İMAMIN VÜCUDUNUN FƏLSƏFƏSİ (SƏBƏBİ)
İbrahimin (ə) imamət məqamından söz açan ayədə imamın vücudunun əhəmiyyəti qısa şəkildə qeyd olundu. Lakin mövzu yüksək əhəmiyyətə malik olduğundan burada ayrıca, geniş araşdırmanı lazım görürük.
Ümumiyyətlə, peyğəmbərlərin gəlişindəki məqsəd, yaxud vücudunun zərurəti haqda deyilənlər imamlara da aiddir.
Xacə Nəsrəddin Tusi “Təcridul-e’tiqad” kitabının “Nübüvvət” fəslində peyğəmbərlərin be’sətinin səbəbini açıqlayarkən doqquz səbəb qeyd etmişdir. Biz burada onları qısaca nəzərdən keçirəcək və görəcəyik ki, onların çoxu mə’sum imamlara da şamildir.
1. Əqli mə’rifətin nəqli yolla qüvvətləndirilməsi. Belə ki, insan əql qüvvəsilə bir çox nəzəri və əməli həqiqətləri dərk etsə də, bə’zən qəlbində şübhələr baş qaldırır. Bu isə bir şeyə inam və imanın qarşısını alır. Amma əqlin hökmləri ilahi və mə’sum rəhbərlərin bəyanı ilə təsdiq edildikdə, bütün maneələr aradan qalxır, insan qəlbən rahatlıq tapır və hər hansı işə meyli artır.
2. Bə’zən insan bir sıra işlərdən çəkinir və qorxur ki, onun əməli Allahın istəyinə əks olsun. İlahi rəhbərlərin icazəsi ilə bu qorxu aradan qalxır.
3. İnsanın bütün əməl və rəftarları “əql yaxşı-pisi dərk edir” ölçüsünə yerləşmir. Çox olar ki, əql bir işin yaxşı, yaxud pis olduğunu dərk etməsin. Yaxşını pisdən ayırd etmək üçün ilahi rəhbərlərə ehtiyac duyulur.
4. İnsan ilahi rəhbərlər olmadan, yalnız öz düşüncəsi ilə xeyir-ziyanını dərk etməyə qadir deyildir.
5. İnsan ictimai bir varlıq olduğundan fərdlər bir-birləri ilə həmkarlıq və bir-birlərinə kömək etmədən həyatın problemlərini həll etməyə qadir deyillər. Şübhəsiz, bütün fərdlərin hüquqlarını qoruyan, onları düzgün istiqamətləndirən qanunlar olmadan ictimai ədalət bərpa olunmayacaq, istənilən nəticə əldə edilməyəcək. Bu qanunları tam mə’nada düzgün ayırd və icra edə bilən kəs yalnız agah, pak, mə’sum ilahi rəhbərlər ola bilər.
6. İnsanlar kamilliyi dərk etmək, elm və maarifə yiyələnib fəzilətlər qazanmaq baxımından bir-birlərindən fərqlənirlər; bə’ziləri buna tam qadir, bə’ziləri isə acizdirlər. İlahi rəhbərlər birinci qrupa təkan verir, ikinci qrupa kömək edirlər ki, hər ikisi mümkün kamala çatsın.
7. Ümumiyyətlə, insan həyatı elm, sənət və digər sahələrlə sıx əlaqədardır. İlahi rəhbərlər isə onların inkişafında çox güclü mühərrikdirlər.
8. İnsanlar öz əxlaqi səciyyələri ilə bir-birlərindən fərqlənirlər. Onların düzgün tə’lim-tərbiyəsində pak və mə’sum kəslərə ehtiyac vardır.
9. İlahi rəhbərlər itaətlə bağlı savab və mükafat, günahla bağlı cəza və əzabdan tam agahdırlar. Onların əməllərin aqibəti ilə bağlı xəbərdarlıqları hər hansı vəzifənin düzgün yerinə yetirilməsində güclü amil sayılır.1
İmamət məqamı nübüvvətin davamı olduğu üçün qeyd edilən səbəblərin çoxu mə’sumlara da aiddir.
Qur’ani-kərimdə bütün bunlar, hətta onların ən üstün üç qismi ixtisarla verilmişdir: “tə’lim”, “tərbiyə” və “ədalətin icrası”. Bir çox ayələrdə onlara toxunulmuş və bir ayədə İslam peyğəmbərinin (s) be’sət fəlsəfəsi belə bildirilmişdir:
هُوَ الَّذِي بَعَثَ فِي الْأُمِّيِّينَ رَسُولًا مِّنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِن كَانُوا مِن قَبْلُ لَفِي ضَلَالٍ مُّبِينٍ
“Yazıb-oxumaq bilməyən ərəblər arasından onların özlərindən olan bir peyğəmbər göndərən Odur! Bu Peyğəmbər onlara Allahın ayələrini oxuyar, onları saflaşdırar, onlara kitab və hikmət öyrədər. Hərçənd, əvvəllər açıq-aşkar azğın yolda idilər!”2
Bu ayədə Peyğəmbər (s) və imamların ən mühüm vəzifəsi olan “tə’lim” və “tərbiyə” məsələsinə işarə edilmişdir.
Başqa bir ayədə buyurulur:
لَقَدْ أَرْسَلْنَا رُسُلَنَا بِالْبَيِّنَاتِ وَأَنزَلْنَا مَعَهُمُ الْكِتَابَ وَالْمِيزَانَ لِيَقُومَ النَّاسُ بِالْقِسْطِ
“Həqiqətən, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik, onlarla birlikdə (səmavi) kitab və tərəzi (haqqı batildən ayırd edən ədalətli qanunlar) nazil etdik ki, insanlar ədaləti bərqərar etsinlər.”1
Bu ayədə düzgün tə’lim-tərbiyə üçün zəmin yaradan ictimai ədalət məsələsinə toxunulmuşdur.
Adətən, hakim təbəqə mövqe qazanmaq, yaxud bir qrupun mənafeyinə xidmət fikrində olduğu üçün kütlənin mənafeyini bu yolda qurban verir. Yalnız pak və ilahi rəhbərlər bəşərin hüquq və mənafelərini yetərincə müdafiə etmişlər. Qeyri-ilahi rəhbərlər haqq-ədaləti qorusa da, cəmiyyəti istənilən kamala doğru yönəltsə də müəyyən işlərin dəqiq ayırd edilməsində gücsüzdürlər. Onlar yalnız səthi fərqləri ayırd edə bilirlər. Bu isə böyük əhəmiyyət kəsb etmir. Bu işin öhdəsindən yalnız Allahın sonsuz elm dəryasına bağlı ilahi rəhbərlər gələ bilir.
Yer kürəsinin az qala yarısına yetmiş il hökmranlıq edən marksizm ibrətamiz bir təcrübə idi. Marksizmin əsaslarını möhkəmləndirmək üçün geniş təbliğat vasitələrindən istifadə edilsə də, bu yolda çoxsaylı qəzet və jurnallar çap olunsa da cəmiyyətin problemlərinin həlli, ictimai ədalətin tə’mini, bəşəriyyətin təkamülü, tarix və ictimai elmlərin düzgün tə’limi üçün marksizm yeganə yol sayılsa da müxaliflər müxtəlif yollarla sıradan çıxarılsa da, bu ideyanın məhsulu diktatura və süqutdan başqa bir şey olmadı. Hətta onların bir çox mütəfəkkir və alimləri bu ideologiyanın əsaslarının səhv olduğunu e’tiraf etdilər!
Bəlkə də, bu qədər mütəfəkkirlərin, alimlərin, təhsil ocaqları və universitetlərin müdafiə etdiyi məktəbin axırda puç olması tarixin misli görünməmiş hadisəsidir. Kim zəmanət verə bilər ki, gələcəkdə insan təfəkküründən doğan digər ictimai və e’tiqadi məktəblər belə bir taleyə düçar olmayacaq?! Beləcə, Allah tərəfindən hər bir xəta və səhvdən uzaq olduğuna zəmanət verilən peyğəmbər və mə’sum rəhbərlərin məktəbi bir daha öz zəruriliyini göstərir.
Bir sözlə, bəşəriyyəti kamal və səadətə çatdırmaq istəyən mütəal Allah haqq yola hidayət üçün vəhy qüvvəsi və ismət məqamına malik peyğəmbərlər göndərdiyi kimi, onlardan sonra bu yolu davam etdirəcək mə’sum canişinlər tə’yin etmişdir. Şübhəsiz, həmin canişinlər olmadan bu məqsəd həyata keçəsi deyildir. Çünki:
1. İnsan əqli bütün kamal, səadət və tərəqqi yollarını müstəqil olaraq ayırd etməyə qadir deyil.
2. Peyğəmbərin vəfatından sonra mümkündür ki, din müxtəlif təhriflərə mə’ruz qalsın. Deməli, Allahın dinini azğın kəslərin təhrifi, nadanların müdaxiləsi, nəfsə uyanların təfsirindən qorumaq üçün mə’sum və ilahi rəhbərlərə ehtiyac duyulur.
Bu məsələ “Üsuli-kafi” kitabında imam Sadiqdən (ə) nəql olunan məşhur bir hədisdə belə açıqlanır:
اِنَّ فِينا اَهْلَ الْبَيْتِ فِی كُلِّ خَلَفٍ عُدوُلاً يَنْفُونَ عَنْهُ تَحْرِيفُ الْغالِينَ، وَانْتِحالُ الْمُبْطِلِينَ، وَتَأوِيلُ الْجاهِلِينَ!
“Hər bir nəsildə biz Əhli-beytdən ədalətli bir şəxs ifrata varanların təhrifini, bid’ətini1, batil əlini və nadanların iftiralarını ondan (İslamdan) uzaqlaşdıracaq!”2 (Burada mə’sum imam nəzərdə tutulur.)
İmam Əli (ə) dərin mə’nalı kəlamlarından birində bu nöqtəyə işarə edərək buyurmuşdur: “İlahi! Doğrudan da, yer üzü heç vaxt Allahın dəlil və nişanələrini batildən qoruyan aşkar, ya gizli ilahi höccətsiz qalmayacaqdır!” 3
3. İnsanların yaranış məqsədinə uyğun ilahi hökumətin təşkil olunması yalnız mə’sumların vasitəsilə mümkündür. Tarixdən göründüyü kimi, dinsiz hökumətlər həmişə fərd, yaxud qrupun mənafeyinə xidmət etmişdir. Təcrübədə sübut olunmuşdur ki, “demokratiya”, “bəşər hüquqları” və “xalq hakimiyyəti” kimi şüarlar asanlıqla kələk və müəyyən məqsədlər üçün vasitəyə çevrilir. Belə vasitələrlə hər hansı bir məqsəd üstüörtülü şəkildə xalqa yüklənilir.
Həqiqətdə bu üç əsas – haqq yolun ayırd edilməsi, peyğəmbər mirasının qorunması və ədalətli hökumət qurulması mə’sum imamın vücudunun fəlsəfəsini təşkil edir.
***
Bu məsələ ilə əlaqədar mövzumuzu imam Rizadan (ə) imamətin fəlsəfəsi barədə nəql olunan bir hədis, eləcə də, Əmirəl-mö’minin Əlinin (ə) “Nəhcül-bəlağə”də buyurduğu bir kəlamla sona yetiririk:
İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:
اِنَّ الْاِمامَةَ هِىَ مَنْزِلَةُ الْاَنْبِياء، وارِثُ الْاَوصِياء، اِنَّ الْاِمامَة خِلافَةُ اللهِ وَخِلافَةُ الرَّسوُلِ... اَلْاِمامُ اَلْبَدْرُ الْمُنِيرُ، وَالسِّراجُ الزَّاهِرُ، وَالنّوُرُ السّاطِعُ، وَالنَّجْمُ الْهادِی فِی غَياهِبِ الدّجی... اَلْاِمامُ اَلماءُ الْعَذبُ عَلی الظَّمّاءِ وَالدّالُّ عَلی الْهُدی، وَالمُنْجِی مِنَ الرَّدی... اَلْاِمامُ السَّحابُ الْماطِرُ، وَالْغَيثُ الْهاطِلُ، وَالشَّمْسُ الْمُضِيِئَة... اَلْاِمامُ اَمينُ اللهِ فِى خَلْقِهِ، وَحُجَّتُهُ عَلى عِبادِهِ، وَخَلِيفَتُهُ فِى بِلادِهِ... نِظامُ الدِّيِن، وَعِزُّالْمُسْلِمِينَ، وَغَيْضُ الْمُنافِقِينَ، وَبَوارُالْكافِرِينَ
“Şübhəsiz, imamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti1 və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şö’lələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.”2
Əmirəl-mö’minin Əli (ə) qısa bir kəlamla imamət həqəqətini açıqlayaraq buyurmuşdur: “Müsəlmanların işlərində imamın mövqeyi təsbeh dənələrini bir-birinin kənarında nizamla yığan ipə bənzəyir. Əgər ip qırılsa, onlar dağılar ətrafa və (imam olmasa, cəmiyyət bir-birinə dəyər, nizam-intizam pozular) heç vaxt onları bir yerə yığıb nizamlamaq olmaz!3
***
Dostları ilə paylaş: |