikdir. Bu ərazinin 610 ha Samux rayonu inzibati ərazisi daxilindədir.

Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunda 21,5 ştat vahidindən ibarət - rəhbər heyət, fond şöbəsi, elmi-tədqiqat şöbəsi, kütləvi ekskursiya şöbəsi və texniki heyət fəaliyyət göstərir.

Qoruğun əsas vəzifəsi – qədim ərazidəki tarix və mədəniyyət abidələrinin toxunulmazlığını, abidələrin tarix və memarlıq simasını qorumaq, abidələrin aşkar edilməsi, öyrənilməsi, tədqiq olunması, biblioqrafik və tarixi tədqiqatlar, arxeoloji qazıntılar, abidələrin qeydiyyatını aparmaq, abidələrin siyahısını tərtib etmək, abidələrin təmiri, bərpası və regenerasiyası üzrə işlərin təşkili, sərgilər, fotoşəkillər, mühazirələr təşkil etmək, ekskursiyalar aparmaq, Gəncə abidələrinin elmi tarixi mədəni əhəmiyyəti haqqında əhali arasında təbliğat aparmaqdır.

IV qrup dərəcəsi ilə fəaliyyətə başlayan Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunun Azərbaycanın qədim tarixinin, tarix və mədəniyyət abidələrini qorunmasında, onların təbliğində aparılan kütləvi iş fəaliyyəti Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəyərləndirilmiş və buna görə də 1990-cı ildə III, 1997-ci ildə II, 2002-ci ildə isə I qrup dərəcəsinə layiq görülmüşdür.

Qoruğun nəzdində arxeoloji qazıntılar və kəşfiyyat xarakterli axtarışlar zamanı qoruq ərazisindən aşkar edilmiş, eyni zamanda əhalidən əvəzsiz olaraq toplanmış Gəncə sənətkarlarının hazırladığı özünəməxsus naxışları, yazıları və ustaların möhürləri olan saxsı, küp, ayrı-ayrı qab nümunələri və fayans qab nümunələrindən, mis pullardan, mis və saxsı məişət əşyaları, tirmə parça və s. məişət əşyalarından ibarət fond muzeyi təşkil olunmuşdur. Bu muzeydə Gəncənin orta əsr sənətkarlığını əks etdirən 300-dən çox eksponat toplanmışdır. Bu eksponatların hamısı invertar nömrəsi ilə qəbul kitabına daxil edilmişdir. Qoruq işçiləri vaxtaşırı məktəblərdə təşkil edilən tədbirlərdə muzeyimizdə yerləşən eksponatların sərgisini keçirir. Muzey eksponatlarının qəbulu, qorunması yerləşdirilməsi işi ciddi rejim əsasında qurulmuşdur.

Qədim Gəncə ərazisində yerləşən abidələrin dövrlər üzrə bölgüsü aparılmış, onların fotoşəkillərindən ibarət albomlar tərtib edilmişdir. Qədim Gəncə ərazisini əks etdirən fotostendlər hazırlanmışdır. Qədim ərazidə yerləşən abidələrin siyahısı dəqiqləşdirilmiş, qədim ərazi üçün marşrut planı tərtib edilmiş, bu ərazidəki tarixi abidələr haqqında məlumat hazırlanmışdır:

İmamzadə” türbəsi.

Gəncə çayının sağ sahilində dəmir yolundan şimala doğru 350 addımlıq məsafədə müsəlman qəbirstanlığı, “İmamzadə” və yaxud “Göy imam” adlanan məscid var. Məscidin mərkəzi hissəsi üstü göy kaşılarla üzlənmiş ikiqat künbəz ilə örtülmüşdür. “İbrahim Şahzadə kompleksi” 14-cü əsrin yadigarıdır. Onun ətraf torpaqları vaxtilə Nizami nəslindən olan Şeyxzamanovlara məxsus olmuşdur. Bu abidə Gəncənin günbəzli abidələrinin tarixində ən zərif memarlıq nümunəsidir. O, üslubuna, kompozisiyasına, nəqqaşlığına, rənginin işıqlığına, hündürlüyünə görə kompleksin o biri künbəzlərindən fərqlənir. Gəncə memarlıq abidələrinin heç birinə oxşamayan bu kompleks səkkiz sütunlu künbəzdən ibarətdir. Camaat zalının üstünü örtən künbəzlərdən birinin içində səkkiz güşəli ulduz vardır. Səkkiz güşəli ulduz abidənin künbəzinin rəmzidir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalar olmuşdur ki, bütün bunlar hamısı birlikdə dini kompleks yaratmışdır.

Türbənin hündürlüyü 12m, günbəzin hündürlüyü 2,7m, diametri 4,4m-dir. Künbəzə mavi kaşıdan üzlük çəkilmişdir. “Göy imam” adı da bununla bağlıdır. Bu abidə 1879-cu ildə Tiflisli general – mayor İsrəfil bəy Yadigarov tərəfindən bərpa edilmişdir.

Comərd Qəssab” türbəsi.


VI əsrin sonu VII əsrin əvvəllərində Gəncə şəhərində yaşamış sənətkar, sonralar Comərd Qəssab adı ilə məhşurlaşan bu şəxs şiələrin I İmamı IV xəlifə Həzrəti Əlinin şagirdi olmuşdur. Qəbul etdiyi və dərindən öyrəndiyi islam dinini Gəncədə yaymışdır. O bu dini gizli surətdə yayırdı. Çünki, o zaman Gəncədə hakimiyyət yəhudi dininə xidmət edən xəzər tayfalarının əlində idi. Məhz, Comərd Qəssabının xidmətidir ki, Gəncə şəhəri islamı heç bir zor göstərmədən qəbul etmişdir. Öz dövründə Əlyar (Əli Aşiq) adını qəbul edən Comərd Qəssab Gəncə şəhərinə yadellilərin hücumu zamanı şəhəri müdafiə edərkən qəhrəmancasına döyüşərək şəhid olmuş və şəhər əhalisi onu həlak olduğu yerdə dəfn etdirmişdir.

XII – XIII əsrlərdə Gəncə şəhərində əxilik hərəkətinin böyük nüfuzu olmuş, həttda dahi şair N.Gəncəvi də əxilərin liderlərindən biri sayılırdı. Gəncə şəhərinin ilk müsəlmanı, islam dinini qəbul edən və onun uğrunda şəhid olan Qəssab Əlyar əxilər üçün örnək, bir simvol olmuşdur. Ona görə də zəlzələdən sonra onun itmiş qəbrinin yerində əxlilər türbə ucaltmış və onu özlərinin məşhur titulları ilə Comərd Qəssab olaraq tarixləşdirmiş və Gəncənin ən müqəddəs ziyarətgahlarından birinə çevirmişlər.

Comərd Qəssabın qəbri Gəncə çayının sağ sahilində “İmamzadə” kompleksinin cənubunə doğru 1500 m məsafədə yerləşir. Məhz, ilk dəfə məqbərə burada olub.

2004-cü il, dekabr ayının 2-də Comərd Qəssab Türbəsinin yenidən açılışı oldu. Türbənin bərpası YUNESKO-nun xoş məramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev fondu tərəfindən həyata keçirilib.



Qədim Gəncə ərazisində yerləşən arxeloji qazıntı obyektləri.

Qədim Gəncə şəhər xarabalıqları müasir Gəncə şəhərinin 7 – 8 km yerləşir. Xarabalığın ərazisi qala divarları sərhəddində 250 h , rabatın ( sənətkarlar yaşayan məhəllə ) və ətrafların sahəsinin nəzərə alınması ilə 810 h – dır. 1139-cu ildə zəlzələ nəticəsində Gəncədə 230 – min adam məhv olmuşdur. Ön Asyanın və Yaxın Şərqin ən qədim mədəni və siyasi mərkəzlərindən biri olan şəhər sıx əhalisi olan məskənin yerində yaranmış, dəfələrlə müxtəlif sülalələrin paytaxtına çevrilmişdir. Gəncədə Şəddadilər, Səlcuqilər, Atabəylər və başqaları hökmran olmuşdur.

Qədim Gəncə ərazisi həmişə alimlərimizin diqqət mərkəzində olmuş və burada vaxtaşırı arxeoloji tədqiqatlar aparılmışdır. 1938 – 40-cı illərdə İ.Cəfərzadənin rəhbərliyi ilə Gəncədə qazıntı işləri aparıldı , bu qazıntılar Gəncənin maddi – mədəniyyətinin yalnız bir neçə səhifəsini açdı. Böyük Vətən müharibəsinin başlaması bu işi yarımçıq qoydu. 1981 – 82-ci illərdə xarabalığın ərazisində, Gəncə çayın sol sahilində qazıntı işi aparılmışdı. 1984 – cü ildə isə Gəncə arxeloji ekspedisiyası Gəncə çayının hər iki hissəsində qazıntı işi aparmışdır. Bu qazıntı nəticəsində məlum olmuşdur ki, mədəni qatın qalınlığı 2m 30 sm-dır. Kiçik bir otaq , otağın cənub divarında ocaq yeri aşkar edilmişdir , təndir aşkar edilmiş , içərisindəki küldən 5 mis pul tapılmışdır. Eyni zamanda saxsıdan düzəlmiş su kəməri aşkar edilmişdir. 1986 – 1987-ci illərdə isə Rafael Əhmədovun rəhbərliyi ilə arxeloji qazıntı işi aparılmış , tunc tərlan fiquru , bitki yağı istehsal edən manfaktura , dəyirman daşı aşkar edilmişdir.

1997 – ci ildə sonuncu dəfə GDTMQ – u qazıntı işləri aparmış , orta əsrlərə aid saxsı su boruları aşkar edilmişdir. Son dövrlər təəsüflər olsun ki, maddi vəsait ayrılmadığından Qədim Gəncə ərazisində arxeloji tədqiqat işi dayandırılmışdır. Halbuki , Qədim Gəncə ərazisinin tədqiqata ehtiyacı vardır.


Qala divarları.
Gəncənin qədim ərazisində bu günə qədər qalan, müdafiə məqsədilə tikilən memarlıq abidələrimizdən biri də qala divarlarıdır. Qala divarlarının qalıqları bu gün də qədim Gəncə şəhərinin xarabalığında qalmaqdadır. Gəncənin qala divarları XI əsirdə Əbulsevər Şavirin dövründə salınmışdır. Şəhər böyüdükcə onun ətrafına yenı qala divarları çəkilmişdir. Gəncə o dövrdə sənətkarlıq mərkəzi olduğundan çox güman ki, qala divarlarının inşasında məşhur ustalar iştirak etmişlər lakin təəssüf ki, heç bir mənbələrdə həmin ustaların adına rast gəlinmir.

Arxeoloji qazıntılar şəhərin ətrafına 3 möhtəşəm qala divarlarının çəkildiyni müəyyən etmişdır. Şəhərin 2-ci qala divarı gildən tikilmiş, qalınlığı 3 metrə bərabər olmuşdur. Divarın ortasında çay daşından istifadə edilmişdir. Yaraşıqlı görünsün deyə divarın xarici tərəfində zolaq və köndələn, sünbülvari, düzümlərdən-Gəncə hörgüsündən istifadə edilmişdir. Gəncənin dövrləmə qala divarları bir ilə deyil, bir neçə ilə tikilmişdi. Qala divarları tarixən müxtəlif dağıntılara məruz qalmışdır. 1139-cu ildə sentyabrın 30-da baş vermiş Gəncə zəlzələsi qala divarlarını dağıtmışdı. Zəlzələdən sonra Atabəy Qara Sonqur şəhəri bərpa etdirdi. 1235-ci ildə isə monqollar Gəncəyə hücum edərkən onlar mancaqlardan istifadə edib, şəhərin divarlarında deşiklər açdılar. 1606-cı ildə Şah Abbasın Gəncəyə hücüm vaxtı qala divarlarına böyük xəsarət dəymişdir. Qala divarlarının qalıqları bu günə qədər qalmaqdadır.

Bunlardan başqa Qədim ərazidə XII-XIII əsrlərə aid Qala divarlarının, Qala bürclərinin, 3, 5 və 7 tağlı körpülərin qalıqları mövcuddur.

Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğu kollektivi 1997-ci ildə Qədim Gəncə ərazisində, Gəncə çayının sağ sahilində, şəhərin Bərdə qapısı adlanan hissəsində arxeoloji qazıntılar aparmış, nəticədə XIV əsrə aid şəhəri içməli su ilə təmin edən su kəməri aşkar edilmişdir. Həmin kəmər saxsıdan hazırlanmış, qalınlığı 5mm, uzunluğu 42sm, ön hissəsinin diametri 11sm, arxa hissəsinin diametri 15sm olan bir-birinə calanmış tünglərdən ibarətdir. Həmin tünglərdən ikisi fondun muzeyində saxlanılır.



Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunun müvəffəqiyyətləri ilə bərabər, problemləri də az deyildir. Lakin bu problemlərin həlli yalnız Gəncə Dövlət Tarix–Mədəniyyət Qoruğunun fəaliyyətindən asılı deyildir, bunun üçün müvafiq dövlət orqanlarının köməyi vacibdir. Qoruğun ən vacib problemləri həll olunmayıb. Beləki, 1482 ha sahəni əhatə edən Qədim Gəncə şəhər ərazisi hələdə hasarlanmayıb. Əraziyə giriş-çıxış qapılarının qoyulması ləngiyir. Qoruğa məxsus torpaq ərazilərinə Dövlət Aktı hələ də veriməyib. Bu aktın olmaması Qoruğa məxsus torpaqların mənimsənilməsinə şərait yaradır.

Biz ümidvarıq ki, yaxın günlərdə Dövlət Aktı veriləcəkdir və bu Qoruğun fəaliyyətində ciddi dönüş yaradacaqdır.



Gəncə Dövlət Tarix – Mədəniyyət Qoruğunun kollektivi bundan sonra da tarix və mədəniyyət abidələrinin qorunması, öyrənilməsi təbliğatı üçün bütün səylərini cəm edəcəkdir.
Yüklə 28,2 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin