Əgər şəhid varsa, demək vətən var,
Şəhidlər dünyada ən böyük haqdır.
Ölümdən qorxmayın siz ey oğullar,
Ruhlar bu torpağı qoruyacaqdır.
Mustafayev Alı Mustafa oğlu
14 aprel 1952-ci ildə Qazax rayonunun Qazaxbəyli kəndində dünyaya gəlmişdir. 1969-cu ildə Daş salahlı kənd orta məktəbini bitirmişdir. 1971-ci ildə hərbi xidmətə çağırılmış, 1973-cü ildə əsgəri xidmətini başa vuraraq, Bakı Elektrik Maşınqayırma zavodunda əmək fəaliyyətinə başlamışdır. 1976-ci ildə həmkarlar təşkilatının göndərişi ilə BDU-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Təhsilini başa vuraraq, 1981 ci ildə Azərbaycan Dövlət Teleradio Şirkətinin “Xəbərlər” proqramında jurnalist kimi işə başlamışdır. O, çevik, qorxmaz və vətənpərvər bir jurnalist kimi dəfələrlə döyüş bölgələrinə gedərək, qaynar nöqtələrdən sujetlər hazırlamışdır. Alı Mustafayev 1990-cı il noyabrın 20-də Tuğ, Xocavənd, Qaradağlı kəndlərində törədilən faciələrlə tanış olmaq üçün hökumət nümayəndələrini aparan vertolyotun erməni terrorçuları tərəfəndən vurulması nəticəsində şəhid olmuşdur. Bakı şəhərindəki şəhidlər xiyabanında dəfn edilmişdir.
Ailəli idi. Üç övladı qalıb.
Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı Fərmanı ilə Mustafayev Alı Mustafa oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Bakının Nərimanov rayonundakı 202 saylı orta məktəb, 3-cü mikrorayondakı küçələrdən biri onun adını daşıyır.
*******
Dostları ilə paylaş: |