25-“MƏSULUN” (SORĞU-SUALA TUTULANLAR) AYƏSİ
“Saffat” surəsinin 24-cü ayəsində buyurulur ki, qiyamət günü zalımlar haqqında əzab mələklərinə belə xitab olunar:
وَقِفُوهُمْ إِنَّهُم مَّسْئُولُونَ
“Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar!”
Qiyamətdə onların hansı məsələ haqda sorğu-suala tutulacağı barədə təfsirçilər arasında fikir ayrılığı var; bəziləri onların dünyadakı bidətlərinə, bəziləri çirkin işlərinə, bəziləri də Allahın yeganəliyini inkar etdiklərinə görə sorğuya çəkiləcəyini bildirmişlər.1
Əlbəttə, ayənin mətnində bütün bu mənalar nəzərdə tutula bilər. Lakin bir çox rəvayətlərdə onların Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-suala çəkiləcəyindən söz açılır. Bu rəvayətlər İslam mənbələrində qeyd olunmuşdur. “Şəvahidut-tənzil” kitabında iki sənədlə Əbu Səid Xudridən nəql edilən rəvayətdə Peyğəmbəri-əkrəmin (s) belə buyurduğu yazılır: “Əli ibn Əbi Talibin vilayəti barədə soruşacaqlar!”2
Başqa bir hədisdə Səid ibn Cübeyr, İbn Abbasdan belə nəql edir: Peyğəmbəri-əkrəm (s) buyurmuşdur:
اِذا كانَ يَوْمَ الْقِيامَةِ اُوقَفُ اَنَا وَ عَلِىٌّ عَلَى الصِّراطِ فَما يَمُرُّ بِنا اَحَدٌ اِلاّ سَئَلْناهُ عَنْ وَلايَةِ عَلِىٍّ، فَمَنْ كانَتْ مَعَهُ، وَاِلاّ اَلْقَيْناهُ فِى النَارِ! وَذالِكَ قَوْلُهُ وَقِفُوهُمْ اِنَّهُمْ مَسْؤُلُونَ:
“Qiyamət günü mən və Əli “Sirat” körpüsünün üstündə duracağıq və bizim yanımızdan keçən hər kəsdən Əlinin vilayəti haqqında soruşacağıq. Kim bəraət alsa, Siratdan keçəcək, bəraət almayanı cəhənnəmə atacağıq! “Onları (zülmkarları) saxlayın, çünki onlar sorğu-suala tutulacaqlar” ayəsinin mənası məhz budur!”3
Hakim Həskani həmin kitabda bu hədisi başqa sənədlərlə də nəql etmişdir.
İbn Həcər də “Əs-səvaiq” kitabında onu Əbu Səid Xudridən nəql etmişdir.4
Əhməd ibn Hənbəl “Müsnəd” kitabında Əbu Səid Xudridən belə nəql edir: “Qiyamət günü Əli ibn Əbi Talibin (ə) barəsində sorğu-sual olunacaqlar.”
Bu hədisi öz əsərlərində nəql edən digər alimlərdən “Kəşfül-ğümmə” kitabının5 müəllifi İzzəddin Hənbəlini, “Ruhul-məani” təfsirinin1 müəllifi Alusini, “Ət-təzkirətul-xəvass” kitabının2 müəllifi Sibt ibn Cövzini, “Kifayətul-xisam” kitabının3 müəllifi Əbu Nəim İsfahanini və “Yənabiul-məvəddət” kitabının4 müəllifi Şeyx Süleyman Qunduzini misal göstərmək olar. Əlbəttə, digər alimlər də onu nəql etmişlər. Biz onların mühümlərinin adını çəkdik. Burada diqqəti cəlb edən budur ki, bu rəvayətlərin bəzisində imam Əlinin (ə) vilayəti ilə yanaşı Əhli-beytin vilayətinə işarə edilmişdir.5 Ən əhəmiyyətlisi isə qeyd edilən bütün rəvayətlərin əhli-sünnənin mühüm mənbə və kitablarında məşhur ravilərdən nəql olunmasıdır. Bununla belə, Alusi qeyd olunan rəvayəti nəql etdikdən sonra yazır: “Bəzi imamiyyə şiələrinin İbn Cübeyr və İbn Abbasdan nəql etdikləri hədislərdə qiyamətdə Əlinin (ə) vilayətindən soruşulacağı deyilir. Onlar bu rəvayəti həm də Əbu Səid Xudridən nəql etmişlər.”6
Təəssüf ki, bu alimlər digər xəlifələrin də vilayətini özlərindən ona əlavə etmişlər!!!
Təəssübkeş təfsir alimi elə fikirləşir ki, imam Əlinin (ə) fəzilətləri ilə bağlı nəql olunan hər bir hədisin ravisi şiədir. Onun əqidəsi hətta əhli-sünnə mənbələrində geniş nəql olunan bu hədisləri qəbul etməyə yol vermir. Amma o bilməli idi ki, sözləri və fikirləri gələcəkdə təhlil olunacaq və aydınlaşacaq ki, bu hədislərin raviləri şiə yox, adətən əhli-sünnə olmuşdur.
Ümumiyyətlə, bu hədislərdə, eləcə də bəhs etdiyimiz ayədə insanların qiyamət günü yalnız imam Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti barədə sorğu-sual olunacağı bildirilmir. Həmin gün bütün əməllər, nemətlər və məsuliyyətlər soruşulasıdır. Amma qiyamətdə sorğu-sual olunacaq ən mühüm məsələlərdən biri də o həzrətin vilayətidir. Şübhəsiz, burada vilayət dedikdə bir möminin başqaları ilə sadəcə dostluğu nəzərdə tutulmur. Çünki bu dostluq fürui-dindən və dinin adi məsələlərindən sayılır. Məqsəd böyük əhəmiyyət daşıyan, İslamın əsaslarından sayılan canişinlikdir. Bu da Peyğəmbəri-əkrəmdən (s) sonra rəhbərlik məqamı və ilahi xilafətdən başqa bir şey deyil! Bəli, Əli ibn Əbi Talibin (ə) imamət və vilayəti İslamın ən mühüm əsası və imanın ən mühüm şərti olaraq, qiyamətdə soruşulacaq ilk suallardandır. Əlbəttə, biz müxaliflərdən başqa münasibət gözləmirik. Ədavətli düşmənlər həmişə o həzrətə qarşı çıxmış, fəzilətlərini inkar etmişlər. İndinin özündə də bu iş davam edir. Bəzən dostlar belə, düşmənin işkəncələrindən qorxaraq, bu fəzilətləri gizli saxlayırlar. Amma imam Əlinin (ə) fəzilətləri bütün hədis kitablarında sadalanır və onun misilsiz şəxsiyyəti Qurani-kərimdə əks olunur! Burada da bəhsimizi bir çox İslam mənbələrində İbn Abbasdan nəql olunan məşhur bir hədislə sona yetiririk. O deyir: “Qurani-kərimdə “Ya əyyuhəl-ləzinə amənu!” (Ey iman gətirənlər) ifadəsi ilə başlayan hər bir ayənin kamil nümunəsi – möminlərin sərvəri, ağası və əmiri Əlidir. Peyğəmbəri-əkrəmin (s) səhabələri içərisində Qurani-kərimdə danlanmayan yalnız Əli ibn Əbi Talib olmuşdur. Allahın kitabında Əli (ə) (onun fəzilətləri) haqda nazil olanlar kimsə barəsində deyilməmişdir... Qurani-kərimin üç yüz ayəsi Əli (ə) haqda nazil olmuşdur!”1
Bu hədisi, xüsusilə onun əvvəlini bir çox alimlər nəql etmişlər. O cümlədən Əbu Nəim İsfahani (“Hilyətül-övliya”da), Muhibbuddin Təbəri (“Zəxairul-uqba”da), Əllamə Gənci Şafei (“Kifayətut-talib”də), Sibt ibn Cövzi (“Ət-təzkirətul-xəvass”da), Şəblənci (“Nurul-əbsar”da), Heysəmi (“Əs-səvaiq”də), Süyuti (“Tarixul-xüləfa”da) və Qunduzi (“Yənabiul-məvəddət”də).2
Bəli, bu ayələr Qurani-kərimdə imam Əli (ə) haqda nazil olan ayələrin yalnız bir qismidir.
ALTINCI FƏSİL ON İKİ İMAM
İşarə:
Şiə məzhəblilər arasında dörd imamı qəbul edən “zeydiyyə”, yeddi imamı qəbul edən “ismailiyyə” kimi firqələr olsa da şübhəsiz, ən məşhur məzhəb olaraq dünya müsəlmanlarının mühüm bir hissəsini təşkil edən “imamiyyə” şiələridir. Onlar İraqda, İranda, Azərbaycanda və Bəhreyndə çoxluq, bəzi ölkələrdə isə cəmiyyətin bir qismini təşkil edirlər. İmamiyyə şiələrinin on minlərlə tələbənin təhsil aldığı və İslam maarifini öyrəndiyi böyük elmi mərkəzləri var. Şiə alimləri tərəfindən “İslam əqidələri”, “fiqh”, “üsul”, “təfsir”, “hədis”, “fəlsəfə”, “rical”, “dirayə” və “İslam tarixi” mövzusunda on minlərlə kitab yazılmış və çap olunmuşdur. Böyük və görkəmli alim Şeyx Ağabozorg Tehraninin son zamanlar iyirmi altı cilddə çap olunan “Əz-zəriətu ila təsanifiş-şiə” adlı kitabında şiə alimlərinin on mindən artıq əsəri qısa şərh edilmişdir. Məlum olur ki, şiə alimləri İslama və elmə nə qədər böyük xidmət göstərmişlər.
Yaxşı olar ki, maraqlananlar dünyanın müxtəlif məntəqələrində yerləşən şiə elmi mərkəzlərinə baş vurub, böyük alim və tələbələrlə yaxından tanış olsunlar, onların əsərlərini araşdırsınlar.
Təəssüf ki, bir çox müsəlman ölkələrində informasiyaya ciddi nəzarət və senzuralar səbəb olub ki, indiyə qədər əhli-sünnənin insaflı təhqiqatçıları Əhli-beyt məktəbinin ardıcılları, alimləri və onların elmi əsərləri ilə yaxından tanış ola bilməsinlər. Halbuki bizim kitabxanalarımızda şiə alimlərinin əsərləri ilə yanaşı əhli-sünnə alimlərinin də kitabları var. Kitabxanalarda bu kitablar arasında əsla fərq qoyulmur və kimsə məzhəb təhlükəsi hiss etmir. Əhli-sünnə qardaşlarımızın kitabxanalarında isə şiələrin məşhur elmi əsərləri gözə dəymir ya da çətin tapılır. Arzumuz budur ki, insaflı təhqiqatçılar bu nöqtəni nəzərə alıb imamiyyə şiələrini düşmənlərin, yaxud hakim təbəqənin təbliğat vasitələri ilə yox, obyektiv şəkildə tanısınlar. Bu isə heç şübhəsiz, İslam aləmində yeni üfüqlər açılmasına, vəhdət yaranmasına zəmin olacaq.
Əsl bəhsimizə qayıdaraq deyirik ki, Quran ayələrində imam Əlidən (ə) əlavə, Əhli-beyt imamlarına bir sıra işarələr mövcuddur. Bunları təfsir kitablarında nəql olunan rəvayətlərdə axtarmaq lazımdır.
Biz isə həmin ayələrin bir neçəsinə işarə etməklə kifayətlənirik. Onların bir qismi kitabın əvvəlində imam Əlinin (ə) imamət və vilayəti ilə əlaqədar bəhslərdə nəzərdən keçirildi. Aşağıdakı ayələrə nəzər salaq:
1. “Təthir” ayəsi: “Həqiqətən, Allah siz Əhli-beytdən hər bir çirkinliyi təmizləyib, sizi pak-pakizə etmək istəyir!”1 Bu ayənin məzmununa, eləcə də, məşhur İslam mənbələrində Peyğəmbəri-əkrəmdən (s) nəql olunan rəvayətlərə əsasən, əhatəsi ümumi olan bu ayə imam Əli (ə) və digər məsum imamlara, xüsusilə imam Həsən və imam Hüseynə (ə) də aiddir.
2. “Qurba” (məvəddət) ayəsi: “(Ya Peyğəmbər!) De: “Sizdən (risalət və peyğəmbərliyim müqabilində) ən yaxınlarıma sevgidən başqa bir mükafat istəmirəm!”2 Bu ayədə də məsum imamlara qısa şəkildə işarə edilmişdir. Səid ibn Cübeyr və İbn Abbasın Peyğəmbəri-əkrəmdən (s) nəql etdikləri müxtəlif rəvayətlərdə açıq-aydın göstərilir ki, ondakı “qurba” (ən yaxınlar) sözündə məqsəd Əli (ə), Fatimə (ə.s) və onların övladlarıdır. Bəzi rəvayətlərdə imam Həsən və imam Hüseynin (ə) adları da çəkilmişdir. Əlavə məlumat üçün “Şəvahidut-tənzil” və s. kitablara müraciət edə bilərsiniz.3
3. “Ulil-əmr” (əmr sahibləri) ayəsi: “Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin!” 4 Bu ayənin də məfhumu ümumidir və hər bir dövrdəki əmr sahibinə aiddir. Buna əsasən, hər əsrdə pak bir şəxsin hüzuru zəruridir. Bundan əlavə, əhli-sünnənin bir çox mənbələrində nəql olunan məşhur rəvayətlərdə aydın şəkildə imam Həsən və imam Hüseynin (ə) adları çəkilmişdir.
4. “Sadiqin” (sadiq olanlar) ayəsi: “Sadiqlərlə birgə olun!”1 Əvvəldə şərh etdiyimiz kimi, bu ayənin də məfhumu ümumidir və hər əsrə aiddir. Çünki hər bir dövrdə sözü və əməli doğru olan məsum bir imamın varlığı zərurətdir (qeyd-şərtsiz və mütləq tabeçilik yalnız məsum imamların haqqıdır). Bu ayənin şərhində nəql olunan bir sıra rəvayətlərdə “sadiqin” sözü Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) aid edilmişdir.2
Əvvəlki bəhslərdə bu ayələr və onları şərh edən rəvayətləri geniş şəkildə araşdırdığımız üçün bir daha onları təkrarlamır və fəzilət ayələrini nəzərdən keçiririk. Yenə də təkidlə deyirik ki, bu ayələr Əhli-beyt imamlarının vilayət və imamətini dolayısı ilə sübuta yeririr, onların yaşadıqları dövrün ən üstün şəxsi olduğunu açıqlayır. Ötən ayələrdə hər dövrdə məsum imam və əmr sahibinin olmasının zəruriliyindən söz açdıq. Bunu əsaslandırmaq üçün bir sıra ayələri qeyd edirik:
Dostları ilə paylaş: |