“TƏBLİĞ” AYƏSİ ÜZƏRİNDƏ YENİ BİR TƏHLİL
Əgər biz “təbliğ” ayəsinin nazil olma səbəbi, eləcə də, “Qədir-Xum” barəsində nəql olunan bütün rəvayətləri nəzərə almayıb, elə bu və bundan sonrakı ayələrin mənasını diqqətlə nəzərdən keçirək, İslam peyğəmbərinin (s) canişinlik və xəlifəliyi ilə bağlı vəzifəmizi ayırd edə bilərik.
İzah: Bu ayə özü müxtəlif ifadələrlə üç mühüm məsələyə toxunur:
1. Ayədən məlum olur ki, bu məsələ İslam baxımından yüksək əhəmiyyətə malik olmuşdur. Hətta Allah tərəfindən Peyğəmbəri-əkrəmə (s) göstəriş verilmişdir ki, mütləq onu xalqa çatdırsın. Əgər çatdırmasa, vəzifəsini yerinə yetirməmiş olacaqdır! Başqa sözlə, bu məsələ peyğəmbərlik qədər ağır vəzifə imiş. Əgər elan edilməsəydi, sanki Peyğəmbərin (s) vəzifəsi yarımçıq qalacaqdı!
Məlum olduğu kimi, burada sadə bir şərt nəzərdə tutulmayıb. Əgər o pozulsa, Peyğəmbərin (s) risaləti şübhə altına düşür. Ayənin zahirindən göründüyü kimi, burada çox mühüm məsələnin qarşıya qoyulduğu və onun birbaşa peyğəmbərlik məqamı ilə əlaqələndiyi vurğulanmışdır.
2. Bu ilahi əmr sözsüz ki, namaz, oruc, həcc, cihad, zəkat və digər əməli vəzifələrlə bağlı deyildir. Çünki bu ayə “Maidə” surəsində yerləşir və İslam peyğəmbərinə (s) nazil olan sonuncu surədir (yaxud sonuncu surələrdən biridir). Yəni bu surə nazil olanda artıq İslamın əməli vəzifələrilə əlaqədar bütün məsələləri bəyan edilmişdi.1
3. Ayənin ifadələri göstərir ki, elan olunacaq xəbər bəzilərinin sərt mövqeyi ilə qarşılanacaq və bu işdə Peyğəmbərin (s) həyatı təhlükəyə düşəcəkdir. Lakin Allah-taala o həzrətə qarşı xüsusi himayəsini bildirərək buyurur: “Allah səni xalqdan (onların ehtimal verilən təhlükələrindən) qoruyacaq!”
Ayənin sonunda daha təkidlə buyurur: “Allah kafir cəmiyyəti hidayət etməz!”
Bu ifadə qəti şəkildə bir qrup müxaliflərin əks mövqe tutacaqlarını göstərir.
Ayədən açıq-aşkar görünən bu üç məsələni nəzərə alsaq, o zaman Peyğəmbərə (s) xilafət və canişinliklə əlaqədar vəhyin nazil olduğunu başa düşərik. Bəli, Peyğəmbəri-əkrəmin (s) ömrünün axırlarında ümmətə çatdıracağı son mühüm məsələ İslamın o vaxta qədər bəyan edilməyən əməli vəzifələri deyil, yalnız xəlifəliklə bağlı məsələ ola bilərdi. Çünki Peyğəmbərin (s) risalət və peyğəmbərliyi qədər mühüm olan və müxaliflərin sərt mövqe tutacaqlarına və o həzrətin canının təhlükəyə düşəcəyi ehtimal verilən məsələ məhz budur! Əgər “təbliğ” ayəsini imamət, vilayət və xilafət məsələsindən başqa bir yönə təfsir etsək, ayənin məqsədinə qətiyyən uyğunlaşmayacaq.
Əhli-sünnənin təfsir alimlərinin bu ayənin mənası ilə bağlı fikir və nəzərlərinin heç biri deyilən təkidlərlə əsla uyğunlaşmır və həqiqətdə ayəni təfsir etməkdə “acizdirlər” (çünki imamət və vilayətə etiqadlı deyillər).
***
ŞƏRHLƏR 1-“QƏDİR-XUM” HƏDİSİNDƏKİ “MÖVLA” SÖZÜNÜN TƏFSİRİ
Biz “təvatür” həddində olan “Qədir-Xum” hədisini qısa şəkildə bəyan etdik. Peyğəmbərin (s) bu hədisdə buyurduğu “Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır” kəlamı çox həqiqətləri aydınlaşdırır.
Əhli-sünnə alimlərinin bir çoxu “mövla” sözünü “dost” mənasına təfsir etməyə çalışsalar da1, müxtəlif dəlillər göstərir ki, hədisdə bəyan olunan “mövla” sözü “vəli”, “başçı” və “rəhbər” mənasını ifadə edir. Bu dəlillərin bir qismini nəzərdən keçirək:
1. O zaman imam Əlinin (ə) bütün möminlərlə dostluq məsələsi elə də gizli və üstüörtülü bir məslə deyildi ki, bu qədər təkidə ehtiyac olsun. Əgər məqsəd Əlini sevməkdirsə, onda o böyük karvanın quru və yandırıcı bir səhrada dayandırılıb, Peyğəmbərin (s) uzun bir xütbə oxumasına və camaatdan ardıcıl etiraf istəməsinə nə ehtiyac var idi?! Həm də Quranda açıq-aşkar buyurulur ki, möminlər bir-birlərilə qardaşdır.1 Həmçinin başqa bir ayədə buyurulur: “Mömin kişilər və mömin qadınlar bir-birinin dostudur!” 2
Bir sözlə, İslamda qardaşlıq və müsəlmanların bir-birilə dostluğu bu dinin aydın məsələlərindəndir. Bu İslamın ilk çağlarından olmuş, Peyğəmbər (s) də dəfələrlə bunu təkid etmişdir. Bundan əlavə, dostluq və qardaşlıq elə məsələlərdən deyil ki, Peyğəmbərin (s) onu bəyan etməsilə canı təhlükəyə düşsün.
2. Peyğəmbəri-əkrəmin (s) buyurduğu “Ələstu ovla bikum min ənfusikum” (Mən sizə özünüzdən daha artıq ixtiyar sahibi deyiləmmi?) sualı əksər rəvayətlərdə nəql olunmuşdur və bu sadə bir dostluğu bəyan etməklə əsla uyğunlaşmır. Əksinə o həzrət bununla demək istəyirdi ki, mənimlə Əlinin (ə) sizin üzərinizdə olan ləyaqət, ixtiyar və rəhbərliyimiz eynidir. Burada bundan başqa bir təfsir yürütmək insafsızlıq və həqiqətdən uzaqdır.
3. Bu tarixi hadisədə camaat, xüsusilə Əbu Bəkr və Ömər tərəfindən Əliyə (ə) deyilən təbriklər həzrətin xilafət məqamına nail olmasını bir daha təsdiqləyir. Çünki ümumi şəkildə bütün müsəlmanlara dostluq məsələsinin elan olunmasında təbrikə ehtiyac duyulmur. Əhmədin “Müsnəd” kitabında yazılır: “Ömər, Peyğəmbərin (s) bəyanatından sonra Əliyə dedi:
هَنِيئاً يَابْنَ اَبِيطالِبٍ اَصْبَحْتَ وَاَمْسَيْتَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə, ey Əbu Talibin oğlu! Sən hər bir mömin kişi və qadının mövlası oldun.”3
Fəxri-Razinin “təbliğ” ayəsinin təfsirində yazdığı ifadə də belədir: “Ömər dedi:
هَنِيئاً لَكَ اَصْبَحْتَ مَوْلاىَ وَ مَوْلى كُلِّ مُؤمِنٍ وَ مُؤمِنَةِ:
“Afərin sənə! Sən mənim və bütün mömin kişi və qadınların mövlası oldun!”
Beləliklə, Ömər onu özünün və bütün möminlərin mövlası hesab etdi.”
“Tarixi-Bağdad” kitabında Ömərin belə dediyi nəql olunur: “Afərin, afərin olsun sənə, ey Əbu Talibin oğlu! Sən mənim və bütün müsəlmanların mövlası oldun.”1
“Feyzül-qədir” və “Əs-səvaiq” kitablarında da yazılır ki, bu təbriki Əliyə (ə) həm Əbu Bəkr, həm də Ömər demişdir.2
Aydındır ki, möminlər arasındakı sadə dostluğun bəyanı üçün böyük bir mərasim qurulmasına ehtiyac yoxdur. Deməli, hədisdəki “vilayət” sözü xilafətdən başqa bir məna daşıya bilməz.
4. Öncə qeyd etdiyimiz Həssan ibn Sabitin aydın ifadələrlə zəngin şeri bizim müddəamıza canlı bir şahiddir.
***
Dostları ilə paylaş: |