PADŞAHLA OĞLU
Qədim zamanlarda acgöz, zalım bir padşah var idi, onun oğlundan-qızından heç nəyi yox idi. Bir gecə padşah yuxuda gördü ki, bir dərviş ona deyir:
– Ey padşah, görürəm, yaman övlad dərdi çəkirsən, onu bil ki, övladın olsa, peşiman olacaqsan.
Padşah dedi:
– Nəyə peşiman olacağam?
Dərviş dedi:
– Nə əksən, onu biçəcəksən, sən rəiyyətinə zülm eyləyib- sən, oğlun da sənə zülm eyləyəcək.
Bəli, padşahın yuxusundan doqquz ay, doqquz gün keçdi, arvadının bir oğlu oldu. Uşaq qurşağacan ilan, qurşaqdan yuxarı adam şəklində doğuldu, padşah bunu eşidib halı pisləşdi.
Görmüşük ki, adam aybaay, ilbəil böyüyüb boy atar, amma bu uşaq saatbasaat yekəlirdi, bir-iki ilin içində 18 yaşında oğlan boyda olmuşdu. Bir gün ilan atasının qabağını kəsib dedi:
– Ata, Rum padşahının qızını mənə al, evlənmək istəyirəm.
Atası dedi:
– Ay bədbəxt oğlu, sənə kim qız verər?
Oğlan dedi:
– Onu özüm bilərəm, üç günə kimi, Rum padşahının qızını mənə almasan, səni elə vuracağam ki, bir də özünə gəlməyəcəksən.
Padşahın canına üşütmə düşdü. Vəzir-vəkili çağırıb tədbir istədi. Belə bir qərara gəlirlər ki, ayrı bir qız tapıb aldatsınlar ki, Rum padşahının qızıdı. Padşah həmin gün oğlunu çağırıb dedi:
– Sabah toyundu.
Oğlu dedi:
– Mənə elə bir toy eləməlisən ki, sənin torpağında olan bütün kasıbların, əlsiz-ayaqsızların hamısı orada yeyib-içsinlər. Durub gedəndə də hər adama bir xələt verməlisən. Əgər dediklərimi eləməsən, özünü ölmüş bil.
Bəli, padşah canının qorxusundan xəzinəsinin yarısını xərcləyib, oğlunun toyunu elədi. Özü də bir dələduz qızı tapıb öyrətdilər ki, deyərsən Rum padşahının qızıyam, gecə durub ilan oğlanın başını üzərsən. Qız razılıq verəndən sonra toyu başladı. Üç gün, üç gecə elə toy oldu ki, bütün camaat hamısı xələt alıb getdi. Yatmaq vaxtı gələndə ilan başa düşdü ki, qız onu öldürmək fikrindədi.
Qızı elə vurdu ki, o saat öldü. Səhər padşah əhvalatdan xəbər tutanda canına üşütmə düşdü, ilan padşahı tutub dedi:
– İndi də mənə Çin padşahının qızını almalısan, əgər al- masan, səni elə vuracam ki, qaralıb kömürə dönəcəksən.
Padşah nə qədər yalvar-yaxış elədi ki, ay oğlum, gəl, bu sevdadan əl çək, məni xətaya salma.
İlan razı olmadı. Padşah bu dəfə başqa bir qız tapıb, əvvəlki kimi öyrətdi. Oğlunu çağırıb dedi:
– Sabah toyundu.
Oğlan dedi:
– Bu dəfə bütün yoxsulları çağırıb, yeddi gün, yeddi gecə toy eləməlisən, gedəndə hamısına xələt verməlisən.
Padşah qorxusundan xəzinəsinin yarısını da toya xərclədi. Toy gecəsi gəlin evə gələndən sonra oğlan bu qızı da çalıb öldürdü. Aradan neçə gün keçəndən sonra ilan atasının qabağını kəsib dedi:
– Sənin bütün kələklərini bilirəm, mənə aldığın qızlar nə Rum, nə də Çin padşahının qızları idi. Ona görə də onları öldürdüm. Bu dəfə mənə Hind padşahının qızını almalısan. Özü də qırx gün, qırx gecə elə toy eləməlisən ki, dünyada heç kim belə toy görməmiş olsun.
Padşah gördü ki, bu dəfə oğlunun dediyini yerinə yetirməsə canını qurtara bilməyəcək. Odur ki, bütün var-yoxunun hamısını töküb Hind padşahının qızını aldı. Xəzinəsində nə qədər qızıl-gümüş vardısa, hamısını kasıblara payladı, xəzinə tamam boşaldı. Toy gecəsi padşahın əli ürəyinin başında qaldı ki, yəqin ilan bu qızı da vurub öldürəcək. Onda Hind padşahına nə cavab verəcəgəm? Hər tərəfdən ilanla qıza güddükçü qoydu. Güddükçülər gördülər gecənin bir vaxtı ilan dönüb bir gözəl oğlan oldu, elə bil beş gecəlik aydı. Adamlar tez gedib gördüklərini padşaha söylədilər. Padşah sevindiyindən bilmədi nə eləsin. Səhər oğlunu yanına çağırıb dedi:
– Oğul, bu nə əhvalat idi, bir məni başa sal görüm, sən niyə mənə zülm elədin, xəzinəmi boşaltdın?
Oğlan dedi:
– Bütün bunlar sənin elədiyin əməllərin bəhrəsidi, nə əkmişdin, onu da biçdin, zülmlə yığdığın var-dövləti kasıblara qaytardın. Mən də camaatın alqış-duasından qəşəng bir oğlana döndüm.
Dostları ilə paylaş: |