Xeyir söyləməz
Bəzi adamlar hər nə soruşsan, insana pis xəbər verərlər. Xeyir söz ağızlarından çıxmaz. Bunlara “xeyir söyləməz” adam deyirlər. Bir gün biri Məşhəddən qayıtmışdı, kənd əhli onun pişvazına gəlmişdi. Hamı “xoş gəldin” deyir və “Ziyarət qəbul” deyə, əlini sıxırdılar. Bir zaman gördü bir əhşur (“xeyir söyləməz”) şəxslərdən biri qabağa gəlir, əl verib öpüşəndən sonra Məşhəddən gələn adam öz yanında dedi ki, mən bundan hər kimi soruşsam deyəcək ki, ölübdü, yaxşısı budu ki, bir qara itimiz var, onu soruşsam desə ölübdü, cəhənnəməcən, əhəmiyyəti yoxdur. Bu mənzur ilə dedi:
– Filankəs, bizim bir qara itimiz var idi, o, nə haldadır?
Xeyr söyləməz qəmgin qiyafə tutaraq cavab verdi: ─ Öldü, da....
Məşədi kişi ürəyində gülümsünərək yenə soruşdu:
– Eh, nə cür oldu, öldü?
Xeyir söyləməz dedi:
– Vallah, o sarı inəyiniz mundar olandan sonra onun ətindən yemişdi, odur ki, öldü.
Məşədini bir az nigaranlıq basdı, dubarə soruşdu:
– İnək niyə öldü bəs?
Xeyir söyləməz bir ah çəkib dedi:
– Eh, sahibsiz mal o cür olar da... Rəhmətlik anan mərhum olandan sonra daha inəyə baxan olmadı öldü da.
Məşədinin bədəni silkələndi.
– Ey vah, - dedi, anam ölübdü. Onun ki, bir zadı yoxuydu.
Xeyir söyləməz kədərli halda:
– Vallah, nə deyim,... oğlanlarınızın quyuya düşüb ölməyini eşidəndə birdən elə yazığın bağrı çatladı... biçarə...
Məşədi kişi ikiəlli başına vuraraq:
– Oğlanlar quyuya düşdülər?... Onlar quyu başında nə qayırırdılar?
Xeyir söyləməz bir az duruqsunaraq:
– Eh baba.... Nə qədər ki, rəhmətlik anaları sağ idi, uşaqları qoymazdı evdən eşiyə çıxsınlar. Amma....
Məşədi kişi başını yolub ağlayaraq soruşdu ki:
– Tifaqın dağılsın bu xəbərlərin ilə de görüm evdə sağ qalan var, ya yox?
Xeyir söyləməz dedi:
– Vallah mən bundan artıq bir zad bimirəm. Ancaq indi gələndə, gördüm ki, sizin küçə qapınızı palçıqlayıblar. İki nəfər həyətinizə saman boşaldırlar.
Dostları ilə paylaş: |