MƏHƏBBƏT MƏKTƏBİNİN İRADLARI
Məhəbbət və xidmət məktəbinin də iki iradı vardır. Əlbəttə məqsədimiz məhəbbətdən yaranan xidmətdir. Xidmət və məhəbbətin insani dəyərlərdən olmasında heç bir şəkk-şübhə yoxdur, amma onlar, insani dəyərlərdən yalnız biridirlər. Qüdrət məktəbinə edilmiş iki irad bu məktəbə də aid edilib.
İradlardan biri budur ki, məhəbbət məktəbi də təkdəyərlidir, yə᾽ni bütün dəyərləri buraxaraq bir dəyərə, yə᾽ni xidmət və məhəbbətə yapışıb. Məhəbbət, insan üçün kamillikdir; həddindən artıq feyz və bərəkət yetirmək kamaldır. Filosofların sabit etdikləri kimi, çox feyz yetirmək, səxavətlilik və bağışlamaq kamillik sifətlərindəndir və onlar, Allah-taalanın da zati sifətlərindən sayılır. Buna görə də vücudu vacib olan uca varlıq «tam feyz və bərəkət yetirən»dir. Bəs bu məsələdə heç bir şəkk-şübhə yoxdur. Məhəbbət məktəbi tərəfdarlarının səhvi budur ki, onlar, digər dəyərləri unudaraq, xalqa xidmətdən başqa heç nəyin olmaması və insanlığın yalnız bu dəyərdən ibarət olmasını vurğulayıblar. Qüdrət məktəbinin mühüm səhvi qüdrəti düzgün tanımaması, onun yalnız qol gücündən ibarət olmasını düşünməsi və ruhi qüdrətləri unutması olduğu kimi, xalqa xidmət məsələsində də çox-çox böyük bir səhvə yol veriblər və mən, həmin səhvi burada izah edəcəyəm.
Xalqa xidmət nədir? Xalqın nəyinə xidmət etmək lazımdır? Mənim, «insanlıq yalnız xalqa xidmətdən ibarətdir» deyən şəxslərə sualım var. Siz mənə, xalqın nəyinə xidmət etmək lazım olmasını izah edin. Ola bilər ki, siz Allah bəndələrinin qarınlarına xidmət etməyin lazım olmasını bildirirsiniz, yə᾽ni deyəcəksiniz ki, Allah bəndələri acdırlar və onların qarınlarına xidmət etmək lazımdır. Ac insanların qarınlarının doyuzdurulmasını lazımı məsələlərdən olmasında şəkk-şübhə yoxdur. Allah bəndələrinin bədənlərinə də xidmət etmək lazımdır. Əgər çılpaqdırlarsa geyindirilməli, isti-soyuqdan qorunmalı, mənzillə tə᾽min edilməli və azadlıqları yoxdursa, onlara azadlıq verilməlidir. Bəli bunların hamısı düzdür və bunlar xalqa xidmətdir. Amma burada ortaya belə bir sual çıxır ki, son nəticə nədir? Bizim Allah bəndələrinin ancaq ehtiyaclarını ödəməyimiz yaxşı və xeyirli əməldir? Əgər Allah bəndələri özləri-özlərinə xidmət etmirlərsə və özləri özlərinə düşməndirlərsə, yə᾽ni nadanlıq ucbatından elə əməllər edirlər ki, özləri özlərinin bir nömrəli düşmənidirlərsə və səadət yolu deyil, bəşəriyyətin bədbəxtliyi yolunda hərəkət edirlərsə biz, yenə də gözümüzü yumaraq «Allah bəndələrinə xidmət etmək lazımdır; bizim başqa şeylə nə işimiz var? Biz qarınları doyuzdurmalıyıq!» deməliyikmi? Bizim, «qarını doyanın hansı yolla getməsi, hansı hədəf və məqsədə qulluq etməsi və indi hansı yolda olması ilə nə işimiz var?» deməyimiz düzdürmü? Bizim yol və hədəflə işimiz olmamalıdırmı? Ancaq qarın tox olmalı və bədən örtülməlidir? Yaxud insanlara xidmət, insanlığa xidmət şərti ilə olmalıdır, yə᾽ni insani dəyərlərə xidmət edilməlidir? Bəli, məsələ elə buradadır. Allah bəndələrinə xidmət o vaxt insani dəyərə malikdir ki, o, digər insani dəyərlər istiqamətində olmuş olsun. Xalqa xidmət digər insani dəyərlər istiqamətində olmasa, bir qara pul qədər də dəyərə malik deyildir.
EKZİSTANSİALİZM MƏKTƏBİ NƏZƏRİYYƏLƏRİNİN İZAH VƏ TƏNQİDİ
«Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə [axirət üçün özünə nə hazırladığına] nəzər salsın. Allahdan qorxun! Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır!
Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu [xeyirlərini başa düşməyən] kimsələrə bənzəməyin! Onlar [Allahın itaətindən çıxmış] fasiqlərdir!
(Həşr 18-19).
Keçən söhbətlərimizin sonunda digər bir məktəbə, daha doğrusu ən müasir məktəbə və onun kamil insan barəsindəki nəzəriyyələrinə toxunduq. Bu məktəb insanın kamillik me᾽yarı, daha doğrusu insanın cövhəri və insani dəyərlərin ən dəyərlisini «azadlıq» hesab edərək deyir ki, insan, bu dünyada azad yaradılmış yeganə varlıqdır. Yə᾽ni heç bir icbar və zərurət onu öz tə᾽sir altına almır. Keçmiş alimlərin dili ilə desək, insan yaradılış aləmində məcbur deyil, muxtar olan varlıqdır. Bə᾽zilərinin dili ilə isə: İnsandan başqa hər nə varsa məcburidir, yə᾽ni bir sıra səbəb və amillərin icbari tə᾽siri altındadır, amma insan məcbur deyil və onu heç bir səbəb və icbar idarə etmir.
EKZİSTANSİALİZM MƏKTƏBİNDƏ VÜCUDUN ƏSALƏTİ
Bu məktəbin dediyi digər bir mətləb də budur ki, bu dünyaya azad və muxtar gəlmiş insan, digər varlıqların əksinə olaraq xüsusi təbiətə malik deyildir. Dünyada, hər bir şey xüsusi təbiət və mahiyyətlə yaradılıb. Məsələn, daş daş xüsusiyyətinə malik olaraq yaradılıb və o, daş deyil, kəssək ola bilməz, pişik pişik təbiətli, at isə at təbiətli yaradılıb. Amma insan heç bir xüsusi təbiətə malik deyil və təbiəti onun özü, özünə verir. Azad və muxtar yaradılmış insanın azadlıq və ixtiyar dairəsi onun özünə təbiət və mahiyyət verməsi həddindədir. Buna vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi deyilir.
«Vücud və ya mahiyyətin əsaləti» bizim işlətdiyimiz nisbətən qədim terminlərdəndir və onun ömründən, yə᾽ni məşhur filosof Molla Sədranın dövründən təqribən 350 il keçir. Amma filosoflar vücud və mahiyyətin əsaləti terminini təkcə bu barədə deyil, bütün şeylər barəsində işlədir və ondan vücudun əsaləti adı ilə terminalogiyaya daxil olmuş başqa bir mə᾽na nəzərdə tuturlar. Ekzistansialist məktəbinin, «insan digər varlıqlardan xüsusi və müəyyən təbiətə malik olmaması və öz təbiətini özü müəyyənləşdirməsinə görə üstündür» deyərək, vücudun əsaləti və ya vücudun mahiyyətdən önəmliyi adlandırdığı bu mətləb isə bizim fəlsəfə, xüsusilə Molla Sədra fəlsəfəsində başqa ibarətlər və çox möhkəm dəlillərlə bəyan edilib. Onlar isə bu mətləbi başqa yol və ifadələrlə sübut ediblər. İnsanın sabit təbiətə malik olmaması və onun özünün özünə təbiət verməsi də həqiqətdir.
Bizim dini mətnlərimizdə, keçmiş ümmətlərin öz mahiyyətlərini itirmələri, indiki insanların əxlaq və xüsusiyyətləri və ya onların qiyamətdə məhşərə çəkilmələri barəsində, yə᾽ni insanların hamısının məhşərə bir cür deyil, bə᾽zilərinin insan, bə᾽zilərinin isə heyvan sifətində gələcəkləri barəsindəki ifadələr də bu səbəbdəndir. Hamının insan doğulması və dünyaya insani fitrətlə gəlməsinə baxmayaraq, onun həyatın gedişində öz mahiyyətini dəyişərək heyvana çerilməsi mümkün bir şeydir. Bəli, bu bir həqiqətdir. Hər halda bu məktəbin əsas nəzəriyyələrindən biri, insanın muxtar və məs᾽uliyyətli yaradılmasıdır ki, bu öz yerində düzgün bir anlayışdır.
Bildiyimiz kimi, müsəlmanlar arasında bir-birinə zidd iki qrup – icbar və cəbrə inanan Əşairə, eləcə də tam azadlıq və ixtiyara e᾽tiqadlı olan Mö᾽təzilə – vardır. Şiə və Əhli-beyt məktəbi isə məsələnin bu iki əqidə arasında yerləşən orta mövqedə olduğunu deyir və nə Əşairənin icbar əqidəsini və nə də Mö᾽təzilənin tam ixtiyar inamını qəbul edir. Ekzistansializmin tam azadlıq adlandırdığı şey Mö᾽təzilənin dediyi mütləq ixtiyar məsələsidir. İslam baxımından icbar yoxdur, amma ixtiyar var. Bizim imamlarımız buyurublar ki, məsələn, nə bu günkü materialistlərin dediyi kimi icbardır və nə də ekzistansialistlərin dedikləri ixtiyar və azadlıq, həqiqət bu iki əqidə arasında yerləşən ixtiyar mövqeyidir. Deməli, insanın ixtiyar və azadlıq məsələsi, ona icbarın hakim olmaması və onun ixtiyarını əlindən almaması həddinə qədər düzdür. Həmçinin insanın canlı və ya cansızlığından asılı olmayaraq, bütün varlıqların əksinə olaraq sabit və dəyişməz təbiətə malik olmaması və onun, təbiətini özü formalaşdırması fikri də düzdür.
Dostları ilə paylaş: |