10-11-“ƏHZAB” SURƏSİNİN AYƏLƏRİ
Bir qrup təfsir aliminin fikrincə, “Əhzab” surəsinin bir neçə ayəsi imam Əli (ə) və onun misilsiz fədakarlığı haqda nazil olmuşdur. Bu surənin 23-cü ayəsində buyurulur:
مِنَ الْمُؤْمِنِينَ رِجَالٌ صَدَقُوا مَا عَاهَدُوا اللَّهَ عَلَيْهِ فَمِنْهُم مَّن قَضَى نَحْبَهُ وَمِنْهُم مَّن يَنتَظِرُ وَمَا بَدَّلُوا تَبْدِيلًا
“Mö’minlərdən bə’ziləri Allahla əhdlərinə sadiqdirlər. Onlardan kimisi öz əhdini sona çatdırmış (və bu yolda şəhid olmuş), kimisi də intizardadır. Onlar (əhd-peymanlarını, verdikləri sözü) əsla dəyişməzlər.”
Bu surənin 25-ci ayəsində buyurulur:
وَرَدَّ اللَّهُ الَّذِينَ كَفَرُوا بِغَيْظِهِمْ لَمْ يَنَالُوا خَيْرًا وَكَفَى اللَّهُ الْمُؤْمِنِينَ الْقِتَالَ وَكَانَ اللَّهُ قَوِيًّا عَزِيزًا
“Allah kafirləri qəzəbli olduqları halda geri döndərdi. Onlar heç bir xeyir əldə edə bilmədilər. Döyüşdə Allah mö’minləri ehtiyacsız (və onlara qələbəni nəsib) etdi. Allah qüvvət və qüdrət sahibidir!”
Bildiyimiz kimi, İslamın ən mühüm müharibələrindən biri “Əhzab” (ordular) müharibəsidir. Adından bəlli olduğu kimi, bu müharibə bütün İslam düşmənlərinin müsəlmanların əleyhinə hərtərəfli mübarizə tədbiri idi. İslam dininin tərəqqisi ilə öz mənafelərinin təhlükəyə düşdüyünü görən bütün müxaliflər əl-ələ verib, İslama və İslam peyğəmbərinin (s) fəaliyyətlərinə son qoymaq, bununla da həmişəlik rahat olmaq istəyirdilər.“Əhzab” surəsinin 17 ayəsində bu müharibədən danışılır, onun incəlikləri, o cümlədən, müharibə zamanı müsəlmanların parçalanması açıqlanır. Bu müharibədə müsəlmanlar çox ağır və təhlükəli hadisələrlə üzləşdilər. Düşmənin sayının çox, İslam qoşununun isə azlığı, eləcə də, düşmənin hərtərəfli hazırlığı onları daha böyük çətinliklərə mə’ruz qoydu.
Qeyd etdiyimiz iki ayə də bu on yeddi ayələrdir. “Şəvahidut-tənzil” kitabında qeyd etdiyimiz birinci ayənin təfsirində silsilə sənədlə imam Əlinin (ə) belə buyurduğu nəql olunur: “Mö’minlərdən bə’ziləri Allahla əhdlərinə sadiqdirlər...” ayəsi bizim haqqımızda nazil olmuşdur. And olsun Allaha, şəhadət intizarında olan şəxs mənəm!”1
Yenə həmin kitabda Abdullah ibn Abbasdan belə nəql olunur: “Mö’minlərdən bə’ziləri Allahla əhdlərinə sadiqdirlər” – ayəsi Əli (ə), Həmzə və Cə’fər haqqında nazil olmuşdur. (Ayədə qeyd olunan) “Bə’zisi də intizardadır” cümləsi Allah yolunda şəhadət intizarı çəkən Əliyə (ə) işarədir. Allaha and olsun ki, şəhadət ona nəsib oldu!”2
Bu rəvayət İbn Həcərin “Əs-səvaiq”, İbn Səbbağ Malikinin “Füsulul-muhimmə” və Nişapurinin “Əl-kəşfu vəl-bəyan” kitablarında da nəql olunmuşdur.3
***
İkinci ayədə bu haqda söhbət daha genişdir. Bir çox hədis və təfsir alimlərinin yazdıqlarına görə, “Kəfəllahul-mu’mininəl-qital” (Döyüşdə Allah mö’minlərə qurtuluş verdi) ayəsi Əmr ibn Əbdəvudu məğlub etməklə kafirlərin kələyini kəsən imam Əliyə (ə) işarədir. Bunu nəql edən kəslərdən biri də Abdullah ibn Məs’uddur. Belə ki, o, bu ayəni oxuyarkən, onun təfsirində deyir: “Mö’minləri döyüş zamanı qoruyan şəxs Əli ibn Əbi Talib olmuşdur!” 4
Hakim Həskani bu məzmunda Abdullah ibn Məs’uddan bir neçə5 və İbn Abbasdan bir hədis nəql etmişdir: “Döyüşdə Allah mö’minlərə qurtuluş verdi (və onlara qələbəni nəsib etdi)” ayəsini oxuyarkən, buyurdu: “Allah-taala “Xəndək” günü Əli ibn Əbi Talib (ə) vasitəsilə Əmr ibn Əbdəvudu öldürüb mö’minləri (döyüşdən) xilas etdi.”1
Məşhur səhabə Hüzeyfədən imam Əlinin (ə) Əmr ibn Əbdəvudlə döyüşü və onu qətlə yetirməsi ilə bağlı uzun bir hədis nəql etdikdən sonra Peyğəmbərin (s) belə buyurduğunu yazır:
بَشِّرْ يا عَلِىُّ! فَلَوْ وُزِنَ الْيَوْمُ عَمَلُكَ بِعَمَلِ اُمَّةِ مُحَمَّدٍ (ص) لَرَجَحَ عَمَلُكَ بِعَمَلِهِمْ وَذالِكَ اَنَّهُ لَمْ يَبْقَ بَيْتٌ مِنْ بُيُوتِ الْمُسْلِمِينَ اِلاّ وَ قَدْ دَخَلَهُ عِزٌّ بِقَتْلِ عَمْرو:
“Ya Əli, sənə müjdə olsun! Əgər bu gün sənin bu işin Məhəmməd ümmətinin bütün əməlləri ilə müqayisə edilsə, sözsüz ki, sənin əməlin onların əməllərindən üstün olacaq. Çünki Əmr ibn Əbdəvudun ölümü ilə bütün müsəlman evlərinə izzət verildi.”2
O, bu rəvayəti İbn Həkimdən də nəql edir.
Süyuti “Əd-durrul-mənsur” kitabında İbn Əbi Hatəm, İbn Mərdəveyh, İbn Əsakir və İbn Məs’uddan nəql edir ki, Peyğəmbəri-əkrəm (s) həmin ayəni oxuyarkən (onun şərhində) belə buyururdu: “Allah-taala mö’minləri Əli ibn Əbi Talib vasitəsilə döyüşdən xilas etdi.”3
Bunu Əllamə Şeyx Süleyman Qunduzi də “Yənabiul-məvəddət” kitabında nəql etmişdir.4 Ayə ilə bağlı başqa rəvayətlər də nəql olunmuşdur. Kitabın həcmini nəzərə alaraq qeyd etdiklərimizlə kifayətlənirik. Diqqəti cəlb edən məsələ budur ki, “Əhzab” müharibəsində İslamın düşmənləri və müşriklərin atdıqları “sonuncu oxu” Əli (ə) Allahın əmrilə sındırır və döyüş müsəlmanların qələbəsilə sona çatır. Bəli, bu fəzilət Peyğəmbərin (s) ümməti içərisində imam Əlidən (ə) başqasına aid deyildir. İndi görək, Peyğəmbərin (s) canişinliyi bir əməli ilə bütün İslam ümmətinin əməllərindən üstün olan kəsə layiqdir, yoxsa başqalarına?!
Sual: Sual verilə bilər ki, “Əhzab” surəsinin 9-cu ayəsində bu müharibəyə işarə ilə buyurulur: “Ey iman gətirənlər! Ordular sizin üstünüzə gəldiyi zaman Allahın sizə olan ne’mətini yadınıza salın. O vaxt Biz onların üstünə külək və sizin görmədiyiniz qoşun göndərmişdik (ki, bununla da onları məhv etdik). Allah sizin nə etdiyinizi görürdü!”
Ayəyə əsasən, bu müharibədə düşmən ordusunun məğlubiyyət amillərindən biri onların üstünə əsən şiddətli külək və gözə görünməyən mələklərdən ibarət ilahi ordu olmuşdur. Belə isə necə deyə bilərik ki, müsəlmanların qələbəsinin səbəbi Əlidir (ə)?
Cavab: Bir müharibədə qələbənin müxtəlif amilləri ola bilər; təbii amil, hərbi amil, mə’nəvi amil və s. “Əhzab” müharibəsində də şübhəsiz, hər üç amil birləşərək, düşmənləri məğlub etdi. Onların ayrı-ayrılıqda tə’sirini inkar etmək olmaz. Düşmən ordusunun cəsur döyüşçüsü Əmr ibn Əbdəvud həm imam Əli (ə), həm külək, həm də mələklər vasitəsilə öldürüldü. Bu amillərin yanaşı tə’siri ilə nəhayətdə, müsəlmanlar qələbə qazandılar.
Dostları ilə paylaş: |