BU MƏKTƏBİN İNSANIN ALLAHLA ƏLAQƏSİ BARƏSİNDƏKİ SƏHVİ
Cənab Sarter! Allah iki səbəbə görə insana yad deyil. Birincisi, insanın Allaha bağlılığı onun, öz zatına zidd və yad bir şeyə bağlılığı deyil və buna görə də insan Allaha bağlananda özünü unutmur. Çünki o, Allahı yadına salır. İslam fəlsəfəsində hər bir şeyin yaradıcı və vücuda gətirən amil və səbəbinin və hər bir şeyin zatının dayağının, yə᾽ni şeyin dayağı olan yaradıcı səbəbin həmin şeyə onun özündən yaxın olması çox aydın dəlillərlə bəyan və sübut edilib.
Qur᾽an buyurur ki, «Biz sizə sizin özünüzdən də yaxınıq. Bizim sizə olan yaxınlığımız sizin özünüzə olan agahlığınızdan çoxdur və Bizim zatımız sizə, sizin özünüzdən də yaxındır.» Qur᾽anın bu ifadəsi doğrudan da çox maraqlıdır. Hamı özünün özünə hamıdan yaxın olmasını deyir, amma Qur᾽an deyir ki, Allah hər bir şeyə onun özündən də yaxındır, çünki, Allah hər bir şeyə onun özündən daha çox «öz»dür. Əlbəttə bu çox ali səviyyəli bir sözdür.
Əli (ə) buyurub: «Allah şeylərdən xaricdə və onlardan ayrı deyil, amma eyni zamanda onların daxilində də deyil.» Bu Nəhcül-bəlağənin istinad etdiyi mətləblərdən biridir.
İkincisi, Qur᾽anın insanın Allaha bağlı olmasını deməsinin səbəbi onun, Allahı insan hərəkətinin son nöqtəsi hesab etməsidir və o, insan yolunun ona tərəf getməsini bildirir. Deməli, insanın Allaha üz tutması, onun öz kamalına diqqətidir, yə᾽ni bu, həmin gül toxumunun öz kamilliyinin son nöqtəsinə diqqəti kimidir. İnsanın Allaha tərəf getməsi onun özünə tərəf, yə᾽ni naqis «öz»ündən kamil «öz»ünə doğru getməsidir.
Deməli, Allahı da digər şeylərlə müqayisə edən və insanın Allaha tərəf getməsini onun özünü unutması və hərəkətdən qalması hesab edən şəxs səhvə düçar olub.
İNSANIN «ÖZ»ÜNDƏN VƏ «ALLAH»DAN AGAHLIĞI
Allah insana o qədər yaxındır ki, insanın Ondan agahlığı, eyni ilə özündən agah olmasıdır və insan Allahdan xəbərdar olanda özündən xəbərdar ola bilər. Kiminsə «öz»ündən xəbərdar olaraq Allahdan xəbərsiz və qafil olması qeyri-mümkündür. Qur᾽an buyurur: «Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir!» Bəli, Allahı unudan özünü unudub. İnsan Allahını tapanda özünü tapır, Onu unudanda isə özünü də unudur. Qur᾽an ekzistansializmin sözlərinin tam əksini buyurub. Onlar deyirlər ki, insanın diqqəti Allaha yönəldikdə o, Allahdan agah olaraq özünü unudur. Qur᾽an isə buyurur ki, insan yalnız Allahdan agah və xəbərdar olanda özündən xəbərdar ola bilər. Bu, Qur᾽anın ən ali və dəqiq insani və psixoloji mətləblərindəndir və doğrudan da çox heyrətləndirici bir məsələdir.
Qur᾽an deyir ki, insan bə᾽zən özünü unudur. Bu ilahi kitabın buyurduğu mətləblərə əsasən, ən böyük məğlubiyyət və uduzmaq bütün pullarını, var-yoxunu və ya namusunu uduzmaq deyildir, ən böyük uduzan özünü uduzmuş şəxsdir. İnsan özünü uduzanda hər şeyini uduzmuş olur. Bəli, insanın özünü uduzması onun hər şeyini uduzması deməkdir.
İbadətin fəlsəfəsi nədir? İbadətin fəlsəfəsi insanın özünü tapmaq üçün Allahı tapmasıdır; Qur᾽anın buyurduğu kimi, özünü həqiqi mə᾽nada tapmaq və özündən xəbərdar olmaqdır. Bəşəriyyət bu mətləbi hələ ki, dərk edə bilməyib və bunu yalnız islam məktəbindən ilham alan şəxslər dərk ediblər. Siz əgər islam dünyasında Mühyiddin Ərəbinin peyda olaraq insanın özündən agahlığını təfsir etməsini görürsünüzsə və bu bəhsi ondan sonra Mövləvi və digər şagirdlərin davam etdirməsini müşahidə edirsinizsə, nəzərə almalısınız ki, onlar Qur᾽andan altı yüz il sonra gəlib və bu ilahi kitabdan ilham alıblar. Əlbəttə onlar Qur᾽andan altı yüz il sonra gəliblərsə də, müasir filosoflardan 700 il qabaq olmaq iftixarına da malikdirlər.
Mövləvi, insanın özünüdərk və şüurun ilahi agahlıqdan ayrı olmaması barəsində belə deyib:
İqtizayi can çe ey del agəhist
Hər ke agəhtər bovəd canəş qəvist.
O, bu şe᾽rdə deyir ki, ruh agahlıq deməkdir və kimin agahlığı çoxdursa, onun ruhu da güclüdür. İnsan ruhunun heyvan ruhundan güclü olmasının səbəbi onun daha çox agah olmasına görədir. O, şe᾽rin davamında mətləbi yavaş-yavaş dəqiqləşdirdikdən sonra deyir ki, insan Allahından xəbərdar olanda özündən də xəbərdar və agah olur!
Buna görə də onların, hər bir bağlılığı azadlığa zidd təsəvvür etmələrinə cavab olaraq demək lazımdır: Bəli, Allaha bağlılıqdan başqa hər bir bağlılıq azadlığa ziddir. Amma Allaha bağlılıq belə deyil, çünki o, insanın özünə – kamil «öz»ə – bağlılığıdır və azadlıq Allaha bağlılıqdan başqa heç bir şeylə yaranmır. Deməli, ilahi şüur və agahlıq insanın özündən daha çox agah olmasına səbəb olur və insan ibadətdə və təklikdə Allahın zikrində nə qədər çox qərq olarsa, onun Allaha olan diqqəti çoxalacaq və nəticədə özünü daha yaxşı tanıyacaq.
Bə᾽zi böyük şəxsiyyətlər irfani agahlığa bu yollarla çatıblar. Təqribən əlli il bundan əvvəl Nəcəfi-əşrəfin böyük müctəhid və alimlərindən olan mərhum Hüseynqulu Həmədaninin şagirdi Mirzə Cavad ağa Məliki Təbrizidən bir neçə kitab yadigar qalıb. O, bu kitabların birində bir neçə müqəddimə gətirməklə insanın «özündən agahlığını» izah edərkən «irfani agahlıq» mərhələsinə, yə᾽ni insanın özünü tanıyaraq dərk etməsi bəhsinə çatanda deyir: Mən «özündən agahlıq» hissinə ilk dəfə yuxuda nail olan və həmin hissi oyaq olandan sonra da davam etdirən bir şəxs tanıyıram. Sonra isə həmin mətləbi öz kitabında müəyyən formalarla izah edir. Özündən agahlığın bu həqiqi forması ilahi agahlıqdan yaranmadır və o, həqiqi ibadətdən başqa heç nə ilə əldə edilmir. Psixoloq min il də tədqiqat aparsa, bu «həqiqi özündən agahlıq» düşüncəsinin nə olduğunu tapa bilməz.
Əli (ə)-ın çox heyrətləndirici bir cümləsi var. O həzrət buyurur: «Mən, bir şey itirəndə həmişə onun dalınca gəzən, amma özünü itirməsinə baxmayarq, onu axtarmayan şəxsə təəccüb edirəm!» O, nə üçün özünü axtarmır? Ey insan! Sən özünü itirdiyini bilmirsən? Get, özünü tap; bu sənin üçün itirdiyin digər şeylərdən daha qiymətli və dəyərlidir.
Dostları ilə paylaş: |