Həqiqətdə camaatın “Səqifə”də məclis təşkil olunduğu ilk günlərdəki sükutu ilə sonrakı zamanlar arasında fərq azdır. Ilk günlərdə deyilən amillərdən əlavə, camaatı qorxu və vəhşətə salan amili unutmaq olmaz. Peyğəmbər (s) öz həyatında bə`zilərinin hörmətsizlik və nalayiq rəftarlarının qarşısını ala bilmədiyi vaxtdan qılınc ilə o həzrətin ölümünün inkar edildiyi, sonra isə Bəni-Əsləm tayfasının hücumu nəticəsində xəlifə ilə bey`ətin qəti olduğu vaxta qədər camaat qorxu və qılınc kölgəsindən başqa bir şey görmədilər. Hökumət müxalifləri açıq-aşkar məhkum, dövrün ən şərəfli şəxsinin məqam və mənziləti təhqir edilirdi. Bu zaman adi camaatdan hər kim canını azacıq belə istəsəydi, ən ağıllı iş sakit qalmaq idi.
Qabaqda qeyd edilənlərə əsasən, Peyğəmbər (s)-dən sonra baş verən hadisələr əksərən tarix kitablarında təhrif edilib dəyişdirilmiş, ya da bə`zi mətləblər qələmə alınmamış və məzhəbi əqidələr, baxışlar və siyasi hakimiyyət tarixçiləri hadisələri yanlış yazmağa vadar etmişdir. Onlar o dövrün ümumi düşüncələrini təhlil edərək yazırlar: “Xalqın əməl və rəftarı göstərir ki, Əli ibn Əbi Talib (ə) ümumxalq kütləsinin düşüncəsində möhkəm yer tutmadığından başqalarına məhəbbət bəsləyərək onları Əliyə üstünlük vermişlər.”
Bütün tarixi təhlillərdən əlavə, bu nəzərin rəddi ilə ələqadər bir nöqtəni qeyd etməklə kifayətlənirik ki, birinci xəlifə ilə müxaliflər arasındakı müharibədə Əli ibn Əbi Talib (ə)-ın razılığı cəlb olunmadığı vaxta qədər heç kim hökuməti himayə edərək müxaliflərlə döyüşə başlamadı.1 Bilazəri yazır: “Camaat dəstə-dəstə müxalif qüvvələrlə mübarizə etmək üçün yola düşdüyü vaxtda Əli (çarəsizlikdən) Əbu Bəkrlə bey`ət etdi.”2
Elə ilk günlərdə hökumətlə üz-üzə duran Malik ibn Nüveyrə kimi şəxslər qətlə yetirildi və Fücaə kimilər Mədinə məscidində diri-diri yandırıldı. Bu hadisə o qədər rüsvayçı və dəhşətli idi ki, hətta Əbu Bəkr ömrünün son anlarında belə deyirdi: “Kaş, Fücaəni yandırmayaydım!”3 “Bədr” müharibəsinin unudulmaz qəhrəmanı Hübbab ibn Münzəri öldürüb, cəsədini gizlincə dəfn etdilər.4
Bütün bu hadisələr birinci xəlifənin hakimiyyətə gəldiyi ilk günlərdə baş vermişdir. Sonrakı vaxtlarda isə bir neçə amil hökumətlə müxalifəti daha da şiddətləndirdi ki, bə`ziləri bundan siyasi-hərbi, bə`ziləri də əqidəvi-mədəni, yaxud sosioloji bəhrələr apardı.
Dostları ilə paylaş: |