BUNDAN SONRA ƏLUVİ ÖZ CİBİNDƏ QIZDIR!
Cibkəsən əlini saymazyana birinin cibinə uzadır. Adam duyuq düşüb, onun əlini öz cibində yaxalayıb deyir:
– Mənə bax görüm, sənin əlin mənim cibimdə neyniyir?
Cibkəsən deyir:
– Məni bağışla, əlim üşüdü, istədim onu qızışdıram.
Adam ona möhkəm bir sıxaki yendirib deyir:
– Bundan sonra əluvi öz cibində qızdır!
BUNUN TOXUMUN YER ÜZÜNDƏN KƏSSƏNƏ
Günlərin bir günü bir qoca dərviş kənd evlərinin birində qonaq qalır. Ev yiyəsi şama təndirdə balqabaq bişirmişdi. Balqabaq qocafəndi olduğundan dərviş ondan doyunca yeyir, yeyə-yeyə də ev yiyəsindən soruşur:
– Ay qardaş bişirdigin bu yeməyin adı nədi?
Ev yiyəsi deyir:
– Baba dərviş, bunun adı məhsənə!
Dərviş deyir:
– Bunun toxumundan dağı, daşı əksənə.
Dərvişə yer salırlar, yatır. Amma balqabaq başlır azar verməgə. Dərviş səhərəcən qıvrılır-açılır. Səhər olcaq o, ev yiyəsini səsləyib genə soruşur:
– Ay Hamaş, dedin gecə bişirdiyin yeməgin adı nədi?
Ev yiyəsi deyir:
– Məhsənə.
Dərviş qarın ağrısından ikiqat qaldığı halda deyir:
– Ay Hamaş, bunun toxumunu yer üzündən kəssənə!
Dostları ilə paylaş: |