Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur



Yüklə 2,8 Mb.
səhifə19/20
tarix21.10.2017
ölçüsü2,8 Mb.
#8219
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   20

İSLAMIN NƏZƏRİ


İslam baxımından insanın təbiətlə əlaqəsi əkinçi ilə tarla, tacirlə bazar və abidlə ibadətgah arasında olan əlaqə kimidir. Tarla əkinçi üçün hədəf deyil, vasitədir. Əkinçinin yaşadığı yer şəhərdir, amma o, öz rifah və səadəti üçün lazım olan şeyləri bu tarla vasitəsilə əldə edir. Əkinçi tarlaya gedərək yeri şumlamalı, toxum səpməli və torpağı abadlaşdıraraq münbitləşdirməlidir. Məhsul çıxandan sonra isə alaq otları çıxsa onları təmizləməli, məhsulu biçərək xarmana aparmalıdır. «Dünya axirət üçün tarladır». Bu Peyğəmbər (s)-dən nəql edilmiş hədisdir. Bəli, əkinçinin tarla ilə evini səhv salması, hansının qalmaq yeri olduğunu bilməməsi böyük səhvdir. Tarlanın əkin yeri olmasını heç nə ilə səhv salmaq olmaz. Bazar tacir üçün iş yeridir, yə᾽ni o, öz sərmayəsini və bütün sə᾽y və cəhdini çoxlu gəlir əldə etməyə sərf etməli, varını artırmalıdır. Dünya da insan üçün belədir. Həzrət Əli (ə)-da buyurub: «Dünya Allah övliyaları üçün ticarət yeridir

Bir dəfə bir şəxs həzrət Əli (ə)-ın yanında dünyanı pisləməyə başlayır. O, Əli (ə)-ın dünyanı pisləməsini eşitmişdi, amma o həzrətin dünyanı nə cəhətdən pislədiyini başa düşməmişdi. Həmin şəxs elə bilirdi ki, Əli (ə) dünyanı pisləyəndə məsələn, təbiəti pisləyir, amma bilmirdi ki, o həzrət dünyapərəstliyi pisləyir; insanın bu dünyapərəstliyi haqq və həqiqətpərəstliyə zidd olduğu və bütün insani dəyərləri inkar etməklə bərabər olması səbəbindən məzəmmət edir. O, dünyanı pisləyəndə dünyapərəstliyə zidd olan və onu məzəmmət edən Əli (ə) qəzəblənərək belə buyurdu: «Ey dünyanı məzəmmət edərək pisləyən şəxs! Ey dünyaya aldanmış insan! Dünya səni aldatmayıb, sən aldanmısanBu çox qəribə bir ifadədir; dünya heç kəsi aldatmır, insan özü aldanır.

Mən bununla bağlı bir məsəl çəkmək istəyirəm. Məsələn, ola bilərmi ki, bir qoca arvad sü᾽ni bəzəklərlə kimisə aldatsın; yə᾽ni ağzında dişi olmamasına baxmayaraq sü᾽ni dişlər düzəltdirsin, saçının tökülməsinə baxmayaraq sü᾽ni saç qoydursun və s. şeylərlə özünü bəzəyib cavan qız kimi göstərsin. Bir nəfər də onun cavan olduğunu təsəvvür edib onunla evlənsin. Amma iş-işdən keçəndən sonra, səhv etdiyini başa düşsün. Həmçinin bir dəfə də belə ola bilərmi ki, həmin qoca qarı bütün həqiqətləri əvvəlcədən deyərək yaşının məsələn, 59 olduğunu bildirsin. Desin ki, ağzımda olan dişlərim hamısı sü᾽ni dişlərdir, başımdakı parikdir və s. bütün bunları açıqcasına dedikdən sonra tərəf-müqabilə evlənmək təklifi etsin. O, nə qədər desə ki, dişlərim tökülüb, tərəf-müqabil «tökülən dişlərinə qurban olum» desin; «mənim heç bir gözəlliyim yoxdur» deyəndə tərəf müqabil «sən təvazökarlıq edirsən» söyləsin. Belə olan şəraitdə həmin qadın səni aldatmayıb, sən özünü aldatmağa hazırlaşır, özün-özünü aldatmaq istəyir və aldanmaq üçün bəhanə axtarırsan. Əli (ə) buyurur ki, dünya heç nəyi gizlətməyib. Axı dünya nəyi gizlədib ki, sən onun səni aldatdığını deyirsən? Sən öz əlinlə atanı torpağa basdıranda, dünya səni aldatmışdımı?! Dünya deyir ki, mən buyam; mən dəyişkənlik yeriyəm; məndə sabitlik və əbədilik yoxdur. Dünya deyir ki, məni olduğum kimi dərk et! Nə üçün mənə olmadığım şəkillərdə inam bəsləmək istəyirsən? Mən bir cürəm və özümü olduğum şəkildə də sənə göstərirəm; amma sən mənə mən olduğum kimi deyil, özün istədiyin kimi inanmaq istəyirsən. Deməli, dünya heç kəsi aldatmır, insan özü aldanır. Gəl hesablayaq görək, sən dünyaya qarşı cinayət törətmisən, yoxsa dünya sənə qarşı? Sən dünyaya xəyanət edirsən, yoxsa dünya sənə? Dünya səni nə vaxt aldadıb? Nə vaxt sənin nəfsani istəklərini tələb edib? Sən nəfsani istəklərinlə dünyanın dalınca düşmüsən!! Həzrət Əli (ə) sonra belə buyurur: «Dünya Allah dostlarının məscididir, səcdə yeridirAbid, məscid olmasa ibadət edə bilərmi? «Dünya Allah övliyalarının ticarət yeridir.» Bazar olmasa tacir alver edərək pul qazana bilərmi?

Dünyanı insan üçün zindan, quyu və qəfəs hesab edən və insanın vəzifəsinin özünü həmin quyu, qəfəs və zindandan qurtarmaq olduğunu bildirən fikir və düşüncə ruh və nəfsin tanınması mövzusunda başqa bir şeyə əsaslanır ki, islam həmin məsələni qəbul etmir.


RUHUN DÜNYADA TƏKAMÜLÜ


İslamdan qabaq Yunanıstan və Hindistan kimi ölkələrdə belə bir əqidə olub ki, insanın ruhu əvvəlcə tam və kamil surətdə başqa bir aləmdə yaradılıb və sonra onu qəfəsə salınmış quş kimi bu dünyaya gətiriblər. Belə olan surətdə insan həmin qəfəsi sındırmalıdır. Amma Qur᾽an Mu᾽minun surəsinin ayələrinin birində bu fikri rədd edir. Molla Sədranın bu barədə çox maraqlı bir ifadəsi var. O, deyir ki, mən «yaranmanın cismani, əbədiliyin isə ruhi» olmasını həmin ayədən kəşf etmişəm. Həmin ayə, insan barəsində danışaraq belə deyir: «Biz insanı torpaqdan yaratdıq, o, mərhələ-mərhələ keçərək gəlib nütfə oldu; nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdükAyənin davamında belə buyurur: «... daha sonra onu başqa bir məxluq olaraq yaratdıqYə᾽ni biz həmin maddə və təbiəti başqa bir şey, yə᾽ni ruha çevirdik, yə᾽ni ruh həmin təbiətdən doğan bir şeydir. Ruh abstraktdır, amma «maddədən doğulmuş abstrakt» bir varlıq. Deməli, insan başqa yerdə kamil şəkildə olmayıb ki, biz onun bu dünyada qəfəsdə yerləşməsini iddia edə bilək. İnsan bu dünyada öz anasının qucağındadır. Təbiət insan ruhunun anasıdır və onun təbiətdə yaşaması anasının qoynunda yaşaması deməkdir. Buna görə də onun əvvəlcədən təkamülə çatması, sonra burada zindan, yaxud quyuda yerləşməsi və quyudan qurtarmaq üçün çalışmalı olması fikri səhvdir. O, bu dünyada təkamülə çatmalıdır. Zindan və quyu fikirləri islamın fikri deyildir.

Əlbəttə islam deyir ki, sən həmişəlik olaraq ana qucağında qalmamalısan. Çünki belə olan surətdə «ana uşağı» olaraq qalar və meydana gələrək kişi kimi öz ayağın üstündə dura bilməzsən. Əgər təbiət və bu anadan əl çəkərək ayağa durub yuxarı qalxmasan, orada qalaraq təbii varlığa çevrilərsən. Rəzillərin rəzili olarsan və iman gətirib yaxşı əməllər edənlərdən olmazsan; ən alçaq və rəzil nöqtədə qalarsan. İnsanın ən rəzil nöqtədə, yə᾽ni təbiətdə qalaraq yuxarı qalxmaması, onun üçün başqa dünyada cəhənnəm mislindədir. Allah, körpəni bu təbiətin qoynunda dünyaya gətirib ki, o, doğulduqdan sonra anasının qucağından yuxarı qalxsın, məktəbə getsin və mərhələləri keçərək ucalsın. Əgər o, həmin yerdə qalsa, orada həmişəlik olaraq qalmalı olacaqdır. Əlbəttə bu misal və bənzətmənin çox naqis olmasına baxmayaraq, demək olar ki, həmin şəxs doğrudan da «ana uşağı» olan şəxsə bənzəyir. Ana uşağı 25 yaşına çatanda da anasının yanında yatmalıdır, onun yuxulaması üçün anası döşlərini onun üzünə qoymalıdır. Sizcə belə adamdan sabah nə çıxar?!

Deməli, insan, islam baxımından əvvəlcədən düzəldilərək müqəddəs aləmdə uçmuş, sonra isə bu qəfəsə salınmış və yeganə vəzifəsi bu qəfəsi sındırmaq olan varlıq deyil. İslam bu məsələni qəbul etmir. Bəli, əgər siz ruhlar aləminin cismani aləmdən qabaq olmasını eşitmisinizsə, onun mə᾽nası ruhların əsl və kökünün qabaq olmasıdır, yə᾽ni ruh əvvəllər kamil şəkildə başqa yerdə olmuş və sonra bu dünyaya gətirilərək qəfəsə salınmış şey deyil, bəlkə burada vücuda gətirilmiş, amma başqa bir aləmdən bu dünyaya saçan nur və şüadır. Bu fikir yə᾽ni «tənsüx»* fikri hindistanlılar və Əflatuna məxsusdur. Əflatun yunanlılar arasında belə bir fikrə malik olub ki, insanın ruhu bu dünyadan qabaqkı «musul»* aləmində yaradılıb və sonra bir sıra məsləhətlərə görə bu dünyada zindana salınıb. Buna görə də o, bu zindandan azad olaraq getməlidir. Amma islam, təbiətə bu nəzərlə baxmır. Əlbəttə bə᾽zilərinin çaşqınlığa düçar olmamaları üçün bunu da deyim ki, mən bütün ariflərin bu qədər səhv etdiklərini demək istəmirəm. Bəli, böyük ariflər bə᾽zən heç olmasa öz söhbətlərində də olsa, bu məsələyə diqqət yetiriblər. Onlar nə cəmiyyət və nə də təbiəti tərk etməyiblər. Həmin ariflər Qur᾽anın xarici və batini nişanələri bir-birinin kənarında zikr etməsini və təbiətin də haqqın camalının ayna və nişanəsi olmasını tamamilə başa düşüblər. Məsələn, Şəbüstəri özünün doğrudan da insanlıq barəsində şah əsəri olan çox-çox ali və uca şe᾽rində bu məsələni gözəl şəkildə aydınlaşdırmışdır.

Əgər biz Qur᾽anı bir tərəfə, irfanı isə digər bir tərəfə qoysaq, yə᾽ni Qur᾽anla irfan məktəbinin təbiətə diqqətini bir-biri ilə müqayisə etsək görərik ki, bu ilahi kitab batinə diqqət və ona müraciət məsələsini heç bir şəkildə inkar etmədən təbiətə irfandan çox diqqət yetirib. Buna görə də Qur᾽anın təsvir etdiyi kamil insan əql və qəlbə meyl göstərməklə yanaşı, cəmiyyət və təbiətyönümlüdür. İslam baxımından kamil insanın siması barəsində danışanda, imkan olsa bunların hər birinin nə qədər dəyərə malik olmalarını deyəcəyəm. Hər halda burada bunu deməklə kifayətlənirəm ki, Qur᾽anın dediyi kamil insan əql, qəlb, təbiət və cəmiyyət meyllidir.



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin