Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən


Adamcıl qurd barəsində söyləmələr



Yüklə 2,44 Mb.
səhifə141/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   137   138   139   140   141   142   143   144   ...   195
Adamcıl qurd barəsində söyləmələr
Bu söyləmələrdə türklərin ən qədim inamlarının nişanəsi və izlərini görmək olar. Deyilənə görə gecə yarıları eşiyə başı açıq çıxan arvadın başına “don” – qurd cildi atılır. Beləliklə, o arvad gecələr qurd donuna girib, adam yeyər, gündüz olduqda hava işıqlanmamış gəlib donunu çıxardıb gizlədər və evdar arvad kimi evin işlərinə baxar. Odu ki, arvadlara gecə başı açıq eşiyə çıxmaq çox sifariş olunar.

İndi isə Yekanatda şayiə olan bu söyləmələrdən ikisini təq­dim edirik.


Birinci söyləmə
Deyirlər bir igid kişinin oğlu varmış. Bir gün qış fəsli bu oğlan ayrı bir kənddən qayıdarkən, bir dəstə qurda rast gəlir. Qurd qışda çox xətərli olur. Yayda qarınları tox olduğuna görə adam ilə işləri olmaz. Amma qışda aclıqdan hücum edirlər. On­lar əvvəlcə dal ayaqları ilə qarı adamın baş-gözünə sovurub ka­rıxdırar və bir ləhzə qəflətdən istifadə edərək adamı parçalarlar. Qurd tək olsa, onun öhtəsindən gəlmək çətin olmaz. Bu zaman çuxanı çıxarıb qollarına dolayıb qurdun ağzına verərək, həmişə səfərdə götürülən ağacla onun başına tapdayaraq öldürərlər.

Əlqərəz, igid və qorxmaz cavan qurdlardan beşini öldürər, özü də yaralanar.

Bu xəbər ataya çatanda o deyir ki:

– Yox, mənim oğlum yaralanmaz, yaralansa o mənim oğ­lum deyil.

Kəndlilər təəccüblə soruşurlar:

– Sənin oğlun beş qurdu öldürüb, nə üçün sən onun yaralandığını qəbul edə bilmirsən?

Atası deyir: – Qulaq verin mən onun dastanını deyim, görün ki, mən haqlıyam, ya yox?

Ata söhbətə başlayır:

– Cavan çağlarımda bizim yerdə əcaib bir hadisə üz verdi. O da bu idi ki, ölü quylanan gecəsi bir heyvan gəlib, qəbri qazıb onu çıxardıb yeyirdi.

Günlərin bir günü mənim igidlikdə çox məşhur dayım öldü. Dayımın cənazəsi çıxardılıb yeyilsə idi, mənim üçün çox baş alçaqlığı ola bilərdi. Odur ki, dedim dayımın qəbrinin yanında mənim üçün də bir çuxur qazdılar. Gecə sıyırma qılınc əldə çuxura girib gizləndim. Gecə yarısı bir qurda bənzər heyvanın qəbrə yaxınlaşıb, ayaq tərəfdən qəbri sökməyə başladığını görüb qılınc əldə onun üstünə yumuldum. O heyvan da mənim üstümə atıldı. Saatlarla bir-birimiz ilə qucaqlaşıb sürüşdük, gah o məni, gah da mən onu alta basırdıq. Bədənim neçə yerdən yaralanmışdı.

Bu çəkişib-sürüşmə hava işıqlanacan davam etdi. Az qalırdı ki, mən ona zor gəlib başını yerə çırpıb dağıdım, birdən qışqırdı ki:

– Evin yıxılsın, məni öldürmə, mən bir qızam, gecələr qurd donuna girirəm.

Beləliklə, mən ondan əl çəkib, qurd donunu çıxardıb yan­dır­dıqdan sonra onunla evləndim. Bu oğlan o evləndiyim arva­dın balasıdır. Odur ki, deyirəm qurddan olana qurd neyləyə bilər?



İkinci söyləmə
Deyirlər bir zaman bir kənddə gecələr qurd gəlib uşaqları apararmış. Kənd əhalisi kəndin ətrafında gecələr səhərə təkin keşik çəkərmiş. Amma genə də bu iş davam tapar, gecədə bir uşaq yox olarmış.

Kəndlilərin biri bu barədə öz arvadından şübhələnir. Gecə oyaq qalaraq, güdüb arvadın yerindən durub eşiyə çıxmasını görür. Kişi də onun dalısınca durub, onu pusur. Görür ki, arvad qalağın içinə girdi. Amma bir az sonra qalağın içindən bir qurd çıxıb duvardan atılıb getdi. Səhər işıqlananda isə gördü ki, qurd qayıdıb gəlib, qalağa daxil oldu, az müddətdən sonra isə arvad qalaqdan çıxıb gəlib yerinə girdi. Səhər arvad kəhrizə su gətirməyə gedəndə kişi qalağa girib, onun qurd donunu yandırır. Donun yanmaq iyisi kəhrizdə arvadın burnuna dəydikdə, səyənki yerə çırpıb evə qaçır. Amma don yanıb qurtarmış, arvad isə rahatlığa çıxmışdı.



Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin