VIII. LƏTİFƏLƏR
MOLLA NƏSRƏDDİN LƏTİFƏLƏRİ
ÇER BİRİ İKİ GÖRƏR
Gecənin birində Mollanın arvadı sözarası ondan soruşur:
– Ay kişi, deyirlər, çerlər biri iki görur, sən buna nə deyirsən?
Molla deyir:
– Vallah, mən də belə bir söz eşitmişəm, amma doğrusu sınamamışam. İndi ki, bunu yadıma saldın, bizdən bir az yuxarıda bir çer adam olur, dur, gedək, bunu ondan soruşaq.
Molla ilə arvadı durub özlərilə də bir fanus٭ götürüb o adamın qapısına gəlirlər. Qapını döyürlər. Adam qapıya gəlib soruşur: – “Nə işiz var?”
Molla ilə arvadı bir-birinə baxıb mətləbi deməgə utanırlar. Axırda Molla üzünə üz bağlayıb deyir: “Doğrusu, biz eşitmişik çerlər biri iki görür, gəldik soruşaq ki, bu söz düzdi, ya yox?”
O adam deyir: “Əqlizə dua yazım, gecənin bu vəqti dörd-dörd adam, iki-iki fanus gəliblər görsünlər çer biri iki görər, ya yox?”
Dostları ilə paylaş: |