ELAT LƏTİFƏLƏRİ
BURDAN HÜSEYN KÜRD GİLİFDƏN KEÇİB
Dərviş qəhvəxanada Hüseyni-Kürdün nağılını deyirdi. O, qalalar alan Hüseyni-Kürdün çıxılmaz, bağlı bir qalaya necə, nə yoldan girə bilməsini, qalanın içini qədəmbəqədəm gəzməsindən, hər tərəfinə baş çəkməsindən söz açdı. Nağıla qulaq asanlardan biri çox təəccüblə soruşdu:
– Baba dərviş, sən heç buyurmadın pəhləvan bu qalanın içinə necə girdi?
Dərviş bir an düşünüb, sonra özünü sındırmadan “Hüseyni-Kürd burada gilifdən keçib” – deməklə, sözünə idamə verdi.
BU HƏR GÜNKÜ ŞİLƏDİ, BU GÜN
ÇARŞAB-CORAB ELƏYİB GƏLİB
Arvad yoxsulluqdan neçə gün dalbadal ərinin naharına şilə bişirir. Axır gün kişi bezikib deyir:
– Sabahdan ya mən bu evdə, ya sənin pişirdiyin şilə…
Sabahısı gün kişi nahara gələndə arvad bir boşqab yarpaq dolması onun qabağına qoyur. Kişi dolmanı bir az oyan-buyan edəndən sonra deyir:
– Elə hər günkü şilədi, bu gün də çarşab-corab geyinib gəlib.
Dostları ilə paylaş: |