Гендер и Цели Развития Тысячелетия


Elşad MİRİ İslamda qadın-kişi münasibətləri



Yüklə 0,5 Mb.
səhifə4/6
tarix17.03.2018
ölçüsü0,5 Mb.
#45432
1   2   3   4   5   6

Elşad MİRİ

İslamda qadın-kişi münasibətləri

İslamın qadına verdiyi dəyəri öyrənmək üçün İslamdan əvvəlki cəmiyyətlərdə qadının mövqeyini bilmək lazımdır. Odur ki, burada İslamdakı qadın-kişi bərabərliyini tədqiq etdiyimizə görə, məsələyə İslamın gəldiyi cəmiyyətin İslamdan əvvəl qadına qarşı münasibətlərinə nəzər salmaqla başlamağı daha məqsədəuyğun hesab edirik.


İslamdan əvvəl qadının statusu

İnsanlara həyatları boyu ehtiyac hiss edəcəkləri hər məsələdə əsas prinsipləri Allah Qurani-Kərimdə açıqlamışdır. Dünya həyatının həqiqi üzünü, insanların yaradılış məqsədlərini, gözəl bir həyat yaşaya bilmələrinin sirlərini, insanın təbiətinə uyğun olan əxlaq anlayışını insanlara məhz bu kitab vasitəsilə bildirmişdir. Allahın bildirdiyi bu həqiqətlərə iman gətirib, həyatlarını bu ölçülərə uyğun olaraq istiqamətləndirən insanlar dünyada və axirətdə həqiqi səadəti qazanarlar.

Cahiliyyə cəmiyyətlərində insanların həyatlarını istiqamətləndirən, mütləq doğru olduğuna inanacaqları heç bir güc olmamışdır. Əksinə, tabe olduqları qaydaların əksəriyyətinin nə vaxt, kim tərəfindən və hansı məlumatlara uyğun olaraq qoyulduğu da qeyri-müəyyən olmuşdur. Bu adı qoyulmayan, amma bütün cahiliyyə insanlarının illərlə birlikdə tabe olduqları qaydalar atalarından qalan bir ənənə olaraq yaşanırdı. Cahiliyyə insanlarının yaşayış məqsədləri, idealları, prinsipləri, qısası, cəmiyyətdəki nizamın üzərinə inşa edildiyi bu təməllər həmin anlayış əsas alınaraq hazırlanırdı. Cəmiyyətdəki hər bir fərdin yaşadığı səviyyəyə, sahib olduğu sosial statusa, cinsinə, inanclarına və həyat tərzinə görə əvvəlcədən müəyyən edilmiş bir yeri vardı.

Qadının cəmiyyətdəki yeri, insanların əksəriyyətinin təsiri altında qaldığı bu sabit münasibətlər həmin dəyərlər istiqamətində müəyyənləşdirilmişdi. Bəzi cəmiyyətlərdə qadının fiziki olaraq kişidən zəif olması qəbul edildiyindən, mənəvi cəhətdən də onlardan daha zəif bir quruluşa malik olduqları kimi yanlış bir təfəkkür hakim idi. Hətta bəzən qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətlərinin və qabiliyylətlərinin fiziki quruluşuna uyğun olaraq məhdud olduğuna da inanırdılar. Məsələn, cəmiyyətdə "kişi işi" ya da "qadın işi" deyə ayırd edilən məsələlər həmin dövürdə olduğu kimi, indi də mövcuddur. Əlbəttə ki, yaradılışları yönündən qadının edə biləcəkləri ilə kişinin edə biləcəyi işlər bir-birindən fərqlidir. Ancaq cahiliyyə cəmiyyətlərdəki bu ayrılıqlar daha fərqli istiqamətlərdə - qadının şüur və qabiliyyət yönündən daha zəif qəbul edilməsinə səbəb olmuşdu1.

İslamdan əvvəlki ərəb cəmiyyətində qabiliyyətləri ilə yanaşı, bəzi insanlarda şəxsiyyət məsələsində də qadının kişiyə görə daha zəif quruluşa sahib olmasına dair bir qənaət vardı. Məsələn, kişinin soyuqqanlı olaraq qarşıladığı bir hadisənin qarşısında qadının təlaşa qapılıb özünə nəzarəti itirəcəyi, ya da kişinin iradəsini toplayaraq üzləşəcəyi bir çətinlik qarşısında qadının iradəsiz və gücsüz davranacağı cahil cəmiyyətlərdə bəzi insanlar tərəfindən adi bir davranış olaraq qəbul edilirdi. Bu isə uşaqlıq illərindən etibarən verilən tərbiyə ilə qızlara uşaqlarına aşılanırdı. Oğlan uşaqlarını imkanları daxilində güclü bir xarakterə malik olacaq şəkildə yetişdirən ailələr qız uşaqlarını tamamilə əks bir tərbiyə ilə böyüdürdülər. Hər hansı bir çətinliklə qarşılaşanda oğlan uşaqlarına "kişilər ağlamaz", "kişi ol", "kişi kimi hərəkət elə", "cəsur ol" kimi sözlər dedikləri halda, oğlanları onların istdəyinin əksini edəndə "qız kimi qorxaq olma", "qız kimi ağlayırsan", "qız kimi ürkürsən" kimi heç bir əsası olmayan ifadələrlə onlara qızlardan üstün oluqlarını başa salmağa çalışırdılar (hazırda da eyni təfəkkür tərzi bəzi yerlərdə hakimdir). Həmçinin qız uşaqlarını yetişdirərkən onlara da müntəzəm olaraq oğlanlardan fərqli olduqlarını, buna görə hərəkət etmələrini öyrədirdilər.

Qadınlara qarşı bu mənfi münasibət tarixin müxtəlif dövrlərində fərqli formalarda ortaya çıxmışdır. Xüsusilə keçmişdə yaşayan cahiliyyə inanclarını qəbul edən cəmiyyətlərdə bu fikir çox yanlış şəkildə həyata keçirilirdi.

Həmişə tarixin ayrı-ayrı dövrlərində qadınlar haqqında müxtəlif şəkillərdə meydana çıxan yanlış münasibətlər mövcud olmuşdur.

İslam dininin gəlişinə kimi qadınlar demək olar ki, bütün dünyada əhəmiyyətli sayılan heç bir haqqa malik deyildilər. İslamdan əvvəlki ərəb cəmiyyətində də qadının heç bir statusu və dəyəri yox idi. Qadınlara istehsalçı kimi deyil, ancaq istehlakçı olduğuna görə ikinci dərəcəli məxluq nəzərilə baxılırdı. Qız uşaqlarının ailənin və qəbilənin imkanlarını məhdudlaşdırmaması, döyüşlərdə başqa qəbiləyə əsir düşməməsi və ya böyüyəndən sonra pis yola müraciət etməməsi üçün öldürüldüyü anlar da olurdu. Qadının demək olar ki, kişinin başqa əşyalarından fərqi yox idi. Ondan istədiyi kimi istifadə edə bilərdi. Hətta borcunun əvəzində qadınını verirdi. Qadının nə mirasdan pay almaq haqqı, nə də özündən sonra miras qoymaq səlahiyyəti var idi. Qadına sanki qadınlıq şərəfi unutdurulmuşdu. Uhud döyüşündə atasının, qardaşının qisasını almaq üçün Həzrəti Həmzəni öldürtdürən Hind adi insanlığa belə yaraşmayan tərzdə onun cəsədini parçalayaraq ciyərlərini çeynəmişdi.

İslamdan əvvəlki ərəb cəmiyyətində qız uşağının dünyaya gəlməsi bir ata üçün ən böyük ayıb və üzqızardan xəbər idi. Qız uşağının övlad sayılıb-sayılmaması hələ bir tərəfə qalsın, bu günahsız körpələr heç insan belə sayılmırdı. Hətta buna görə bəzi atalar onun ətcə bədənini, atasına nazlanan vücudunu aradan götürmək üçün onları canlı-canlı torpağa basdırır və bu vəhşiliyi gözlərini qırpmadan "canfəşanlıqla" həyata keçirirdilər. Allah Quranda bununla bağlı belə buyurur: "Diri-diri torpağa gömülən körpə qızdan: "Axı o hansı günaha görə öldürüldü?" - deyə soruşulacağı zaman..." ("Təkvir" surəsi, 8-9). Bu insanlar qız uşaqlarını Allaha "göndərir", oğlan uşaqlarını isə özlərinə saxlayırdılar. Bu cəmiyyətdə bir ataya "qızın oldu" xəbərinin çatdırılması həmin yekəpər bədən sahibinin "çökməsi" üçün kifayət edirdi. Çünki onun üçün bundan böyük fəlakət baş verə bilməzdi. Cahiliyyə dövrü ərəbləri oğlan uşağı olanda, qız uşaqları isə öləndə sevinirdilər.2

Allah Quranda həm həmin dövrün adamlarını, həm də eyni düşüncədə olan "müasir" cahil insanları çox gözəl şəkildə ifadə edir: "Onlar Allaha qızlar isnad edirlər. Allah pak və müqəddəsdir. Özlərinə isə oğlan uşaqlarını aid edirlər. Onlardan birinə qızı olması ilə müjdə verdikdə qəzəblənib üzü qapqara qaralar. Verilən müjdənin pisliyi üzündən tayfasından qaçıb gizlənər. Fikirləşər görəsən, onu zillət içində saxlasın, yoxsa torpağa gömsün? Bir görün, onlar necə pis mühakimə yürüdürlər! Axirətə inanmayanların belə pis sifətləri var. Ən yüksək sifətlər isə Allaha məxsusdur. Allah yenilməz qüvvət, hikmət sahibidir!" ("Nəhl" surəsi, 57-60).

Evlilik yaşına çatan qızlar, hətta dul qadınlar da özbaşına ərə gedə və ərlərini seçə bilməzdilər. Ancaq onların böyükləri buna qərar verə bilərdi. Ailə rəhbəri qızını onu istəyən oğlana müəyyən maddi vəsaitin əvəzində verirdi. Kişilər imkanlarına uyğun olaraq istədikləri qədər qadınla evlənə bilərdilər. Burada heç bir məhdudiyyət yox idi.

Quranın gətirdiyi əxlaq dəyərlərindən kənar yaşayan insanların çox əhəmiyyət verdikləri, əldə edə bilmək üçün həyatları boyu çox əmək sərf etdikləri bəzi dəyərlər var. Bu dəyərləri insanlar üçün bu qədər əhəmiyyətli edən isə cəmiyyətin həmin məsələlərlə bağlı nəzərləridir. Bunların bəziləri müxtəlif mənfəətlərdən ibarət olduğu üçün səhvlərə də həmişə açıqdırlar. Allah Onun hökmləri nazil olandan sonra İslamdan əvvəlki qaydaları istəməməyi insanlara bildirir: "Onlar cahiliyyət dövrünün hökmünümü istəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?" ("Maidə" surəsi, 50).


İslam qadına dəyər verdi

İslam dini qadını cahiliyyə cəmiyyətinin nəzərindəki qeyri-insani vəziyyətdən çıxararaq müasir dünyanın yeni verdiyi haqları 1400 il əvvəl bəxş edərək cinslər arasındakı uçurumu aradan qaldırdı. Bəzi başqa etiqadlardan fərqli olaraq İslam dini nə oğlan, nə də qız uşağının dünyaya günahkar olaraq deyil, tər-təmiz gəldiyini elan etdi. Uca Allahın sözlərindən ibarət olan Quranda ən böyük surələrdən birinin adı "qadınlar" mənasına gələn "Nisa", başqa bir surə isə Həzrəti İsanın anasının adı ilə "Məryəm" adlandırıldı.

Qadın və kişi sözlərinin Quranda eyni sayda - 23 dəfə zikr edilməsi də İslamın qadın-kişi bərabərliyi ilə bağlı ən gözəl əyani sübutudur.3 İslamı ilk qəbul edən qadın olduğu kimi, bu yolda canını tapşıraraq şəhid olan da qadındır.

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun..." ("Nisa" surəsi, 1).

"Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bu yaradılışda düşünən bir qövm üçün ibrətlər vardır!" ("Rum" surəsi, 21).

İslam dini gəldiyi andan etibarən qadınların məruz qaldıqları sıxıntıları aradan qaldırmağa başladı. Allah İslamdan əvvəlki qadına qarşı olan mənfi davranışları, həyat tərzlərini dəyişdirərək Peyğəmbərin timsalında insanlara doğrusunu göstərdi. Allah Quranda insanlara Onun yanındakı üstünlüyün insanların cinsi ilə deyil, əksinə, iman, gözəl əxlaq və Allahın əmrlərini yerinə yetirməklə bağlı olduğunu bildirdi.

Allah İslam əxlaqından bixəbər olan bu cəmiyyətlərə göndərdiyi peyğəmbərləri və haqq kitabları ilə qız uşaqlarına qarşı olan bu münasibətlərin yanlış olduğunu bəyan etdi. Peyğəmbərlərin təbliği və İslam əxlaqının insanlar tərəfindən öyrənilməsi ilə birlikdə qız uşaqlarını utancaqlıq, abır-həya vasitəsi kimi görmək düşüncəsi və cahiliyyə cəmiyyətlərində mövcud olan bu təcrübə geniş şəkildə aradan qaldırıldı.

Qadının alçaldıldığı bir dövrdə, qadının müstəqil fikri olmadığı bir cəmiyyətdə İslam peyğəmbəri xanımı ilə atla yarışır, Hudeybiyyədə başqa bir xanımının məsləhəti ilə hərəkət edirdi. Nümunə olaraq Həzrəti Peyğəmbərin Hudeybiyyədə ağır bir şəraitdə xanımı ilə müzakirə aparmasını və onun fikirlərinə müsbət yanaşaraq hərəkət etdiyini görmək olar: Hudeybiyyə müqaviləsi müsəlmanlara çox pis təsir etmişdi. Demək olar ki, hər kəsin "matı" qurumuşdu. Həzrəti Peyğəmbər umrə üçün onunla birlikdə gələn səhabələrindən ehramdan çıxmalarını və qurbanlarını kəsmələrini istədi. Səhabələr isə "qərarda bir dəyişiklik ola bilərmi?" düşüncəsi ilə əmri yerinə yetirməyi gecikdirdilər. Çünki onlar Kəbəni təvaf etmək üçün yola çıxmışdılar. Allah Rəsulu səhabələrin bu hərəkətini görüb çadırına daxil oldu və həyat yoldaşı Ümmü Sələmə ilə həmin məsələni müzakirə etdi. Ümmü Sələmə: "Ey Allahın Rəsulu, əmrini bir də təkrarlama. Sən öz qurbanlarını kəs və onlara heç nə demədən ehramdan çıx. Onlar verdiyin əmrdəki qətiyyəti başa düşən kimi sənə itaət edəcəklər". Həzrəti Peyğəmbər dərhal çadırdan çıxaraq öz qurbanlarını kəsməyə başladı. Bunu görən səhabələr də qurbanlarını kəsərək ehramdan çıxdılar. Artıq hamı verilən qərarın dəyişməyəcəyini başa düşmüşdü.

Qadınlar kişilərlə birlikdə Həbəşistana hicrət etdikləri kimi, sonrakı dövrdə Məkkədən də Mədinəyə yenə birlikdə köç etmişdilər ("Nisa" surəsi, 97-100; "Əhzab" surəsi, 50; "Mumtəhinə" surəsi, 10).

Hətta Allah Rəsulu Məkkənin fəthi üçün hazırlıqlara başlayanda səfərin hansı istiqamətə olacağını hamıdan gizlətdiyi halda bunu təkcə Həzrəti Aişəyə demişdi.

Eyni dövrdə bir qadın murdar hesab edildiyi, müqəddəs sayılan yerlərə getməsi qadağan olunduğu halda müsəlman qadın məsciddə müsəlmanların əmiri xəlifə Ömərin səhv qərar verməməsi üçün xəbərdarlıq edirdi. İkinci xəlifə Həzrəti Ömər bir gün məsciddə xütbə oxuyurdu. Evlənən kişilərə qadınlara çox mal (mehir) verməmələrini söyləyərkən bir qadın ayağa qalxdı: "Ey Ömər, belə bir söz deməyə haqqın yoxdur", - deyib Qurani-Kərimdən misal gətirərək ("Nisa" surəsinin 20-21-ci ayəsi) sözlərini əsaslandırdı. Quran ayəsindən sonra xəlifə: "Qadın Ömərlə mübahisə edərək onu susdurdu", - deyərək sözünü geri götürdü.

İslam dini maddi və mənəvi cəhətdən təhqir olunan qadının köməyinə gəldi. Allah qadın-kişi fərqi qoymadan bütün insanların yaradılış etibarilə bərabər olduğunu elan etdi: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız pis əməllərdən ən çox çəkinənizdir. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır" ("Hucurat" surəsi, 13), "Ey insanlar! Sizi tək bir candan yaradan, ondan zövcəsini xəlq edən və onlardan da bir çox kişilər və qadınlar törədən Rəbbinizdən qorxun..." ("Nisa" surəsi, 1).


İslamda üstünlük kişi və ya qadın olmaqda deyil

Bəzi insanların bir-birilərini dəyərləndirdikləri məsələlərdən biri də üstünlük anlayışıdır. Həyatın ancaq dünya malından ibarət olduğunu düşünənlər insanlar arasındakı üstünlüyün öz dünyagörüşlərindəki dar düşüncə ilə məhdudlaşdığını qəbul edirlər. Bir adamın nüfuzlu olması, var-dövlətinin çoxluğu, vəzifəsi, fiziki üstünlükləri bu cür təfəkkür sahibinə malik olan insanlar arasında əsas kriteriyalar hesab edilir. Özlərindən üstün və ya aşağı olanları bu dəyərlərə görə sinifləndirir və bu həyat tərzinə görə onlarla davranırlar.

Qadınlar haqqında da davam edən mübahisələrin əsasında bu ayrı-seçkiliyin müəyyən rolu var. Qadınlara qarşı münasibətdə cəmiyyətdə mövcud olan və keçmiş adət-ənənələrdən qalma bəzi qənaətlərin təsiri olduğunu inkar etmək olmaz. Bu cür düşüncəyə sahib olan insanlara həqiqətləri çatdıranda isə "Biz ata-babalarımızdan belə görmüşük", - deyərək heç bir əsası olmayan bəhanələrə sığınırlar. Allah isə Quranda bu məsələ ilə bağlı belə buyurur: "Onlara: "Allahın göndərdiyinə tabe olun!" - deyildiyi zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!" - deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?" ("Bəqərə" surəsi, 170).

Allah insanlar arasındakı üstünlüyü kiminsə kişi və ya qadın olması ilə deyil, Ona olan münasibətinə görə dəyərləndirir. Qurani-Kərimə nəzər salanda insanlar arasındakı yeganə üstünlüyü Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır" ("Hucurat" surəsi, 13). Yenə Uca Allah başqa ayələrdə bunları bəyan edir: "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha xeyirlidir. Bu, Allahın ayələrindəndir ki, bəlkə, onunla öyüd-nəsihətə qulaq asasınız" ("Əraf" surəsi, 26), "...Allah gördüyünüz hər bir yaxşı işi bilir. Tədarük görün. Ən yaxşı tədarük isə təqvadır..." ("Bəqərə" surəsi, 197).

Allah Quranda hər kəsin kişi və qadın olmasından asılı olmayaraq, qazandıqlarından öz payı olduğunu bildirir: "Allahın birinizi digərinizdən üstün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi arzulamayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır. Allahın lütfündən istəyin! Şübhəsiz ki, Allah hər şeyi biləndir" ("Nisa" surəsi, 32).

Allahın bəyan etdiyi bütün bu ayələrdən də aydın olduğu kimi, üstünlük qadın və ya kişi olmaqda, fiziki və maddi gücdə deyil, yeganə üstünlük insanın Allahın buyurduqlarını yerinə yetirmə səviyyəsində, Ona olan bağlılığındadır.

Allah Quranda: "Şübhəsiz ki, sədəqə verən kişi və qadınlar, Allah yolunda gözəl borc verənlər üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onları həm də çox qiymətli bir mükafat gözləyir!" ("Hədid" surəsi, 18), - buyuraraq həm kişilərə, həm də qadınlara əsil üstünlüyün Allahın bildirdiyi əxlaqı yaşamaqla əldə ediləcəyini xəbər verir.

İslam əxlaqına görə də, insanın qadın və ya kişi olması əsas deyil. Əsas olan Allaha iman gətirmək və buna uyğun olaraq davranmaqdır.

Allah Quranda inanan qadınların və kişilərin xüsusiyyətlərindən belə bəhs edir: "Mömin kişilərlə mömin qadınlar bir-birinə hayandırlar. Onlar insanlara yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət, hikmət sahibidir!" ("Tövbə" surəsi, 71).

Ayədə də bildirildiyi kimi, inanan qadınlar və inanan kişilər eyni məsuliyyətlərə malikdir. Onlar Allaha ibadət etməklə, Quran əxlaqını yaşamaqla, insanlara yaxşılığı əmr edib, pisliklərdən çəkindirməklə və Quranda buyurulan bütün əmr və tövsiyələrə tabe olmaqla vəzifəlidirlər. Allah Quranın "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla-nahaqqı ayırd edən bir nur verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük mərhəmət sahibidir!" ("Ənfal" surəsi, 29) ayəsində Allahdan qorxub çəkinən hər insana "haqla-nahaqqı ayırd edən bir nur" verəcəyini vəd edib. Bu şəxsin qadın və ya kişi olması nəticəni dəyişmir. Unutmamaq lazımdır ki, ağıl insanın cinsinə görə deyil, Allaha olan səmimi yaxınlığına görə inkişaf edir.

İslamda qadınla kişinin cəmiyyətdəki yeri tamamilə bərabərdir. Buna görə də İslam əxlaqını mənimsəyənlərə cinsə görə üstünlükdə yarışmaq deyil, "xeyir işlərdə yarışmaq" əxlaqı tövsiyə edilib. Xeyir işlərdə yarışmaq iman gətirənlərin həyatlarının hər dövründə Allahın razılığını qazanmaq üçün hər cür səyi göstərmələridir. Allah Qurani-Kərimdə belə buyurur: "Məhz onlar yaxşı işlər görmək üçün bir-biri ilə yarışar və bu işlərdə öndə gedərlər" ("Muminun" surəsi, 61).

"Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik, onlardan kimisi özünə zülm edər, kimisi mötədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük lütfdür!" ("Fatir" surəsi, 32).

Qadın və kişi arasındakı bərabərlik Allahın qadına və kişiyə dünya həyatındakı imtahan müddətində bərabər haqlar verilməsindən də aydın olur: "Biz yer üzündə olanları onun (sakinləri yer əhli) üçün bir zinət yaratdıq ki, onlardan hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək" ("Kəhf" surəsi, 7), "Hər bir kəs ölümü dadacaqdır. Biz sizi şər və xeyirlə yoxlamaq məqsədilə imtahana çəkərik. Və siz ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!" ("Ənbiya" surəsi, 35) ayələri ilə Allah kimlərin daha gözəl davranacağının ortaya çıxması üçün qadını da, kişini də imtahan edəcəyini bildirmişdir. Başqa bir ayədə isə Allah: "Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can və məhsul qıtlığı ilə imtahan edərik. Səbir edən şəxslərə müjdə ver!" ("Bəqərə" surəsi, 155) şəklində bildirərək həyatlarının axırına kimi heç bir cins fərqi qoymadan insanları müxtəlif şəkildə imtahana çəkəcəyini, bütün bunlara səbr göstərənləri isə mərhəməti ilə mükafatlandıracağını xəbər verib.

Allah qadına da kişiyə də müəyyən bir ömür müddəti, hər ikisinə də vicdan verib, nəfsi və şeytanı isə hər ikisinə düşmən edib. Allah hər kəsin, istər kişi, istərsə də qadın olmasından asılı olmayaraq əməllərini dəyərləndirəcəyini belə buyurur: "İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!" ("Ali-İmran" surəsi, 195). Yenə başqa bir ayədə zərrə qədər edilən yaxşı və ya pis işin əvəzinin veriləcəyi bildirilir: "Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir" ("Zilzal" surəsi, 7-8), "Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik" ("Nəhl" surəsi, 97).

Həzrəti Peyğəmbər də (s) məşhur "Vida xütbəsi"ndə bu məsələ ilə bağlı belə buyurub: "Ey insanlar! Rəbbiniz birdir. Atanız birdir. Hamınız Adəmdənsiniz və Adəm də torpaqdandır. Allahın yanında ən üstün olanınız təqvası ən çox olandır. Ərəblərlə ərəb olmayanların üstünlüyü ancaq təqva ilədir".4



"İnsanın cənnətə daxil olmasına ən çox səbəb olan onun Allaha qarşı duyduğu təqvasıdır",5 - söyləyən Həzrəti Peyğəmbər də ayələrdə bildirilən üstünlüyü təkrarlayıb. Hətta bir qrup insanın bu haqda sualına yenə Allah Rəsulu eyni mahiyyətdə cavab verib. Bu hadisə hədis kitablarında belə qeyd olunur:

Bir qrup adam Rəsulullahdan (s): "Ey Allahın Peyğəmbəri! İnsanların ən xeyirlisi, şərəflisi kimdir", - deyə soruşdular. Həzrəti Peyğəmbər belə cavab verdi: "Allahdan ən çox qorxanlardır".6


Quranda qadına və kişiyə eyni cür müraciət edilir

Quran ayələrinə ümumi şəkildə nəzər salanda Allahın qadına və kişiyə eyni cür səslənişini görmək olar. Allah Quranda bir insanın cavan, qoca, kişi və ya qadın olmasını deyil, səmimi bir qəlblə iman gətirməsinin əhəmiyyətli olduğunu bildirir. Uca Allah Quranda hər cinsə səslənərək onların eyni məsuliyyəti daşıdığını və onları eyni məqsədlə yaratdığını bildirir: "Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!" ("Zariyat" surəsi, 56).

Uca Allah "Mömin olmaqla bərabər, yaxşı işlər görən kişilər və ya qadınlar cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz!" ("Nisa" surəsi, 124) ayəsində səmimi iman gətirən insanın qadın və ya kişi olmasının heç bir əhəmiyyəti olmadığını, heç bir haqsızlığa məruz qalmayacağını və cənnətə daxil olacağını bildirib.

Allahın hər iki cinsə birgə səsləndiyi başqa bir ayədə isə belə buyurulur: "Hər kəs bir pislik etsə, o ancaq pisliyi qədər cəza alar. Amma hər kişi, yaxud qadın mömin ikən bir yaxşılıq etsə, belələri cənnətə daxil olub saysız-hesabsız ruziyə çatar!" ("Mumin" surəsi, 40).

Allah Quranda inananlara olduğu kimi, inkar edənlər haqqında məlumat verərkən də qadınlara və kişilərə eyni tərzdə müraciət edib. Allah inkar edən qadınlarla inkar edən kişilərin, münafiq qadınlarla münafiq kişilərin və müşrik qadınlarla müşrik kişilərin axirət günündə eyni cür davranılacağını, cinslərinə görə fərqli bir vəziyyətlə qarşılaşmayacaqlarını bildirir. Bu ayələrdən bəziləri bunlardır:

"Münafiq kişilərlə münafiq qadınlar bir-birinin eynidirlər. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Hələ əlləri də bərkdir (xəsisdirlər). Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqlərdir!" ("Tövbə" surəsi, 67). (Başqa misallar üçün bu ayələrə baxmaq olar: ("Tövbə" surəsi, 68), ("Əhzab" surəsi, 73), ("Fəth" surəsi, 6)).

Quranda da bildirildiyi kimi, insanların qadın-kişi fərqi qoyulmadan həm dünya həyatındakı imtahanları, həm də axirətdəki mükafat və ya cəzaları qadın və kişi üçün eynidir.

Quranda iman gətirən, inananlar üçün müraciət edilərkən əksər ayələrdə "Ey iman gətirənlər" ("yə əyyuhəl muminun") ifadələri işlədilir. Bəzilərinin "yə əyyuhəl muminun" ifadəsinin ərəb dilində kişilər üçün işlədilən əvəzliklə (müzəkkər) qeyd edildiyini iddia edərək, bunun qadınlara aid olmadığını söyləmələri düzgün deyil. Çünki, ərəb dilindəki bu cür ifadələrə bütün inanan insanlar - qadın və kişilər daxildir.
İslamda qız uşağı, yoxsa oğlan?

Dörd qız atası olan, nəsli qızı Hz.Fatimə ilə davam edən və özünü "qızlar atası" kimi tanıdan Həzrəti Muhəmməd (s) İslamdan əvvəlki oğlan-qız ayrı-seçkiliyini öz həyatından da göründüyü kimi, aradan qaldırmışdı. "Allahdan qorxun, uşaqlarınız arasında ədalətli davranın", - buyuraraq müsəlmanların diqqətini məhz bu yönə cəlb etmişdi.

Bəli, bu gün bizdə artıq zarafat səbəbi olan, tamaşalarda tez-tez işlədilən həkimlərlə və övlad gözləyən ailələrlə bağlı bir söz var: "İnsanları sevindirin. Uşağının cinsini öyrənməyə gələn valideynlərə oğlan uşaqlarının olacağını söyləyin", - deyirlər. Və qız uşağının muştuluğu, oğlana nisbətən daha az olur. Hətta dünyaya gələn uşağın qız olduğunu söyləyən tibb bacıları da sanki "xəcalət çəkərək" bu "muştuluğu" verirlər. Sifətlərində sevinc əvəzinə, kədər görsənir, sanki təzə valideyn olanlara bəd bir xəbər verirlər. Təzə ailə quran bəylə gəlinin qucağına oturtmaq üçün oğlan uşağı axtarılır. Guya belə olan təqdirdə ilk uşaqları oğlan olacaq. Əgər belə olsaydı, onda Azərbaycanda gərək qız uşağı gün işığında şamla axtarılardı.


Yüklə 0,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin