“VİLAYƏT” AYƏSİNİN XİLAFƏTƏ DƏLALƏTİ
Bu ayədə gələn “vəli” sözü imam Əlinin (ə) müsəlmanların vəlisi və rəhbəri olmasını açıqlayır. Öncə işarə etdiyimiz kimi, “vəli” sözünün müxtəlif mənaları vardır ki, bəzən dost, bəzən hakim və rəhbər mənasında işlədilir. Rağib İsfahaninin yazdığına görə, bu sözün ilkin mənası aralarında heç bir fasilə olmayan iki şeyin sıx rabitəsini bildirir. Sonra əlavə edərək yazır: “Vilayət” dostluq və kömək, “vəlayət” isə rəhbər və ixtiyar sahibi mənasını ifadə edir.”2
Ayədə mövcud olan dəlillər göstərir ki, burada “vəli” rəhbər və ixtiyar sahibi mənasındadır. Çünki burada “vəli” dost və yardımçı mənası kimi işlənsə, onda bütün möminlərə aid olacaq. Necə ki, “Tövbə” surəsinin 71-ci ayəsində belə buyurulur:
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ
“Mömin kişilər və qadınlar bir-birlərinin dostlarıdır...”
Lakin bəhs etdiyimiz ayədəki vilayət sözü xüsusi hala, rüku halında sədəqə verən şəxsə aid edilmiş və inhisar bildirən “innəma” (yalnız və yalnız) sözü ilə birgə qeyd olunmuşdur. Bu ifadə isə vilayət sözünün dostluq və yardım kimi (eləcə də buna oxşar digər) mənalar daşımasına imkan verir. Beləliklə, yeganə yol odur ki, “vəli” sözünün ixtiyar sahibi və rəhbər mənasını, Allahın və Peyğəmbərin (s) vilayəti ilə yanaşı tutulan cəhətini qəbul edək.
Sonrakı ayə (ayənin davamı):
وَمَن يَتَوَلَّ اللّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُواْ فَإِنَّ حِزْبَ اللّهِ هُمُ الْغَالِبُونَ
“Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə vəli seçsə, (qələbə çalar). Şübhəsiz ki, Allahın dəstəsi məhz qələbə çalanlardır!”
Həqiqətdə, bu ayə qabaqkı ayənin məzmununu tam dolğun ifadə edir. Bizi ondakı vilayət sözünün ixtiyar sahibi və rəhbər mənasında olmasını göstərən daha bir dəlillə qarşılaşdırır. Belə ki, “hizbullah” (Allahın dəstəsi) və “düşmənlərə qələbə çalma” ifadələri sadə və adi dostluqla deyil, İslam hökumətinin təşkili ilə əlaqədardır. Bu da göstərir ki, əvvəlki ayədə qeyd olunan “vəli” sözü müsəlmanların rəhbəri mənası ilə uyğundur. Hətta “hizb” (dəstə) sözünün müştərək hədəfləri təmin edən ictimai quruluşa aid olması vilayət və rəhbərliklə daha münasibdir.
***
İRADLAR VƏ BƏHANƏLƏR
Gördüyünüz kimi, bu ayə çox aydın surətdə imamət və xilafəti nəzərdə tutur. Əgər bu ayə başqaları barədə nazil olsaydı, bəlkə də onun haqqında kiçik mübahisəyə belə yol verilməzdi! Lakin o, imam Əli (ə) haqda nazil olduğundan və digər firqələrin əqidələri ilə uyğun gəlmədiyindən çoxları israrla hər cür irad və bəhanə fikrinə düşmüşlər.
Bu iradları iki qismə bölmək olar. Bir qism zahirən elmi yönə malik olduğundan cavabı elmi olmalı, digər bir qism isə bəhanəyönlü olduğundan qısaca cavablandırılmalıdır:
1. Birinci qismə aid ilk irad budur ki, ayədəki “iman gətirənlər”, “namaz qılanlar”, “zəkat verənlər” və “rüku halında olanlar” ifadələri cəm formada işlədilmiş və buyurulmuşdur ki, bu xüsusiyyətlərə malik olanlar sizin rəhbərlərinizdir. Belə isə Əli (ə) bir nəfər olduğu halda, cəm formada işlənmiş ifadələr ona necə aid ola bilər?
Cavab: Həm şiə, həm də sünnilərin kitablarında “müstəfiz”, hətta “mütəvatir” şəkildə nəql olunan rəvayətlərdə ayənin nazil olma səbəbinə diqqət yetirdikdə, onun bir fərdə aid olduğuna heç bir şübhə qalmır. Başqa sözlə, hədislər və İslam tarixi şahiddir ki, rüku halında yoxsula üzüyünü sədəqə verən bir qrup yox, yalnız Əli (ə) olmuşdur. Buna əsasən, deyə bilərik ki, ayədəki ifadələrin cəm formada işlədilməsində məqsəd ehtiram və həmin şəxsin məqamını yüksəltməkdir. Çünki ərəb ədəbiyyatında cəm formada işlədilən sözdən bir nəfər nəzərdə tutulduğuna çox rast gəlinir. Məsələn, “mübahilə” ayəsində “nisaəna” (qadınlar) sözü cəm formada işlədilsə də, onun nazil olma səbəbini nəql edən rəvayətlərə əsasən, məqsəd, təkcə Fatimeyi-Zəhradır (ə.s). Eləcə də, həmin ayədə qeyd olunan “ənfusəna” (özlərimiz) sözünün cəm formasında işləndiyi halda, bütün alimlər qəbul edirlər ki, mübahilədə İslam peyğəmbərindən başqa camaatın arasından yalnız Əli (ə) iştirak etmişdir.
“Həmraul-əsəd” müharibəsi ilə bağlı nazil olan ayədə də belə buyurulur:
الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُواْ لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَاناً
“...O kəslər ki, camaat onlara dedilər: “(Düşmən ordusundan) bir qrup sizə hücum etmək üçün əlbir olmuşlar. Onlardan qorxun. Lakin onlar (nəinki qorxmadılar, hətta) imanları daha da artdı.”1
Bu ayədə xəbər verən kəsin cəm formada “nas” (camaat, insanlar) sözü ilə qeyd olunmasına baxmayaraq, tarixdə göstərildiyi kimi, o, yalnız Nəim ibn Məsud olmuşdur.
“Maidə” surəsinin 52-ci ayəsində buyurulur:
فَتَرَى الَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٌ يُسَارِعُونَ فِيهِمْ يَقُولُونَ نَخْشَى أَن تُصِيبَنَا دَآئِرَةٌ
“Ürəklərində xəstəlik (nifaq) olanları, onlarla (yəhudi və məsihilərlə) dostluq etməkdə bir-birini ötənləri və “Bizə bir fəlakət üz verməsindən (və onların köməyinə möhtac olacağımızdan) qorxuruq” deyənləri görərsən.” Bu ayə də təkcə Abdullah ibn Übeyy haqqında nazil olsa da, onun ifadələri cəm formasında işlədilmişdir.
“Mümtəhinə” surəsinin 1-ci ayəsindəki xitab ümumi olsa da, Hatib ibn Übeyy Bəltəə haqqında nazil olmuş, “Münafiqun” surəsinin 8-ci ayəsinin şəxs əvəzliyi cəm formasında işlənsə də, məqsəd Abdullah ibn Übeyydir. Bir çox hədislərə əsasən, “Bəqərə” surəsinin 274-cü ayəsi imam Əlinin (ə) haqqında nazil olmuş, onun bütün şəxs əvəzlikləri isə cəm formasında gəlmişdir. “Bəqərə” surəsinin “(Ya Məhəmməd!) Səndən Allah yolunda nə verəcəkləri haqqında soruşanlara söylə...”1 ayəsindəki əvəzlik cəm formasında olsa da, soruşan şəxs yalnız Əmr ibn Cümuh olmuşdur.2
Görəsən, bu ayələrdə məqsəd bir nəfər olduğu halda, onun əvəzlikləri nə üçün cəm formada işlənmişdir? Ola bilsin ki, səbəb nəzərdə tutulan şəxsə hörmət, bəzən də başqalarının həmin şəxslə bir fikirdə olmasıdır. Ayələrə diqqət yetirdikdə, bunu (ehtiram və ya eyni fikirdə olma) bir-birindən ayırd etmək olar. Bundan əlavə, Qurani-kərimin əksər ayələrində Allah-taala Özü haqda söz açdıqda, əvəzlikləri cəm formasında işlədir. Halbuki Onun müqəddəs zatı tək və misilsiz, hər cəhətdən “əhəd” və “vahid”dir. Bunun cavabında deyə bilərik ki, böyük bir şəxsin idarəçiliyi və işlərini yerinə yetirməkdə ona tabe olan məmurları var. Bu da səbəb olur ki, o, fərd olduğu halda, əvəzlikləri cəm formasında işlətsin. Başqa sözlə, ayələrdəki bu cəm ifadələr Onun uca məqamını və böyüklüyünü göstərir.
2. Şübhəsiz, Əli (ə) Peyğəmbərin (s) dövründə müsəlmanların vilayət və rəhbərliyi məqamına malik deyildi. Belə isə, bu ayəni ona aid etmək olarmı?
Bu iradın da cavabı aydındır. Gündəlik danışıq və ifadələrdə dəfələrlə müşahidə edirik ki, müəyyən bir şəxs vəzifə və məqama seçilsə, yaxud namizəd olsa da, hələ rəsmi olaraq həmin vəzifəni idarə etmir. Məsələn, bir kəs bir nəfəri öz yerinə canişin seçir və özü hələ yaşasa da, “filankəs onun vəsisi və canişinidir” deyilir.
Peyğəmbəri-əkrəmin (s) həyatında imam Əliyə (ə) xəlifə və canişin adını vermək elə də anlaşılmaz deyil. Həzrət həyatda ikən imam Əlini (ə) Allahın əmrilə öz yerinə təyin etmişdir. Əlinin (ə) xəlifəliyi Peyğəmbərin (s) vəfatından sonra qüvvəyə minmişdir.
Biz buna oxşar halı “Məryəm” surəsinin 5-ci ayəsində də müşahidə edirik. Belə ki, həzrət Zəkəriyya (ə) Allahdan belə bir hacət istəyir:
فَهَبْ لِي مِن لَّدُنكَ وَلِيًّا
“İlahi! Mənə bir vəli və canişin bağışla (seç)!” Allah-taala da onun duasını qəbul edərək, Yəhyanı ona əta edir. Şübhəsiz, Yəhya, Zəkəriyyanın həyatında canişin, vəli və varis olsa da, onun vəfatından sonra bu məqamı əlinə almışdır.
Bunun oxşarı “Yovmul-inzar” əhvalatında da (Peyğəmbər (s) öz yaxınlarını bir yerə yığaraq, ilk dəfə onları İslama dəvət etdiyi gün) baş vermişdir. Həm şiə, həm də əhli-sünnə tarixçilərinin və hədis alimlərinin yazdıqlarına görə, Peyğəmbər (s) həmin gün Əliyə (ə) işarə edərək buyurdu:
اِنَّ هذا اَخِى وَوَصِىِّ وَخَلِيفَتى فِيكُمْ فَاسْمَعُوا لَهُ وَاَطِيعُوهُ:
“Bu, sizin aranızda mənim qardaşım, vəsim və xəlifəmdir. Onun sözünü eşidin və əmrinə itaət edin!”1
Peyğəmbəri-əkrəmin (s) həyatda belə buyuruqları heç bir iradla üzləşmədiyi halda, Qurani-kərimin də ayələri belə iradlardan uzaqdır.
İkinci qism iradlar (bəhanələr) çox olduğundan, onların bəzilərini qeyd edirik:
1. Bəs, siz deyirsiniz ki, “Əli (ə) dünya malından heç bir şey yığmamışdır. Bəs nə üçün boynunda vacib zəkat olsun? Əgər məqsəd müstəhəb sədəqədirsə, ona zəkat deyilmir.
Cavab: Qurani-kərimin bir çox ayələrində müstəhəb sədəqəyə zəkat adı verilmişdir. Hətta “məkki” surələrinin çoxunda zəkatdan söz açılır ki, məqsəd müstəhəb sədəqədir. Çünki zəkat Peyğəmbərin (s) Mədinəyə hicrətindən sonra vacib edilmişdir. Bu məsələ “Nəml” surəsinin 3-cü, “Hud” surəsinin 39-cu, “Loğman” surəsinin 4-cü, “Fussilət” surəsinin 7-ci ayələrində açıqlanmış və bu surələr Məkkədə nazil olsa da, onlarda müstəhəb zəkat nəzərdə tutulmuşdur. Bundan əlavə, imam Əli (ə) dünya malından özü üçün bir şey yığmasa da, müharibə qənimətlərindən pay alırdı. Şübhəsiz, öz zəhməti ilə də qazanc kəsb edirdi və yoxsula verdiyi çox da bahalı olmayan gümüş üzüyün bu yolla əldə edilməsi çətin bir iş deyildir. Bəziləri Həzrətin gümüş üzüyünün qiymətini şişirtsə də, bu düz deyildir.
2. Fikrin yoxsula doğru yayılması ilə namazda qəlbin hazırlığının və ilahi münacata qərq olmağın nə qədər reallığı var? Halbuki onlar (şiələr) deyirlər: “Namaz halında imam Əlinin (ə) ayağından oxu çıxartsalar da, o həzrət əsla bunu hiss etməmişdir! Belə isə namaz halında yoxsul bir şəxsin fikrində olmasını necə izah edirlər?
Cavab: Bu iradın sahibi bilməlidir ki, yoxsulun səsini eşitmək, kiməsə yardım etmək Allahdan qeyrisinin, özünün və dünya malının fikrində olmaq deyil, əksinə bu özü də bir növ ibadət və Allaha boyun əyməkdir.
Yoxsulların istək və səsləri qarşısında imam Əli (ə) kimi böyük şəxsiyyətin pak qəlbi həmişə həssas idi və həmişə onların səsinə cavab verirdi. O, bu işlə ibadəti ibadətə qoşur, namaz halında zəkat verməklə yalnız Allahın əmrlərini yerinə yetirirdi.
Doğrusu, bu irad Qurani-kərimə irad sayılır. Çünki Allah-taala bu ayədə rükuda zəkat verməyi tərifləyir, onu böyük adla yad edir. Əgər bu əməl qəflət və Allahdan yayınmaq sayılsaydı, onda yüksək və bəyənilmiş bir sifət kimi yad edilməzdi? Biz isə tamamilə bunun əksini görürük. Belə bir irad tutan təəssübkeşlər imam Əlinin (ə) fəzilətini inkar etmək istəsələr də, həqiqətdə Allaha irad tutmuşlar.
Fəxri-Razi yazır: “Əliyə (ə) yaraşan iş Allahın zikri ilə məşğul olmaqdır. Belə kəs isə başqasının sözünü eşidib başa düşə bilməz.” (Beləliklə, yoxsulun istəyini yerinə yetirmək namazın qaydaları ilə ziddir!)1
Fəxri-Raziyə sual oluna bilər ki, əgər bu iş namazın qaydaları və qəlbin hazırlığı ilə uyğun gəlməsəydi, bəs, nə üçün Allah-taala bu işi tərifləmiş, möminlərin vilayətini belə bir kəsə layiq bilmişdir? Şübhəsiz, namaz halında yoxsulun səsini eşidib, istəyini yerinə yetirmək ani baş verən əlavə ibadətdir. (Bizi həqiqətdən uzaqlaşdıran təəssübkeşlikdən Allaha pənah aparırıq!)
3. Burada irad şəkilli bəhanələrdən biri də budur ki, namaz halında yoxsula üzük vermək namazda artıq bir iş sayılır və bu hərəkət namazı batil edir.
(Doğrudan da, insan haqqı qəbul etməsə, necə bəhanələrə əl atır!)
Cavab: Müctehidlərin heç birinin fətvasında bir işarə ilə üzüyü çıxarmaq, xüsusilə, işarə ilə yoxsulun özünün onu çıxarması namazda artıq iş və hərəkət sayılmır. Bu halda namazın batil olması ilə bağlı heç bir hökm yoxdur. Halbuki fəqihlərin aşkar fətvalarına görə, hətta namaz halında əqrəb kimi zərərli həşəratı öldürmək, körpə bir uşağı təhlükəli hadisədən xilas etmək, kiçik daşlarla namazın rəkətlərini saymaq, (namaz halında) nəcis libası təmizləmək və s. hərəkətlər belə, namazı batil etmir. Bütün bunları nəzərə aldıqda aydın olur ki, yoxsula üzük vermək, yaxud onu barmaqdan çıxartmaq daha asan və sadə bir işdir.
4. Başqa bir bəhanə ilə deyilir: “Əli (ə) bu bahalı üzüyü haradan almışdı? Onu barmağa taxmaq israf deyildimi?”
Cavab: Bu üzüyün bahalı olduğunu deyənlər yanılırlar. Axı, nə üçün belə mənbəsiz uydurmalara inanmalı, nəticədə müqəddəs Quranın ayəsini inkar etməliyik?!
Həmin üzüyün qiymətinin Şamın xəracı qədər olması ilə bağlı yalnız bir rəvayət nəql olunmuşdur ki, bu da əfsanəyə daha çox bənzəyir. Çox güman ki, bu zəif hədisi1 imam Əlinin (ə) böyük fəzilətini dəyərsiz qələmə vermək üçün saxta hədis düzəldənlər nəql etmişlər. Halbuki belə hallarda əsas məsələ infaq olunan və xərclənən malın qiyməti deyil, yoxsula Allah yolunda yardım etmək, onun əlindən tutmaq və bu işin saf niyyətlə birgə olması nəzərdə tutulur. Əgər Qurani-kərimin bir surəsi (“Həl-əta” surəsi) Allah yolunda yetim və fəqirə bir neçə ədəd çörək verməyə görə nazil olursa, namaz halında bir üzüyün yoxsula bağışlanması ilə bağlı bir ayənin nazil olması təəccüblü deyil. Belə iradları qeyd edib cavablandırmaq məqsəddən yayınmağa və vaxtın tələfinə səbəb olduğundan, qeyd olunanlarla kifayətlənirik.
Dostları ilə paylaş: |