İRFAN MƏKTƏBİNDƏ EŞQ
Ariflər insanda olan eşq və məhəbbət hissinə böyük əhəmiyyət verirlər. Onların nəzərincə, eşq bütün varlıqlarda mövcuddur. O cümlədən hava, torpaq, od, külək və atom zərrəciklərində belə, eşq cərəyanı mövcuddur. Ümumiyyətlə həqiqət eşq deməkdir. Ondan başqa hər bir şey həqiqət üzərində zahir olan bir məcazdır. Mövləvi deyir:
Eşq bəhrist asiman bərvey kəfi
Çun Zuleyxa dər həvaye Yusufi.
Yə᾽ni eşq bir dərya, asiman isə onun üzərindəki köpüyə və ya Züleyxanın Yusif eşqinə düşməsinə bənzəyir.
Hafiz deyir:
Ma dər in dər nə peyi hişməto cah amədeim
Əz bəde hadise in ca be pənah amədeim
Rəhrove mənzele eşqim, ze sərhədde ədəm
Ta be iqlime vücud in həme rah amədeim.
Yə᾽ni, biz bu qapıya cah-cəlal xatirinə deyil, hadisələrin çətinliyi üzündən gəlmişik. Eşq yolunun yolçusuyuq, yoxluq aləmindən varlıq dünyasına qədəm qoymuşuq.
Hafizin bu beyti «Səhifeyi-səccadiyyənin» bir cümləsinin tərcüməsidir. Həmin cümlədə həmd-sənadan sonra buyurulur «İbtədə᾽ə biqüdrətihil xəlqə ibtidaən, vəxtərə᾽əhum əla məşiyyətihi ixtiraən, summə sələkə bihim təriqə iradətihi və bə᾽əsəhum səbilə muhəbbətihi».
Allah-taala aləmi heçdən [heç bir nümunəsi olmadan] yaratdı. Sonra isə onu özünün eşq və məhəbbət yoluna yönəldərək həyat bəxş etdi.
Ariflərin nəzərincə eşq, hətta ucalaraq Allah-taalaya yetişə bilən bir qüvvədir. Arifin həqiqi mə᾽şuqu Allahdır.
Ariflər həmçinin deyirlər: Dərdli olmaq insan xüsusiyyətlərindən biridir. Onu mələklərdən üstün edən məhz bu xüsusiyyətdir. Çünki bu xislət onlarda yoxdur. Onların nəzərincə bu, həmin Allahaxtarma dərdidir. İnsan Allah tərəfindən göndərilmiş və dünyada qərar tuta bilməyən bir varlıqdır. Bu da onu dünyada qürbət hissi keçirməyə məcbur edir. Onun gözündə dünya və onun üzərindəki bütün varlıqlar fani görünür. Ona görə də heç bir şeyə ürək bağlaya bilmir. Amma bununla belə, o əbədiyyətə qovuşmaq düşüncəsi ilə yaşayır. Bu da onun dərd əhli olmasına səbəb olur.
Ariflər bu barədə müxtəlif misallar çəkmişlər, Hindistan meşələrindən gətirilib qəfəsə salınmış tutuquşu misalı da onun nümunələrindən biridir. Quş hər an qəfəsdən canını qurtarıb, Hindistan meşələrinə qayıtmaq fikri ilə yaşayır. Bəli, o narahatdır, öz doğma yurduna qayıtmaq istəyir. Buna onun haqqı da var!
Bu həqiqət bə᾽zən quşun öz yuvasından ayrı düşməsi ilə təşbih olunur. Bu barədə gətirilən ən gözəl təşbihlərdən biri də Mövləvinin məsnəvisində gətirilən misaldır. O, bu mövzunu qamışlıqdan kəsilmiş və daim nalə çəkən neyə bənzədir. Çünki, o doğma yurdundan ayrı düşmüşdür.
Dostları ilə paylaş: |