Körpələrə qulluq
Uşaq dünyaya gələndən iki yaşına qədər qundaqda olurdu. Mələk üçün bir metr midqal alıb ona mum çəkərdilər. Onu qundağın üstünə salıb altına da çit parça qoyub uşağı bələrdilər. Bir uzun bağ ki, adına şütuk bağı deyirdilər, bələyi onunla qayım bağlar, uşağı beşiyə salardılar. Beşiyin cinsi taxtadan olardı, lap əvvəl uşağı nənniyə salmaq dəb idi, sonralar beşik, indi də taxta.
O zaman uşağı qırx günədək beşiyin içinə salardılar. Uşağı yatırtmaq üçün o qədər onu tərpədirdilər ki, uşaq yatsın. Uşağı yatırdan zaman onun üçün laylay çalardılar. Məsələn deyirdilər: “Laylay, layısı gələr, yatar, yuxusu gələr, uzaq-uzaq yollardan, balamın dayısı gələr. Laylay çallam yatarsan, qızıl gülə batarsan, qızılgülün içində, bircə yuxu taparsan”.
Ana uşağı qundaqdan çıxarandan sonra bir az onu oynadardı. Uşağın yaşına uyğun olan şeirlər oxuyardı. Məs: Uşağı atıb-tutub deyərdilər: “Allah bundan dərvişlərə də ver, dərdindən ölmüşlərə də ver, dibin-dibi salmışlara da ver, intizar qalmışlara da ver, eldən dua almışlara da ver”.
Altı aylıq uşağı yatıranda belə oxuyurdular: “Laylay çallam ucadan, səsin çıxmaz bacadan, Allah səni saxlasın, çiçəkdən, qızılcadan”.
Evdə toy olan zaman uşağı atıb-tutar, belə oxuyardılar: “Haylar, huylar, bir belə toy balam üçün olsun”.
Uşaq diş çıxardan zaman oxuyardılar: “İki dişi var qabaqda, çörək qoymaz tabaqda”. Uşaq dörd diş çıxardanda deyirdilər: “İki dişi dörd olubdu, canımıza qurd olubdu”. Uşaq gülən çağlarda deyirdilər: “Gül balam, güllər açılsın”. Yeriyən zaman “Yerisin, yerisin balam, göyləri ulduz bürüsün”. Qız uşağı üçün oxuyurdular: “Qızım qızıla dönübdü, xəbəri yox oğlanların, gözləri tox oğlanların”.
Qədim adətlər üzrə uşaqların çiyinlərinə müxtəlif muncuqlar asardılar. Məs: Bir göz muncuğu ki, qara rəngli olardı. Kavar muncuğu ki, yaşıl rəngdə olardı, sarılıq muncuğu ki, sarı rəngli olardı. Qanlı babaqulu muncuğu ki, iki rəngli qırmızı, boz olardı. Bir sümük ki, diş şəklində olardı. Ona al dişi deyirdilər. Bir dənə qoyun boynunun sümüyü ki, ortası dəlik olardı. Bir dənə yağ-bal, bir dənə şəbpərə quşunun əli, dağdağan ağacından olan bir taxta muncuq şəklində. Bir dənə vanikad ki, bunların hamısını bir sapa düzüb uşağın çiynindən asardılar.
Deyirdilər ki, belə rəsmləri bir əfsanədən götürürmüşlər. O əfsanəyə görə guya bir gün bir alyabanı quleybani yuxarıda ad apardığım muncuqlardan bir boyunbağı düzəldib, boynuna salıb bir zahıya sarı gedirmiş ki, ona zəfər yetirsin. Zahı onu görür, başı altındakı soğanlı şişi götürüb onun vəsiləsilə quleybaninin boyunbağısını qırıb özündən kənar eləyib. Deyilənə görə alyabanı dəmirdən qorxarmış.
Dostları ilə paylaş: |