“MÜBAHİLƏ” HƏDİS ALİMLƏRİNİN KƏLAMLARINDA
Əhli-sünnə və Əhli-beyt (ə) ardıcıllarının mö’təbər və məşhur mənbələrində nəql olunan bir çox rəvayətlərə əsasən, Mübahilə ayəsi Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur. O cümlədən:
1. “Səhihi-Müslim”in “Səhabələrin fəzilətləri” kitabının “Əli ibn Əbi Talibin (ə) fəzilətləri” bölümündə Sə’d ibn Əbi Vəqqasdan nəql olunan rəvayətdə deyilir ki, Müaviyə ondan soruşdu: “Nə üçün sən Əbu Turabı (Əlini (ə)) söymürsən?” Sə’d cavabında dedi: “Peyğəmbəri-əkrəmin (s) üç buyuruğu yadımda olduğu üçün Əlini söyə bilmərəm. Əgər onlardan biri mənim haqqımda deyilsəydi, xeyli qırmızı tüklü dəvəyə sahib olmağımdan daha yaxşı idi. (Bu ən bahalı dəvədir!)” Sonra o, “Mənzilət” hədisini (Əlinin (ə) “Təbuk” müharibəsində Mədinədə Peyğəmbərin (s) yerində canişin qalmasını), “Xeybər” müharibəsində Peyğəmbərin (s) bayrağı Əliyə (ə) verməsini və mübahilə hadisəsini qeyd edir: “Mübahilə” ayəsi nazil olandan sonra Allahın Peyğəmbəri (s) Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseyni (ə) çağırıb dedi: “İlahi! Bunlar mənim Əhli-beytimdir.”1
Bu hədisi əhli-sünnənin digər alimləri də nəql etmişlər. O cümlədən:
Termizi “Səhih” kitabında2 bu hədisi nəql etdikdən sonra yazır: “Əbu İsa deyir ki, bu hədis “həsən”, “səhih”, eyni zamanda “qərib”dir.” (Hədisin “qərib” və nadirliyi fikri təəssübkeşlik ucbatındandır.) Həmçinin bunu Əhməd ibn Hənbəl “Müsnəd”,3 Beyhəqi “Əs-sünənül-kubra”4 və Süyuti “Əd-durrul-mənsur”5 kitablarında qeyd etmişlər.
2. Termizi “Səhih” kitabının başqa bir yerində Sə’d ibn Vəqqasdan nəql edir ki, “Mübahilə” ayəsi nazil olanda, Peyğəmbəri-əkrəm (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb dedi: “İlahi! Bunlar mənim Əhli-beytimdir!”6
Bu hədisi Hakim “Müstədrəküs-səhiheyn” kitabında nəql etdikdən sonra yazır: “Bu hədis səhih və doğrudur, Şeyxeynin (Buxari və Müslimin səhih və doğru bildikləri) şərtləri ilə tam uyğundur!”7
Bunu Beyhəqi də “Əs-sünənül-kubra” kitabında nəql etmişdir.8
3. Süyuti “Əd-durrul-mənsur” kitabında Hakim və İbn Mərdəveyhdən, eləcə də, Əbu Nəim “Dəlail” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql edirlər: “Peyğəmbəri-əkrəm (s) xristianları mübahiləyə çağırdığı günün səhəri Əli, Fatimə, Həsən və Hüseynin (ə) əlindən tutub tə’yin olunmuş yerə getdi. Lakin onlar mübahiləyə razı olmadılar.” Cabir əlavə edərək deyir: “Mübahilə ayəsi onların haqqında nazil olmuşdur!”2
Süyuti yazır: “Hakim bu hədisi səhih və doğru hesab etmişdir!”
4. Yenə “Əd-durrul-mənsur” kitabında İbn Abbasdan belə nəql olunmuşdur: “Nəcran xristianları Peyğəmbərin (s) hüzuruna gedib mübahilə istədilər... Peyğəmbər (s) mübahiləyə Əli, Fatimə, Həsən və Hüseyni (ə) gətirib, onlara buyurdu: “Mən dua edirəm, siz də “amin” deyin!” Bu vaxt Nəcran xristianları mübahilədən çəkinib, Peyğəmbərlə (s) sülh etdilər və cizyə verməyə razı oldular.”3
5. Yenə həmin kitabda İbn Cərirdən, (o da İlba ibn Əhmər Yəşkəridən) belə nəql edilir: “Mübahilə ayəsi nazil olandan sonra Peyğəmbəri-əkrəm (s) Əli, Fatimə, Həsən və Hüseynlə (ə) birgə müxalifləri mübahiləyə çağırdı, amma onlar razı olmadılar.4
6. Əllamə Təbəri “Təfsir” kitabında “mübahilə” ayəsinin təfsiri ilə bağlı Zeyd ibn Əlidən belə nəql edir: “(Mübahilədə) Peyğəmbərlə (s) Əli, Fatimə, Həsən və Hüseyn (ə) da vardı!”5
7. Yenə həmin kitabda bu ayənin təfsiri ilə bağlı Sədiyyin vasitəsilə belə nəql olunur: “Peyğəmbər (s) Fatimə, Həsən və Hüseynin (ə) əlindən tutub, Əliyə (ə) buyurdu: “Bizim arxamızca gəl!”6
8. Hicri qəməri tarixi ilə 4-cü əsrin alimlərindən olan Əllamə Əbu Bəkr Cəssas “Əhkamul-Qur’an” kitabında “mübahilə” barəsində belə yazır: “Tarix raviləri Peyğəmbəri-əkrəmin (s) Həsən, Hüseyn, Əli və Fatimənin əlindən tutub, məsihilərlə mübahiləyə çıxmasını yekdilliklə qəbul edirlər!”1 Cəssasın yazdığına görə, bütün tarix və hədis alimlərinin bu məsələdə icması və yekdilliyi aydın bir məsələdir.
9. Əllamə Əbu Bəkr Cəssas “Mə’rifətu-ülumil-hədis” adlı başqa bir kitabında “mübahilə” əhvalatını nəql etdikdən sonra yazır: “Hakim demişdir: Təfsir kitablarında İbn Abbas və başqalarından nəql olunan “mütəvatir” hədislərdə buyurulur: “Allahın Peyğəmbəri (s) mübahiləyə getdiyi gün Əli, Həsən və Hüseynin əlindən tutmuşdu və Fatimə də onların arxasınca gedirdi. Sonra o həzrət buyurdu: “Bunlar bizim oğullarımız, özümüz və qadınlarımızdır. Siz də özünüzü, övladlarınızı və qadınlarınızı gətirin (ki, dua edib, Allahdan yalançılara lə’nət diləyək)!”2
Qeyd etdiklərimiz “mübahilə” ayəsinin nazil olma səbəbi ilə əlaqədar nəql olunan rəvayətlərin bir qismi idi. Gördüyünüz kimi, hədislərdəki fərq, yalnız Fatimənin (ə.s), yaxud imam Əlinin (ə) Peyğəmbəri-əkrəmlə (s) yanaşı, yaxud həzrətin arxasınca hərəkət etməsi idi. Bu da əslində elə də fərq sayılmır. Çünki “Bədr”, “Xeybər”, “Əhzab” müharibələri, hətta Məkkənin fəthi kimi qəti və şübhəsiz olan bir çox tarixi hadisələrdə fikir ayrılığı gözə dəyir. Tarixdə baş vermiş ən mühüm hadisələrə münasibətdə azacıq fərq və ixtilaf olmaması gözə çarpır.
Ümumiyyətlə, qeyd etdiyimiz rəvayətlərin sayı olduqca çoxdur. Bir qrup əhli-sünnə aliminin fikrinə görə, bu rəvayətlər “təvatür” həddinə çatmışdır. Bununla belə, “Əl-mənar” kitabının müəllifinin “mübahilə” ayəsinin təfsirindəki qeydləri doğrudan da çox qəribədir! O yazır: “İstisnasız olaraq bütün rəvayətlərdə deyilir ki, Peyğəmbər (s) mübahiləyə Əli, Fatimə və onların iki övladını tə’yin etdi. (Ayədə qeyd olunan) “nisaəna” (qadınlarımız) sözü Fatiməyə, “ənfusəna” (özümüz) sözü isə yalnız Əliyə aid edilir. Bu rəvayətlərin hamısı şiələrdəndir və onların da məqsədi bəllidir!”1
Doğrudan da, maraqlıdır! Firqə təəssübkeşlikləri baş qaldırdıqda, “Əl-mənar”ın müəllifi kimi məşhur bir alimin məntiqsiz mövqeyi hamıya bəlli olur. Görəsən, “Səhihi-Müslim”, “Səhihi-Termizi” və “Müsnədi-Əhməd” şiənin, yoxsa əhli-sünnənin məşhur mənbələridir?! Görəsən, “Əd-durrul-mənsur” (Süyuti), “Təfsiri-Təbəri”, “Müstədrəki-Hakim” kitablarını şiə alimlərimi yazıblar?! Belə böyük yanlışlıqlar yalnız təəssübkeşlik üzündəndir. “Əl-mənar”ın müəllifi bir tərəfdən “istisnasız bütün rəvayətlərdə belə deyilir...” ifadəsini işlədir, digər tərəfdən isə məsələyə şübhə ilə yanaşır. Əgər “Səhihi-Müslim”, “Səhihi-Termizi”, “Müsnədi-Əhməd” və s. kitablarda şiələrin saxta hədisləri “təvatür” həddində nəql olunubsa, onda belə kitabları “səhih” və “mö’təbər” adlandırmaq, onun hətta bir hədisini belə qəbul etmək olarmı?! Həqiqətdə “Əl-mənar”ın müəllifi belə sözlərlə əhli-sünnənin bütün kitab və mənbələrini gözdən salır və onların mö’təbərliyini şübhə altına alır. Bəli, o, Əli (ə), Fatimeyi-Zəhra (ə.s) və onların övladlarının fəzilətini inkar etmək istəsə də, əksinə, əhli-sünnə məzhəbinə zərbə endirmişdir!
Burada təkcə bir şübhə qalır ki, o da ayədəki cəm ifadələrlə bağlıdır. Biz bu haqda sonra geniş söz açacağıq.
***
Dostları ilə paylaş: |