(Ən᾽am-162).
Bəli, Peyğəmbər buyurub ki, kim qırx gün nəfsani istəklərini tamamilə buraxıb həmin müddətdə Allahdan başqa heç bir şeyi nəzərdə tutmadan iş görsə və Ondan başqa heç bir şeylə yaşamasa, elm və hikmət çeşmələri onun batinindən qaynayaraq dilində cari olar. Deməli islam, lütf və feyzlə bağlanan, yə᾽ni daxildən qaynayaraq çağlayan elmi qəbul edir. Əlbəttə islam, əqli elmi də qəbul edir və davamçılarını ona doğru çağırır. Musa (ə)-a buyurur: «Bizim bir bəndəmiz var, onun yanına get və ondan elm öyrən. Biz həmin bəndəmizə öz tərəfimizdən, öz yanımızdan elm vermişik.» Məqsəd budur ki, o, elmini hansısa insandan öyrənməyib, biz onun daxilində elm çeşmələri qaynatmışıq.
Peyğəmbər (s) həmçinin belə buyurub: «Əgər şeytanlar Adəm övladlarının qəlbləri ətrafında fırlanıb onda qübar və qaranlıqlar yaratmasaydı, onlar qəlb gözü ilə mələk və ruh aləmini müşahidə edərdilər.» Bu hədis bizim «Camius-səadət» kimi hədis kitablarımızda da nəql edilib. O həzrət həmçinin belə buyurub: «Əgər sizin [yersiz] çərənçilikləriniz, artıq danışmaqlarınız və qəlblərinizdəki çəmənliklər olmasaydı [və orada hər bir heyvan otlamasaydı] mənim gördüklərimi görər, eşitdiyim səsləri eşidərdiniz.» Məqsəd budur ki, həmin şeyləri görmək və ya eşitmək üçün insanın peyğəmbər olması lazım deyil; bə᾽zən Məryəm kimi, peyğəmbər olmayan şəxslər də o səsləri eşidirlər.
Əli (ə), Peyğəmbərlə (s) birlikdə Həra dağında olanda 10 yaşlı uşaq idi. Peyğəmbərə ilk dəfə vəhy nazil olanda və dünya, o həzrət üçün başqa bir şəklə düşəndə onun qeybdən eşitdiyi səsləri Əli (ə)-da eşidirdi. Əli (ə) Nəhcül-bəlağədə nəql edir: «Peyğəmbərə dedim ki, ey Allahın peyğəmbəri, ilk dəfə vəhy nazil olanda şeytanın naləsini eşitdim. Peyğəmbər (s) mənə dedi: Bəli, mən eşitdiklərimi sən də eşidirsən və mənim gördüklərimi sən də görürsən, amma buna baxmayaraq sən peyğəmbər deyilsən.»
Buna görə də nəfsin təmizlənməsi, saflıq və nəfsani istəkləri özündən uzaqlaşdırmaq insanın qəlbini saflaşdırmaqla yanaşı, daha çox və yüksək tə᾽sirlər göstərir, onun vasitəsilə insanın daxilindən elm və hikmət çeşmələri qaynayır.
Dostları ilə paylaş: |