Nitqin intonasiya qaydaları. Nitqimizi təşkil edən sözlər, birləşmələr və cümlələr rəngarəng intonasiya çalarlarına malikdir. İntonasiyadan söhbət gedərkən, adətən, sintaktik quruluşların-cümlələrin deyilişi, tələffüsü nəzərdə tutulur. Amma tək-tək sözlərin, birləşmələrin də müəyyən deyiliş çaları vardır ki, onlar nitqin ümumi səslənməsində müəyyən rol oynayır. Məs: sifətlərin əksəriyyəti intonasiyaca müəyyən dərəcədə fərqlənir . Nəhəng (ayı), dəhşətli (mənzərə), alicənab (insansan) və s. sifətlər isimlərdən fərqli intonasiya ilə tələffüz edilir. Bu qəbildən olan sifətləri adi intonasiya ilə söyləsək, nitqimizin bədii gözəlliyi itər.
Dilimizin səslənmə tərzi, intonasiya çalarları nitqin sintaksisi ilə daha çox bağlıdır.
Nəqli cümlənin tələffüzü. Nəqli cümlənin deyilişi zamanı onun əvvəlində səs tonu yüksəlir, müəyyən sözlərdən sonra kiçik fasilə edilir, cümlənin sonunda səs tonu alçalır. Bu cümlələrin arasında davamlı fasilə edilir. Məs: “İgidlər alacıq tikdilər. İçini qəşəng dərilərlə bəzədilər”. Bu cümlələr bir-birindən davamlı fasilə ilə ayrılır.
Sual cümlələrində intonasiya məsələləri daha çox məntiqi vurğu ilə əlaqədardır. Məs:Sən televiziya tamaşasına baxdın?
Bu cümlədə məntiqi vurğunu ayrı-ayrı sözlər üzərinə keçirməklə üslubca bir neçə sual cümləsi düzəltmək olur.
Sual intonasiyası ilə yaranan sual cümlələrində xəbərin son hecası uzadılaraq tələffüz olunur ki, bu əlamət sual intonasiyası yaradır. Məs: Sən sabah teatra gedəcəksən?
Sual cümlələrinin bir qismi sual əvəzlikləri ilə əmələ gəlir. Sual əvəzlikləri cümlədəki yerindən asılı olmayaraq hər bir halda məntiqi vurğu qəbul edir. Məs: Kim bizim uğurlarımıza şübhə edə bilər? “Kim” sual əvəzliyi məntiqi vurğu qəbul etdiyi üçün yüksək intonasiya ilə deyilməlidir.
Sual cümlələrinin başqa bir qismi sual şəkilçilərinin ( mı4) köməkliyi ilə düzəlir. Məs: Hə, buruq xoşuna gəldimi?
Nida cümləsinin tələffüzü. Danışan nida cümləsi vasitəsilə arzu, həsrət, nifrət, kin, sevinc və s. kimi hissi halları ifadə edir. Nida intonasiyası nitqimizə gözəl ahəng, yeni məzmun gətirir.
Nida cümlələrinin əmələ gəlmə üsulları aşağıdakılardır.
Bir qismi yalnız nida intonasiyası ilə tələffüz olunur. Məs: Sülh müharibəyə qalib gələcək!
Cümlənin xəbəri felin əmr formasında olur. Məs: Yaşasın xalqımızın suverenliyi!
Nida cümlələrinin böyük bir qismi nida sözlərinin iştirakı ilə düzəlir: vay-vay, ay aman, heyf, əhsən və s. Məs: Vay-vay, nə pis iş oldu! Əhsən sənə oğlum!
Nida cümlələrinin bir tipi sual və nida intonasiyası ilə ifadə olunur. Məs: “Kimlər gəlib keçmiş, kimlər, a dağlar!(Ə.Cəmil)
Nida cümlələrinin bir qrupunda xəbər adətən, felin vacib forması ilə ifadə olunur. Məs: Vətən torpağı işğalçılardan azad edilməli! və s.
Dostları ilə paylaş: |