Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə11/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   7   8   9   10   11   12   13   14   ...   195
BİBİLİCAN, HA BİBİLİCAN!
Bir gün var idi, bir gün yox idi. Allahdan savayı heç kim yox idi. Bir dənə bacı var idi, bir qardaş. Bir gün dedilər ki, duraq gedək ayrı şəhərə, görək nə eləyirik. Burada bir iş yoxdu. Gedərlər, gedərlər yolda qardaş suzdayıb, deyər:

– Bacı, mən suzmuşam.

Oğlanın mindiyi atın ayağının yerindən su çıxmışdı. Oğlan içmək istəyəndə bacısı dedi:


  • Başına dolanım, içmə, içsən at olarsan!

Qardaş sudan içər. Gedərlər, it ayağının yerində su durmuşdu, deyər:

– Bacı, mən susuzam, içəcəm.

Bacı deyər:

– Qardaş başına dolanım, içmə, it olarsan.

Qardaş içər. Yola düşərlər.

İndi də Ahu ayağının yerindən çıxan su görürlər.

Qardaş deyər:


  • Bacı, mən susuzam, içəcəm.

Bacı deyər:

– Qardaş, amandı, içmə! Ahu olarsan.

Qardaş deyər:

– Ölsəm də, qalsam da gərək bundan içəm.

Başlayar sudan içməyə. Oğlan bir ahu olur. Yazıq bacı götürər ahunu da salar yanına, oturar bir dağın başında.

Padşah şikara çıxmışdı. Gələr görər bir gözəl qız oturub dağ başında, bir dənə ahu otarır.

Padşah deyir:

– Bəh, bəh, burada niyə? Bə bu cür niyə?

Qız açar başına gələni, buna deyər. Padşah bir könüldən min könülə qıza vurular. Qoşuna xəbər verər ki, mən şikarımı elədim. Götürər qızı da, ahunu da gətirər saraya, verər, toy tutarlar. Qızı alar.

Qızın bir qara qaravaşı var idi. Bir gün bunlar gedərlər hamama. Soyunarlar. Qaravaş itələyib qızı salar çar hovuza. Naqqa balıq qızı udar. Qaravaş xanımın par-paltarın geyər-keçinər, gələr evə.

Padşah deyər:

– Qız, bə niyə bu cür qap-qara qaralıb yanmısan?

Qaravaş deyər:

– Hamamın suyu belimə düşmədi.

Padşahın arvadı boylu imiş. Naqqa balığın qarnında doğur. Bir oğlu olar, adın qoyar İsmayıl.

Bir gün qara qaravaş yeriklər, padşaha deyər:

– Ahunu kəsin, mən yeyim.

Padşah deyər:

– Qız, bu nə sözdü, o, sənin qardaşındı.

Deyər:


– Olmaz. Ahu ətinə yerikləmişəm, gərək kəsəsiz, yeyəm.

Padşah görər olan iş deyil, deyər:

– Ahunu gətirin kəsin.

Ahunu gətirərlər kəsməyə. Ahu üzün dolandırar padşaha. Öz dilicə deyər:

– Qoyun, gedim, bir dolanım, gəlim, kəsin.

Padşah deyər:

– Qoyun getsin dolansın, gəlsin.

Ahu baş alıb gedər çar hovuza. Deyər:

– Bibilican, ha bibilican!

Bibilican, qurbanın olsun!

Asılı qazanlar asılıb,

İtili pıçaqlar itilib,

Qara qaravaş ətimə yerikləyib.

Çar hovuzdan səs gələr:

– Bibilican, ha bibilican!

Bibilican qurbanın olsun!

Qara qaravaş atıbdı,

Naqqa balıq udubdu,

Şah oğlu şah İsmayıl!

Qucağımda yatıbdı.

Saçı da gərdənimi tutubdu.

Ahu qayıdar gələr. İstərlər başını kəssinlər, yenə ahu öz dilicə deyər:

Qoyun bir gedim, dolanım, gəlim, kəsin.

Padşah deyər:

– Qoyun getsin, dolansın gəlsin.

Ahu baş alıb gedər çar hovuza, deyər:

– Bibilican, ha bibilican!

Bibilican qurbanın olsun!

Asılı qazanlar asılıb,

İtili pıçaqlar itilib,

Padşah deyər qoyun getsin.

Ahu baş alar gedər çar hovuza. Padşah düşər heyvanın dalınca ki, görüm bu heyvan hara gedir qayıdır. Gedər, görər ahu durub çar hovuzun başında deyir:

– Bibilican, ha bibilican!

Asılı qazanlar asılıb,

İtili pıçaqlar itilib,

Qaravaş ətimə yerikləyib.

Çar hovuzdan səs gələr:

– Bibilican, ha bibilican!

Bibilican qurbanın olsun!

Qara qaravaş atıbdı,

Naqqa balıq udubdu,

Şah oğlu Şah İsmayıl,

Qucağımda yatıbdı,

Saçı gərdənimi tutubdu.

Padşah eşitməlisini eşidər, bilməlisini bilər. Əmr elər çar hovuzun suyunu çəkərlər, naqqa balığı çıxardarlar, qarnını sökərlər, qızı, uşağı çıxardarlar. Padşah görər saç dolanıb qızın boynuna. Padşah deyər:

– Burada neynirsən?

Qız deyər ki, qara qaravaş itələdi düşdüm hovuza, balıq məni uddu.

Qara qaravaş evdə oturmuşdu. Görür hay-hayla qızı gə­tirirlər. Padşah əmr verib qara qaravaşı bağlatdırar qatırların quyruğuna, dağı-daşı o qədər dolandırar ki, tükləri qalar qatır­ların quyruğunda.




Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin