BU DİL Kİ, SƏNDƏ VAR, YÜZ İL BU BAŞI SAXLAR
Bir gün Kürdoğlu küçələri gəzirdi. Bir qapının qabağından keçəndə eşitdi ki, kişi arvadına deyir:
– Arvad, sən mənim bu başımı görürsən, indiyədək onu heç kəs sındırmayıb, bundan belə də sındıra bilməz.
Arvad dedi:
– Ay kişi, bu camaatı ki, mən tanıyıram, qorxuram bir gün sənin sınmaz başını da sındırsınlar.
Kürdoğlu bu sözləri eşidəndə, öz qəlbində dedi:
– Ay köpək oğlu, köpək, mən sabah sənin başıvi sındırım, özün tamaşa elə.
Sabahısı gün Kürdoğlu oralardan keçəndə gördü həmin kişi bostan suvarır. Qabağa gəlib dedi:
– A kişi, məyə korsan, görmürsən mənim tikanlarım susuzluqdan yanır, sən suyu bağlamısan öz bostanuva?
O, bunu deyə-deyə yüyürüb beli kişinin əlindən aldı, suyu çevirdi tikanlığa. Kişi işi belə görəndə, savaşıb-dalaşmaq əvəzinə başladı dil-ağız eləməyə:
– Ay başına döndüyüm, nə olar ki, əvvəl sən tikanlığuvi suvar, əgər vaxt olsa, sudan artıq gəlsə, mən də bostanımı suvararam.
Kürdoğlu altdan yuxarı kişiyə baxdı dedi:
– A kişi, doğru deyirdin, bu dil ki səndə var, yüz il o başı saxlar.
Dostları ilə paylaş: |