“SƏFİNƏ” HƏDİSİ NƏ DEMƏK İSTƏYİR?
Bu hədisi dərk etmək üçün Nuh peyğəmbərin macərasına qısa bir nəzər salırıq. Allah-taala Qur’ani-kərimdə buyurur:
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاء بِمَاء مُّنْهَمِرٍ وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاء عَلَى أَمْرٍ قَدْ قُدِرَ
“Biz göyün qapılarını sel kimi axan bir yağışla açdıq (və dayanmadan yağış yağdı). Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular müəyyən edilmiş miqdarda bir-birinə qarışdı.”1
Bu tufan və sel bir yerdən başqa hər yeri ağuşuna aldı. O da Nuhun (ə) gəmisi idi. Allah-taala onun sərnişinlərinə nicat verdi. Hətta Nuhun (ə) oğlu qürurla “Mən bir dağa sığınaram, o da məni seldən qoruyar”, dediyi zaman atasının “Allahın rəhm etdiklərindən başqasını, bu gün heç kim Onun əzabından qoruya bilməz”, tutarlı cavabı ilə üzləşdi. (Həzrət Nuh (ə) gəmiyə minib nicat tapan mö’minləri nəzərdə tuturdu.) Nuhun (ə) sözü dərhal həyata keçdi. Çünki “böyük bir dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o (Nuhun oğlu) da suda boğuldu!”2
Bəli Əhli-beytin (ə) həmin gəmiyə bənzədilməsində dərin mə’na var və bu bənzətmə bizə bir çox həqiqətləri açıqlayır. O cümlədən:
1. İslam peyğəmbərindən (s) sonra ümmət bir sıra tufanlara düçar olacaq. Bu tufanlar çoxlarını özü ilə aparacaq və dalğalar arasında boğub həlak edəcək.
2. İnsanları dini, imanı, ruhu və həyatı hədələyən təhlükələrdən qoruyub-saxlamaq üçün yeganə ümid yeri Əhli-beyt (ə) adlı nicat gəmisidir. Şübhəsiz, hər kəs ondan uzaq düşsə, həlakətə uğrayasıdır.
3. Səhrada karvandan ayrı düşmək həmişə ölümlə nəticələnmir. Mümkündür ki, insan üzücü çətinliklərdən sonra nicat tapsın. Lakin tufanlı bir dəryada nicat gəmisindən ayrı düşmək mütləq həlakət və ölüm deməkdir.
4. Nuh peyğəmbərin gəmisinə minməyin şərti iman və saleh əməl olduğu üçün Nuh (ə) öz oğluna iman gətirib kafirlərdən ayrılmağı təklif etdi. Beləliklə, İslam ümməti də tufan, bəla və azğınlıqlardan nicat tapmaq üçün Əhli-beytə iman gətirib, onlara tabe olmalıdır.
5. Nicat tapmaq üçün təkcə onlara məhəbbət bəsləmək kifayət deyil. Bə’zi alimlərin dediyi kimi, bütün müsəlmanlar Əhli-beyti (ə) sevir, hörmətlə yad edirlər. Buna əsasən, hamı nicat əhlidir. Əksinə, rəvayətdə bəyan olunduğu kimi, əsas məsələ onlara tabe olmaq və müxalif çıxmamaqdır. Nuhun (ə) oğlu atasını sevsə də, ona tabe olmadığından bu məhəbbət qurtuluşa səbəb olmadı.
6. Ötən bəhsdə qeyd olunduğu kimi, “səqəleyn” hədisindən başa düşülür ki, Əhli-beytə (ə) tabe olmaq üçün müəyyən şərt qoyulmamışdır. Qur’anla Əhli-beyt (ə) həmişə birgə olacaq, heç vaxt bir-birindən ayrılmayacaq və nəhayət, behiştdə (“Kövsər” hovuzunda) Peyğəmbəri-əkrəmə (s) qovuşacaq. “Səfinə” hədisindən də belə başa düşülür ki, dünyanın sonuna qədər bu minvalla davam edəcək. Çünki dünya həmişə tufanlı və təlatümlüdür. Yə’ni nə qədər ki, şeytanlar, zəlalət carçıları və heyrət vadisində batanlar var, bu tufanlar da sakitləşməyəcək. Allah-taalanın Öz bəndələri arasında qəzavət edəcəyi, Qur’ani-kərimin buyurduğu kimi, ixtilafların aradan qaldırılacağı1 vaxta qədər davam edəcəkdir. Buna əsasən, hər bir dövrdə “nicat gəmisi”nin varlığı zəruridir və ondan üz döndərənlər məhvə məhkumdur.
7. Əhli-beytə (ə) qeyd-şərtsiz itaət hər bir dövrdə mə’sum və günahsız bir imamın varlığına gözəl sübutdur. Ona itaət nicat tapmaq, ondan üz döndərmək isə həlakətlə nəticələnəsidir.
8. “Səfinə” hədisi Peyğəmbəri-əkrəmin (s) buyurduğu
( سَتُفَرِّقُ اُمَّتِى عَلى ثَلاثٍ وَسَبْعِينَ فِرْقَةٍ، فِرْقَةٌ ناجِيَةٌ وَالباقُونَ فِى النّارِ:)
“Tezliklə ümmətim yetmiş üç firqəyə ayrılacaq, (onların) biri nicat, qalanları isə cəhənnəm əhlidirlər”1 məşhur hədisin təfsiridir.
Bu hədisdən mə’lum olur ki, “firqətun naciyə” (nicat əhli olan firqə) Əhli-beyt (ə) məktəbinin üzvləri, İslam üsul və füruatında onların hidayət çərçivəsində qərar tutan firqədir.
Bu məşhur hədis ətrafında araşdırmalardan belə nəticə alırıq ki, İslam ümmətində Əhli-beytin (ə) adı çox yüksək olub. Onların kənarından sadəcə məhəbbətlə ötüb keçməməliyik.
***
3-“NÜCUM” (ULDUZLAR) HƏDİSİ
İslam mənbələrində Peyğəmbərdən (s) nəql olunan və hər bir dövrdə Əhli-beytin müsəlmanlara rəhbər və hidayətçi olduğu göstərilən digər bir hədis “nücum” hədisidir. Bu hədisi Peyğəmbərin (s) bir çox səhabəsi (ən azı yeddi nəfər: imam Əli (ə), Cabir ibn Abdullah, Əbu Səid Xudri, Ənəs ibn Malik, Münkədir ibn Abdullah2, Sələmə ibn Əkvə və İbn Abbas) nəql etmiş, əhli-sünnə hafizləri və mühəddislərinin onlarla kitabında qeyd edilmişdir. Burada onların bir qismini qısa şəkildə nəzərdən keçirəcəyik:
Hakim Nişapuri “Müstədrək” kitabında İbn Abbasdan İslam peyğəmbərinin (s) belə buyurduğunu nəql edir:
النُّجُومُ اَمانٌ لِاََهْلِ الْاَرْضِ مِنَ الْغَرْقِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُ مَّتِى مِنَ الْاِخْتِلافِ، فَاِذا خالَفَتْها قَبِيلَةٌ مِنَ الْعَرَبِ اِخْتَلَفُوا فَصارُوا حِزْبَ اِبْلِيسِ!
Ulduzlar yer əhli üçün əmin-amanlıq və dəryada (qərq olmaqdan) qurtuluşa səbəb olduğu kimi3, mənim Əhli-beytim də ümmətim üçün ixtilaflarda əmin-amanlıq və nicat yeridir. Ərəb qəbilələrindən hansı biri onlara qarşı çıxsa, ümmətin arasında ixtilaf yaranar. Bilin ki, onlar (müxalifətçilik edənlər) şeytanın qoşunundandır!”
Hakim Nişapuri bu hədisi qeyd etdikdən sonra yazır: “Bu hədisin sənədi səhih və düzgündür.”1
Əllamə Həmzavi “Məşariqul-ənvar” kitabında “Hakim Nişapurinin səhih və düzgün hesab etdiyi rəvayətdə belə deyilmişdir!”2 söyləyərək yuxarıdkı hədisi olduğu kimi qeyd edir.
Bu hədisi İbn Həcər “Əs-səvaiqul-muhriqə”, Əllamə Əli Müttəqi “Müntəxəbu Kənzül-ümmal”, Bədəxşi “Miftahun-nicah”, Şeyx Məhəmməd Səbban Maliki “İsğafur-rağibin”, Əllamə Burhani “Əş-şərəful-muəyyəd” və “Cəvahirul-bihar” kitablarında nəql etmişlər.3
Bu hədisi digər ravilər də Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər. Onların hədisləri şiə və sünnilərin məşhur kitablarında qələmə alınmışdır. (Əlbəttə, bu rəvayətlərin sözlərində azıcıq fərqlər gözə dəysə də, əsas məqsəd birdir.)
Məsələn, Sələmə ibn Əkvənin rəvayətində belə oxuyuruq: “Allahın Rəsulu buyurmuşdur:
النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ وَاَهْلُ بَيْتِى اَمانٌ لِاُمَّتِى
“Ulduzlar səma əhlinin əmin-amanlıq və asudəliyinə, mənim Əhli-beytim isə ümmətimin əmin-amanlığına səbəbdir!”4
Bu hədisi azacıq fərqlə Cabir ibn Abdullah Ənsari, eləcə də Münkədir, Əbu Səid Xidri və Ənəs ibn Malik Peyğəmbəri-əkrəmdən (s) nəql etmişlər.
İmam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) nəql etdiyi başqa bir hədis isə belədir:
النُّجُومُ اَمانٌ لِاَهْلِ السَّماءِ فَاِذا ذَهَبَتِ النُّجُومُ ذَهَبَ اَهْلُ السَّماءِ، وَاَهْلُ بَيْتِى اَمانٌ لِاَهْلِ الْاَرْضِ فَاِذا ذَهَبَ اَهْلُ بَيْتِى ذَهَبَ اَهْلُ الْاَرْضِِ!
“Ulduzlar səma əhlinin asudəliyinə səbəbdir. Onlar ensə səma əhli də məhv olar. Mənim Əhli-beytim də yer əhlinin asudəliyini tə’min edir. Əgər Əhli-beytim olmasa, yer əhli də olmaz!”
Bu hədisi Muhibbuddin Təbəri “Zəxairul-uqba” kitabında Əhməd ibn Hənbəlin “Mənaqib” kitabından nəql etmişdir.1 Həmçinin digər kitablarda, o cümlədən, Həməvininin “Fəraidus-səmteyn”, İbn Həcərin “Əs-səvaiqul-muhriqə”, Məhəmməd Səbbanın “İsğafur-rağibin”, Xarəzminin “Məqtəlul-Hüseyn”, Nəbhaninin “Əşşərəful-muəyyəd” kitablarında da qeyd edilmişdir.
***
Dostları ilə paylaş: |