BİR NEÇƏ İRADA CAVAB
Ekzistansialistlərin «Allaha iman gətirmək insani dəyərlərin unudulmasına səbəb olur» sözlərinin cavabında demək lazımdır ki, yad bir şeydə qərq olmaq insanın zati dəyərlərini unutmasına səbəb olur, amma «öz» və kamilliyin eyni olan bir şeydə qərq olmaq insanda dəyərlərin daha da çiçəklənməsinə gətirib çıxarır. Buna görə də ibadət və bəndəçilik məqamında yüksəlmiş şəxslərdə bütün insani dəyərlər güclənir, onların ağılları kamilləşir, eşqləri qüvvətlənir, qüdrətləri artır, ictimai xislətləri, izzət və kəramətləri güclənir; çünki bütün bunlar Haqqın zati təzahürləridir.
Onların «Allaha bağlılıq insanın hərəkətdən qalması və ətalətə düçar olmasına səbəb olur» iddiaları da səhvdir. Onlar elə bilirlər ki, Allah da ağac kimidir və kiminsə Allaha bağlanması, onun məhdud varlığa bağlanması kimidir və o, hərəkət edə bilməz. Cənab ekzistansialist! Allah sonsuz həqiqətdir. Məsələn, bir də görürsən ki, insanı yüz ağac eni və uzunu olan yerdə həbs edirlər və bu, insan üçün məhdudiyyət yaradır. Çünki insan deyir ki, mən həmin ərazini gəzib-dolaşdım və onun axırı məhduddur. Amma insanı sonsuz ərazidə həbs etmək onun üçün məhdudiyyət yaratmaq deyil. Sonsuz ərazidə dayanacaq nöqtə yoxdur. Bunun mə᾽nası odur ki, ey insan! Sən sonsuzluğa doğru hərəkət edəndə də kamala doğru gedirsən, Allah-taala elə bir məhdudiyyətsiz varlıqdır ki, bəşəriyyətin ən kamil insanı həzrət Peyğəmbər (s) belə, əbədi olaraq irəliləsə və hərəkətdə olsa sona çatmaz. Allah sonu olan məhud varlıq deyil və O, bəşəriyyətin yeganə sonsuz tərəqqi meydanıdır.
Salavat barəsində alimlər arasında belə bir söhbət var ki, bizim Peyğəmbərə (s) salavat göndərməyimizin mə᾽nası nədir və onun nə tə᾽siri var ki, biz Allahdan Peyğəmbər üçün rəhmət və xeyir istəyirik? Bir dəstə deyir ki, Peyğəmbər kamil insandır, bəs bizim ona rəhmət istəməyimizin mə᾽nası nədir? Bu sualın cavabında deyilir ki, Peyğəmbər də hər an hərəkətdədir və o, əbədi olaraq getsə də bu yol sona çatmayacaq. Deməli, ilahi Zata bağlılıq insan hərəkətinin ətalətə çevrilməsinə səbəb olmur.
Dostları ilə paylaş: |