Güney azərbaycan folkloru I kitab təbriz, Yekanat və Həmədan ərazi­lərindən



Yüklə 2,44 Mb.
səhifə145/195
tarix01.01.2022
ölçüsü2,44 Mb.
#105028
1   ...   141   142   143   144   145   146   147   148   ...   195
YEDDİ QARDAŞ BİR BACI
Biri vardı, biri yoxdu, bir arvadın yeddi oğlu vardı. Bu arvad genə də boylu olur, oğlanlar şikara gedirlər, deyirlər ana bu dəfə də oğlan doğsan bir daha bu evə ayax qoymayacayıq.

Ana deyir: – Əgər qız doğsam qapıdan bir ələk asaram. Yox, əgər oğlan doğmuş olsam, qapıya bir tüfəng asaram ki, biləsiz.

Arvad bir qız doğdu, qonşunun arvadına dedi ki, qapıdan bir ələk as, çünki oğlanlarıma demişəm qız doğsam qapıya ələk asacam, oğlan doğsam tüfəng. Əgər tüfəng assam, oğlanlarım qoyub gedərlər, bir daha bu evə qədəm qoymazlar.

Qonşu arvad çox paxıl idi, ələk əvəzinə qapıdan bir tüfəng asdı. Oğlanlar şikardan qayıdanda uzaxdan tüfəngi görüb qa­yıtdılar. Gedib uzaxlarda dam-daş tikib orada qaldılar. Günüzlər şikara gedir, ovladıqlarını gətirib yeyirdilər.

Bu qız böyüdü. Bir gün bir qoyun qarnı almışdılar, apardı su başında yusun. Birdən bir qarğa gəlib qarını götürüb apardı. Qız quşun dalısınca qaçdı. Qarğa gəlib qardaşların duvarına qondu. Qız hər tərəfə baxdı, gördü duvarlar ucadır. Darvaza da bağlı idi. Su gilifi vardı, ordan həyətə girdi, qarnı qarğanın ağzından aldı, amma qayıdanda axtardı, su yolunu tapa bilmədi. Otaqların qapısı açıq idi. İçəri girib evi tör-töküntü, toz-torpaq basmış gördükdə ev-eşiyi silib-süpürüb, təmizlədi. Evdə ət vardı, qazana töküb bişirdi, qardaşlar gələnə yaxın gedib döndər­mənin altında gizləndi. Oğlanlar evə gəldikdə xörəklərini hazır görüb təəccüb qaldılar. Bunun kimin işi olduğunu bilmədilər. Qərara gəldilər ki, sabah qardaşlardan biri damda gizlənsin, ba­cadan evi güdsün, görsün xörəyi bişirən kimdi?

Böyük qardaş dedi: – Mən qalaram, siz gedin şikara.

Böyük qardaş damda oturub, gözlərini bacadan içəriyə zil­lədi. Bir müddətdən sonra yuxusu tutdu. Qız döndərmənin al­tından onun yatdığını gördükdə eşiyə çıxıb, evi təmizləyib, xö­rəyi bişirib, genə də döndərmənin altında gizləndi. Qardaşlar gə­lib evi genə təmiz görüb, xörəyi hazır gördükdə böyük qardaş­larından bunun səbəbini soruşdular. Amma o dedi ki, heç kimi görməyib. Bir zaman gördüm ki, ev süpürülüb, xörək isə bişibdir.

Sabah ikinci qardaş dedi mən qalacağam, görüm bu işləri görən kimdi, haradan gəlir? Sabah o da bir müddət bacadan gözlərini evin içinə zillədi, sonra onu da yuxu apardı. Qız çıxıb evi-eşiyi süpürüb-təmizləyib, xörəyi bişirib, genə də gedib döndərmənin altında gizləndi. Altı qardaş bu cür oldular. Kiçik qardaşa növbə yetişəndə, dedi mən bu gün bu işin üstünü açaram. O da bir müddət bacadan içəri baxdı, bir zaman gördü gözlərini zilləməkdən yuxusu tutur. Barmağını kəsib, üstünə az duz tökdü, onun acışmasından daha yuxusu qaçdı. Amma yalandan özünü yuxuya vurdu. Bir zaman gördü ki, bir qız döndərmənin altından çıxıb, evi süpürməyə başladı. Tez damdan aşağıya yenib, qızdan soruşdu ki: – “Sən kimsən?”

Qız başına gələnləri, oraya girməsini nağılladı. Axşam qardaşlar qızı evdə görəndə, dedilər elə biz yeddi qardaşa bir bacı lazımdır. Belə yaşamağa başladılar.

Bir gün bacı naxoşlayıb ölüm ayağına düşdü. Qardaşların əllərindən bir iş gəlmirdi. Bir dəvə gətirib üstünə xurcun qoyub qızı bir taya, o biri taya da qızıl-gümüş doldurdular. Bir kağız yazıb içinə qoydular ki, hər kim bu dəvəni tapsa, bu pulları qızın sağalmasına, ya əgər ölsə, onu “kəfən və dəfn” etməyə xərcləsin. Dəvəni gətirib, bir yola ötürdülər. Dəvə baş alıb getdi, bir şəhərdə bir şahzadə dəvəni görüb ovsarından yapışıb öz sarayına apardı. Orda yükü açdıqda, bir qızın cənazəsini və bir tay dolu qızıl-gümüş gördülər. Kağızı oxudular. Bir ayna gətirib qızın burnunun qabağına tutdular. Gördülər ki, qızın hələ nəfəsi var, ölməyibdir. Həkim gətirib dava-dərman etdikdə qız sağaldı. Şahzadə qızı aldı. Bir ildən sonra bir oğlan sahibi oldular. Oğlan böyüyüb yeddi yaşına çatdı. O tərəfdən də qardaşlar bir müddətdən sonra bacılarından bir xəbər tutmaq fikrinə düşdülər. Hər biri bir libas ilə hərəsi bir tərəfə düşüb bacılarını ölmüş bilib onun qəbrini axtarmağa başladılar. Kiçik qardaş çoban paltarı geymişdi, gəlib həmən bacısı olan şəhərə çatdı. Orada bir neçə uşaq oynayırdı. Uşaqların biri udmuşdu, lakin o biri uşaqlar bunu qəbul etmirdilər. Biri dedi: – “Get, ey anası nə bəlli, naməlum udmamısan”...

Oğlan anasının yanına qayıdıb vəziyyəti ona danışdı. Kiçik qardaş bunu eşidib maraqlanır, işin nəticəsini bilmək üçün orada oturur.

Oğlanın anası ona deyir: – Get, uşaqlara de ki... yeddi dayımın canı, udmuşam, ey udmuşam.



Uşaq qayıdıb, bu sözü dedikdə, dayısı bilir ki, bu elə bacısının oğlu olmalıdı. O, saraya gedir, bacısını görüb tanıyır. Sonra düşüb qaradaşlarını axtarıb tapır, bacılarının yanına gətirir. Deyirlər ki, bizim atamız-anamız indi qocalıb, biz onların yanlarına getmək istəyirik. Qız deyir mən də gedirəm. Gəlib görürlər ata-ana qocalıb yerə yapışıblar. Ana qızını gördükdə, tanıyır, deyir ki, bu sizin doğma bacınızdı. Beləliklə, hamı xoşhal olub, şadlıqla yaşayırlar. Siz də sağ-salamat olun, arzularınıza yetişin.

Yüklə 2,44 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   195




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin