BACI-QARDAŞ İLƏ DİV
Biri varmış, biri yoxmuş, bir qoca kişi varmış, onun bir qızı, bir oğlu varmış. Qoca hər gün gedir üç qardaş divin anbarından bir dağarcıq darı gətirər, onunla keçinərmişlər.
Bir gün divlərdən biri anbara baş çəkir, görür, oho, anbar yarıdan keçib. Gəlir qardaşlarına xəbər verir. Onlar belə qərara gəlirlər ki, hər gecə bir qardaş anbarda keşik çəksin. Püşk atırlar, əvvəl böyük qardaşa düşür. Böyük qardaşı yuxu aparır, kişini tuta bilmir. Ortancıl qardaş gecə yarısına kimi bir təhər oyaq qalır, lakin gecə yarısı onu da yuxu aparır, o da kişini tuta bilmir. Növbə kiçik qardaşa çatır. Deyirlər kiçik qardaş xəsis olur, yuxu aparmasın deyə barmağını kəsib, yerinə duz tökür. Barmağının göynəməsindən yata bilmir. Gecə yarıdan keçəndə qoca gəlir. Darını dağarcığına yığanda div bunu tutur, “Səni yeyəcəyəm” – deyir.
Deyirlər, can şirindir. Qoca divə deyir:
– Məni yemə, sabah gələrsən, bir qızım var, bir oğlum, verərəm, yeyərsən.
Div qəbul edir. Qoca evlərinə gedir. Qızı ilə oğluna deyir ki, sabah div gəlib sizi yeyəcək.
Bacı-qardaş qol-boyun olub, səhərə kimi ağlayırlar. Bacı qardaşına deyir:
– Divlər gəlməmiş, başımı yuyum.
Başını yuyanda divlərin nəriltisini eşidirlər. Bacı deyir:
– Qardaş, darağı, gili, suyu götür, qaçaq.
Onlar qaçırlar. Qardaşı deyir:
– Bacı, divlər yetişir.
Bacı deyir:
– Suyu at.
Su bir dəniz olur. Div dənizi keçənə kimi bunlar bir az aralanırlar. Bir az getdikdən sonra qardaş deyir:
– Bacı, divlər yetişir.
Bacı deyir:
– Gili at.
Gil bir dağ olur. Divlər dağı aşana kimi bunlar bir az aralanırlar. Bir az getdikdən sonra yenə qardaşı deyir:
– Bacı, divlər yetişir.
Bacı deyir:
– Darağı at.
Daraq bir qamışlıq olur. Divlər qamışlara sancılıb qalırlar.
Onlar gedib bir bulaq başına yetişirlər. Bir az su içirlər. Oğlan bir ov vurur yeyirlər.
Qardaş hər gün ov vurmağa gedir, bacı isə bulağın başında otururdu. Bulağın yanında bir çinar ağacı var idi. Qız bir gün dedi:
– İlahi, nə olaydı bu çinar ağacı başını yerə qoyaydı, mən çıxaydım, onun başına.
Çinar ağacı başını yerə qoydu, qız ağaca çıxdı. Beləliklə, qardaş ova gedəndə qız ağaca çıxır, qardaş ovdan gələndə isə qız ağacdan düşürdü, yeyib içirdilər.
Bir gün şahın kənizi bulaqdan su aparmağa gəlmişdi. Bulağın suyuna düşmüş bir gözəlin əksini gördü. Elə bildi özüdür. “Kül mənim başıma”– dedi:– bu qədər gözəl ola-ola niyə şaha kənizlik edim? Vurdu küzəsini sındırdı. Sabah bir ayrı küzə verdilər, onu da sındırdı. Nəhayət, ona dəmir küzə verdilər. Onu da vurub dəlmək istəyirdi. Qız çinarın başından: “Ay yazıq, o, sənin əksin deyildir, özünü üzmə, mənim əksimdir”. Kəniz başını qaldırdı çinarın başında bir qız gördü, nə qız, aya deyir, sən çıxma, mən çıxım, günə deyir, sən çıxma, mən çıxım, həb yerinə atsan, noğul yerinə atsan, yeddi ildən sonra nəşəsi atanın evini yıxar. Qayıdıb macəranı şaha dedi. Şah əmr etdi ki, onu gətirsinlər. Gəldilər qıza dedilər. Qız çinardan enmədi. Şahın əmri ilə əli baltalı, əli mişarlı getdilər ki, ağacı kəsib, qızı gətirsinlər. Səhərdən axşama kimi əlləşdilər, ağacı yarıya qədər kəsib qayıtdılar. Ertəsi gün qalanını kəsməyə gəldilər. Ağac bitişmişdi. Qayıdıb bu işin qeyri-mümkün olduğunu şaha yetirdilər. Şah çıxış yolu axtarırdı.
Bir qarı dedi:
– Mən gətirərəm.
Şah dedi:
– Onu gətirsən, nə istəsən verərəm.
Qarı bir xonçaya daşlı, torpaqlı düyü qoyub, gəldi bulaq başına, başladı arıtmağa. Düyünü arıta- arıta gözünün yaşını min yerdən tökdü. Çinarın başında qızın ürəyi od tutub yandı. Ordan dedi:
– Ay, qarı nənə, niyə ağlayırsan?
Qarı dedi:
– Aman-gümanda bircə oğlum var idi, o da öldü. Ona ehsan vermək istəyirəm, gözüm yaxşı seçmir, düyünü arıdım. Ürəgim yanır, ağlayıram.
Qız öz-özünə dedi: – “İlahi, nə olaydı, bu çinar ağacı başını yerə qoyaydı, mən qarıya kömək edəydim”.
Allahın əmri ilə çinar başını yerə qoydu. Qız düşüb gəldi qarıya kömək eləsin. Qarı qızı küpəyə salıb apardı. Şah qızla evləndi. Amma qız həmişə kədərli idi. Şah bunun səbəbini soruşdu.
Qız, dedi:
– Niyə olmayım, mən burada, sarayda kef çəkirəm, qardaşım isə meşədə-bayırda ac-yalavac dolanır.
Şah əmr etdi onun qardaşını gətirtdirdi. Həmişə xörəyin başı qardaşa gedir, əl-artığını şah yeyirdi.
Şahın kənizi qızın paxıllığını çəkir, onu öldürüb öz qızını şaha vermək istəyirdi. Bir qəsd planı hazırlayıb qızına öyrətdi. Qızı bir gün şahın arvadına dedi:
– Niyə özünü ev dustağı etmisən? Gəl bir çıxaq dəniz qırağını dolanaq.
Şahın arvadı razılıq verdi. Çıxdılar dəniz qırağına. Kənizin qızı ona dedi:
– Burda heç kim yoxdu, paltarını ver mən geyim, görüm yaraşırmı?
Şahın arvadı sadə idi. Qəbul etdi, öz paltarını kənizin qızına geydirdi. Kənizin qızı onu itələyib saldı dənizə. Naqqa balığı onu uddu. Kənizin qızı o paltarla qayıtdı. Bu işi heç kim bilmədi. Bir- iki gün keçdi, oğlan gördü qabaqca xörəyin başı ona gəlirdi, indi isə əl-artığı gəlir. Öz- özünə düşündü ki, bacımın başına nə gəlibsə, dəniz qırağına gedib. Getdi dəniz qırağına. Ağlayıb sıtqadı:
– “İlahi, bu sirri mənə aç ” – deyə Allaha yalvardı. Naqqa balığı başını sudan çıxartdı. Balığın qarnından bir səs eşidildi:
– Məni dəryaya atıblar,
Naqqa balıq udubdur,
Şah oğlu Şah İsmayıl qucağımda yatıbdır,
Bir birçəyi qızıl, bir birçəyi gümüş.
Beləliklə, qardaş hər gün dəniz qırağına gəlir, bacısı ilə danışırdı. Digər tərəfdən şah gördü bunun arvadının əxlaqı dəyişib, qabaqkı gözəl, ədəb-ərkanlı arvad deyil. Bu arvad elə bil heç adam görməyib? Qaynını çağırtdırıb, əhvalatı ona danışdı. O, macəranın üstünü açdı. Şah dalğıc göndərdi. Onlar naqqanın qarnından şahın arvadını çıxartdılar. Bir oğlu da olmuşdu. Şahın əmri ilə kənizin qızını atın quyruğuna bağladılar, itləri küşkürtdülər. At götürüldü. Qızı o daşa, bu daşa çırpıb öldürdü. Onlar isə illər boyu xoş günlərlə yaşadılar, mən də sizə xəbər gətirdim.
Dostları ilə paylaş: |