KEÇİNİ ÖZ AYAĞINDAN, QOYUNU DA
ÖZ AYAĞINDAN ASARLAR
Harun ər-Rəşid çox zalim xəlifə imiş, xalqa cövrü-cəfa edərmiş. Bəhlul onun işlərindən narazı olduğu üçün heç vaxt gülməzmiş. Bir gün Harun onun nə üçün həmişə dalğın olduğunu soruşur, amma Bəhluldan cavab eşitmir.
Belə olanda Harun bir nəfər çağırıb ona tapşırıq verir ki, sən Bəhlula bildirmədən hər yerdə onun dalınca gedəcəksən. Harda onun gülməyini görsən, gəlib mənə xəbər verəcəksən. Adam günlərlə Bəhlulun dalınca gəzir.
Bir gün Bəhlul qəssab dükanının qabağından keçəndə orada dayanır, qənarələrdən asılmış ət şaqqalarına baxıb gülür. Adam gəlib bunu Haruna xəbər verir. Harun Bəhlulu çağırıb soruşur:
– Sən qəssab dükanında nə üçün güldün?
Bəhlul deyir:
– Mən çox nigəran idim ki, sənin xalqa etdiyin bu azar-əzab bir gün mənim də ayağımı tutar. Amma qəssab dükanına baxanda bildim ki, keçini öz ayağından, qoyunu da öz ayağından asarlar.
Dostları ilə paylaş: |