II. Sin sülaləsi Təbiəti və əhalisi. Çin sözü Sin sülaləsinin adı ilə bağlıdır. Çin, əsasən, dağlıq ölkədir. Onun ərazisindən böyük Xuanxe və Yantszı çayları axır. Xuanxe vadisinin torpaqları çox məhsuldar olduğundan burada insanlar sıx məskunlaşmışdılar. Xuanxe çayında güclü daşqınlar olurdu. Bu zaman çoxlu şəhər və kəndlər dağılır, böyük insan tələfatı baş verirdi. Ona görə də çinlilər Xuanxe çayını «Çinin bəlası», «min fəlakət çayı», «gəzən çay» adlandırırdılar.
Xuanxe çayının aşağı axarında əhali əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşdur. Sənətkarlar ipək parçalar toxuyur, dulusçular ağ gildən zərif qablar istehsal edirdilər. Elə ilk Çin dövlətini də e.ə. II minillikdə burada yaşayan şan qəbilələri yaratmışdılar.
Çinin birləşdirilməsi.E.ə. VI əsrdə çinlilər dəmir emal etməyi öyrəndilər.
E.ə. IV—III əsrlərdə Çində bir neçə müstəqil quldar dövlət mövcud idi. Bu dövlətlər arasında tez-tez uzunsürən müharibələr baş verirdi. Ona görə də bu dövr Çin tarixində «vuruşan padşahlıqlar dövrü» adlanır.
Çin dövlətləri arasında gedən mübarizədə Sin padşahlığı qələbə çaldı. Sin padşahı bütün Çini birləşdirdi. E.ə. 221-ci ildə Sin dövlətinin padşahı imperator titulunu qəbul etdi. O özünü Sin Şixuandi (Çinin birinci imperatoru) adlandırdı.
Çindən şimalda hun tayfaları yaşayırdılar. Onlar Çinə tez-tez hücumlar edirdilər. Hunların hücumlarının qarşısını almaq üçün Sin Şixuandi Böyük Çin səddini tikdirdi. Səddin üstü ilə 5—6 süvari yanaşı hərəkət edə bilərdi.
Sin Şixuandi böyük dövləti idarə etmək üçün inzibati islahat keçirdi. O, ölkəni 36 vilayətə böldü. E.ə. 206-cı ildə Sin sülaləsinin hakimiyyəti başa çatdı. İmperiyanı Xan nəslindən olan hökmdarlar idarə etməyə başladı.
III. Çində feodal münasibətlər Avropadan fərqli olaraq, bütün Şərqdə olduğu kimi, Çində də torpaq əsrlər boyu imperatorlara məxsus mülkiyyət olmuşdu. Dövlət torpaq üzərində mülkiyyəti məhdudlaşdırır, cəmiyyət və iqtisadiyyatı sənətkarlığı, ticarəti və təbii sərvətləri ciddi nəzarətdə saxlayırdı. Əhalinin 95 %-ini təşkil edən kəndlilər torpaqdan istifadəyə görə vergi verirdilər. Kəndlilər ailəsi ilə birlikdə torpağı becərir, məhsulu qoruyur məhsul hazır olanda vergi məmurlarına töycü və dövlət vergisi verirdi. Kəndlilər məhsul vergisi ilə yanaşı, ağır mükəlləfiyyətlər də yerinə yetirir, yəni saraylar, məbədlər, qalalar tikir, suvarma sistemi çəkirdilər. VI–VII əsrlərdə Çində iri torpaq sahibi olan xüsusi "güclü ailələr" var idi. "Güclü ailələr" kəndlilərin torpağını ələ keçirir, onları özlərindən asılı olan icarədarlara çevirirdilər, nəticədə dövlətə vergi verənlərin sayı azalır, mərkəzi hakimiyyət zəifləyirdi. Çində bir-birini əvəz edən sülalələr kəndlilərin narazılığının qarşısını almaq və mərkəzi hakimiyyəti gücləndirmək üçün tədbirlər görür, "güclü ailələr"in torpaqlarını müsadirə edib kəndlilərə paylayırdılar. Beləliklə, III–VII əsrlərdə Çində dövlətin "güclü ailələr"ə qarşı mübarizə aparmaqda məqsədi mərkəzi hakimiyyəti möhkəmləndirmək idi. Çində dövlət feodalizmi formalaşırdı. Ən böyük torpaq sahibi olan imperator hərbi xidmət müqabilində özünün ən yaxın adamlarına, sərkərdələrə və məmurlara iri torpaq sahələri paylayır, bununla da xüsusi torpaq mülkiyyətinin inkişafına şərait yaradırdı. Bu torpaqlarda əldə edilən məhsuldan bir hissə dövlətə verilir, digər hissə mülkiyyətçiyə qalırdı. Feodalizmin inkişafı nəticəsində varlanan feodallar VII əsrdən başlayaraq dövlət torpaqlarını özbaşına tutmağa başladılar. Həmin ərazidə yaşayan kəndlilər feodallardan asılı kəndliyə çevrildilər.
Suy sülaləsi- İmperiyanın bərpası. Çində feodal dağınıqlığı III əsrdən başlamışdı. Şimaldan türk xalqlarının hücumları kəsilmirdi. Lakin VI əsrin sonunda Çində yenidən vahid dövlət yaradılmasına cəhd edildi. Belə ki, Şimali Syon dövlətinin sərkərdəsi Yan Szyan rəqiblərinə qalib gəlib Suy sülaləsi hakimiyyətinin (586–618) əsasını qoydu. O, 589-cu ildə ölkənin cənubunda hökmranlıq edən Çin sülaləsinin hakimiyyətini devirdi və Çin imperiyasını bərpa etdi. VI əsrin sonu VII əsrin əvvəllərində Yantszı və Xuanxe çaylarını birləşdirən, uzunluğu 1700 km olan Böyük kanal çəkildi. Kanal ölkənin cənub-şərqdəki dəniz sahillərində kənd təsərrüfatının inkişafı üçün şərait yaratdı. Suyun sahilə çıxartmasını təmin edən qurğu ixtira edildi, ağacdan hazırlanan ipəktoxuma dəzgahı təkmilləşdirildi, ticarət də gücləndi. Tan sülaləsi - Çin yeni inkişaf mərhələsinə doğru. VII əsrin əvvəllərində Çində hakimiyyət 289 il hökmranlıq etmiş Tan sülaləsinin (618–907) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu "Səma oğlu" adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü. Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı. Ölkənin daxilində Böyük kanaldan da ticarət üçün istifadə edilirdi. Sənətkarlıq və ticarət mərkəzləri olan şəhərlər böyüyüb genişlənirdi.