Onuncu fəsil: Şəhadət yolu
İkinci həftə ev seyrəldi. Bizdən əlavə, Hacı baba, Xanımcan, Məhəmməd dayı, Məryəm və altıaylıq qızı Mona, Hacı Sadiq və ailəsi də Mənsurə xanımın yanında qaldılar. Gecələr hərə bir yer tapıb yatırdı. Əli ağa ilə Hacı Sadiq çox vaxt yataqlarını balkonda sərirdilər. Mən, Mənsurə xanım, Məryəm və Mona qonaq otağında balkonun qapısının yanında yatırdıq. Bir gecə yuxudan oyandım. Əli ağa heç kəsi oyatmasın deyə asta-asta balkondan çıxıb bizim yanımızdan keçdi və qonaq otağı ilə dəhlizin arasındakı pərdəni çəkib dəhlizə, oradan da tualetə girdi. Fikirləşdim ki, tez qayıdar. Çox gözlədim, amma qayıtmadı. Qalxıb arxasınca getdim. Dəhlizdə namaz qılırdı. Alnını səcdəyə qoyub ağlayırdı. Çiyinləri titrəyirdi. Yavaşca arxasında oturub divara söykəndim. Ürəyi çox dolu idi, məzlumcasına və ürəkdən ağlayırdı. Ürəyim yandı. Onu belə görməmişdim.
Səhərdən axşama qədər ağa Nasir və Mənsurə xanımla danışır, onları ovundurur və güldürürdü. Əmiri çox sevirdi, lakin bu müddətdə hətta bir damla göz yaşını görməmişdim. İndi isə həmin Əli ağa zar-zar ağlayırdı. Gözlədim. Nəhayət, başını səcdədən qaldırdı. Yalnız onun eşidəcəyi yavaş səslə dedim: "Əli can..."
Mənə tərəf döndü. Dəhlizin pəncərəsi açıq idi, küçənin işığı içəri düşürdü, bir-birimizi yaxşı görürdük. Diksinib təəccüblə dedi: "Firiştə!"
Cavab verdim.
- Burada nə edirsən?
- Yata bilmirəm.
- Yenə halın pisdir?
Halım pis deyildi. Dedi: "Bilirəm ki, halın yaxşı deyil. Bilirəm ki, sənə çox çətindir. Sən indi Allaha daha yaxınsan. Mənim üçün dua et!"
Təəccüblə ona baxdım. Səsi hələ kövrək idi. Dedi: "Allah mücahidlərə cənnət vədi verib. Xoş Əmirin halına! Dörd ay cihadla mükafatını aldı. Düşünürəm ki, mənim problemim var. Mən üzüqara yeddi ildir cəbhədəyəm, amma hələ də sapsağlamam və yaşayıram".
Qəhər içində dedim: "Əli, naşükürlük eləmə".
Dərdi açıldı:
- Yalan demirəm, Firiştə. Allah Özü bilir. Mən yataqda ölmək istəmirəm. Bilirəm ki, müharibə gec-tez bitəcək, hamı öz evinə, iş-gücünə qayıdacaq. Biz sağ qalanlar gündə min dəfə həsrətdən ölüb-diriləcəyik.
Dedim: "Əli ağa, bu nə sözdür?! Allahın razı olduğuna razı ol".
Dedi: "Sən razısan?"
Arxayın halda dedim ki, bəli, razıyam.
Sevincək soruşdu: "Mən şəhid olsam, yenə razı olarsan? Narahat olmazsan?"
Bir qədər dayandım, nəhayət, cavab verdim.
- Narahat nədir, qüssədən ölərəm. Sən yoldaşımsan, ən əziz adamımsan, vücudumun yarısısan. Biz bir-birimizi sevirik. Sən uşağımın atasısan. Bunu düşünmək də mənə ağırdır. Amma Allahın istəyi olsa, razı olaram, dözərəm.
Sevindi və tez soruşdu: "Həqiqətən?"
Məni ağlamaq tutdu. Cavab gözləməyib sözünə davam etdi: "Firiştə, bu dünya nə qədər çox çəksə də, bir gün bitəcək. Bir gün hamımız öləcəyik. Lakin şəhadət fürsəti bu bir neçə gündədir. Sonra üzüqibləyə oturdu. Əllərini yuxarı qaldırdı və yalvararaq dedi: "İlahi! Özün bütün bəndələrinin ehtiyacından xəbərdarsan. Bilirsən ki, yataqda ölmək mənə ayıbdır. İlahi! Mənə şəhidlik nəsib et!"
Heç vaxt kiminsə yanında ağlamazdı. Çox kədərlənəndə qızarırdı, amma ağlamırdı. Lakin onda mənim yanımda ağlamağa başladı və həsrətlə dedi: "Museyib yenicə şəhid olmuşdu. Bir gecə onu yuxuda gördüm, əlini tutub dedim: "Museyib, mən səninlə bütün şəhadət yollarını sınadım. Sən Allah, bu sonuncu yolu mənə de". Museyib cavab vermədi. Əlindən möhkəm yapışmışdım. Bilirdim ki, yuxuda ölmüş birinin əlini tutub and versən, nə soruşsan, cavab verər. Ona dedim: "Yolu deməyincə buraxmaram". Bilirsən Museyib nə dedi?! Dedi: "Yolu göz yaşıdır, göz yaşı". Firiştə, şəhadətin yolu göz yaşıdır".
Yenidən əlini qaldırıb dedi: "İlahi! Əgər şəhidliyi göz yaşı ilə verirsənsə, mən aciz və üzüqaranın göz yaşlarını qəbul elə!"
Əmirin şəhadətindən sonra Əli ağa çox dəyişdi. Onun yeni özəlliklərinə "göz yaşı yolu" da əlavə olundu. Çox vaxt öz aləmində idi. Azdanışan və utancaq olmuşdu. Qabaqkı səs-küyündən, dəcəlliyindən və deyib-gülməyindən əsər-əlamət qalmamışdı. Az yeyib arıqlamışdı, lakin daha mehriban və ürəyiyuxa olmuşdu. Çox vaxt gözlərində yaş damlaları var idi. Gecələri namaz, dua və ağlamaqla keçirdi. Günü-gündən daha az yatırdı.
Əmirin qırxından sonra Mənsurə xanımla ağa Nasirin əhval-ruhiyyəsi dəyişsin deyə, bir neçə dostu ilə Məşhədə ziyarət səfəri təşkil etdilər.
Həmin səfərdə şəhid ailələrindən bir neçə nəfər də vardı. Turəncian familiyalı bir ailə Mənsurə xanımla və ağa Nasirlə söhbət edib onların psixoloji vəziyyətlərini yaxşılaşdırmağa çalışırdılar.
Əli ağa qayıdan kimi cəbhəyə getdi. Mənsurə xanım təkliyə dözə bilmirdi. Buna görə də, Hacı Sadiqin evinə getdi. Məcbur qalıb mən də onlarla getdim.
1987-ci ilin sentyabrı məhərrəm ayına təsadüf edirdi. Əli ağa yeddi ildən sonra ilk dəfə məhərrəmin birinci ongünlüyündə Həmədana gəlmişdi. Hər gecə əzadarlıq üçün bir yerə gedir və gecə qayıdırdı. Mən, anam və bacılarım qabaqkı illərdə Sepah heyətinin mərasiminə gedirdik. Onların əzadarlıqları digər yerlərdən yaxşı keçirdi. Bir gecə Əli ağa dedi: "Firiştə, mən Sepaha getmək istəyirm, gəlirsən?"
Ötən illərin mənəvi xatirələri yadıma düşdü və sevincək qəbul etdim.
Həmin il Həmədanın havası sentyabrın əvvəlindən soyumuşdu. Gecələr daha soyuq olurdu. Qalmağa bəlli bir yerimiz olmadığından isti paltarlarımı hara qoyduğumu bilmirdim. Münirə xanımın qalın qara jaketi vardı. Onu verdi və mən geyindim. Maşına minib Əli ağa ilə getdik.
Bütün şəhər qaraya bürünmüşdü. Divarlardan qara və qırmızı parça və bayraqlar asılmışdı. Əli ağa maşını Baba Tahir məqbərəsinə yaxın bir yerdə saxladı. Həmişəki kimi qayıdanda harada görüşəcəyimizi təyin etdik. Hələ də Həmədanda bir yerdə yol getmirdik. Xüsusən də korpusa gedirdik və yolumuzda çoxlu dost-tanış vardı. Maşından enməzdən öncə Əli ağa dedi: "Firiştə, dua! Mənim üçün dua et!"
Dedim: "Mən sənin üçün həmişə dua edirəm".
Dedi: "Yox, salamat qalmağım üçün dua etmə. Dua et ki, tezliklə şəhid olum".
Ona tərs-tərs baxdım.
Kədərli halda dedi: "Sən indi İmam Hüseynin məclisinə gedirsən. Mən müharibə başlayandan Seyyidüş-şühədanın yolunu tutub cəbhəyə getmişəm. Bu axşam sənədimi almaq istəyirəm. İndi ondan şəhidlik ləyaqətini istəməyə gəlmişəm. Lakin bilirəm ki, sən ürəkdən mənimlə razılaşıb dua etməsən, faydası olmayacaq. Firiştə, gülüm, mənim üçün dua et".
Başımı aşağı saldım və heç nə demədim. O anlarda bu sözləri ciddiyə almamağım çox təbii idi. Baxmayaraq ki, hər dəfə şəhadətdən danışanda ürəyim əsirdi.
Əli ağa xüsusi və çox qəribə halda dedi: "Firiştə xanım, yadındadır, Allahın razı olacağına razı olduğunu deyirdin?! Mən razı oldum. Sən mənim üçün dua et ki, Allah da məndən razı olsun. Əgər Allah bizim zəhmətlərimizdən razı olmasa və cihadımızı qəbul etməsə, çox ziyan içində olarıq. Bilmirəm ki, Allahın yanında üzüağ olarıq, yoxsa yox?! Lakin artıq qəfəsə bənzəyən bu dünyadan yorulmuşam. Bu axşam İmam Hüseyndən istə ki, dünya qəfəsini qırıb gedən bütün şəhidlər kimi mənim də bu qəfəsi qırmağıma kömək etsin; Museyib Məcidi kimi, Əmir kimi, İmam Hüseynin özü kimi. Mən bu axşam gedirəm ki, yenidən İmam Hüseyn ağaya “ləbbeyk” deyim və ömrümün son anına qədər Hüseyn kimi yaşayım. Sən demiş, qalanı Allaha qalıb. Onun razı olduğuna mən də razıyam".
Sözləri qurtarandan sonra dərin nəfəs aldı və maşından endik. Maşının qapısını bağladı. Sanki uçurdu. Çox tez önə keçdi. Nə qədər iti gedirdimsə, ona çatmırdım. Soyuq külək əsirdi. Əli ağa öndə idi, çox öndə.
Səkidə çoxlu adam vardı. Mən onların hamısının arasından Əli ağanı görürdüm; qara köynək geyinmişdi və güclü çiyinləri ilə irəliləyirdi.
Dostları ilə paylaş: |