ƏQL MƏKTƏBİ
Müxtəlif məktəb sahiblərinin kamil insan barəsindəki nəzəriyyələri ümumi baxışda bir neçə əsas nəzəriyyədə cəmləşir. Həmin nəzəriyyələrdən biri ağıl tərəfdarları və ya əql əhlinin nəzəriyyəsidir. Bu nəzəriyyə tərəfdarları insana daha çox əql cəhətindən baxır və onun cövhərinin başqa şey deyil, yalnız əql olmasını bildirirlər. Əqldən məqsəd isə təfəkkür və düşüncə qüvvəsidir. Qədim filosoflar, o cümlədən İbni Sina da bu cür fikirləşib. Onlar iddia ediblər ki, kamil insan hikmət və fəlsəfəyə yiyələnmiş insandır və insanın kamalı onun hikmətindədir.
Həmin filosoflar hikmət dedikdə nəyi nəzərdə tuturlar? Görəsən onların hikmətdən məqsədləri bizim bu gün elm adlandırdığımız şeydirmi? Xeyir! Onların hikmətdən – əlbəttə əməli yox, nəzəri hikmətdən məqsədi, «bütün varlığın düzgün və ümumi dərki»dir. Bu, elmdən fərqli bir şeydir. Çünki elm varlığın bir hissəsinin dərkidir. Fələsfə ilə elmin fərqinin aydınlaşması üçün bu mətləbi bir az izah etmək lazımdır.
Məsələn, siz Tehran şəhəri barəsində iki cür mə᾽lumat əldə edə bilərsiniz. Siz bir dəfə ümumi, amma qapalı və qeyri-müəyyən, bir dəfə isə xırdalıqları ilə və eyni zamanda aydın olan mə᾽lumat əldə edə bilərsiniz. Bə᾽zən, sizin Tehran barəsindəki mə᾽lumatınız bu şəhər arxitektorunun mə᾽lumatı kimi olur. Belə ki, həmin arxitektordan Tehranın ümumi planını çəkmək və kağız üzərində bütün prospekt, meydan, park və küçələri ümumi şəkildə göstərməyini istəsəniz, o, bu şəhərin btün yerləri barəsində sizə ümumi, amma qapalı mə᾽lumat verə bilər. Tehranın hər yeri barəsində mə᾽lumat verilməsinə baxmayaraq, siz həmin xəritədə öz evinizi tapmaq istəsəniz buna nail ola bilməyəcəksiniz. Hətta həmin arxitektor özü də bundan xəbərsizdir.
Amma ola bilər ki, bir nəfər Tehranın ərazisinin neçə kv. km., neçə prospekt və meydana malik olması, müəyyən obyektlərin harada yerləşməsi və bu şəhərdə nələrin olmasından xəbərsiz olmasına baxmayaraq, müəyyən məhəllə barəsində bütün təfərrüatlara malik olsun. Əgər siz ondan xüsusi bir yer barəsində soruşsanız o, həmin məhəllədə neçə küçə olmasını, bu küçələrin bir-birləri ilə necə kəsişdiklərini, hər küçədə neçə ev olmasını və hətta evlərin qapılarının rənglərinin hansının ağ, hansının yaşıl və hansının göy olmasını deyə bilər.
Mə᾽lumatı yalnız şəhərin ümumi quruluşu barəsində olan şəxsdən bu küçə barəsində bir şey soruşsanız, onun ən sadə mə᾽lumata belə malik olmadığını görərsiniz. Mə᾽lumatı yalnız bir küçə və məhəllə barəsində olan şəxsdən də Tehranın ümumi quruluşu barəsində söz soruşsanız heç nə bilməz. Filosof varlığı ümumi şəkildə araşdıran, onun əvvəl və axırını tapmağa çalışan, mərtəbə və dərəcələrini, ümumi qanunlarını dərk etmək istəyən şəxsə deyilir. Amma həmin filosof filan bitki, heyvan, daş, torpaq, ay, ulduz, günəş və bu kimi varlıqlar barəsində dəqiqliklə heç bir mə᾽lumata malik deyildir. Filosofun fikrincə hikmət, başdan-başa bütün varlıqlardan və aləmin ümumi gövdəsindən mə᾽lumat əldə etmək deməkdir, yə᾽ni bütün varlıqlar və aləmin ümumi gövdəsi hikmət sahibinin zehnində əks olunmalıdır. Bütün varlıq aləmi qaranlıq da olsa, onun əqlində canlanmalıdır. Bunlar deyirlər ki, insan ruhunun kamilliyi, aləmin ümumi gövdəsinin müəyyən cüz᾽i formada deyil, tam şəkildə onun zehnində əks olunması ilədir. Onlar bu fikri «insanın xarici aləmə bənzər zehni və əqlani dünyaya çevrilməsi» ifadəsi ilə bəyan ediblər. Yə᾽ni, insanın özü bu dünya müqabilində digər bir dünya olmalıdır. Dünya, xarici bir aləm, insan isə zehni və əqli bir aləm olmalıdır.
Filosofların fikrincə, kamil insan ağılı kamala çatmış, yə᾽ni varlığın ümumi gövdəsi zehnində canlanmış insandır. Amma o, bu mərhələyə hansı vasitə ilə çatıb? O, fikir, deduksiya, bürhan və məntiq addımları ilə hərəkət edərək bu mərhələyə çatıb.
Amma, filosoflar yalnız bununla kifayətlənməyib, hikməti iki qismə bölürlər. Bunlardan biri nəzəri hikmət, yə᾽ni dünyanı dediyimiz kimi tanımaq, digəri isə əməli hikmətdir. Əməli hikmət nədir? Əməli hikmət də əql ilə bağlıdır. İnsan əqlinin bütün nəfsani istəklər və qüvvələrə tam hökmranlıq etməsinə və əqlin, bütün bunları tam surətdə özünə tabe etdirməsinə əməli hikmət deyilir. Filosoflar deyirlər ki, siz nəzəri hikmətdə dünyanı dediyimiz kimi fikir və deduksiya ilə dərk etsəniz və əməli hikmətdə əqlinizi nəfsi istəklərinizə hakim etsəniz, yə᾽ni bütün qüvvələr və nəfs əqlə tabe olsa, siz kamil insansınız. Bu, əvvəlcə dediyimiz kimi əql və hikmət məktəbinin nəzərləridir. Gələn bəhslərdə islamın bu nəzərlərini və hər biri barəsindəki fikirlərini geniş şəkildə açıqlayacağıq. İndi isə digər məktəblərin fikirlərini izah edək.
Dostları ilə paylaş: |