BU MƏSƏLƏ ILƏ BAĞLI MÜBAHISƏLƏR
Peyğəmbəri-Əkrəm (s) vəfat etdikdən bir həftə sonra xəlifə, Fatimeyi-Zəhra (ə.s)-ın işçilərini Fədəkdən çıxartdı. Oranın bağlarını və əkin sahələrini Islam dövlətinə məxsus əmlakdan hesab etdi. Xəlifə, Peyğəmbər (s)-in Fədəki Fatiməyə (ə.s) bağışladığını iqrar etsə də, bu bəxşişin o həzrətdən sonra qüvvədən düşdüyünü, mö`təbər olmadığını, müsəlmanların ümumi əmlakından sayıldığını və Islam dövlətinin ixtiyarına keçdiyini iddia etdi.
Bu məsələ haqda xəlifə ilə Fatimeyi-Zəhra (ə.s) arasında dəfələrlə camaat qarşısında mübahisə olunsa da, tarixdə həmin söhbətlərin təfərrüatı qeydə alınmamışdır.1 Əbu Bəkrin Səqifə yığıncağındakı söhbətindən sonra onun Fədəklə bağlı mübahisəsi və söhbəti daha həssas göstərilmişdir. Buna görə də Əbu Bəkri siyasi mübahisələrin ustalarından hesab etmək lazımdır. Çünki o, mübahisədə çox zirək və hövsələli olmuşdur. Onun söhbətinin bir qismini mütaliə etdikdə, bunun doğruluğu daha da aydınlaşır. O, camaatın qarşısında Peyğəmbəri-Əkrəm (s)-in qızı Fatimeyi-Zəhra (ə.s)-a belə demişdir:
“Ey Peyğəmbərin qızı! Sənin atan mö`minlərə qarşı çox mərhəmətli və mehriban idi. Amma kafirlərə qarşı mehriban deyildi. Onlara dərdli əzabın olacağını xəbər verirdi. Onun nəsəbini araşdırsaq, digər qadınların deyil, yalnız sənin atan olduğunu, dostları arasında isə tənha əmisi oğlu Əlini görəcəyik. Peyğəmbər onu bütün dostlarından üstün tutdu. Əli elə bir şəxsiyyət idi ki, Peyğəmbərə hər bir ağır işdə kömək edirdi. Yalnız səadətə qovuşmuş insanlar sizi sevir və tək Allahdan uzaq olan bədbəxt insanlar isə sizinlə düşmənlik edirlər. Siz, Peyğəmbərin pak ailəsi və onun bəyəndiyi şəxslərsiniz. Xeyirli işlərdə bizə yol göstərən və bizi behiştə sövq edən sizsiniz. Mənim nə haqqım var ki, sənin əmin oğlunu xilafətdən kənarlaşdırım! Amma Fədəkə və atanın sənə bağışladıqlarına gəldikdə, əgər onlar sənin haqqındırsa və mən bunu səndən almışamsa, onda zülmkaram. Irs və mirasa gəldikdə isə, bildiyin kimi, atan buyurmuşdur ki, biz Peyğəmbərlər (özümüzdən sonra) irs qoymuruq və bizdən qalanlar sədəqədir.
Ey Peyğəmbərin qızı! Allaha and olsun ki, Onun heç bir məxluqunu sənin atandan çox istəmirəm! Atan vəfat etdiyi gün istəyirdim ki, göylər yerə tökülsün. Allaha and olsun, çox istəyirəm ki, Ayişə kimsəsiz qalsın, amma sən yoxsul qalmayasan. Mümkün ola bilərmi ki, mən hamının haqqını verdiyim halda, sənə qarşı zülm və haqsızlıq edim?! Sən Peyğəmbərin qızısan! Bu əmlak Peyğəmbərin deyil və bütün müsəlmanlara aiddir. Atan onu Allah yolunda vermiş və onunla camaatın ehtiyacını aradan qaldırmışdır. Onun vəfatından sonra, mən də onun kimi rəftar edəcəyəm.”
Əbu Bəkrlə xanım Fatimənin (ə.s) arasında söz uzanır, o, mahir danışıb, özünü xeyirxah göstərsə də, o həzrət daha da tutarlı cavab və dəlillər gətirərək, xəlifənin sözlərinin puç və əsassız olduğunu göstərirdi. Xəlifə yeni bir söz demək istəyəndə, xanım buyurdu: “Allaha and olsun ki, heç vaxt səninlə danışmayacaq və sənə qarğış edəcəyəm!”2
Xanım Fatimənin (ə.s) son sözü, eləcə də Əli ibn Əbi Talib (ə)-dan tərəfdarlıq etməsi xəlifəni daha da qəzəbləndirdi, camaat arasında qalmaqal yarandı. Bu zaman qaşqabaqlı halda qışqıraraq dedi: “Ey camaat! Nə üçün hər deyilənə qulaq asırsınız? Bu arzular Peyğəmbərin vaxtında harada idi? Kim bu haqda bir söz eşidibsə, yaxud bir şey görübsə, desin və şəhadət versin. Lakin bu hadisə quyruğu özünə şahid olan tülküyə bənzəyir ki, fitnə-fəsad törətmək və çarəsizlərdən kömək istəyir. Uşaqları və qadınları köməyə çağırırlar. Onlar cahiliyyət dövrünün qadınlarına bənzəyirlər ki, çirkin işi hər şeydən üstün tuturlar!!!
Bu zaman Fatimeyi-Zəhra (ə.s) evə qayıtdı.
Əbdül-Həmid Mədaini yazır: “Mən bu sözləri ustadım Nəqib Əbu Yəhya Bəsriyə oxuyub dedim: “Əbu Bəkrin bu sözləri nəyə kinayədir?” Ustadım dedi: “Onun sözlərində kinayə yoxdur, əksinə hamısı aydındır!” Dedim: “Əgər aydın olsaydı, bunu səndən soruşmazdım.” Ustadım gülüb dedi: “Onun məqsədi Əli idi.” Soruşdum: “Yə`ni bu sözlərin hamısı Əliyə aiddirmi?” Dedi: “Bəli, ey oğul, hakimiyyət belədir!” Soruşdum: “Bəs, ənsardan olanlar nə dedilər?” Dedi: “Onlar Əlidən tərəfdarlıq etdilər, lakin o, onları fitnənin baş verəcəyindən qorxudub çəkindirdi.”1
Əbu Bəkrin istinad yeri iddia etdiyi və guya Peyğəmbərdən eşitdiyi bu hədis idi: “Biz Peyğəmbərlər heç bir irs qoymuruq və bizdən qalanlar sədəqədir.”
Ibn Əbil-Hədid yazır: “Böyük hədis alimlərinin e`tiraf etdiyi kimi, bu hədisi Əbu Bəkrdən başqa heç kim nəql etməmişdir.”2
Qeyd etmək lazımdır ki, heç bir tarixçi yazmamışdır ki, Fatimeyi-Zəhra (ə.s) Fədək bağına sahib olduğu müddət ərzində ondan götürülən məhsulu özü üçün xərcləsin.3 Peyğəmbəri-Əkrəm (s)-in Əhli-beyti Fədəkin gəlirini fəqirlər arasında bölürdü. Bu məsələ heç bir şəkk-şübhə yoxdur.4 Buna əsasən, həzrət Fatimənin (ə) Fədəki tələb və buna israr etməsinin başqa bir dəlili var idi.5
Izzuddin Əbu Hamid Mö`təzili yazır:
“Bir gün ustadım Əli ibn Faruqidən soruşdum: “Fatimeyi-Zəhra Fədəklə bağlı hadisədə düz danışırdımı?” Dedi: “Bəli!” Dedim: “Bəs, nə üçün Əbu Bəkr Fədəki ona vermədi?” O, təbəssüm edib dedi: “Əgər həmin vaxt Fədəki sadəcə iddiası ilə ona versəydi, ondan sonra xilafəti əri üçün iddia etdikdə, Əbu Bəkr bəhanə gətirə bilməyəcəkdi. Çünki ondan qabaq şahidsiz onun dediklərinin doğru olduğunu hökm etmişdi.” Ustadım bu cümləni zarafata desə də, onun bu sözü həqiqət idi.”6
Bu sünnü alimi başqa bir yerdə belə yazır:
“(Peyğəmbər (s)-in qızı ilə Əbu Bəkr və Ömərin arasında baş verən ixtilaf və mübahisələr Fatimənin ömrünün sonuna qədər onlara qarşı qəzəbli olduğuna səbəb oldu.) Fatimə onların hər ikisindən qəzəbli halda dünyadan getdi və vəsiyyət etdi ki, onlar ona namaz qılmasınlar. Bu, bizim böyüklərimizin yanında çox da əhəmiyyətli məsələ deyildir. Əlbəttə, onlar Peyğəmbərin Əhli-beytinin hörmətini gərək saxlayaydılar, lakin nə etmək olar, müsəlmanlar arasında ixtilaf və təfriqənin yaranmasından qorxub, məsləhət üzrə hərəkət etdilər.”7
Bu acı hadisədən bir neçə gün sonra Əbu Bəkr və Ömər xanım Fatiməni (ə.s) görmək üçün o həzrətdən xahiş etdikdə, xanım qəbul etmədi. Onlar imam Əlinin (ə) yanına gəlib dedilər ki, Peyğəmbərin qızını görmək istəyirik. Xanım isə onlardan üz döndərib buyurdu: “Əgər Peyğəmbərdən bir hədis nəql etsəm, ona əməl edəcəksinizmi?”
Dedilər: “Bəli.”
Buyurdu: “Sizi Allaha and verirəm, Allahın Rəsulununun belə buyurduğunu eşitmisinizmi: “Fatimənin razığılı mənim razılığım, qəzəbi isə mənim qəzəbimdir. Hər kəs qızım Fatiməni sevsə, həqiqətən, məni sevmiş, hər kəs onu razı salsa, məni razı etmiş və hər kəs onu qəzəbləndirsə, məni qəzəbləndirmişdir.”
Dedilər: “Bəli, bu hədisi Allahın Rəsulundan eşitmişik!”
Buyurdu: “Allahı və mələkləri şahid tuturam ki, sizin hər ikiniz məni qəzəbləndirmiş və razı etməmişdir. Əgər Peyğəmbəri görsəm, sizin hər ikinizdən şikayət edəcəyəm... Hər namaz vaxtı sizə qarğış edirəm.”1
Buxari “Səhih” kitabında yazır:
“Fatimənin Əbu Bəkr və Ömərdən narahat və qəzəbli olması vəfat etdiyi vaxta qədər davam etdi... Bu məsələ doğrudur və çoxlu səhih rəvayət onu təsdiqləyir.”2
Dostları ilə paylaş: |