VI Dil və nitq. Monoloji nitq. Məruzə. Çıxış
Dil və nitq eyni bir hadisənin – nitq fəaliyyətinin bir-biri ilə qarşılıqlı əlaqədə olan iki cəhətidir. Nitq dili inkişaf etdirir, formalaşdırır. Dil-ünsiyyət vasitəsidirsə, nitq ünsiyyətin özüdür.
Dil və nitq bir-biri ilə nə qədər qarşılıqlı əlaqədə olsa da, onların özünəməxsus cəhətləri vardır ki, bunlar nitq ilə dilin fərqlənməsinə səbəb olur. Bu fərqlər aşağıdakılardır:
Dil ünsiyyət vasitəsidir. Nitq isə bu ünsiyyətin özüdür.
Nitq fərdidir, ayrı-ayrı adamların danışığı, yazısıdır. Ümumxalq dili müxtəlif dəyişikliyə uğrayır. Dildən hər kəs eyni şəkildə istifadə etmir. Bu istifadə şəxsin təhsili, dünyagörüşü, mədəni səviyyəsi və s. ilə bağlı müxtəlif şəkildə olur. Bu münasibətdən asılı olaraq cümlədə sözlərin sırası dəyişir, rəngarəng intonasiya çalarlarından istifadə olunur.
Dili ünsiyyət vasitəsi kimi müşahidə etmək mümkün deyildir. Nitq isə daha çox sintaksislə bağlıdır.
Nitq tarixi səciyyə daşıyır, dil isə tarixdən kənardır. Nitq işləndiyi şəraitdən asılıdır, dəyişikliyə uğrayır. Lakin dil dəyişikliklərdən, təsirlərdən özünü qoruyur.
Nitq dil ilə müqayisədə dinamikdir. Onun vahidləri (mürəkkəb sözlər, söz birləşmələri, cümlələr) nitq prosesində yaranır. Bu vahidlər həmin an üçün zəruri ehtiyacı ödəmək məqsədi güdür. Dil isə nitqlə müqayisədə sabitdir, dəyişilmir. Dildə səhv ola bilməz, nitqdə isə ola bilər.
Nitq fərdi-psixi, dil isə ictimai hadisədir.
Hər bir nitq aktı bütün psixi formaların (duyğu, hiss, emosiya və s.) təsirinə məruz qalır. Ayrı-ayrı şəxslər dilin zəngin ifadə vasitələrindən müxtəlif şəkildə istifadə edirlər.
Dostları ilə paylaş: |