21-“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“Məhəmməd” (s) surəsinin 30-cu ayəsində buyurulur:
وَلَوْ نَشَاء لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُم بِسِيمَاهُمْ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ
“Əgər Biz istəsəydik, onları (münafiqləri) mütləq sənə göstərərdik, sən də onları mütləq tanıyardın. Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!”
Bu ayədə isə düşmənçiliyə işarə olunur. Allah-taala münafiqlər və onların nişanələri haqda söz açaraq buyurur: “Əgər Biz istəsək, onları sənə göstərər, hətta onların çöhrələrinə əlamət və nişanə qoyarıq. Bununla da bir baxışla onları tanıyarsan.” Sonra əlavə edərək buyurur: “Sən onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan!” Çünki hər vaxt cihad və müharibədən söz düşəndə, onlar bu işdən boyun qaçırmağa və camaatı ruhdan salmağa cəhd göstərəcək, yaxşı və pak insanlardan söz düşdükdə isə onları ləkələməyə çalışacaqlar.
Əbu Səid Xudridən nəql olunan məşhur bir hədisdə “Onsuz da onları danışıq tərzlərindən tanıyacaqsan” cümləsinin təfsiri ilə bağlı belə deyilir: “Onlar Əli ibn Əbi Talibə olan kin-küdurət və ədavətləri ilə tanınarlar.”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında bu hədisi üç sənədlə, Süyuti isə “Əd-durrul-mənsur” təfsirində İbn Mərdəveyh və İbn Əsakirdən (onlar da Əbu Səid Xudridən) nəql etmişlər.1
Süyuti İbn Abbasdan başqa bir rəvayət nəql edir: “Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri yalnız Əli ibn Əbi Talibə (ə) kin-küdurət və ədavətləri ilə tanıyırdıq!”2
Bu hədisi nəql edən ravilər və kitablar yuxarıdakılarla bitmir. Onu Cabir ibn Abdullah Ənsari və Əbuzər Qifari də nəql etmişdir.
İbn Əbdül-Bir “İstiyab” kitabında Cabir ibn Abdullah Ənsaridən, Muhibbuddin Təbəri isə “Ər-riyazun-nuzrə” kitabında Əbuzər Qifaridən belə nəql etmişdir: “Biz Peyğəmbəri-əkrəmin (s) dövründə münafiqləri ancaq üç yolla tanıyırdıq: Allahı və Peyğəmbəri (s) təkzib etdikdə, namazdan (camaat namazından) boyun qaçırdıqda və Əli ibn Əbi Talibə (ə) ədavət bəslədikdə.”2
Əhli-sünnənin birinci dərəcəli mənbələrindən sayılan Termizinin “Səhih” kitabında da bu hədis iki sənədlə Əbu Səid Xidri və Ümmü Sələmədən nəql olunmuşdur. (Ümmü Sələmənin hədisinin yuxarıdakı hədislə azacıq fərqi var.)3
İbn Əsakir “Tarixud-Dəməşq” kitabında Əbu Səid Xudridən, Cabir ibn Abdullah Ənsaridən, İbadət ibn Samitdən və Məhbub ibn Əbiz-Zənaddan bu məzmunda və buna oxşar bir neçə hədis nəql etmişdir.4
İbadət ibn Samitin rəvayətində belə deyilir: “Biz övladlarımızı Əli ibn Əbi Talibin (s) məhəbbəti ilə tanıyırıq. Kimin Əli ibn Əbi Talibi (ə) sevmədiyini görsək, bilirik ki, bizdən deyil!”
Məhbub ibn Əbiz-Zənadın hədisində ənsarın dili ilə deyilir: “Nə vaxt bir kəs Əli ibn Əbi Talibə (ə) qarşı kin-küdurət və ədavət göstərsəydi, başa düşürdük ki, o, öz atasının oğlu deyil!”5
Bu məzmunda rəvayətlər çoxdur və bəhsimizi Peyğəmbəri-əkrəmin (s) buyurduğu bir hədislə sona yetiririk. Peyğəmbəri-əkrəm “Xeybər” günü imam Əli (ə) haqqında geniş söhbəti əsnasında belə buyurmuşdur:
يا اَيُّهَا النّاسُ اِمْتَحِنُوا اَوْلادَكُمْ بِحُبِّهِ، فَاِنَّ عَلِيّاً لا يَدْعُو اِلى ضَلالَةٍ وَلا يُبْعِدُ عَنْ هُدىً، فَمَنْ اَحَبَّهُ فَهُوَ مِنْكُمْ وَمَنْ اَبْغَضَهُ فَلَيْسَ مِنْكُم!:
“Ey camaat! Övladlarınızı Əli məhəbbəti ilə sınaqdan keçirin. Həqiqətən, Əli (heç kimi) azğınlığa dəvət etməz və hidayətdən uzaqlaşdırmaz. Onu sevən sizdəndir, ona kin-küdurət və ədavət bəsləyən isə sizdən deyil!”1
Bu rəvayətləri diqqətlə araşdırdıqda, elə bir şəxsiyyətlə üzləşirik ki, ona eşq və məhəbbət iman, onunla ədavət küfr və münafiqlik nişanəsidir. Bu rəvayətlər imam Əlinin (ə) tərəfdarlarına ağır işkəncələr verən, düşmənlərini isə vəzifə kürsüsündə əyləşdirən “əməvilər” kimi azğın sülaləni ötüb-keçmiş, həmin dövrün insanlarının dilində dolanmışdır. Hətta ümumi məclislərdə o həzrəti söymək və lənətləmək vəzifəyə çatmaq üçün bir vasitə sayılırdı. Doğrudan da, dünyanın şərqini qərbini bürüyən, tarix, təfsir və hədis kitablarında tez-tez xatırlanan fəzilətlərin inadkar düşmənlərin nəzarətindən yayınıb, bu gün bizim əlimizə çatması təəccüblüdür. Bu bütün əsrlərdə haqq nurunun qorunmasının Əli ibn Əbi Talibin (ə) imamət və xilafətinin bütün nəsillərə çatdırılmasının yalnız ilahi yardımlarla mümkün olduğunu göstərir!
22-“İYZA” (ƏZİYYƏT) AYƏSİ
“Əhzab” surəsinin 57-ci ayəsində buyurulur:
إِنَّ الَّذِينَ يُؤْذُونَ اللَّهَ وَرَسُولَهُ لَعَنَهُمُ اللَّهُ فِي الدُّنْيَا وَالْآخِرَةِ وَأَعَدَّ لَهُمْ عَذَابًا مُّهِينًا
“Həqiqətən, Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lənətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!”
Məlum olduğu kimi, kimsə Allah-taalanın müqəddəs və pak zatına zərər yetirə bilməz. Demək, “Allaha əziyyət vermək” dedikdə təfsir alimlərinin qeyd etdikləri kimi Allahın qəzəbinə səbəb olan küfr və dinsizlik nəzərdə tutulur. Beləcə Peyğəmbəri (s) və möminləri incidən kəslərin cəzalanacağı xatırlanır və onları incidən kəs, şübhəsiz, Allahı incitmiş olur.
Ayənin təfsirində əhli-sünnə və Əhli-beyt (ə) ardıcılları vasitəsilə nəql olunan rəvayətlərdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu oxuyuruq: “Ya Əli! Hər kəs səni incitsə, şübhəsiz, məni incitmişdir!”
Hakim Həskani “Şəvahidut-tənzil” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu: “Səni incidən kəs, şübhəsiz, məni incitmişdir!”1
Başqa bir hədisdə İbn Əbi Sələmə, Ümmü Sələmədən Peyğəmbəri-əkrəmin (s) belə buyurduğunu nəql edir: “Peyğəmbəri-əkrəmdən (s) eşitdim ki, Əliyə (s) belə buyurdu:
اَنْتَ اَخِى وَ حَبِيبِى، مَنْ آذاكَ فَقَدْ آذانِى:
“Sən mənim qardaşım və həbibimsən. Sənə əziyyət verən, şübhəsiz, mənə əziyyət vermişdir!”2
Sonra müəllif yazır: “Bu hədis Ömər, Səd ibn Əbi Vəqqas, Əbu Hüreyrə, İbn Abbas və Əbu Səid Xidri kimi səhabələrdən də nəql olunmuşdur.”3
Başqa bir hədisdə isə Əli ibn Əbi Talibdən (ə) belə nəql edilir: “Allahın Peyğəmbəri (s) öz tükündən tutub, mənə belə buyurdu:
مَنْ آذى شَعْرَةً مِنْكَ فَقَدْ آذانِى ومَنْ آذانِى فَقَدْ آذَى اللهَ فَعَلَيْهِ لَعنَة الله:
“Hər kəs sənin bir tükünü incitsə, məni incitmişdir. Hər kəs məni incitsə, şübhəsiz, Allahı incitmişdir. Hər kəs Allahı incitsə, ona Allahın lənəti olsun!”4
Qeyd edilən hədislərdə imam Əlini (ə) incitmək, Peyğəmbəri (s) incitmək sayılsa da, bu ayəyə istinad edilməmişdir. Halbuki bəzi rəvayətlərdə bu istinadı açıq-aydın görmək olar. Məsələn, Hakim Nişapurinin “Müstədrəküs-səhiheyn” kitabında İbn Abbasdan nəql olunan səhih və mötəbər hədisdə belə deyilir: “Şam əhlindən bir kişi Əlini (ə) söydükdə, İbn Abbas ona dedi: “Ey Allahın düşməni! Sən bu sözünlə Allahın Peyğəmbərini incitdin və ona əziyyət verdin. (Çünki Qurani-kərimdə buyurulur:) “Allaha və Onun Peyğəmbərinə əziyyət verənləri Allah dünya və axirətdə lənətləmiş (Öz rəhmətindən uzaqlaşdırmış) və onlar üçün alçaldıcı bir əzab hazırlamışdır!” Əgər Peyğəmbəri-əkrəm (s) sağ olsaydı, indi onu incitmiş olardın!”1
Zəhəbi bu hədisi “Təlxisul-müstədrək” kitabında nəql etmiş və onun doğru olduğunu vurğulamışdır.2
Süyuti də “Əd-durrul-mənsur” kitabında İbn Abbasın bu ayəyə istinadən nəql etdiyi hədisi qeydə almışdır.3
Həmçinin “Müstədrəküs-səhiheyn” kitabında Əmr ibn Şasdan ətraflı bir hədis nəql olunmuşdur. Onun bir qismi belədir: “Mən Peyğəmbərin (s) məscidində Əlinin (ə) Yəmən səfərində mənimlə rəftarına görə gileyləndim. Bu söz Peyğəmbərə (s) çatdı. Sübh vaxtı Peyğəmbər (s) bir qrup səhabə ilə məscidə daxil olanda mənə qaş-qabaqla baxıb buyurdu: “Ey Əmr! Allaha and olsun ki, məni incitdin.” Mən dedim: “Ya Peyğəmbər (s)! Allaha pənah aparıram, bu nə sözdür?” Peyğəmbər (s) buyurdu:
مَنْ آذى عَلِيّاً فَقَدْ آذانِى:
“Əlini incidən məni incitmişdir!”
Hakim Nişapuri bu hədisi nəql etdikdən sonra onun səhih və mötəbər olduğunu yazır.4
“Təlxisu tarixid-Dəməşq” kitabının müəllifi də bu hədisi başqa hədislərlə yanaşı Cabir ibn Abdullah Ənsaridən, Səd ibn Əbi Vəqqasdan və Əmr ibn Şasdan nəql etmişdir.
Bütün bunlar göstərir ki, Əliyə (ə) əziyyət vermək Peyğəmbərə (s) əziyyət verməklə eynidir.5 Əhli-sünnə alimlərinin düzgün saydıqları çox saylı hədislərə əsasən, Əli (ə) Peyğəmbərin (s) canı kimidir və ona məhəbbət eynilə Peyğəmbərə (s) məhəbbətdir, onu incitmək eynilə Peyğəmbəri (s) incitməkdir. Bundan sonra görəsən, İslam ümmətində imam Əlinin (ə) Peyğəmbəri-əkrəmdən (s) sonra ən fəzilətli, imamət, vilayət və xilafət məqamına ən layiqli şəxs olmasına şübhə qalırmı?!
Dostları ilə paylaş: |