16-“MƏRƏCƏL-BƏHREYN” AYƏSİ
“Ər-rəhman” surəsinin 19-22-ci ayələrində buyurulur:
مَرَجَ الْبَحْرَيْنِ يَلْتَقِيَانِ بَيْنَهُمَا بَرْزَخٌ لَّا يَبْغِيَانِ فَبِأَيِّ آلَاء رَبِّكُمَا تُكَذِّبَانِ يَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ
“O, iki dənizi bir-birinə qovuşdurdu. Halbuki onların arasında maneə var və bir-birinə qarışmırlar. Belə olduqda, Rəbbinizin hansı ne’mətlərini danırsınız? O iki dənizdən inci və mərcan çıxır!”
Alimlərin bu ayələrin təfsirində çoxlu mübahisəli fikirləri var. Biz bu barədə “Təfsiri-nümunə” kitabında geniş söz açmışıq.
Bə’ziləri demişlər: “Ayədə qeyd olunan iki dənizdən məqsəd suları şirin və şor olan, eyni zamanda bir-birlərinə qarışmayan iki dənizdir. Dünyanın bir çox məntəqələrində bunu müşahidə etmək olar.
Diqqəti cəlb edən digər bir təfsirə görə, burada məqsəd dünya okeanının ekvator boyu isti sularını hər iki qütbə doğru yönəldən (Qolfştrem cərəyanı kimi) böyük axın və cərəyanlardır. Bə’zən onların rəngi də ətraf suların rəngindən fərqlənir. Hətta bə’zən onların eni 150 km, dərinliyi 100-200 metr olur. Gün ərzində saatda 160 km sür’ətlə hərəkət edir və istiliyi ətraf sulardan fərqlənərək, 10-15 dərəcəyə çatır. Belə isti su cərəyanları isti küləklər yaradır. O şimal istiqamətindəki məntəqə və ölkələrin havasını dəyişir, mülayimləşdirir. Əgər bu cərəyanlar baş verməsə həmin ölkələrdə həyat tərzi çətin və dözülməz olar.
Əlbəttə, bu iqlim hadisəsi dünyanın beş qitəsinin sularında müşahidə olunur. Bu prosesin əsas amili suyun ekvator xətti boyunca, hər iki qütbdə fərqliliyidir. (Bu barədə əlavə izahat istəyənlər “Təfsiri-nümunə” kitabının 23-cü cildinin 131-ci səhifəsinə müraciət etsinlər.)
Qur’an ayələrinin zahiri və batini mə’naları olduğundan, bə’zən ayələr həm zahiri, həm də batini baxımdan təfsir edilir. İslam rəvayətlərində bu “iki dəniz”in batini təfsiri Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), ayədə qeyd olunan inci və mərcan sözlərinin təfsiri isə Həsən və Hüseyndir (ə).
“Şəvahidut-tənzil” kitabında “O, iki dənizi bir-birinə qovuşdurdu” ayəsinin təfsirində Salman Farsidən nəql olunan rəvayətdə deyilir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhradır (ə.s). Sonra əlavə edərək Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu yazır: “O iki dənizdən inci və mərcan çıxır” ayəsindən məqsəd Həsən və Hüseyndir (ə).1 Bu məzmunda digər bir oxşar rəvayət İbn Abbas və Zəhhakdan nəql olunmuşdur.2 Yenə həmin kitabda Səid ibn Cübeyrdən, o da İbn Abbasdan belə nəql edilir ki, “O, iki dənizi bir-birinə qovuşdurdu” ifadəsində məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), “Onların arasında maneə vardır və bir-birinə qatışmırlar” ifadəsində məqsəd sonsuz və kəsilməyən əbədi məhəbbət, “O iki dənizdən inci və mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).3
Başqa bir hədisdə “Onların arasında maneə vardır və bir-birinə qarışmırlar” ayəsinin təfsirində İbn Abbasdan nəql olunan açıq-aydın bir rəvayətdə belə deyilir: “Əli (ə) ilə Fatimeyi-Zəhranın (ə.s) arasında elə sevgi və məhəbbət vardır ki, kin-küdurəti tamamilə uzaqlaşdırır.”1
Ayədə qeyd olunan “bərzəx” sözü lüğətdə iki şey arasındakı maneə mə’nasını daşıyır. Burada da məqsəd kin-küdurəti qovan dostluq və məhəbbətdir.
Süyuti “Əd-durrul-mənsur” kitabında bu ayənin zahiri mə’nası ilə bağlı rəvayətləri qeyd etdikdən sonra, öncə vurğuladığımız hədislərin batini mə’nası ilə bağlı İbn Abbasdan, o da Peyğəmbəri-əkrəmdən (s) nəql edərək yazır: “İbn Mərdəveyh “O, iki dənizi bir-birinə qovuşdurdu” ifadəsinin təfsirində İbn Abbasdan nəql edir ki, məqsəd Əli (ə) və Fatimeyi-Zəhra (ə.s), “O iki dənizdən inci və mərcan çıxır” ifadəsində isə məqsəd Həsən və Hüseyndir (ə).”2
O, bu rəvayəti Ənəs ibn Malikdən də nəql etmişdir.3
Məşhur təfsir alimi Alusi “Ruhul-məani” kitabında yuxarıdakı rəvayəti İbn Abbas və Əyas ibn Malikdən, eləcə də Təbərsinin vasitsilə Salman Farsi, Səid ibn Cübeyr və Süfyan Suridən nəql etdikdən sonra belə yazır: “Mənim nəzərimcə, bu rəvayətlər səhih və düzgün olsa da, bu ayənin təfsiri ilə heç bir əlaqəsi yoxdur. Üstəlik sufilərin bir çox ayələrlə bağlı yozumlarına bənzəyir. Əlbəttə, bizim nəzərimizcə, Əli və Fatimə elm və fəzilət baxımından dəryalardan da böyükdür. Həmçinin Həsən və Hüseyn inci və mərcandan daha gözəl, daha cəlbedicidir.”4
Həqiqətdə, onun Peyğəmbərin (s) Əhli-beytinə münasibətdə bu e’tirafı tə’rifəlayiqdir; bu şərtlə ki, qeyd etdiyimiz rəvayətləri dəyərdən salmaq məqsədi olmasın. Alusi guya unutmuşdur ki, bu hədis müxtəlif sənədlərlə Peyğəmbəri-əkrəmdən (s) nəql olunmuş və o həzrətin də ayələri yozmağa ixtiyarı var! Amma bunun sufilərin azğın fikirləri və sənədsiz yozumları ilə müqayisəsi zülm, haqsızlıqdır və belə bir alimin şə’nindən uzaqdır.
Ümumiyyətlə, bu ayə də imam Əli (ə), Fatimeyi-Zəhra (ə.s), Həsən (ə) və Hüseynin (ə) böyük fəzilətini sübuta yetirən ayələrdən biridir. Çünki Əli (ə) və Fatimeyi-Zəhra (ə.s) Alusinin yazdığı kimi, iki böyük dəryaya bənzəyirlər. Belə ki, onlar Allahın əzəmətli nişanələri, xeyir-bərəkət mənbəyi, elm və biliklərin başlanğıcı, ismət, paklıq, səxavət, əxlaq və s. göstəriciləridir. Alusi onların övladlarını elm və təqvada, fəzilət və paklıq baxımından dəryanın tayı-bərabəri olmayan, qiymətli, misilsiz ləl-cavahirinə bənzədir. Axı, İslamda kimin haqqında bu qədər fəzilət sadalanmışdır?! Peyğəmbərin (s) canişinliyinə Əli (ə) və onun övladlarından başqa kim layiq ola bilər?! Alimlər özlərinə bu qədər fəzilətlərə etinasızlıqla yanaşmağa necə icazə verirlər?!
Dostları ilə paylaş: |