Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi
Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodiki işlərin təşkili şöbəsi
Elə bağlı sənətkar
(Xalq şairi Hüseyn Arifin anadan olmasının 90 illiyi
ilə bağlı metodik vəsait)
GƏNCƏ-2014
I-ci Bölmə: Həyat və yaradıcılığı.
Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif) 1924-cü il İyunun 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur.
Bakı pedaqoji məktəbində və ADU şərqşünaslıq fakültəsində təhsil almışdır. Hüseyn Arif Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını bitirib.
Xarici ölkələrlə dostluq və mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri, “Azərnəşr”in Bədii Ədəbiyyat redaksiyasında böyük redaktor, Gənclik nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, Azərbaycan aşıqlar birliyinin sədri vəzifələrində işləmişdir. Hüseyn Arif Azərbaycan Yazıçılar Birliyi ağsaqqallar Şurasının üzvü olmuşdur.
Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. H. Arifin ribrettosu əsasında “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi M.Qorki adına Gənc tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
Şair “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülüb. Əsərləri keçmiş SSRİ və bir sıra xarici olkə xalqlarının dillərinə tərcümə olunmuşdur.
H.Arif şair idi. Təkcə yazdığı şeirləri ilə yox həm də azad ruhu, heç bir çərçivəyə sığmayan duyğuları ilə.
Hüseyn Arif, sözün həqiqi mənasında, xalqının şairiydi, onun qazandığı da el-obada olub, günü də eldə keçib. Təbiətin qoynunda olmağı sevirdi. Azərbaycanı qarış-qarış gəzmişdi. Ata-baba yurduna isə xüsusi bağlılığı var idi. Əsli Qazax rayonunun ən böyük kəndi olduğundan, "minevli Kəsəmən" deyilən Qıraq Kəsəməndən idi.
Ömrü boyu "qalsa bu dünyada yaradan qalır" qənaətiylə baş-başa yazıb-yaratdı Hüseyn Arif. Yazdığı kimi yaşadı - "əsl sənətkarı kabinetdə yox, aranda axtarıb, dağda gəzərlər!" - dedi. Umacağı - Hüseynə çörəyim halaldır desən, şairə ən böyük mükafatdı bu - oldu.
Öz qədir-qiymətini hamıdan yaxşı bildi:
Hüseyn Arifi itirmə vaxtsız,
o elə şairdi, bir də tapılmaz.
40 ilə yaxın yaradıcılıq yolu keçmiş Hüseyn Arifin gözəl poeziyası klassik ədəbiyyatımızın nəhəng simalarının, şifahi xalq ədəbiyyatı yaradıcılarının ədəbi-bədii irsi zəminində formalaşmışdır. Burada rus və dünya ədəbiyyatının da payı vardır. Lakin Hüseyn Arif poeziyası daha çox M. P. Vaqif, Aşıq Ələsgər, S.Vurğun poeziyasından mayalanmışdır. Bu xəttə, xüsusən Ələsgər şe’rinə vurğunluğunu şair: “O Ələsgər, Vaqifdən sonra, Vurğundan əvvəl, Elə bil, saz tutub, söz deməliydi” misralarında gözəl ifadə etmişdir. S.Vurğun poeziyasının xəlqi ruhu Hüseyn Arif yaradıcılığı ilə xeyli zənginləşmişdir. Xalq şe’rinin min il əvvəldən süzülüb gələn ən yaxşı keyfiyyətlərinə onun şeir dünyasında rast gəlmək mümkündür.
Hüseyn Arifin poeziyasının xüsusi bir rəngi, boyası var. Bu boyanı onun şeirindən ayırmaq olmaz. Ayırmaq mümkün olsa, şeir bütün ifadəlilik vasitələrindən məhrum olar, bu poeziyanın canına hopmuş hikmətlər, aforizmlər, xalq ifadələri, ümumiləşmiş fikir-obrazlar, babaların deyim tərzinə uyğun deyimlər, təzadlar, obrazlı müqayisələr, bütün emosional məcazlar yox olar. Onun şe’rlərini oxuduqda dil ilişmir, oxucu kəkələmir, misralar ana südü kimi, bulaq suyu kimi içilir. Bu şeirləri oxuduqda baş yorulmur, beyin sancmır, əksinə, nəfəs genişlənir, bədən sanki şəkərlə, şərbətlə qidalanır. Hüseynin ifadə tərzi gözəl və təbiidir, fikirləri yeni və səmimidir. O, bizim yüz dəfələrlə gördüyümüz əşyalarda, müşahidə etdiyimiz hadisələrdə yeni keyfiyyətlər tapmaq, onu yeni şəkildə mə’nalandırmaq qüdrətinə malikdir. Buna görə də Hüseyn Arif oxunur və sevilir.
H. Arif Azərbaycan ədəbiyyatı üçün az iş görməyib. Təkcə şeir yazmaqla yox, tərcüməçiliklə də məşğul olub, araşdırmalar aparıb. Şairin qızı Zöhrə xanımla müsahibə aparılarkən o, deyirdi: Aşıq Alını ədəbiyyatımıza atam qaytarıb. Onun şeirlərinin əksəriyyəti Aşıq Ələsgərin əsərləri kimi dərc olunmuşdu. Atam Aşıq Alının şeirlərini zərgər kimi bircə-bircə seçdi, onları müəllifinin adına yazdı. Aşıq Ələsgərin qohumlarından buna görə gileylənənlər də tapıldı. Hətta evimizə gəlib, "Ay Hüseyn müəllim, bu şeirlər Ələsgərindir", - dedilər. Atam onlara etiraz etdi: "Aşıq Ələsgər çox böyük şəxsiyyətdir. Ona kimsənin payı lazım deyil. Bir də Aşıq Alı Aşıq Ələsgərin ustadı olub" deyə cavab verdi.
1976 cı ilin 24 sentyabrında şairin kiçik oğlu Arif avtomobil qəzasına düşərək həlak oldu. O, Xalq Təsərrüfatı İnstitunu (indiki İqtisad Universiteti) bitirib, iki ay əvvəl Abşeron Rayon Komsomol Komitəsində şöbə müdiri işləyirdi. Yaraşıqlı, xeyirxah və həddindən artıq qayğıkeş idi. Belə bir oğulu itirmək, bu dərdə dözmək, tablaşmaq mümkün olan şey deyildi.
Sonradan övlad ağrı-acısını yaşamış ata Arifin itgisi xəbərini alarkən keçirtdiyi hissləri belə ifadə etdi:
Dağ sökülüb dedilər,
Bel bükülüb dedilər,
Arif ölüb, dedilər-
Ölümə qurban olum.
Arifin itgisi Hüseynin ailəsini dünyadan küsdürdü. Hüseynin sazı da qara libasa bürünərək divardan asıldı. 1978 ci ildə oğlunun adını özünə təxəllüs götürüb yazdı:
Arif gedən gündən Hüseyn adlı
Bir kədər şairi gəldi dünyaya.
Bundan sonra Hüseyn Arif yaradıcılığının çox böyük hissəsini oğluna sərf etdi. Bu hadisədən çox çəkmir ki, şəkər xəstəliyinə tutulur.
İxtisasca həkim olan qızı Zöhrə ona pəhriz saxlamağı məsləhət görürdü.
Atası isə deyilənlərə əməl etmir. Ümumiyyətlə, həkim, dərman, pəhriz saxlamaq kimi anlayışlar ona yad idi. Vəziyyəti isə gündən-günə ağırlaşırdı, lakin ağır vəziyyəti barədə kimsəyə xəbər verməyən Hüseyn Arif Ağstafaya yola düşür. Bir müddət sonra dostu İsmayıl Şıxlı təcili yardım vertolyotlu ilə Bakıdan gəlir ki, onu aparsın, lakin həmin gecə
1992 ci il, 14 sentyabrda Hüseyn Arif dünyasını dəyişir. Özünün tapşırığına əsasən Yenigün kənd qəbristanında torpağa tapşırılır. Onun oğul həsrəti ancaq bununla bitir.
2001-ci ildə həyat yoldaşı Məleykə xanım da Hüseyn Arif kimi 68 yaşında dünyadan köçdü. Onun da məzarı Ariflə Hüseynin yanında qazıldı.
Hüseyn Arif ömrünün axırına kimi istedadı olan gənc şairlərə kömək etdi, onlara qayğı ilə yanaşdı. Elə buna görə də onu çox sevər, “Hüseyn qağa” deyə çağırardılar. Onun maddi qazancı böyük olmayıb, lakin Hüseyn Arifin ədəbiyyatda qoyduğu iz, haqqında danışılan ən gözəl sözlər onun həm maddi, həm də mənəvi qazancı olub.
Həyat və yaradıcılığının əsas
tarixləri
1924 Ağstafa rayonunun Yenigün
kəndində anadan olub.
1937-1940 Bakı pedaqoji məktəbində
oxuyub.
1940-1942 Tovuz rayonunda və Qərbi
Azərbaycanın Cil kəndində
müəllim işləyib.
1943-1945 SSRİ Xalq Daxili İşlər Komissar
lığı Qoşunlarında bölük komandiri
olub, döyüşən ordu tərkibində
Ukrayna cəbhəsində, Polşa, Çexos
lovakiya və Almaniyada vuruşub,
yaralanıb və müalicə olunandan
sonra Moskva Hərbi Mühəndislik
məktəbinə təhsil almağa
göndərilib.
1946-1951 ADU nin şərqşünaslıq fakültəsində
təhsil alıb.
1949 Azərbaycan Yazıçılar İttifaqına
üzv qəbul olunub.
1950 “Azərnəşr”də “Mən sülhə səs
verirəm” şeiri nəşr olunub.
1951-1952 M.Qorki adına Ədəbiyyat
İstitutunun aspiranturasını bitirib.
1954 “Uşaqgəncnəşr”də“Rus dili
müəlliməsi” şeir toplusu işıq üzü
görüb.
1956 “Azərnəşr”də“Məhəbbət
nəğmələri”adlı şeir kitabı nəşr
olunub.
1957 Onun liberettosu əsasında “Azad”
operası M.F. Axundov adına
Opera və Balet teatrında səhnəyə
qoyulub.
1959 “Azərnəşr”də “Bahar gələndə”
adlı şeir kitabı çap olunub.
1957-1959 Xarici ölkələrlə Dostluq və
Mədəni Əlaqələr Azərbaycan
cəmiyyətində şöbə müdiri
işləmişdir.
1960 “Uşaqgəncnəşr”də “Dostluq telləri
adlı şeir kitabı işıq üzü görüb.
1962-1978 “Azərnəşr”də “Yolda”, “Ömür
çeşməsi”, “Sibir Töhfələri”,
“Torpaq eşqi”,” “Yollar vəxatirə
lər” adlı şeir və poemalarından
ibarət kitabları, “Gənclik” nəşriy-
yatında isə “Duru göl əfsanəsi”,
“Seçilmiş əsərləri”,“Bahar gələn-
də”,“Sən mənimlə get”, “Söylə
yadındamı?”, “Qocalan deyiləm”,
“Ömür gözləsə” adlı şrir və poema
larından ibarət digər kitablar,
habelə 2 cildlik “Seçilmiş əsərləri”
çap olunub.
1965-1967 “Azərnəşr”in Bədii Ədəbiyyat
Redaksiyasında böyük redaktor
işləmişdir.
1967-1968 “Gənclik Nəşriyyatında bədii
ədəbiyyat redaksiyasının müdiri
olmuşdur.
1971 “Dağ Kəndi”poemasınagörə”Qızıl
Oraq” mükafatına layiq görülüb.
1974 “Yolda” poeması əsasında yazdığı
eyniadlı pyesi M.Qorki adına
Gənc Tamaşaçılar Teatrında
tamaşaya qoyulub.
1976 Keçmiş Yuqoslaviyada Sarayevo
Beynəlxalq Poeziya günlərində
iştirak edib.
1976 Oğlu Arif avtomobil qəzasında
həlak olub, o vaxta qədər Hüseyn
Hüseynzadə imzasıyla yazan
böyük şair bu hadisədən sonra
Hüseyn Arif imzasıyla yazmağa
başlayıb.
1978 Azərbaycan SSR-nin himninin
yeni redaksiyada mətn müəlliflə -
rindən biri olub.
1978 Azərbaycan Dövlət Mükafatına
layiq görülüb.
1979 Liviyada SSR-i günlərində iştirak
edib.
1980-1982 Azərbaycan Mədəniyyət Nazirliyi
nin Mədəni Maarif İdarəsində
repertuar Redaksiya kollegiyasının
üzvü olub.
1982 Azərbaycan Aşıqlar Birliyinin
sədri vəzifəsində çalışıb.
1982-1984 Azərbaycan Yazıçılar Birliyi
Ağsaqqallar şurasının üzvü seçi-
lib, həmin illərdə Aşıqlar Birliyi
nin nəzdində bu günə kimi fəaliy-
yət göstərən “Aşıq Pəri” məclisi-
ni yaradıb.
1980-1985 “Gənclik” nəşriyyatında “Ömür
deyir” və “Ayrı düşəli” adlı şeir
kitabları, “Yazıçı” nəşriyyatında
“Dilqəm” adlı şeir və poemalardan
ibarət kitabı, habelə 2 cildlik
seçilmiş əsərləri çap olunub.
1989 Azərbaycanın Xalq şairi fəxri
adına layiq görülüb.
1992 “Yazıçı” nəşriyyatında “Dünya
fikir dünyasıdır” adlı şeir və
poemalardan ibarət kitabı işıq üzü
görüb.
1992 Sentyabrın 14 də Ağstafada vəfat
edib və qədim Yenigün qəbrista
nında oğlu Arifin yanında dəfn
edilib.
2004 Xalq şairi Hüseyn Arifin 80 illik
Yubileyi ilə əlaqədar olaraq
professor Pafael Hüseynovun
redaktorluğu, professor Qəzənfər
Paşayevin və Gülzar İbrahimova
nıntərtibçiliyi ilə “Hüseyn Arif-80”
xatirə nəşri çap olunub.
Elm və mədəniyyət xadimləri
Hüseyn Arif haqqında.
H. Arif xalq müdrikliyinin hadisəsidir. O, bizim ədəbiyyatımızın bütün zamanları üçün yenidən doğulan müdriklərdəndi. Xalq nə qədər müdrikləşsə H. Arif də o qədər müdrikdi. Xalqı ilə yaşayan şair müdrik olmaya bilməz. H. Arif xalqımızın bütün düşüncə tərzini, müdrikliyini özündə birləşdirən sənətkardır. O, təbiətin özüydü, təbiətdə isə gözəl olmayan şey yoxdur.
AMEA-nın müxbir üzvü, millət vəkili
Nizami Cəfərov.
Mən Hüseyni sevirəm. Ona görə ki, Hüseyn ənənələrinin üzərində yüksələn, öz qəlbinin səsini dinləyən şairdir. O, köhnə ənənəvi şeir formalarında da bu günün fikirlərini, bu günün duyğularını tərənnüm edir.
Xalq şairi Bəxtiyar Vahabzadə.
Hüseyn təkrarolunmaz sənətkardır. O, aşıq yaradıcılığını, el şairlərimizi, dastanlarımızı, bayatılarımızı demək olar ki, əzbər bilir. Yaddaşı xalq yaradıcılığının canlı ensklopediyasıdır.
Xalq şairi Cabir Novruz.
Hüseyn sözün həqiqi mənasında şair idi. Şeir vəhy kimi gəlir, oturub yazmasan quş kimi uçub gedir.
Hüseyn Arif ömrü bir şeriyyət idi, bənzərsiz idi.
Prezident təqaüdçüsü, yazıçı
Vidadi Babanlı.
Mən o xoşbəxt bəndələrdənəm ki, Hüseyn Ariflə uzun müddət təmasda olmuşam. Ailəvi dost olmuşuq. O, insanı təccübləndirəcək dərəcədə sadə insan idi. Bu sadəliyi müdrikliyi tamamlayırdı. Bu sadəliyin arxasında zəngin bir mənəviyyat məntiqi dayanırdı.
Professor Qəzənfər Paşayev.
Elə bil Hüseynin canında iki Hüseyn var idi. Onunla çox unudulmaz görüşlərim olub. Hüseyn pıçıltıyla eşidilmək məktəbini qoyub getdi.
Xalq şairi Nəriman Həsənzadə. Bu günkü Azərbaycan şeirini – həyatımızın, əsrimizin qəhrəmanlıq və rəşadət, məhəbbət və səadət səlnaməsi adlandırsaq, onun neçə-neçə gözəl səhifəsini mənsub olduğu nəslin adından Hüseyn Arif şəxsən özü yazmışdır
Xalq şairi Nəbi Xəzri.
Onu dərindən tanıyıb, dərindən sevənlər bilərlər. Hüseyn əbədiyaşar şairdir.
Şair Eyvaz Borçalı.
II-ci Bölmə: “Hüseyn Arif-90”Kitabxanalarda
keçiriləcək yubiley tədbirləri.
Azərbaycanın və Türkiyənin xalq şairi nasir, dramaturq Hüseyn Arifin (Hüseynzadə) anadan olmasının 90 illik yubileyi münasibəti ilə mədəni-maarif müəssisələrində, o cümlədən kitabxanalarda da kütləvi yubiley tədbirləri keçirilməlidir. Kitabxanalarda H. Arifin 90 illiyi ilə bağlı keçirilən keçirilən tədbirlər arasında sərgilər mühüm yer tutur.
Sərgilər əyani təbliğat forması olduğuna görə daha əhəmiyyətlidir Burda oxucu birbaşa şairin yaradıcılığı ilə təmasda olur, arzu etdiyi kitabı alıb oxuya bilir. Səgidə yazıçının irsini təbliğ edən uşaq və gənclər üçün yazılmış əsərlər, şeirlər toplusu, onun haqqında yazılmış kitablar, dövrü mətbuatda dərc olunmuş qəzet və jurnal məqalələrinin foto surətindən də istifadə etmək olar.
Sərgini təqdim edirik:
-
sitat
|
|
|
|
sitat
|
|
|
sitat
|
|
|
-
Şair haqqında dövrü mətbuatda çıxan məqalələr
|
Sərgidə veriləcək sitatlar
Mən Hüseyni sevirəm. Ona görə ki, Hüseyn ənənələrinin üzərində yüksələn, öz qəlbinin səsini dinləyən şairdir. O, köhnə ənənəvi şeir formalarında da bu günün fikirlərini, bu günün duyğularını tərənnüm edir.
Xalq şairi Bəxtiyar Vahabzadə.
Hüseyn təkrarolunmaz sənətkardır. O, aşıq yaradıcılığını, el şairlərimizi, dastanlarımızı, bayatılarımızı demək olar ki, əzbər bilir. Yaddaşı xalq yaradıcılığının canlı ensklopediyasıdır.
Xalq şairi Cabir Novruz.
Bu günkü Azərbaycan şeirini – həyatımızın, əsrimizin qəhrəmanlıq və rəşadət, məhəbbət və səadət səlnaməsi adlandırsaq, onun neçə-neçə gözəl səhifəsini mənsub olduğu nəslin adından Hüseyn Arif şəxsən özü yazmışdır.
Xalq şairi Nəbi Xəzri.
Kitabxanalarda keçirilən maraqlı tədbirlərdən biri də İcmaldır. Şairin seçilmiş əsərləri haqqında icmal keçirərkən əvvəlcə həyat və yaradıcılığı haqqında qısa məlumat verilir. Sonra seçilmiş əsərlərində toplanmış vətənə, təbiət gözəlliklərinə, oğlu Arifə , gözəllik və sevgiyə həsr olunmuş şeirləri, satirik şeirləri haqqında ətraflı məlumat verilir. İcmalı keçirməzdən əvvəl kitabxanaçı şairin əsərləri ilə yaxından tanış olmalıdır. Kitabxanaçı İcmalın sonunda şairin hər hansı şeirindən bir parçanı oxuyur:
Axdı qulağıma dan söküləndə
Çoban bayatısı Azərbaycanın.
Üfüq qızaranda, günəş güləndə
Başqadır səfası Azərbaycanın.
H. Arifin seçilmiş əsərlərində toplanmış, Azərbaycana, onun təbiət gözəlliklərinə həsr olunmuş belə gözəl şeirləri oxumağı məsləhət görərdim deyərək kitabxanaçı oxucuları bu əsərləri oxumağa sövq etmiş olardı.
Kitabxanalarda həmçinin H. Arifin seçilmiş şeirlərindən ibarət orta və böyük yaş qrup oxucular üçün poeziya axşamı keçirmək məqsədəuyğun olardı. Poeziya axşamında şairin əsərlərinə yazılmış musiqilər hər şeirdən sonra səsləndirilərsə tədbir daha maraqlı olar.
H. Arif haqqında şairlər, yazıçılar,onu yaxından tanıyan insanlar çıxış edə bilərlər. Tədbirdə IX, X, XI ci sinif şagirdləri şairin “Azərbaycan”, “Ora Vətəndir”, “Gəncə çinarları”, “Arifə məktub”, “Aşıq Ələsgərə”, “Mən Hüseyn Arifəm”, “Gözəllərə” şeirlərini söyləyə bilərlər. Şairin bir şeirini təqdim edirik:
“Səni unuda bilmərəm”
Ay dolanar,il dolanar,
Səni unuda bilmərəm.
Könül yanar, can odlanar,
Səni unuda bilmərəm.
Yay üzülə, payız köçə
İstər gtündüz, istər gecə
Neçə gözəl gəlib keçsə,
Səni unuda bilmərəm.
Sözün saxladı sözümü,
Gözün ovladı gözümü,
Unutmayınca özümü,
Səni unuda bilmərəm.
Kitabxanalarda şairin yubileyi ilə bağlı ədəbi- bədii gecə də keçirilə bilər
“Təbiət və gözəllik şairi”(ədəbi-bədii gecə)
Tədbirin keçirildiyi zal güllərlə, çiçəklərlə bəzədilmişdir. Eyni zamanda zalda H. Arifin əsərlərindən ibarət sərgi tərtib olunub.
I Aparıcı: səhnəyə daxil olur.
Hüseynəm, qolumda dayanmış saat,
Qartalam yanımda qırılmış qanad,
Dustağam, əbədi zindanım həyat
Mənə olan oldu, sən salamat qal.
deyən sevimli Xalq şairimiz H. Arifin anadan olmasının 90 illiyi münasibətilə keçirilən bu ədəbi-bədii gecəyə toplaşan bütün qonaqları və tədbir iştirakçılarını salanlayırıq!
Hüseyn dünyaya Hüseyn kimi gəldi, yaşadı və Hüseyn kimi də dünyadan köçdü. Dünyada heç kimə bənzəmədi, həyatı boyu günü vətənin ucsuz-bucaqsız düzlərində, başı göyləri dələn dağlarında, dibi gün görməyən meşələrində, yaşıl zəmi və tarlalarında, əzəmətli quruculuq meydanlarında keçdi. Əsərlərində lilparlı buz bulaqlardan, elin yetirdiyi min cür ne’mətlərdən söz açır. Xınalı qayalar, naxışlı daşlar, Koroğlu nişanəli, Cavanşir izli dağlar, laləli, nərgizli, yarpızlı çəmənlər dilinin əzbəridir. Təbiət dostu, insan dostu, ana torpağın əzizi, sevimlisidir. Bəxtinə gözəllik düşüb, ruhu həqiqi şair duyğuları ilə mayalanıb. El üçün saz çalıb söz qoşmaqdan yorulmadı, elinin unudulmaz şairi oldu:
Getməz qulaqlardan Hüseyn Arif,
Son aşıq sazını çalana kimi.
II Aparıcı:
Adi yoncanı, yovşanı, yarpızı vətənin bir zərrəsi kimi sevir, əzizləyirdi Hüseyn Arif. ”Zirvələrdən zirvələrə gedən yolu məndən soruş”, ”Ceyranı da, cüyürü də nəsil-nəsil tanıyıram” deyən şair, adi yovşan kolunun qoynunda sənətkar şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edir: ”A Yonca, a Yovşan, bircə gün sizi unutsam, bilin ki, unudulmuşam. ”
Bir yaşıl çəməndə açdım səhəri,
Çiçəklər qızardı yanaqlarımda.
Dinlədim çayları şəlalələri,
Sevinib dincəldi qulaqlarım da.
Dərələr, təpələr, üzümə güldü,
Bilmədim haradan haraya gəldim.
Elə bil çiynimdən yük götürüldü,
Elə bil yenidən dünyaya gəldim.
Ürkdü dağ keçisi şimşək çaxanda,
Torpaq naxış-naxış, göy naxış-naxış.
Ürək yorulanda, can darıxanda
Dədə-baba dağlar yaxşı ki, varmış.
Bu günkü tədbirimizdə şəhər 1- saylı musiqi məktəbindən dəvət olunmuş müəllimlər və şagirdlər iştirak edirlər.
İndi onların ifasında H. Arifin sözlərinə bəstələnmiş “Ürək deyir yaşa hələ” mahnısını dinləyək.
I Aparıcı:
Azərbaycan təbiətınin vurğunu olan, yurdu oba-oba gəzən, onun bahar təravətini, axşamını-səhərini, bulaqların durna cilvəsini, dağların ağır duruşunu sənətə gətirən şair söz çələnginə yeni çiçəklər düzür:
Neçə yayı, neçə qışı,
Vurdum səndə başa dağlar.
Camalına min yol azı
Mən etdim tamaşa dağlar.
Gündüz günəşə vuruldum,
Gecə aya aşiq oldum,
Heç bilmirəm necə doldum,
Qucağında yaşa dağlar.
Cavan ömrün novrağısan,
Hüseyinin ovlağısan,
Yaşa dağlar, yaşa dağlar,
Ömür yetir başa, dağlar.
Tədbirin bu yerində sözü qonağımıza verək
II – Aparıcı:
H. Arif Azərbaycanı, onun hər qarış torpağını, dağını, daşını, əlvan təbiətini canından artıq sevirdi.
“Bir ovuc torpaqdan dönən deyiləm,
Bir ovuc torpağa dönənə kimi”
misralarında torpağa, ana yurda bağlılıq çox güclüdür. Təbiət və təbiətin insanlara bəxş etdiyi ne’mətlər Hüseynin qəlbini qürurla doldurur, onu riqqətə gətirir, daim özünə çəkirdi. Adi yoncanı, yovşanı vətənin əziz neməti kimi sevərdi, “Zirvələrdən zirvələrə gedən yolu məndən soruş”, “Ceyranı da cüyürüdə nəsil-nəsil tanıyıram” deyən şair hər kolun qoynunda əsl sənətkar şair duyğusu ilə kəşf edilə bilən neçə-neçə sirlər gizləndiyini qeyd edir:
Gəl çıxaq seyrinə uca dağların,
Çəmən olan yerdə xalça nə lazım.
Gözündən su içək buz bulaqların,
Lilpar olan yerdə dolça nə lazım.
Nə kaman götürək, nə də ki, qaval,
Orda nəğmə də var , nəğməkar da var..
Əziz tədbir iştirakçıları indi də sözləri H. Arifə, müsiqisi Səid Rüstəmova aid olan “Ağ çiçəklər” mahnısını dinləyək.
I- Aparıcı:
Şair təbiətin qoynunda təbiətlə təkbətək dolanmaq, təbii davranmaq, təbiətlə bilavasitə təmasda olmaq eşqilə bütün sün’ilikləri rədd edir: “Qoy əlimi suya vurum, Əlcək, məndən nə istərsən?” Təbiətə vurğunluğunun nəticəsidir ki, şair ad günündə belə sevimli obrazlarını dağ kəlini, ceyranı, cüyürü unutmur:
“Deyirəm: Görəsən, bu ad günümdə
Dağ kəli yadına məni salarmı?”
Hüseyn təbiəti sevdiyi kimi, onun yağışını, qarını, buzunu, şaxtasını, tufanını, bir sözlə, istisini, soyuğunu, qəfil baş verən hay-harayını da sevir və onlara dözməyi bacarır. O, təkcə təbiətin deyil, istehsalatın, zəhmətin, ucsuz-bucaqsız tarlaların mehini, ətrini şe’rə gətirir, insan zəhmətinə yüksək qiymət verir, qurub-yaradan insanları, böyük sənət və yarış dostlarını sənətin dili ilə alqışlayır:
Neçə yarış meydanında saz tutub
Neçə zəfər müjdələri gətirdim.
Nəfəsimlə Azərbaycan elindən
Tarla mehi, zavod ətri gətirdim.
Sevimli şairimiz vətəni ilə bərabər anaları da çox sevib, yaradıcılığında analara geniş yer ayırıb, onları vəsf edən gözəl şeirlər yazıb. Kitabxananın fəal oxucularından olan Bəfanın ifasında bu şeirlərdən birini dinləyək:
Elə ki, balalar gəlir dünyaya
O gündən hey ölçüb biçir analar.
Mahnı da oxuyur, şeir də deyir,
Bəstəkar analar, şair analar.
Unudub illərin yorğunluğunu
Həyətdə dincliyi, evdə yuxunu.
Sevincin azını, qəmin çoxunu
Yükün ağırını seçir analar.
Dözür hər əzaba o bilə-bilə,
Yaşayır sirrini salmadan dilə
Vaxt olur, qaldırıb ağını belə
Şərbət əvəzinə içir analar.
Özüm də bilmirəm, Hüseyn niyə,
Başımın tüstüsü çəkilir göyə.
Torpaqmı anasız qalmasın, - deyə
Torpağın qoynuna köçür analar.
II – Aparıcı:
mübarizə aparan güclü bir qüvvə hesab edir:
Həqiqi şair doğulanlar dünyanın dərdini öz kövrək
H. Arif poeziyası elə bir poeziyadır ki, insanı sənətin qüdrəti ilə, bulaq suyu kimi şəffaf və duru şe’rlərlə tərbiyə etməyi təlqin edir, insanı bu yolla qanadlandırmağı lazım bilir
“Tez bulanan, tez durulan” şairin təb’i də təbiətin özü kimi anbaan dəyişir, lakin bu dəyişmələr xeyirxahlıq naminədir, insan naminədir. O, şairi bir vətəndaş kimi, vətən, el, bəşəriyyət uğrunda, yaxşılıq, kamillik uğrunda daim sinəsində gəzdirir, şairin qəlbində əzələ, ilkinə, ululara, insan və təbiət ulularına hörmət, məhəbbət çox güclüdür. Elə buna görə də onun şair qəlbində el sevgisi, el məhəbbəti elin şairə məhəbbəti ilə tən gəlir.
Hüseyn Arif ilhamının mayası Dədə Qorqud, Qurbani, Kərəm, Tufarqanlı Abbas, Dilqəm, Şəmkirli Hüseyn, Aşıq Alı, Ələsgər və Vurğundan gəlir. Onun əsərlərində klassik saz-söz ustalarının yanğısı vardır:
Saz dedim, söz dedim,
Dədə Qurbani
Əsrdən əsrə səslədi məni
Bir elə ah çəkdi, ahım qurudu
Saçımı göynətdi saçımın dəni.
Sözü qonağımıza verək:
I – Aparıcı:
Xalq şairimiz H. Arifin klassik aşıq sənətinin, böyük sənətkarların təbliğində, tapılıb üzə çıxarılmasında xidmətləri misilsizdir
Hə qədər canında can var, Hüseyn,
Sənətə borcunu qaytar, Hüseyn!
Axtar babaları, axtar, Hüseyn!
Bir gün nəvələr də səni axtarar.
1976 cı ilin 24 sentyabrında H. Hüseynzadənin oğlu Arif avtomobil qəzasında həlak olir. Bütün dünyası qaralan şair ürəyinin səsinə qulaq asaraq 1978-ci ildə Arifin adını özünə təxəllüs götürüb yazdı:
Arif gedən gündən Hüseyn adlı
Bir kədər şairi gəldi dünyaya.
O, hadisədən sonra onun şeirlərində qara libasını dəyişməyən, həmişə diri, canlı bir kədər yaşayır. İndi oxucumuzun ifasında şairin oğluna həsr etdiyi “Arxası getdi” şeirini dinləyək:
Bir budaq üzülüb qopdu ağacdan,
Bağrımdan bağrımın parası getdi.
Aldığım yaranın, çəkdiyim dərdin
Təbibi, dərmanı, çarası getdi.
Nə yaman olarmış oğul həsrəti,
Heç ata görməsin bu müsibəti.
Könlümdən könlümün sözü-söhbəti,
Gözümdən gözümün qarası getdi.
Hüseyn xəstədir qəm yatağında,
Buludlar toqquşub qaşqabağında.
Yaşımın əllini aşan çağında,
Arxamın dağ kimi arxası getdi.
Sözü yenə musiqiyə verək, şairin sözlərinə bəstələnmiş “Şeir deyilmi” mahnısını dinləyək:
II – Aparıcı:
40 ilə yaxın yaradıcılıq yolu keçmiş gözəl şairimizin poeziyası daha çox M.P. Vaqif, Aşıq Ələsgər, S.Vurğun poeziyası qəlibində mayalanmışdır. Ələsgər şeirinə vurğunluğunu şair: “O,Vaqifdən sonra, Vurğundan əvvəl, Elə bil saz tutub söz deməliydi” misralarında gözəl ifadə etmişdir. S. Vurğun poeziyasının xəlqi ruhu Hüseyn Arif yaradıcılığı ilə xeyli zənginləşmişdir.
Şair bizi Vətənin təbiətini qoruyub saxlamağa, torpağın nemətlərindən ağıllı, səmərəli istifadə etməyə, təbiəti daha da zənginləşdirməyə, gözəlliyini, təravətini daha da artırmağa, təbiəti göz bəbəyimiz kimi qorumağa səsləyib.
Sözü qonağımıza verək:
I – Aparıcı:
Hüseyn Arif xalq məhəbbəti qazanmış şairdir. Bunun əsas sirri odur ki, o oxucuların qəlbinə, zehninə yol tapa bilmişdir. Şeirləri dillər əzbəri olmuşdur. Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada şairin şeirlərini oxumasınlar, əzbər söyləməsinlər. Onun şeirləri canlıdır, obrazlı təfəkkürün, fəlsəfi anlayışların məhsuludur. Bu cür yaradıcılıq qəlblərdə yaşayır. Şairin özünün dediyi kimi:
Böyüklə, kiçiklə həmsöhbət olan,
Canında tükənməz hərarət olan,
Gücü xalq, dayağı təbiət olan,
Bir şair həyatda unudularmı?
Sevimli şairimiz Hüseyn Arif heç zaman unudulmayacaq, çünki o öz insani kefiyyətləri, hərarətli yaradıcılığı ilə ölümsüzləşib. Şairin əziz xatirəsi həmişə xalqımızın qəlbində yaşayacaq, yazdığı əlvan şeirləri gələcək nəsillər tərəfindən də sevilə-sevilə oxunacaq.
Tədbirimizi “Dilqəmi” saz havası ilə başa çatdırırıq.
SON
Şairin çap olunmuş əsərləri.
-
Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
-
Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954,
52 səh.
3. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
4. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960,
80 səh.
5. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
6. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
7. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
8. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
9. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
10. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
11. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr,
1969, 230 səh.
12. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
13. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
14. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
15. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
16. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr,
1975, 300 səh.
17. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr,
1975, 283 səh.
18. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
19. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq,
1979, 24 səh.
20. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
21. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
22. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
-
Seçilmiş əsərlər (2 cilddə) I c. Bakı: Yazıçı, 1985, 408 səh.
-
Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985,
252 səh.
Məqalələri
Aşıq Alını axtarıram. "Elm və həyat" jurnalı, Bakı, 1968, №2, səh.12.
Aşıq Alı. "Azərbaycan" jurnalı, Bakı, 1969, №9, səh. 199-203.
İstifadı olunmuş ədəbiyyat
İnternetdə:
www. google. Az.
Kitablar:
-
Hüseyn Arif. Seçilmiş əsərləri.- B.: Xalq Bank, 2011.- 618 səh.
-
H. Arif. Seçilmiş əsərləri.- B.: “Şərq-Qərb” 2004.- 222 səh.
-
Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
-
Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
-
Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
-
Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr,
1975.- 300 səh.
-
Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr,
1975.- 283 səh.
-
Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr,
1969, 230 səh.
Dövrü mətbuatda.
-
Yaqub Zəlimxan.
Ustadıma məhəbbətlə // Mədəni Həyat.-
2013.- № 9.- Xalq şairi Hüseyn Arif haqqında.
2. Fətəliyev Rəşad.
Ətraf mühitin keşiyində duran şair: // Kaspi.-
2013.- 26 iyul.- № 134.- s. 12.-
Sevimli xalq şairimiz Hüseyn Arif haqqında.
-
Sahsevənli Zülfüqar.
Yaza-yaza ölən şair: {Hüseyn Arifin son payız uçuşu haqqında}
// Kaspi/- 2011/- 27-29 Avqust № 142.- s.20-21.
-
Əliyev A.
Hüseyn Arif haqqında lətifələr //
Azad Azərbaycan.- 2008.- 13 Aprel № 49.- s.7.
Mündəricat:
-
Həyat və yaradıcılığı
-
Həyat və fəaliyyətinin əsas tarixləri.
-
Görkəmli şəxsiyyətlərin Hüseyn Arif haqqında dedikləri.
-
Xalq şairi Hüseyn Arifin 90 illiyi ilə bağlı kitabxanalarda
keçiriləcək tədbirlər.
-
Çap olunmuş əsərləri və məqalələri
-
İstifadə olunmuş ədəbiyyat
-
Dövrü mətbuatda
Tərtib edən:
Əhmədova Şahnaz MKS–nin metodiki işlərin təşkili
şöbəsinin böyük metodisti.
Redaktor:
Qədimova Fəridə MKS-nin direktor meavini
Rəy verən:
Abbasova İradə MKS-nin metodiki işlərin təşkili
şöbəsinin müdiri.
Bizim ünvanımız:
Gəncə şəhəri Nizami - 81
Elektron poçt ünvanımız: www. gəncə kitab. az
Dostları ilə paylaş: |