HÜCUMÇULARIN QƏZƏBI
Hücumçular mühasirənin son günlərinə qədər xəlifəni öldürmək niyyətində deyildilər. Suyu və azuqəni xəlifənin üzünə bağlamaqla onu hökumət dairəsini camaatın sözlərinə əməl etməyə məcbur etmək istəyirdilər. Amma onlardan birinin xəlifə gözətçiləri tərəfindən ölümü onları qəzəbləndirdi. Hücumçular evin kənarından evə yol tapdılar. Hücumun güclü olması sarayın gözətçilərini qaçmağa məcbur etdi. Hücüçulardan bir qismi xəlifənin otağına daxil olub, onu yaraladılar. Xəlifənin həyat yoldaşı Nailə özünü ərinin yarımcan bədəninin üzərinə atdı. Amma hücumçuların zərbələri xəlifəni öldürüb, Nailənin iki barmağını kəsdi.
QUSL VƏ DƏFN
Şiə və sünnü mənbələrinə əsasən, xəlifə Osmanın cəsədi üç gün dəfn olunmadı. Müsəlmanlardan və Bəni Üməyyədən heç kim cəsədin dəfni üçün çalışmadı: Bəni Üməyyə müsəlmanların qorxusundan, müsəlmanlar da müəyyən səbəblərə görə. Onlar yaxşı bilirdilər ki, hər bir müsəlmanın qusul və dəfni bütün müsəlmanlara vacibdir. Bununla belə, heç kim (hətta Əli ibn Əbu Talib) bu işə səy göstərmirdi. Ümmülmöminin Ayişə Osmanı müsəlmanlığı yaddan çıxaran yəhudi qoca (Nəsəl) adlandırırdı.3 Bəlkə də bu səbəbdən onun quslunu gecikdirib, cəsədini müsəlmanların qəbiristanlığında deyil, yəhudi qəbiristanlığında dəfn etdilər. Üç gündən sonra Həkim ibn Hizamın xahişi ilə (həzrət Xədicənin qardaşı oğlu) Əli ibn Əbu Talib (ə) camaatdan xəlifənin bədənini dəfn etmək üçün ailəsinə icazə verməyi istədi. Mərvan və onun həmkarları gecə ikən xəlifəni aparıb kəfənə bükdülər. Xəlifəni dəfn etmək üçün “Bəqiyə” aparanda müsəlmanlar xəbər tutdular. Bir dəstə adam onun cəsədini daşladıqda Əli (ə) bir daha onları bu işdən uzaqlaşdırdı. Amma müsəlmanlar onun “Bəqi”də dəfn olunmasına mane oldular. Beləliklə xəlifənin cəsədi Mədinədən kənarda “Həşşi kövkəb” adlı yerdə - yəhudi qəbiristanlığında basdırdılar.4 Sonralar Müaviyə “Bəqi” ilə o qəbiristanlıq arasında olan divarı uçurtmaqla o yeri Bəqiyə qatdı.
2. İmam (ə)-ın rəftarına təsir edən amillər:
Əli (ə)-ın kəlamlarından belə nəticə almaq olar ki, o həzrətin Osmanın ölümünə mane olması, onun siyasi və dini şəxsiyyətini qəbul etmək mə`nasına deyildi. Belə ki, Əli (ə)-ın müasirləri də bu həqiqətə agah idilər. Şübhəsiz, əgər xəlifənin dini və siyasi şəxsiyyəti Əli (ə) tərəfindən qəbul olunsaydı, o həzrətin tərəfdarları Osmanla müxalif cəbhədə dayanmazdılar. Yəqin ki, Əli (ə) da Osmanın ölümünə əhəmiyyətsiz yanaşmazdı. Bu səbəbdən Əli (ə)-ın Osmanın ölümünə mane olması digər amillərdən mənşələnir. Aşağıda onlardan bəzilərinə işarə edirik:
1) Böhranların şiddətlənməsi.
Heç bir insaflı alim inkar edə bilməz ki, İslam hökumətinin ilk çağlarında Əli ibn Əbu Talibin (ə) şəxsiyyəti bir neçə tədbirlə islamın həyatını xətərlə üzləşdirə bilərdi. Əbubəkrin xilafəti zamanı, Osmanın hökumətinin əvvəlləri və eləcə də Osmanın xilafətinin sonu çox böhranlı bir zaman idi. Mədinə şəhəri Osmanın əleyhinə olan inqilab nəticəsində dərin böhranla üzləşmişdi. Şübhəsiz, Əli ibn Əbu Talib (ə)-in sadə bir hərəkəti cilovlanmayan siyasi hərc-mərcliyə səbəb ola bilərdi. Qeyd etmək lazımdır ki, Mədinədə inqilabçı müsəlmanların çoxluğuna baxmayaraq, xəlifənin tərəfdarları da az deyildi. Şam şəhərinin ordusu zahirdə xəlifənin tərəfdarları kimi Mədinədən kənarda Müaviyyənin fərmanını gözləyirdilər. Bəlkə də Şam qoşununun şəhərə daxil olmaqda gecikmələrinə səbəb Əli (ə)-ın bu inqilabda rolu olmaması və xilafət üçün çalışmaması xəbəri idi. Bu vəziyyətdə İmam Əli (ə)-ın əsas fikri inqilabçıları sakitləşdirib, cilovlanmayan böhranın qabağını almaq idi. Bundan əlavəmüxaliflərdən hər bir qrupu məxsus şəhərə və ya dəstəyə aid idilər. Bu səbəbdən onları bir hədəf uğrunda birləşdirib, və ya ayırmaq mümkün deyildi.
2) Nəfsə qulluq edənlərə köməkdən yayınmaq.
Osmanın müxaliflərinin arasında mövcud olan Təlhə kimilərin məqsədi yalnız hakimiyyətə çatmaq idi. Ayişə və onun tərəfdarlarının hədəfi isə Osmanı hakimiyyətdən uzaqlaşdırmaq və ya onu öldürüb Təlhəni xilafətə gətirmək idi. Təlhə o qədər əmin idi ki, digərlərinin hökumətə gəlməyini təsəvvürünə belə gətirmirdi. Osmanın hökumətinin dağılması üçün Əli (ə)-dan kömək istəməsi Əlinin (ə) hökumətə gəlməsi üçün deyildi. O, bu yolla hakimiyyətə nail olmaq üçün Əli (ə)-ın şəxsiyyətindən bəhrələnirdi. Amma bu hədəfinə nail ola bilmədi. Osmanın evinin mühasirəyə alındığı günləndə xəlifə İbn Abbası həcc ziyarəti üçün karvan başı seçdı. Bu zaman Ayişə İbn Abbasın görüşünə gəlib dedi: “Allah Təala sənə gözəl və keçərli dil vermişdir. Camaat Təlhənin ətrafına toplanıb və tezliklə xəlifə olacaqdır. Əgər o xəlifə olarsa əmisi oğlu Əbubəkrin yolu ilə gedəcəkdir. Camaatı Osmana hücum etməkdən uzaqlaşdırma. Osmanın qətli və Təlhənin xəlifə olmağı ilə razılaş.” İbn Abbas İmam Əli (ə)-ı müdafiə edərək Ayşənin ümidini qırdı. Əgər Təlhə Osmanın ölümündən sonra Əli ibn Əbu Talibin hökumətə gələcəyini bilsəydi, mövcud hökumətin aradan getməsi üçün əsla səy göstərməzdi. Çünki o yaxşı bilirdi ki, Osmanın bəxşişləri sayəsində böyük sərvətə nail olmuş və ictimai şəxsiyyət qazanmışdır. Əli (ə)-ın hökuməti isə ona heç bir bəxşiş etməyəcəkdir. Osmanın əlli gün mühasirəsi zamanı baş verən hadisələr gələcək xəlifənin kim olcağını təyin edə bilmirdi. Bəlkə də Misir və Yəmən əhalisi olmasaydı Təlhə xəlifə ola biləcəkdi. Amma Osmanın ölümündən sonra camaat dərhal Əli ibn Əbu Talibə (ə) üz gətirdilər. Camaatın siyasi hərəkatı elə bir səmtə yönəlmişdi ki, inqilabı istiqamətləndirənlər ondan xəbərsiz idilər. Beləliklə, Əli (ə), hökumətə nail olmaq üçün xəlifəni su içmədən öldürən insanlarla müştərək rə`yə gələ və şübhəsiz, o həzrət ictimai şəxsiyyətini onların hədəfinə qurban verə bilməzdi.
3) Siyasi bəhrələnmələr;
Əli (ə)-ın Osmana qarşı olan inqilabda iştirak etməməsinin əsas səbəblərindən biri, xəlifənin qətli ittihamından uzaq qalmaq idi. Əli (ə) səhnədən uzaq olsada Osmanın qətlindən sonra Müaviyə tərəfindən “müsəlmanların xəlifəsini öldürmək”də təqsirləndirilirdi. Müaviyə Əli (ə)-a son zərbəni vurmaq üçün Təlhə, Zübeyr və Ayişəni ayağa qaldırıb o həzrətin hökumətini sarsıtmaq üçün Cəməl müharibəsinin təməlini qoydu. Əli (ə) Osmanın əleyhinə olan inqilabda Müaviyənin Təlhə və tərəfdarlarının hiyləsini görürdü.1 O həzrət əmin idi ki, dəxalət edərsə, sonradan ağır hücumlara məruz qalacaqdır. Əli (ə) özünü bu hadisədən uzaq saxlasa da, düşmənləri tərəfindən öz əli ilə Osmanı boğmağa təqsirləndirildi. O günlərdə Üsamə ibn Zeyd kimi şəxslər vəziyyətin ağır olduğunu görüb Əli (ə)-ın şəhərdə olmamasını istədilər. Üsamə o həzrətə deyir: “Mənin üçün aydındır ki, bu qovm Osmanı öldürəcək. Sizi istədiyimə görə Mədinədən çıxmağınızı xahiş edirəm ki, Osmanın ölümü sizin şəhərdə olduğunuz zaman baş verməsin. Çünki sən Mədinədə olduğun halda Osman öldürülsə, bəziləri bu işdə səni ittiham edəcəklər.”1 Cəməl müharibəsini nəzərdən keçirdikdə, bu müharibənin Əli (ə)-ın hökumətinin zəifləməsində böyük təsirini müşahidə edirik. Siyasi nəzərdən (İmamın gizli həqiqətlərə olan İlahi elmini nəzərə almasaq) ittiham ehtimalına əsasən, Əli (ə) Osmana qarşı yaranan inqilabda dəxalət etməməli idi və əlbəttə, dəxalət də etmədi. Çüki imamı Osmanın qətlində təqsirləndirib ona qarşı müharibə hazırlığından xəbərdar idi. Bu müharibə islam tarixində müsəlmanları ilk dəfə olaraq qarşı-qarşıya qoyurdu. Imam Əli (ə) Osmana qarşı olan inqilabdan uzaqlaşsa belə, bu ittihamdan uzaqlaşa bilmədi. Nəticədə müharibə baş tutdu. Amma tarix şəhadət verir ki, imam Osmana qarşı olan inqilabda münasib mövqe seçmişdi. Çünki imam (ə) Cəməl müharibəsinin baş verəcəyindən yaxşı agah idi. Cəməl müharibəsi müsəlmanların, bir peyğəmbərə iman gətirənlərin bir qibləyə namaz qılanların və yüzlərlə xüsusiyyətdə bir səfdə dayananların qarşı-qarşıya dayanması idi. Bir tərəfdə İslam Reyğəmbərinin (s) kürəkəni, əmisi oğlu və müsəlmanların xəlifəsi, digər tərəfdə isə Peyğəmbərin (s) xanımı, Təlhə və Zübeyr kimi tanınmış səhabələr dayanırdı. Bu müharibədə hər iki qoşundan birlikdi on dörd min nəfər həlak oldu.2 Bu ədəd Peyğəmbərin (s) on illik müharibələrində həlak olanlardan on qat artıq idi.3 Cəməl müharibəsi minlərlə insanın ölümündən əlavə, minlərlə insanı da şübhəyə saldı, müsəlmanların qanının hədər olmasını, eləcə də müxalif dəstə ilə (hansı bir etiqada malik olursa-olsun) müharibəni asanlaşdirib Peyğəmbər (s) və müsəlmanların xəlifəsinin göstərişindən yayınmağı adiləşdirirdi. Elə buna görə də İmam (ə) Osmanın öldürülməsi ilə razı deyildi. Osmanın hökuməti hədsiz inhiraflar və səhvlər ucbatından şəri etibarını itirsə də, siyasi qanunluğunu əldən verməmişdi. Bu səbəbdən kufəlilər və bəsrəlilər kimi onu aradan aparmaq islam hökumətinin və hakiminin əzəmətini sındırır və sonrakı qarşılıqlara zəmin yaradırdı.
4)Düşmənin sui-istifadəsi.
Osmanın qətli Bəni-Üməyyənin Əli (ə) hökumətinə qarşı mövqedə olmasının əsas səbəbi idi. Onlar bu bəhanə ilə mərkəzi hökuməti zəiflədib ardan apardıqdan sonra, İslam xilafətini ələ keçirmək niyyətində idilər. Bu səbəbdən Əli (ə)-ın Mədinənin qəzəbli inqilabçıları ilə həmkarlığı Bəni Üməyyənin bəhanəsini qəbul edilmiş hesab edirdi.
5) Bəyənilməyən mübarizə üslubu;
Bəzi vaxtlar Əli (ə) inqilabçılarla həmkarlıq etmir, əksinə, Osmanı himayə edirdi. Çünki onlardan bir qisminin rəftarı düzgün siyasi mübarizədən kənar idi. Bu səbəbdən mühasirənin son günləri Osmanın evinə su və yemək aparanların qabağını kəsirdilər. Belə ki, xəlifə dama çıxıb susuzluqdan müsəlmanlara şikayət elədi və Əli (ə)-dan kömək istədi. Əli (ə) Həsən (ə) və Hüseyn (ə)-ı Osmana su çatdırmaq üçün göndərdi. Onlar bu işə çətinliklə müvəffəq oldular. Amma camaatın qəzəbi xəlifənin ölümü ilə nəticələndi. İmam Əli (ə) Osmanın mühasirəsinə səbəb olan işləri pisləyir və buyurur: “O (Osman) nalayiq üsulla istismarçılığa əl atdı və özünü qohumlarına qurban verdi. Insanlar da səbirsizlik edib bəyənilməz yolla onun əleyhinə qalxdılar.”4
3. İmam (ə)-ın öz rəftarına haqqında fikri:
Imam Əli (ə) öz xilafəti zamanı dəfələrlə Osmanın ölümü haqqında fikrini söyləmişdir. Əli (ə) buyurur: “Mən Osmanın ölümünü elə açıqlayacağam ki, ondan agah olasız. İnsanlar (nalayiq işlərlə) ona etirazını bildirirdilər, mən isə onu tövbə etməyə dəvət etdim ki, səhvləri az gözə çarpsın. Təlhə və Zübeyr bu çaxnaşmada qabaqcıl idilər. Ayişə də qəzəbli insaların sırasında idi.1 Mən onu o qədər müdafiə etdim ki, axırda günahkar hesab olacağımdan qorxdum.2 (həddindən artıq mudafiə etdikdə). And olsun Allaha! Mən Osmanı öldürməmişəm və onu öldürənlərə də kömək etməmişəm.3 Mən Osmanın ölümünü istəmirdim, ondan və onun ölümündən narahat da olmadım. Onun ölümünə göstəriş vermədim, ondan çəkindirmədim də.”4 İmamın kəlamının açıqlamasında bir neçə məsələni qeyd etmək olar.
1) İmam (ə) Osmanın ölümü zamanı Mədinədən kənarda idi.5 Tarix boyu tarixçilərdən heç biri Əli (ə)-ın Osmana qarşı olan qarşıdurmada iştirakını iddia etməmişlər.
2) Əli (ə)-ın kəlamında Osmanın ölümü barədə qeyd olunanlar, o həzrətin daxili hislərindən bir hissəsidir. Çünki İmam (ə) elə vəziyyətdə deyildi ki, daxili hislərini camaata açıqlasın. Unutmamalıyıq ki, Əli (ə)-ın xilafəti zamanı o həzrətin qoşunundan sayılan insanların bir çoxu Osmanı Peyğəmbər (s)-in xəlifəsi və müsəlmanların rəhbəri hesab edirdilər. Əlbəttə, sonralar Osmanı bir çox nalayiq işlərinə görə xilafətə layiq bilmədilər. Beləliklə, Əli (ə) müsəlmanların arasında Osmanı pisləyə və daxili hissini aşkar edə bilmirdi. Bu Əli (ə)-ın məzlumiyyətinə sübutdur. Hər kəs öz əqidəsini qorxmadan bəyan edən bir zamanda, amma Əli (ə) bu işdən məhrum və ya gərgin ehtiyatda idi.
3) Əli (ə) buyurur: “Mən Osmanı tövbəyə dəvət etdim və çalışdım ki, səhvləri az gözə çarpsın.” Əgər Əli (ə) Osmanın ölümündən qabaq tövbəyə məcbur edə bilsəydi, bir çox hadisələr açılar və bu günə qədər heç kim onun səhv işlərində şübhə etməzdi. Osmanın tövbəsi ilk öncədən keçmiş səhvlərə etiraf etmək idi ki, nəticədə Osmanın Ömər vasitəsi ilə xilafət şurası tərəfindən seçilməsi, müsəlman cəmiyyətinə Peyğəmbərin (s) sünnəsinə və islam siyasətinə böyük mənfi təsiri açıqlanacaqdır. Xəlifənin səhvlərini kiçik göstərmək müsəlmanların qəzəbini yatırtmaq üçün münasib yol idi. Osman öz fikirlərindən daşınmırdı. Çünki müsəlmanların tələbləri ilə özünün yaramaz əməlləri arasında böyük fasilə görürdü. Camaat onun nalayiq əməllərindən agah olmuşdu. Bu məsələdən xəbərdar olan xəlifə (Osman) camaatın tələblərinə əməl etmək istəməyib son nəfəsə qədər öz əməllərindən əl çəkmədi. Camaatın tələblərinə əhəmiyyət verməyən bir hakimə bidətlərin və səhv siyasətin etirafı üçün fürsət yaratmaq ağla uyğun bir məhkəmə sayılırdı. Əlinin (ə) bu siyasəti bəzi vaxtlar Osmanı camaatın qarşısında tövbə etməyə sövq edirdi. Amma Mərvanın hiyləsi və xəlifənin sadəliyi üzündən bu məsələ baş tuta bilmirdi.
4) Əli (ə) camaatın Osmana etirazını qəbul edir və xəlifənin siyasətini pisləyirdi. Bununla belə buyurur: “Mən Osmanın ölümünü istəmirdim.” İmamın narazılığı bu səbəbdən deyildi ki, Osman müsəlmanların rəhbərliyində ləyaqətlidir; İmam bu siyasəti ilə gələcəkdə töküləcək qanın qabağını alırdı. O həzrət islam hökumətinin zəifləməsində əsas rol oynayan Bəni Üməyyənin hiyləsindən xəbərdar idi. Bəlkə elə bu səbəbdən sonralar buyururdu: “Osmanın ölümü zamanı mənin də mövqeim zəiflədi.”1 Əli (ə) gələcəkdə baş verən xoşagəlməz hadisələrə səbəb olan vəziyyətlə razılaşa bilərdimi?!
5) İmam (ə) buyurur: “Mən Osmanın ölümünə nə göstəriş verdim, nə də ondan çəkindirdim.” Bu cümlə bu mənaya ola bilər ki, heç kim bu işdə o həzrətlə məşvərət etmədi. Camaat Osmandan şikayət edib İmamı (ə) həmkarlığa dəvət etsələr belə, O həzrətlə məsləhət etmədilər. Buna baxmayaraq, Əli (ə) suyun və yeməyin Osmanın evinə aparılmaması ilə razı deyildi və hamını bu işə mane olamaqdan uzaqlaşdırırdı.2 Xəlifənin ömrünün son aylarında Səd ibn Əbi Vəqqas İmamdan (ə) istədi ki, camaatı xəlifənin ətrafından uzaqlaşdırsın. İmam Əli (ə) buyurur: “Osmanı o qədər müdafiə etmişəm ki, artıq camaatdan utanıram.”3 Cəməl müharibəsində Əlidən (ə) eşidilmişdir ki, Osmanın qətillərini lənətləmişdir. İbn Əbdu Rəbbih yazır: “Mühəmməd ibn Hənəfiyyə dedi: Mən Cəməl müharibəsində Əlinin (ə) sol tərəfində və İbn Əbbas sağ tərəfində idi. Eşitdik ki, Ayişə dedi: “Allah Osmanı oldürənlərə lənət etsin.” Onun ardınca Əli (ə) da buyurdu: “Allah Osmanı öldürənləri dağda, suda və quruda lənət etsin!”4 Şübhəsiz, belə bir qarğış Osmanla qarşıdurmada əsas rolu oynayan Ayişə və Təlhəyə cavab idi. Əks halda, bu qarğış Mədinə inqilabçıları arasında olan Malik Əştərə, Əmmar Yasirə və Məhəmməd ibn Əbubəkrə yönəlirdi. Amma Əli (ə) bu qarğışla Ayişəni ayıltmaq, Əlinin (ə) Osmanı öldürənlərdən olmadığını demək istəyirdi. Bu barədə nifrin olunan şəxs varsa oda Ayişə və Təlhədir.
4. Digərlərin bu haqda olan fikirləri:
Əlinin (ə) düşmənləri yersiz ittihamlarla vəziyyəti Əli (ə) əleyhinə dəyişdirsələr belə, öz sözlərində Əlinin (ə) bu ittihamlardan uzaq hesab etmişdilər. İbn Əsir və Təbərinin fikirinə əsasən, Müaviyə qəbul edirdi ki, Əli (ə) Osmanı öldürməmişdir. Amma deyirdi: O, (Əli (ə)) Osmanı öldürənlərin sığınacağıdır.5 Nəsr ibn Müzahim yazır: Ömərin oğlu Übeydullah qisasdan qorxub Şama qaçdıqda, Müaviyə ondan istəyir ki, mənbərə çıxıb desin ki, Əli (ə) Osmanın qatillərindəndir. O dedi: “Yalandan şəhadət vermək istəmirəm. Çünki həqiqətən Əli (ə) Osmanı öldürməmişdir!”6 Bunlardan başqa, Əmr ibn As və Mərvanın oğlu Əbdül-Məlik də Əli (ə)-ı Osmanın qatillərindən hesab etmirdilər.7 Bilazəri, Məsudi və İbn Əbdu Rəbbih belə yazırlar: Əli (ə) məscidə çatıb Osmanın ölümündən xəbərdar olduqda qəzəbləndi. Belə ki, oğlanlarını, xəlifənin canını qorumaqda müvəffəq olmadığına görə danladı.8 İbn Əbil Hədid yazır: “Osmanın ölümündə ən günahsız insan Əmirəl-möminin Əli (ə)-dır.”9
Dostları ilə paylaş: |