İradənin insanlıq me᾽yarı götürülməsi nəzəriyyəsini tənqid etdiyimiz bəhslərdən mə᾽lum oldu ki, iradənin insan meylləri üzərində hakim olmasının zəruriliyini heç bir məslək rədd etməmişdir. Bəhs, bu mətləbin icrasını hansısa qüvvə tərəfindən öz öhdəsinə götürməsinin zəruri olmasındadır. İnsanda olan hansı qüvvə bu işə zəmanət verməlidir?
Daha geniş ifadəylə desək, iradə ağılın icraedici qüvvəsi olduğundan bunların ikisinin də meyillər üzərində hakim olması lazım gəlir, amma hansı yolla, necə və hansı qüvvə bu işin icra olunmasına qarşı tə᾽minat verir? Bildiyimiz kimi, insan birinci dərəcədə öz mənafelərini güdən bir varlıqdır və iradəsini bu mənafelər qorunub saxlanana qədər öz meylləri üzərində hakim edə bilər. Amma mənafelərin əldən getdiyini görcək bu işdən əl çəkəcəkdir.
Artıq burada insana öz mənafelərindən daha üstün istəklər bəxş edən başqa bir qüvvə olmasa, ağıl və iradənin əlindən bir iş gəlməyəcəkdir. İnsanların öz mənafeləri dalınca getməklərinin qarşısını ala bilən, eləcə də maddi və şəxsi mənafelərinin fövqündə dayanan istəkləri ona bəxş edə bilən yeganə qüvvə imandır. İnsanı bəyənilən səmtə hidayət edən qüvvə məhz imandır.
Dostları ilə paylaş: |