FƏDƏK
Biz burada Fədək hadisəsinin təfərrüatı haqda söz açmaq istəmirik. Bu barədə bir çox kitablar yazılmış və dəyərli tədqiqatlar aparılmışdır. Biz isə yalnız onu qısa araşdırmaqla, təhqiq və qəzavəti oxucuların özünə həvalə edəcəyik.
FƏDƏKIN SIYASI-COĞRAFI MÖVQEYI
Peyğəmbəri-Əkrəm (s)-in Məkkədən qayıtmasından təqribən bir ay yarım keçdikdən və “Hüdeybiyyə” sülhündən sonra (6-cı hicri qəməri ilinin axırlarında) o həzrət “Xeybər”i fəth etmək məqsədilə yola düşdü. Fədək məntəqəsi “Xeybər”in yaxınlığında, Mədinənin 140 kilometrliyində yerləşir və “Xeybər” qalalarından sonra Hicaz yəhudilərinin mərkəzi sayılırdı.
“Xeybər” qalaları və əmlakı alındıqdan sonra yəhudilər “Vəti” və “Sülam” adlı iki qalaya sığındılar, Peyğəmbəri-Əkrəm (s)-in ordusu hər iki qalanı mühasirəyə aldılar. Yəhudilər bir nicat yolu tapa bilməyib, tezliklə məhv olacaqlarını gördükdə, o həzrətdən oranı tərk etmək üçün icazə istədilər. Peyğəmbər onlara icazə verdi. Onlar qaladan çölə çıxdıqdan sonra o həzrətə təklif etdilər ki, əmlaklarının və əkin yerlərinin məhsulunun yarısını özünə götürsün, bunun müqabilində məntəqəni tərk etməsinlər və hər zaman onları çıxarmaq istədikdə, əmlaklarını geri qaytarsın.3
Peyğəmbəri-Əkrəm (s) bu təklifi qəbul etdi. Fədək əhalisi də bu müqavilədən agah olduqda, o həzrətdən xahiş etdiklər ki, onlarla da belə bir müqavilə bağlamağa razılıq versin. Beləliklə, Xeybər müsəlmanların ümumi əmlakından, Fədək isə Peyğəmbərə məxsus oldu. Çünki Fədəklə bağlı əsla döyüş olmadı.4 Qur`an ayələrinə əsasən, müharibəsiz təslim olan camaatın məntəqəsi müsəlman olduqları təqdirdə, özlərinə aid olur, yox əgər müsəlman olmayıb, sülh müqaviləsi bağlasalar, yaşadıqları məntəqənin ya hamısı, ya da bir hissəsi Peyğəmbərin (s) şəxsi əmlakına keçirdi.
Dostları ilə paylaş: |