XILAFƏT ƏRƏFƏSİNDƏ
Əbu Bəkrin hakimiyyəti dövründə baş verən qəribə hadisələrdən biri məsciddə ilk çıxışıdır. Belə ki, məsciddə camaatın qarşısında açıq-aşkar demişdi: “Həmişə bir şeytan mənimlə birgədir ki, məni doğru yolu seçməkdən çəkindirir və əyri yola sövq edir.”7 Çox çətin qəbul etmək olar ki, Əbu Bəkr bu sözləri düşünməmiş desin. O, elə bir şəxs deyildi ki, asanlıqla belə bir xətaya uğrasın. Gələcək günlər onun Qur`an ayələrinin mə`na və təfsiri ilə tanış olmadığını göstərsə də,8 heç olmazsa, Qur`ani-Kərimin aşağıdakı ayələrindən xəbərdar idi:
“Həqiqətən, sənə (Şeytana) uyan azğınlar müstəsna olmaqla, sən bəndələrimə hakim ola bilməzsən!”9
“Həqiqətən, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlərə Şeytan hakim deyildir!”10
Nəzərə belə çarpır ki, Əbu Bəkrin aşağıdakı ayəyə diqqəti onu yuxarıdakı ayələrə diqqət yetirməkdən saxlamışdır. Belə ki, bir ayədə buyurulur: “Biz hər bir Peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq!”11 Buna əsasən, o, bu sözlərlə özünü Allahın Rəsulu ilə eyni səviyyədə olduğunu demək istəyirdi; bu fərqlə ki, Peyğəmbəri səhv və xətalardan, düşmənlərin şərindən saxlayan bir mələk olduğu halda, o isə bu ne`mətdən məhrumdur.1 Bununla, camaatın xəlifədən təvəqqeləri azalacaq və onu Peyğəmbərlə (s) müqayisə etməyəcəklər. Bu məsələnin qəbul edilməsi ilə xəlifə gələcəkdə sərtliklə gördüyü bir sıra işlərinə görə danlanmayacaq. Xəlifə, Rəsuli-Əkrəm (s)-in dövründəki nümayəndələrindən biri kimi, bə`zən mümkündür, xətaya uğrasın. Necə ki, Xalid ibn Vəlid (Peyğəmbər (s)-in qəbilələrdən birini Islama də`vət etmək üçün göndərdiyi şəxs) Bəni-Cəzimə əhalisi ilə rəftarda xətaya yol verdi. Onun vəzifəsi Islamı onalara çatdırmaq idi. O, Bəni-Cəzimə əhalisini Islama də`vət etdikdə, onlar ondan bir gün möhlət istədilər. Lakin Xalid onlara möhlət vermədən, dərhal onların bir neçəsini qətlə yetirdi, bir neçəsini də əsir tutub Mədinəyə gətirdi. Peyğəmbəri-Əkrəm (s) onun nalayiq rəftarından xəbər tutduqda, neçə dəfə dedi: “Ilahi! Mən Xalidin rəftarından bezarlıq edir və Sənə sığınıram!” Bundan sonra Əli (ə)-ı onlara sarı göndərdi ki, qətlə yetirilmiş şəxslərin diyəsini qohumlarına ödəsin.2 Bu hadisədə Peyğəmbəri-Əkrəm (s) Xalid ibn Vəlidə nə bir hədd vurdu, nə də möhkəm danladı!
Əbu Bəkrdən nəql olunan başqa bir cümlə isə budur: “Ey camaat! Mən Allaha və Onun Rəsuluna itaət etdiyim vaxta qədər, mənə itaət edin. Hər zaman Allahın və Peyğəmbərinin əmrinə qarşı çıxdımsa, sizin mənə itaət etməyiniz vacib deyildir!”3
Bu sözlər sadə və adi bəyan olunsa da, çox dəqiq və incədir. Camaat bu cümlələri eşitməklə, ondan qabaq dinin və Rəsuli-Əkrəm (s)-in sünnəsinin qorunub-saxlanılmasına dair nigarançılıqları aradan qaldırıldı, onlar müəyyən qədər rahatlaşdılar. Çünki həmin ümumi toplantı və Əbu Bəkrin açıqlamaları xəlifənin ümumxalq qarşısındakı andı, əhd-peymanı kimi sayılırdı. Xəlifə müsəlmanların hüzurunda and içir ki, Peyğəmbərin sünnəsinin əksinə çıxmasın, əks təqdirdə, müsəlmanlar ona tabe olmayıb, sünnəyə əməl etsinlər. Belə olduqda, Əli (ə), yaxud Əbu Bəkr, yaxud da başqa birisinin hakimiyyətdə olub-olmaması arasında heç bir fərq yoxdur!
Əbu Bəkrin çıxışı o qədər məntiqli və doğru cilvələndi ki, kimsə onun başqa yönlərinə diqqət yetirmirdi. Bu zaman cəmiyyətin üç məsələ barəsində düşünmələri yerinə düşərdi:
1. Əgər yeni hökumətin me`yarı Peyğəmbər (s)-in sünnəsinə əməl etməkdirsə, onda o həzrətin canişinin seçilməsi ilə bağlı nəzəri nədən ibarət idi?
2. Əgər Peyğəmbər (s)-in canişinliyə tə`yin etdiyi şəxs də sair camaat kimi asanlıqla sünnəyə əks çıxacaqsa, onunla başqaları arasındakı fərq nədir? Hansı səbəblər üzündən canişin başqalarından üstün olmalıdır?
3. Kim və yaxud hansı bir dəstə xəlifəyə isbat edəcək ki, o, müəyyən yerlərdə Peyğəmbər (s)-in sünnəsinə əks çıxmışdır?! Əgər o, ümmətin ən təqvalı və elmli fərdi sayılırsa, şübhəsiz, sünnə ilə müxalifət etməz və bununla da başqalarının e`tirazına səbəb olmaz. Yox əgər belə bir xüsusiyyətə malik deyilsə, onda nə üçün özündən təqvalı və elmli şəxsə təslim və tabe olmamalıdır?
Həmçinin əgər o, Peyğəmbər (s)-in sünnəsini bilmək və ona itaət etmək üçün lazımi elm və təqvaya malik deyilsə, onu sünnəyə tabe olmağa məcbur etmək olarmı?! Bəli, bu məsələləri bütünlükdə bir yozumla həll etmək mümkün idi, o da bu idi ki, hökumətin idarəsində nə ismət şərtdir, nə də ədalət!
Bu zaman xəlifənin nəzərində siyasi hərəkatda ən mühüm məsələ müxalifləri susdurmaq və onlardan bey`ət almaqla hökuməti təsbit etmək, möhkəmləndirmək idi. Müxaliflər içərisində hakim dairənin qorxduğu şəxs yalnız Əli ibn Əbi Talib (ə) idi. Əgər o, təslim olsaydı, başqa müxaliflərdən qorxu aradan qaldırılacaqdı. Buna sülh yolu ilə nail olmaq qeyri-mümkün olduğundan, ən asan üsul zor və sərtliyə əl atmaq idi. O zaman sərtlikdən istifadə etməyin Peyğəmbərdən sonra yeni təşkil olunmuş hökumətin xeyrinə olmadığını güman edənlər1 bundan qafildilər ki, bəs, hakim dairə kimdən qorxmalıdır ki, nəticədə Peyğəmbər (s)-in Əhli-beytinə qarşı hörmətsizlik və sərt rəftarlara əl atmasınlar?! Zaman ötüb-keçdikcə və hadisələr baş verdikcə, mə`lum oldu ki, onlar bundan əsla qorxmurmuşlar. Həmin dövrdə Mədinənin hakim vəziyyətinə diqqət yetirməklə yanaşı, onları belə rəftarlardan yayındıra biləcək vahid bir qüdrət yox idi ki, hakim dairə ondan qorxub, sərt rəftardan çəkinsin.
Eləcə də tarixi mənbələr arasında hakim dairənin sərt rəftarlarını göstərən bir mənbə olmadıqda, yalnız bir məsələ açıq-aydın o günün zülm, haqsızlıq və sərt rəftarlarını faş edir. O da budur: “Doğrusu, görəsən, hansı səbəblər üzündən həzrət Əli (ə) Rəsuli-Əkrəm (s)-in onun canişinliyi ilə bağlı o qədər tə`kidlərilə belə, öz haqqını almaq üçün 25 il evdə oturub qiyam etmədi?! Əgər ictimai-siyasi mühit haqqı sahibinə qaytarmaq üçün şərait yaradırdısa, bəs, nə üçün o həzrət sükut etdi?!
Dostları ilə paylaş: |