Görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin 100 illik yubileyi qeyd olunacaq
Prezident İlham Əliyev fevralın 7-də görkəmli Azərbaycan bəstəkarı Cövdət Hacıyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.
Sərəncamda vurğulanır ki, 2017-ci ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış ictimai xadim və pedaqoq, SSRİ Dövlət mükafatları laureatı, Xalq Artisti, professor Cövdət Hacıyevin anadan olmasının 100 illiyi tamam olur. Milli simfonizmin banilərindən biri Cövdət Hacıyev Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdəndir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib. Ustad sənətkar ölkəmizdə professional bəstəkarlıq məktəbi üçün yeni musiqiçilər nəslinin hazırlanması sahəsində də təqdirəlayiq fəaliyyət göstərib.