4-“SADİQİN” (SADİQ OLANLAR) AYƏSİ
“Tövbə” surəsinin 119-cu ayəsində buyurulur:
يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَكُونُواْ مَعَ الصَّادِقِينَ
“Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun!”
Bu ayənin təfsiri “ümumi vilayət” bəhsində geniş izah edildi. Burada isə ayənin imam Əliyə (ə), yaxud bütün Əhli-beyt imamlarına aid olması ilə bağlı rəvayətləri qeyd etməyi lazım bilirik:
1. Məşhur təfsirçi alim Süyuti “Əd-durrul-mənsur” kitabında “Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsinin təfsirində İbn Abbasın belə dediyini nəql edir: “Yəni Əli ibn Əbi Taliblə birgə olun!”
Bu məzmunun oxşarını Xarəzmi “Mənaqib”, Zərəndi “Durərus-səmteyn”, Abdullah Şafei “Mənaqib” və Hakim Həskani “Şəvahidut-tənzil” kitablarında nəql etmişlər; bu fərqlə ki, bəziləri “O, Əli ibn Əbi Talibdir”, bəziləri “Ayə Əli ibn Əbi Talib haqqında nazil olmuşdur”, bəziləri isə “Əli və səhabələri ilə birgə olun” ifadələrini qeyd etmişlər.1
2. Hafiz Süleyman Qunduzi Hənəfi “Yənabiul-məvəddət” kitabında Salman Farsidən belə nəql etmişdir: “Ey iman gətirənlər! Allahdan qorxun (təqvalı olun) və sadiqlərlə birgə olun” ayəsi nazil olduqda, Salman soruşdu: “Ey Allahın Rəsulu! Ayənin məfhumu ümumidir, yoxsa xüsusi?” Peyğəmbər (s) buyurdu:
اَمّا الْمَأمُورُونَ فَعامَّة الْمُؤمِنِينَ، وَاَمّا الصّادِقُونَ فَخاصَّة اَخِى عَلِىّ وَاَوْصِيائِهِ مِنْ بَعْدِهِ اِلى يَوْمِ الْقِيامَةِ:
“Bu göstərişə əmr olunanlar bütün möminlər, sadiq olanlar isə məhz qardaşım Əli və məndən sonra qiyamət gününə qədərki vəsilərimdir!”2
3. Hakim Həskani “Şəvahidut-tənzil” kitabında “Sadiq olanlarla birgə olun” ayəsinin təfsirində Abdullah ibn Ömərin belə dediyini nəql edir: “Sadiq olanlardan məqsəd Məhəmməd (s) və onun Əhli-beytidir!”3
4. “Fəraidus-səmteyn” kitabının müəllifi Əllamə Həməvini, “Şərəfun-Nəbiyy” kitabının müəllifi Şeyx Əbülhəsən Kaziruni kimi bir qrup əhli-sünnə aliminin (bu ayənin təfsirində) imam Baqirdən (ə) nəql etdikləri hədis də eyni mənanı daşıyır, yəni “Məhəmməd (s) və onun Əhli-beyti ilə birgə olun!”4
Bu ayənin təfsirində yuxarıdakı hədisləri yalnız adlarını çəkdiklərimiz yox, digər alimlər də öz kitablarında nəql etmişlər.
Bunu da qeyd etməliyik ki, Allah-taalanın “möminlər həmişə sadiqlərlə birgə olsunlar” göstərişi mütləq və qeyd-şərtsizdir. Yəni bu göstəriş məsum imamlardan başqasına aid ola bilməz. Çünki məsum olmayanların xəta və səhvə yol verməsi qətidir və insan belələrindən mütləq ayrılmalıdır. Hər halda itaəti vacib olan, xəta və səhvə əsla yol verməyən kəslər məhz məsum imamlardır. Buna əsasən, ayədəki “sadiqlər”də məqsəd düz danışan hər kəs deyil. Əksinə, istər səhvən, istərsə də bilərəkdən haqqa qarşı çıxmayanlardır. Bununla belə, “Ruhul-məani” kitabının müəllifi (Alusi) kimi bəzi məşhur əhli-sünnə alimləri ayədəki “sadiqlər” ifadəsini imam Əliyə (ə) aid edən rəvayətləri qeyd etdikdən sonra demişlər: “Şiələr Əlinin (ə) canişinliyinin haqq olduğunu sübut emək üçün bu ayəyə istinad edirlər. Belə bir istinad batildir!” Lakin onlar bunu deyib, məsələnin üstündən asanlıqla keçmiş və öz müddəalarına bir dəlil gətirməmişlər. Onların belə mövqeləri göstərir ki, təəssübkeşlik hissi təfəkkür nurunun qarşısını alimlərdən belə alır! Amma Doktor Məhəmməd Ticani Səmavi kimi azad düşüncəli insanlar da vardır ki, bu ayə və onunla bağlı rəvayətlərin nuru sayəsində yolunu düzgün görür, Əli (ə) və digər Əhli-beyt (ə) imamlarına olan imanını şücaətlə açıqlayır, bu zəmində “Lə əkunə məəs-sadiqin” (Sadiq olanlarla birgə olam) adlı dəyərli bir kitab yazır ki, bir çox müsəlmanlara böyük təsir bağışlayır.
5-“QURBA” AYƏSİ
“Şura” surəsinin 23-cü ayəsində Peyğəmbəri-əkrəmə (s) xitab olunaraq buyurulur:
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
“(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”
Bütün şiələr və bir qrup əhli-sünnə təfsirçiləri bu ayədə qeyd olunan “zil-qurba” sözünün kimlərə aid olması barədə demişlər: “Zil-qurba”da məqsəd Peyğəmbəri-əkrəmin (s) ən yaxınlarıdır!” Bu təfsir müqabilində digər ehtimallar verilsə də, belə görünür ki, onların əsas məqsədi Peyğəmbərin (s) xilafət məsələsini və Əhli-beytin (ə) məqamını gözdən salmaqdır. O cümlədən:
1. Risalət savab və mükafatı dedikdə, müsəlmanları Allaha yaxınlaşdıran nöqtələr nəzərdə tutulur. Buna əsasən, “qurba” Allaha yaxınlaşmağa səbəb olan bir amildir.
Əvvəla, bu təfsir ayənin zahiri ilə əsla uyğun deyil; çünki namaz, oruc, cihad və bu kimi insanı Allaha yaxınlaşdıran göstərişlərdə ən əhəmiyyətli cəhət onlara məhəbbət yox, əməldir. Görəsən, Peyğəmbərin (s) səhabələri arasında bunları sevməyən bir kəs vardımı? Təbii ki, xeyr! Hətta əməldə səhlənkarlıq edənlər belə, Allaha və Qurana iman gətirdikləri üçün İslamın qanunlarını sevirdilər, hərçənd, onlara əməl etməsəydilər də...
İkinci də “əl-qurba” “yaxınlaşdıran” yox, “ən yaxın” mənasındadır. Buna görə də Qurani-kərimin hər bir ayəsində (başqa on beş ayədə) işlədilən bu söz yaxın (xüsusilə, qohum) olan şəxslərə aid edilmişdir.
Bəs, bu alimlər hansı səbəbə görə bu ayədəki “qurba” sözünü həm lüğət, həm də Quranın bütün ayələrində gələn mənanın əksinə təfsir etmişlər? Bunun səbəbi öncə qeyd etdiyimiz qərəzli məsələlər deyilmi?
Diqqəti cəlb edən məsələ budur ki, bir çox lüğət alimləri açıq-aşkar bildirmişlər ki, “qurba”, yaxud “zil-qurba” dedikdə, nəsil yaxınlığı və qohumluq nəzərdə tutulur. “Məqayisul-lüğət” kitabında yazılır: “Fulanun zu qərabətin – huvə mən yəqrəbu minkə rəhimən.”
“Filankəs (qohum olan şəxs barəsində) mənə yaxındır”, deyildikdə, həmin şəxsin nəsil qohumluğu nəzərdə tutulur.” Və yaxud: “Əl-qurba və əl-qərabət hər ikisi bir mənanı ifadə edir, o da nəsəbi qohumluqdur.”
“Lisanul-ərəb” kitabında belə yazılır:
والقرابة والقربي؛ الدنو في النسب
“Qərabət və qurba nəsəbi yaxınlıq və qohumluğa deyilir!”
2. “Məqsəd budur ki, siz müsəlmanlar öz yaxın adamlarınız və qohumlarınızı risaləti qiymətləndirdiyiniz kimi sevin!”
İnsanın öz qohumlarını sevməsi risalət prinsiplərinə uyğun olmadığı halda, ayənin daha münasib mənasını – Peyğəmbərin (s) öz yaxınlarını sevməsini nəzərə almayıb, onu qohum-əqrəbanı sevmək kimi açıqlamaq nə qədər həqiqətə uyğundur?!
3. Təfsir alimlərinin digər bir qrupu belə deyir ki, Peyğəmbərin (s) məqsədi budur: “Mənim risalətimin mükafatı olan qohum-əqrəbama hörmət qoyun. Çünki mənim bir çox qəbilələrlə nəsil və yaxud başqa vasitələrlə qohumluğum var. Bu işdə mənə əziyyət verməyin!”
Bu baxış ayəyə zorla qəbul etdirilən ən əsassız təfsirdir. Çünki Peyğəmbər (s) risalətinin əvəzi o kəslərdən istənilə bilər ki, bu risaləti qəbul etmiş olsunlar. Belə isə onların Peyğəmbərə (s) əziyyət verməsi mənasızdır. Burada Peyğəmbərə (s) əziyyət verənlər düşmənlərdirsə, onlar həzrətin peyğəmbərliyini qəbul etmirdilər. Necə ola bilər ki, o həzrət desin: “Risalət və peyğəmbərliyim müqabilində sizdən yalnız bir xahişim var, o da budur ki, sizinlə qohumluğa xatir mənə əziyyət verməyin!”
Əvvəla, Qurani-kərimdə peyğəmbərlərin dilindən nəql edilən ifadələrdə buyurulur: “Biz sizdən heç bir mükafat istəmirik, bizim mükafatımız aləmlərin Rəbbinin yanındadır!”
Bu ayədə buyurulanlar təkcə beş peyğəmbərin (Nuh, Hud, Saleh, Lut və Şüeybin) dilindən nəql edilmişdir.1
İkincisi, “qurba” ayəsində Peyğəmbər (s) buyurur ki, mən siz müsəlmanlardan yaxın adamlarıma və qohumlarıma sevgidən başqa bir mükafat istəmirəm.
Üçüncüsü, “Fürqan” surəsinin 57-ci ayəsində Peyğəmbərə (s) belə buyurulur:
قُلْ مَا أَسْأَلُكُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِلَّا مَن شَاء أَن يَتَّخِذَ إِلَى رَبِّهِ سَبِيلًا
“(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərliyimin) müqabilində Rəbbinə tərəf doğru yol tapmaq istəyən kimsələrdən başqa heç bir mükafat istəmirəm!”
Dördüncüsü, “Səba” surəsinin 47-ci ayəsində yenə Peyğəmbər (s) haqda belə buyurulur:
قُلْ مَا سَأَلْتُكُم مِّنْ أَجْرٍ فَهُوَ لَكُمْ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ
“(Ya Peyğəmbər) De: “Sizdən (peyğəmbərliyimin müqabilində) istədiyim mükafat yalnız sizin xeyrinizədir, çünki mənim muzd və mükafatım yalnız Allaha aiddir!”
Bu dörd ayəni nəzərdən keçirməklə belə bir nəticəyə gəlirik ki, İslam peyğəmbəri (s) də digər ilahi peyğəmbərlər kimi camaatdan özünə heç bir muzd və mükafat istəməmişdir. O həzrətin yaxın adamlarını sevmək Allaha tərəf doğru yol kimi göstərilmiş və bu, sözsüz ki, müsəlmanların öz xeyrinədir! Çünki bu məhəbbət imamət, xilafət, Peyğəmbərin (s) canişinliyi, ümmətə rəhbərliyinin davamı və insanların hidayəti üçün açılmış qapıdır.
Bəli, hər vaxt bu ayələri zahirinə görə təfsir etsək, qaranlıq və anlaşılmaz bir nöqtə qalmayacaq. Əks halda ya onlara zidd, ya da əsla uyğun gəlməyən uzun-uzadı təfsirlərə əl atacağıq. Düzgün təfsir bir qrup alimin əqidəsinə zidd olduğundan, belə demişlər: “Camaatdan muzd və mükafat istəmək İslam peyğəmbərinin (s) məqamına münasib deyil. Buna görə də “qurba” ayəsi istisna olunmalıdır.” Bəzən “Bu ayə “Qul ma əsəlukum ələyhi min əcrin və ma ənə minəl-mutəkəllifin!” ayəsi ilə ziddiyyət təşkil edir” demiş, bəzən də mənasız yozumlara əl atmışlar.
Həqiqət isə Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətləri toplayıb yanaşı qoyduqda aydın olur. Ayənin təfsiri ilə əlaqəli rəvayətlərin məcmusundan belə nəticə çıxarırıq ki, risalət və peyğəmbərliyin mükafatı sayılan “zil-qurba” müsəlmanları Allaha yaxınlaşdıran və onların özlərinə xeyirli imamət və xilafətdən ibarətdir. Beləsə, əks mövqe tutan bəzi təfsir alimlərinin iradları aydınlaşır.
Alusi “Ruhul-məani” kitabında “qurba” ayəsinin təfsirində yazır: “Şiələr məntiq qaydalarına əsaslanaraq, bu ayəni Əlinin (ə) imamətinə dəlil göstərir və deyirlər: “(Ayənin tələbinə görə) Ona məhəbbət bəsləmək vacib, məhəbbət bəslənməsi vacib kəsə itaət etmək vacib və itaət olunması vacib kəs isə imamət məqamına malikdir. Deməli, Əli (ə) imamdır!” Sonra o, bu dəlilə irad tutmağa başlayır.1
Əvvəla, qeyd etdiyimiz mətləblərdən məlum olduğu kimi, biz ayədən belə bir əsassız nəticə çıxarmaq istəmirik. Ayədəki mühüm incəlik də bu deyil. Burada əsas məsələ Peyğəmbərin (s) risalət və peyğəmbərliyinin mükafatı sayılan yaxın adamlarına məhəbbət bəsləməkdir. Başqa ayələrdə də qeyd olunduğu kimi, bu mükafat Allaha yaxınlaşmağa vasitədir və müsəlmanların öz xeyrinədir. Onların kimlərdən ibarət olduğuna gəldikdə, öncə şərh etdiyimiz kimi, bu, imamlardan başqası ola bilməz. Peyğəmbərin (s) buyurduğu rəvayətlər isə bu məsələnin sübutu üçün əlavə dəlillərdəndir.
***
Dostları ilə paylaş: |