Heyvanlarla ilgili məsələlərdən
Dəvələri tuturdular.
Tülkü də qaçırdı, bir nəfər dedi:
– Nə olubdu, niyə qaçırsan?
Tülkü dedi: – Dəvələri tuturlar.
Dedi: – Sən ki dəvə deyilsən.
Dedi: – Mən sübut eləyincə ki, mən dəvə deyiləm, dərimi boğazımdan fırığ çıxardarlar.
Ağılsız qurd
Biri vardı, biri yoxdu, bir qurd vardı. Bu qurd acmışdı. Çıxır bir zad tapmağa bir qoyuna rast gəlir. Deyir acam, səni yeyəcəm.
Qoyun deyir: – Olsun da... amma mən yaxşı oynuyuram, qabağca qoy bir az oynayım.
Qurd deyir: – Eybi yoxdu, oyna.
Qoyun başlar oynamağa, yavaş-yavaş uzaxlaşır, birdən qaçır.
Sonra bir qurd gəlib bir quzu görür. Deyir: – Səni yeyəcəm.
Quzu deyir ki, mən çox arığam ətimin dadı, duzu olmaz, qoy gedim bir az otlayım, dad-duz tapım, gəlim, ye.
Qurd deyir: – Olsun.
Ordan gəlir bir keçiyə rast gəlir. Deyir: – Səni yeyəcəm.
Keçi deyir: – Mən arığam, bir dəri, bir sümüyəm. Səni doyurmaram, qoy gedim iki-üç dənə də keçi gətirim, hamımızı birdən ye.
Qurd deyir: – Yaxşı get, amma tez gəl.
Ordan gəlir bir eşşəyə rast gəlir. Deyir: – Səni yeyəcəm.
Eşşək deyir: – Sənin rəhmətlik dədən mənim dədəmi yeyəndə, yorğan-döşək üstündə yemişdi, qoy gedim yorğan-döşək gətirim, yat üstündə rahatlıqla məni ye.
Qurd deyir: – Olsun, get, amma tez qayıt, gəl.
Sonra ata rast gəlir. Deyir: – Acam, səni yeyəcəm.
At deyir: – Olsun da, amma mənim nalımın altında bir bayatı var, əvvəlcə onu oxu, sonra istəsən məni ye. Sonra at dal qıçını qovzayır. Qurd atın dalısına keçib üzünü yaxınlaşdıranda, at bir təpik vurur, qurdun dişləri sınır tökülür, özü də bir tərəfə tullanır. At da qaçır. Qurd ac və yaralı halda ağlayaraq belə oxuyur:
Harda gördün qoyun, ye qalsın quru boyun, neynirsən oyun-moyun?
Harda gördün quzu, ye qalsın quru dizi, neynirsən dadı-duzu?
Harda gördün keçi, ye qalsın quru qıçı, neynirsən iki-üçü?
Harda gördün eşşək, ye qalsın quru köşşək, neynirsən döşək-möşək?
Harda gördün at, ye yanında yat, neynirsən barat-marat?
Dostları ilə paylaş: |